“ABŞ şirkətləri Azərbaycana
döyüş sursatları sifariş veriblər”
Müdafiə sənayesi naziri Yavər Camalov: “Ermənistanla
müharibə başlasa, hərbi qurumlarımızın
silah-sursatla təchizat məsələsində heç bir
problem olmayacaq”
Azərbaycanın müdafiə
sənayesi naziri Yavər Camalovun APA-ya eksklüziv müsahibəsi
- Cənab nazir, öncə
bu gün başa çatan SOFEX-2010 xüsusi qüvvələr
sərgisini dəyərləndirmənizi istərdik. Bu sərgidə
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də təmsil
olunurdu...
- SOFEX bizim üçün uğurlu bir sərgi oldu. Sərgidə 34 dövlətdən 350-dən artıq şirkət iştirak edirdi. Biz də bu sərgidə 55-dən artıq adda müdafiə təyinatlı məhsulumuzu əyani olaraq nümayiş etdirdik. Onu da deyim ki, sərgidə həm təmsil olunan şirkətlər, həm də ziyarətçi kimi qatılan şirkətlər, dövlət qurumları Azərbaycanın məhsullarını maraqla qarşıladılar. Sərgi çərçivəsində bir sıra şirkətlərlə niyyət protokolları da imzalandı. Onlardan üçü ABŞ şirkətidir. Belə ki, bu şirkətlərdən biri Azərbaycana 82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı sifariş verdi. Bu layihənin reallaşması üçün artıq müvafiq niyyət protokolu da imzalandı. Yaxınlarda həmin şirkətin nümayəndələri Azərbaycana gələrək öz testlərini keçirəcəklər. Bundan sonra qeyd olunan məhsulların alınmasına dair müqavilələr bağlanacaq.
İkinci Amerika şirkətinin isə 500 min ədəd
12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm
çaplı patron və lüləaltı qumbaraatanlar
üçün VOG-25 döyüş sursatlarına
böyük ehtiyacı var. Bu şirkətlə də niyyət
protokolu imzaladıq. Onlar bildirdilər ki yaxın zamanlarda
nümayəndələrini Azərbaycana göndərəcəklər.
Bizim istehsalatla
- MKE-nin rəhbəri Azərbaycan
mühəndislərinin yaratdığı 14,5 və 12,7 mm
çaplı snayperlərin birgə istehsalına maraqlı
olduqlarını ifadə edib. Bu silahların birgə
istehsalı barədə nə deyə bilərsiniz?
- MKE-nin hər iki snayper
tüfənginə marağı böyükdür. Onlar istəyir
ki, 12,7 mm çaplı snayper tüfənglərini MKE ilə
birgə istehsal edək. Biz bu məsələyə baxırıq.
- İordaniyanın kral II
Ağdullahın Layihə Bürosuna (KADDB) daxil olan «NP Aerospace
Jordan» şirkəti ilə imzalanmış müqavilə barədə
də məlumat verməyinizi xahiş edirik.
- İordaniya ilə Azərbaycanın
münasibətləri yüksək səviyyədədir. İki
dövlət arasında müxtəlif istiqamətlərdə
əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq
inkişaf edir. Cari ilin 3 ayında ölkələr arasında
ticarət dövriyyəsi ötən ilin müvafiq
dövrü ilə müqayisədə 38,5% artıb. Biz iki
layihə üzrə müqavilə imzaladıq. Bunlardan
birincisi zirehli mühafizə köynəklərinin, ikincisi isə
dəbilqələrin birgə istehsalı ilə
bağlıdır. Həmçinin bir neçə istiqamətdə
danışıqlar davam gedir. Yəqin ki yaxın vaxtlarda həmin
layihələr üçün müqavilələr
imzalanacaq.
- Belə demək olarmı
ki, artıq Azərbaycanın silah və sursatı Amerika
bazarına da çıxır?
- Buna qədər Azərbaycanın
hərbi təyinatlı məhsulları Amerika bazarlarına
çıxarılmayıb. Əslində o şirkətlər
bu döyüş sursatlarını İraqda istifadə etmək
üçün alır. Bu sursatların məsafə və
daşınma baxımından Azərbaycandan alınması
daha səmərəlidir.
