Zərərli musiqidən necə qorunmalı? 

 

Psixiatrlar evlərin yaxınlığında, binaların alt mərtəbəsində tikilən restoran şadlıq evlərindən ucalan səs-küylü musiqilərin çox zərərli olduğunu bildirirlər.

"Məşhur romalı qadın" filmində insanı həyəcana gətirən bir epizodu bəlkə xatırlayırsınız: kino ulduzu Anna Manyanu müharibə illərində konsert vermək üçün hərbi xəstəxanaya gəlir. O, faşizmi ifşa edən azadlıq nəğmələrinin daha təsirli olması üçün vətəninin simvolu olan italyan bayrağına sarılıb səhnəyə çıxır. Aktrisa salonda qolsuz, qıçsız, üzləri yanmış, gözləri kor olan cavan əsgərləri görüncə, bir anlığa özünü itirir, gözləri yaşarır, dili tutulur. Sonra özünü ələ alaraq vətənpərvərliyə çağıran mahnılar oxumaq fikrindən dönüb həyat, məhəbbət, dəniz, ayrılıq, görüş haqqında nəğmələr oxuyur. Oxuduqca aktrisanın gözlərindən yaş süzülür. Əsgərlər ağlaya-ağlaya dinləyir. Lakin bu gözyaşları böyük sənətin bəxş etdiyi şəfaverici göz yaşları idi...

Doğrudan da, gözəl nəğmə, həzin musiqi yaşamaq ehtirasını gücləndirir. “Yaxşı musiqi can dərmanıdır” – dədə-babadan eşitdiyimiz bu sözlər bu gün də dəyişən zövqlərin, düşüncələrin, dəyərlərin axarında öz kəsərini itirməyib. Gözəl bir musiqini dinləyən hər kəs başa düşür ki, insanlarda müsbət emosiyalar yaratmaq, həyat eşqini gücləndirmək üçün bu ən təsirli vasitədir…

Gözəl musiqi dərdi qovur, sıxıntı və yorğunluğu insanın canından çıxarır, bir anlığa da olsa onu kədərin əlindən alıb əhvalında xoş ovqat yaradır.

Strabonun fikrincə, musiqi təkcə insanlara müsbət təsir etmir. Musiqi ilə ən vəhşi heyvanları belə ram etmək mümkündür. Fransız həkimi Jan Reje də musiqinin heyvanlar aləminin ayrı-ayrı növlərinə necə təsir göstərməsinə aid bir çox məlumatlar toplayıb. O, musiqi vasitəsilə canavarların qızğınlığının necə yatırıldığını, tütək sədaları ilə ovçuların ceyranları necə tora çəkdiklərini, pətəklərindən qaçmış arıların simbal çalmaqla necə cəmləşdirildiyini, qu quşlarının gitara sədaları ilə necə ovsunlanıb ram edildiyini təsvir edib.

 

Ən səmərəli üsul

 

Qədim mənbələrdə hələ uzaq keçmişdə musiqidən müalicə vasitəsi kimi istifadə edilməsinə dair məlumatlar var. Musiqi və təbabət əsrlər boyu bir-birindən ayrılmaz olub və musiqi həmişə insan üçün estetik və mənəvi zövq mənbəyi rolu oynayıb. Məşhur bəstəkar və pianoçu Raxmaninov deyərmiş ki, bir ağrı hiss edirəmsə, piano çalan kimi kəsilir, ağrım sanki sehrlə keçib gedir. Mahir skripka çalan B.O.Sibor quduzluq xəstəliyindən can verən qızının əzablarını skripka çalmaqla yüngülləşdirərmiş. Əvvəllər psixiatriya xəstəxanalarında musiqi xəstələri öz xəstəliyi haqqındakı fikirlərindən ayırmaq, xəstələri sakitləşdirmək və çox vaxt da sadəcə əyləndirmək vasitəsi kimi qəbul olunurdu. Müasir  dövrdə isə musiqidən psixoterapiyanın ən səmərəli üsullarından biri kimi istifadə edilir. Psixoloqların apardığı araşdırmalar göstərir ki, musiqi insanların hisslərinə, duyğularına birbaşa təsir edən gücə malikdir. Bu gün bir sıra xəstəxana və sanatoriyalarda əsəb sisteminin bəzi pozuntularının nizama salınmasında musiqidən əsas müalicə vasitəsi kimi istifadə edilir. Həm də bir qayda olaraq bu işdə klassik musiqiyə üstünlük verilir. Lakin yaxşı müasir musiqinin insanlara şəfa gətirəcəyi fikrini irəli sürənlər də var. İnsan orqanizminə musiqinin təsiri nəinki müsbət, eləcə də mənfi ola bilər. Səs-küy, cürbəcür səs gücləndiricilərin titrəyişləri əsəbləri qıcıqlandırır, onlara dinclik vermir.