- Türkiyə ilə 30
milyon ədəd patronun alğı-satqısına dair
razılaşmanız vardı. Bu sahədə hansı yeniliklər
var?
- Türkiyə ilə
müqavilə imzalanıb və hazırda biz maliyyələşmənin
başlanmasını gözləyirik. Müqaviləyə əsasən
qarşı tərəf başlanğıcda 30% ödəniş
həyata keçirməlidir.
- Bu gün Azərbaycan
müdafiə sənayesinin inkişafını necə qiymətləndirmək
olar? Ötən 4 ildə müdafiə sənayesinin ümumi
sənaye istehsalında payı hansı səviyyəyə
çatıb?
- Bununla bağlı bir
faktı qeyd etmək istəyirəm ki, prezident İlham Əliyev
tərəfindən müdafiə sənayesinin
inkişafına böyük diqqət və qayğı
göstərilir. Bunun nəticəsində müdafiə sənayesi
inkişaf edir. Bütün zavodların rekonstruksiyadan sonra
açılışlarında dövlət
başçısı şəxsən özü iştirak
edib. İstehsal olunan məhsulların çeşidləri və
keyfiyyəti ilə şəxsən maraqlanır. Dövlət
başçısı bizim qarşımıza yeni
texnologiyaları Azərbaycana gətirməyi, müasir, beynəlxalq
standartlara cavab verən məhsul istehsal etməyi
tapşırıq olaraq qoyub. Artıq belə məhsullar istehsal
olunur. İstehsal həcminin artımına gəldikdə isə
deyə bilərəm ki, 2009-cu illə müqayisədə
istehsal 2,7 dəfə çox olacaq.
- Müdafiə sənayesinə
rəhbərlik edən bir şəxs kimi fikrinizi bilmək istərdik.
Azərbaycan müdafiə sənayesi ölkənin Silahlı
Qüvvələrinin ehtiyaclarını nə zaman tam
qarşılamağı, hərbi texniki
asılılığı minimuma endirməyi hədəfləyir?
- Bu gün iqtisadi cəhətdən
səmərəli olan bütün layihələri qısa
müddətdə həyata keçirəcəyik. Amma elə
layihələr də var ki, onların Azərbaycanda
reallaşdırılması çox çətindir və zəruri
deyil. Məsələn, tank istehsalı. Tank istehsal edən
zavodun tikintisi və belə texnikanın yaradılmasına
külli miqdarda vəsait tələb olunur. Azərbaycanın
tələbi isə çox azdır. Məqsədəuyğundur
ki həmin tank texnikasını, təyyarə və helikopterləri
inkişaf etmiş ölkələrdən alaq. Perspektivdə
zəruri olan silahlar, döyüş sursatları, artilleriya
silahları, artilleriya silahları üçün mərmilər,
pilotsuz təyyarələr və s. layihələr tam həyata
keçdikdən sonra belə layihələrə də
baxıla bilər.
Buna baxmayaraq MSN-in müəssisələri
tərəfindən bu gün tanklar, helikopterlər, təyyarələr
üçün ehtiyat hissələri istehsal edirik. Hətta təyyarə
və helikopterlər üçün istehsal etdiyimiz hissələr
Rusiyanın müəyyən şirkətlərinə də
satılır.
- Xəzər regionunda son illər
sürətli silahlanma yarışı gedir. Bəzi sahil
dövlətləri tərəfindən çoxlu sayda hərbi
gəmilərin, üzmə vasitələrinin sifarişləri
verilməsi barədə məlumatlar mövcuddur. MSN-in dəniz-naviqasiya
qurğuları, gəmi, sürücüsüz üzmə
vasitələri və s. bu kimi texnologiyaların istehsalı ilə
bağlı layihələri varmı?
- MSN Azərbaycanda Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar
və digər qurumların sifarişləri əsasında
layihələr həyata keçirir. Əgər həmin
qurumlar tərəfindən sifarişlər olarsa, təbii ki,
biz dünyanın tanınmış şirkətlərini də
cəlb etməklə belə bir layihələri həyata
keçirməyə hazırıq. Hələ ki bizə belə
bir sifarişlər daxil olmayıb.
- Azərbaycan və
Türkiyənin müdafiə sənayesi sahəsində yeni
layihələri varmı? Ötən gün Türkiyənin
müdafiə naziri APA-ya müsahibəsində bildirib ki, Azərbaycan
tərəfi istərsə, ATAK zərbə helikopteri, «Altay»
milli tankı və digər əhəmiyyətli layihələrdə
iştirak edə bilər.
- Belə layihələr var.
Mən qeyd etdim ki, MKE ilə 12,7 mm çaplı snayper tüfəngi
də daxil olmaqla 3 atıcı silahın birgə
istehsalının həyata keçirmək üçün
müəssisə yaratmağı planlaşdırırıq.
Ötən gün Türkiyənin müdafiə naziri Vəcdi
Könüllə görüşümüzdə də əməkdaşlığın
perspektivlərini müzakirə etdik. Gələcəkdə
Türkiyənin bir sıra layihələrində biz də
iştirak edəcəyik.
- Azərbaycan stendində
nümayiş etdirilən 14,5 mm çaplı «İstiqlal»
snayper tüfənginə əcnəbi hərbçilər tərəfindən
daha çox maraq vardı. Bu snayper tüfəngi barədə
məlumat verməyinizi istərdik. «İstiqlal»ın yeni
modelinin nə zaman seriyalı istehsalına
başlanılması planlaşdırılır?
- “İstiqlal”
yarımavtomatik snayper tüfəngidir. Bu silah snayper tüfənglərinin
əksəriyyətindən bu özəlliyi ilə fərqlənir.
Darağı 5 patron tutur və patronlar lülə qutusuna
avtomatik şəkildə ötürülür. Dəqiqliyi də
sınaqdan çıxarılıb və 2200 metr məsafədə
hədəfi məhv etmə qabiliyyətinə malikdir. Bu
gün elə bir snayper tüfəngi yoxdur ki, bu məsafədə
hədəfi məhv etmə qabiliyyəti olsun. İndi
«İstiqlal»ın 12,7 mm çaplı versiyası
yaradılıb və hazırda sınaqdadır. Eyni zamanda 23
mm çaplı snayper tüfənginin yaradılması üzərində
iş gedir.
- Azərbaycanın
istehsalı olan avtomat tüfəngi barədə nə deyə
bilərsiniz? “Kalaşnikov” avtomatına «bənzəyən, həm
də bənzəməyən» bu silahın seriya ilə
istehsalına nə zaman başlamağı
planlaşdırırsınız?
- Bu silah əslində AK-74M
silahının bazasında yaradılıb. Ancaq bir sıra
özəlliklərinə görə “Kalaşnikov”
avtomatından fərqlənir. Məsələn, AK-larda gecəgörmə
cihazları, nişangah və işıqlandırma sistemi
qurmaq üçün əlavə detallar qoymaq
lazımdır. Bizim avtomatın üzərində bunlar nəzərə
alınıb. Həmçinin silahın qundaq hissəsi dəyişdirilib.
Silahın seriyalı istehsalı üçün hazırda
Rusiya tərəfi ilə danışıqlar gedir. Türkiyənin
MKE şirkətinin verdiyi məlumata görə, xaricdə bu
avtomatlara tələbat böyükdür. Daxili tələbatı
ödədikdən sonra biz bu silahı da ixrac etməyi
planlaşdırırıq.
- Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında imzalanmış
müqaviləyə əsasən müharibə yenidən
başlarsa, üzv ölkələr Ermənistana güzəştli
şərtlərlə silah, sursat və hərbi texnika sata bilər.
Azərbaycanın hərbi sənaye kompleksi necə, başlana
biləcək hər hansı müharibədə Silahlı
Qüvvələrin ehtiyacını qarşılaya biləcəkmi?
- Müdafiə Sənayesi
Nazirliyi Müdafiə Nazirliyi və digər hərbi
qurumları istənilən sayda döyüş sursatı və
silahla təmin etmə imkanına malikdir. Hərbi əməliyyatlar
başlanarsa, təchizat məsələlərində
heç bir problem olmayacaq.
Kaspi. -2010. – 15-17 may. – S.4.