İnsan rifahının yüksək tutulduğu ölkələrdə uğurla keçirilən eksperimentlərin bir neçəsi də musiqi ilə bağlıdır. Məsələn, Yaponiya fabriklərindən birində maraqlı eksperiment keçirilib. Eksperiment iştirakçılarını - 120 nəfər südəmər uşağın anasını iki dəstəyə bölüblər. Birinci dəstə Qərb klassik musiqisini, ikinci dəstə caz və pop musiqisini dinləyib. Həm də anaların bir hissəsi musiqini qulaqlıq vasitəsi ilə dinləyib. Müəyyən edilib ki, klassik musiqini səsgücləndiricilər vasitəsilə dinləyən anaların südü 20 faiz, musiqini qulaqlıq vasitəsilə dinləyən anaların südü isə 100 faiz çoxalıb. Caz və pop musiqiyə qulaq asan qadınların südü müvafiq surətdə 20-50 faiz azalıb. Belə hesab edilib ki, buna səbəb pop-musiqinin qıcıqlandırıcı təsiridir.

Tokionun bir çox həkimləri isə belə hesab edirlər ki, indi Yaponiyada mövcud olan 15 min diskoteka əhalinin sağlamlığı üçün təhlükə törədir. Bu diskotekalarda elektron çalğı alətlərinin və rok ansambllarının törətdiyi küy orta hesabla 120 desibelə çatır ki, bu da normada tutulduğundan üçdə bir dəfə çoxdur. Bir ay ərzində belə əyləncə müəssisələrinə müntəzəm getmək əksər hallarda acınacaqlı nəticələr verir. Məsələn, adamlarda eşitmə qabiliyyəti 10 faiz itir.İngiltərənin 4 ictimai təşkilatı yüksək tembrli musiqinin zərərli olduğunu gənclərə izah etmək üçün geniş kampaniya aparmağa başlayıb. Bu təşkilatların nümayəndələri iddia edirlər ki, diskotekaların dəbdə olan səs-küylü ritmləri insanların eşitmə qabiliyyətinə təsir edir və onun tamamilə itirilməsinə gətirib çıxarır. İngiltərə sağlamlığı mühafizə sistemi qulluqçularının illik konfransında göstərilib ki, səsyazma texnikası sahəsində olan müasir yeniliklər minlərlə adamın eşitmə qabiliyyətinin tamamilə itirilməsinə səbəb olur. Gənclərin əksəriyyəti stereoqulaqlığı olan kiçik maqnitofonlar gəzdirir və qulaqlıq bəzən səhərdən axşamadək çıxarılmır. Həkimlərin fikrincə, diskotekalarda və rok-qrupların konsertində ucadan çalınan elektron musiqisi də bu cür zərərli nəticələr verə bilər.

İki il əvvəl  Nottimhem Universiteti alimlərinin 17 yaşdan 25 yaşadək gənclər arasında apardıqları yoxlama göstərib ki, gənclərin yarısı qulaqlarında daim küy olduğundan şikayətlənir. Bu göstərici digər yaş qruplarının nümayəndələri arasında olduğundan yüksəkdir. Həkimlərin fikrincə, belə adamlar vaxtında daha sakit musiqiyə qulaq asmağa başlasalar, bu cür simptomlar aradan qaldırıla bilər.

 

Musiqinin gücü

 

“Yaşadığımız dövrdə insanı həddindən artıq musiqi fonundan qorumaq zəruridir” – həkimlərin söylədiyi bu fikir həyəcan təbilidir. Onların fikrincə, metroların giriş və çıxışında, avtobuslarda, gəmilərdə, sərnişin vağzallarında, təyyarələrdə, bərbərxanalarda musiqi fonu yaratmaq çox vaxt nəinki qüsurlu, ümumiyyətlə zərərli tendensiyadır. Belə hallarda insan onu bürüyən səs mühitinə uyğunlaşır, tədricən onu eşitmədən qalır və musiqiyə daha fikir vermir.Psixiatrlar çox doğru olaraq qeyd edirlər ki, dəlisov ritmlər insanın əsəb sisteminə, eşitmə sinirlərinə çox pis təsir edir və onu kar olmaq dərəcəsinə gətirib çıxarır. Əlbəttə, musiqinin xəstəliklərə səbəb olması çox qəribə görünə bilər, çünki musiqi şəfa elementidir. Ancaq söhbət dəlisov, insanda narkotik təsir, heyvani hisslər yaradan musiqidən gedir. Belə musiqinin yalnız Qərb ölkələrində yayıldığını desək, səhv etmiş olarıq. Təəssüf ki, bu cür musiqilər bizi hər gün və hər yerdə izləyir. Bu musiqilərin nəinki qeyri-normal gurultuları, həm də bayağı sözləri insanların səhhətinə mənfi təsir edir və bu özünü birdən-birə deyil, tədricən büruzə verir.

Ölkəmizin tanınmış bəstəkarları bu cür musiqilərin müvəqqəti xarakter daşıması ilə özlərinə və bizə nə qədər təskinlik versələr də xeyri yoxdur. Çünki, heç nə dəyişmir. Heç şübhəsiz, bəstəkarlar təsəlli aramaqla fikirlərində daha çox musiqi ənənəmizin pozulmaması qayğısına qalırlar. Ola bilsin ki, nə vaxtsa bu cür  mənfi hallar, daha doğrusu, musiqi sənətimizdə hökm sürən özbaşınalıqlar aradan qaldırılacaq. Bəs görəsən bu özbaşınalığın insanlarımızın səhhətinə vurduğu  ziyanı aradan qaldırmaq mümkün olacaqmı?

Tanınmış cazmen Rafiq Seyidzadənin fikrincə, indiki musiqilər cəmiyyəti aqressivləşdirir. Belə ki, çoxsaylı qarətlər və qətllər, xəyanət, yalan və s. mənfi hallar belə musiqilərin ritmləri altında baş verir. Psixoloqlar isə bildirirlər ki,  diskotekalarda, toylarda səsgücləndiricilər vasitəsilə çalınan musiqilər əslində qapalı yer üçün yox, açıq hava üçündür. Çünki belə məkanları tərk etdikdən sonra başağrısından bir neçə gün rahatlaşmaq mümkün olmur.  Professor V. Xəliliov isə bildirib ki,  “Əvvəllər Azərbaycanda musterapiya adlı termin yaranmışdı. Onun da əsasını görkəmli alim, professor İbrahim topçubaşov qoymuşdu. O, insanları musiqi ilə müalicə edirdi. İndi isə bu termin musnarkomiya ilə əvəz olunub. İnsanın əsəblərinə sığal çəkən, onu sakitləşdirən musiqiyə hər birimizin ehtiyacı var. Ancaq bu gün eşidilən musiqilər haqqında eyni sözləri söyləmək olmaz". Psixiatrlar evlərin yaxınlığında, binaların alt mərtəbəsində tikilən restoran və şadlıq evlərindən ucalan səs-küylü musiqilərin də çox zərərli olduğunu bildirirlər. Onların fikrincə, bu, ilk növbədə həmin ərazilərdə yaşayan sakinlərin rahatlığının pozulması deməkdir. Ancaq çox təəssüf ki, gözlərini pul hərisliyi örtən adamlar az qala hər metrdən bir tikdirdikləri restoran və şadlıq evlərində eşidilən gurultulu, anlaşılmaz çal-çağırın, bayağı musiqinin necə və hansı şəraitdə səslənməsinin fərqində deyillər. Onlar unudurlar ki, incəsənətin bizə bəxş etdiyi müsbət emosiyalar yaşından asılı olmayaraq bütün insanlara - qocalara, uşaqlara, qadınlara, kişilərə, gənclərə, bir sözlə, hamıya lazımdır. Həmin evlərdə isə xəstə, narahat qocalar, gündəlik iş yorğunluğundan sakitlik arayan qadınlar, kişilər və nəhayət, körpə uşaqlar var.

Rusiya  psixiatrları bildirirlər ki, hər hansı musiqiyə meyl edilməsi fərdlərin özündən asılıdır: "Yaşlı adamlar adətən klassik musiqiyə meyl edir. Gənclər isə daha çox hay-küylü, rep, pop musiqilərini xoşlayır. Ancaq bunda da bir hədd olmalıdır. Musiqiyə kor-koranə uymaq olmaz. Musiqi seçimində zövqlərin axarına düşmək lazım deyil. İstənilən musiqi həmişə könül rahatlığına xidmət etməli, bizdə xoş ovqat yaratmalıdır".Gənclər arasında aparılan sorğularda bayağı musiqiləri sevənlərlə yanaşı “musiqi seçimində zövqdən daha çox, ağıl və düşüncə rol oynayır. Zövqlərin axarına düşmək lazım deyil” fikrinə üstünlük verənlər də olub. Elə isə ecazkar musiqinin təsir qüvvəsini azaltmaq, onu yad ünvana yönəltmək kimə və nəyə lazımdır?

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. -14 may. – S.12.