Tariximizin əbədi
yaddaşı
1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən
dağıdılıb, 1700 tarix və mədəniyyət
abidəsinin üzərindəki tarixlər, divar
yazıları götürülərək erməni mətnləri
ilə əvəzlənib, erməni işğalı
altında qalan 27 muzey və şəkil qalereyasından qarət
olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib
18 may Beynəlxalq Muzeylər Günüdür. Azərbaycan
dövləti öz daxili siyasətində islam mədəniyyətinə
aid bütün abidələrin, tarixi irs örnəklərinin
qorunması və mühafizəsi istiqamətində ən
yüksək səviyyədə tədbirlər həyata
keçirir. Təəssüf
ki, bu tədbirləri ölkəmizin bütün ərazilərində
həyata keçirmək mümkün deyil. Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev dəfələrlə
bildirib ki, Azərbaycan
torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğalı nəticəsində orada islam mədəniyyətinə
aid olan bütün muzeylər, məscidlər, abidələr
dağıdılıb. “Həmin mədəniyyət nümunələri
tək Azərbaycan xalqının deyil, bütün islam
dünyasına, ümumilikdə isə bəşəriyyətə
aiddir. Bu, bəşər mədəniyyətinə
qarşı təcavüzdür”.
Fəryad qoparan muzeylər
Ermənilərin Azərbaycana
təcavüzü nəticəsində işğal ərazisində
olan tarixi memarlıq abidələri işğal altında
qalıb, tarixi mədəniyyət muzeylərimiz isə öz
fəaliyyətini dayandırıb. İnsanlarla onun tarixi mədəniyyət
və memarlıq abidələri də terrora məruz
qalıb.
Məlumatlara görə, Azərbaycandakı
190-a qədər muzeydən 22-i Ermənistanın işğal
etdiyi ərazilərdə yerləşir. İşğal
zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı
daşınıb Bakıya gətirilsə də, əksəriyyəti
dağıdılıb, bütün eksponatlar aparılıb.
Şuşa Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abasov bildirib ki, Şuşanın işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları və Rəsm Qalereyasının eksponatları çıxarılıb. Amma həmin muzeylərin fondu tam xilas edilməyib. Z.Abasovun sözlərinə görə, işğal zamanı 200-dən artıq xalça və xalça məmulatı xilas edilərək Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça Muzeyində saxlanılır və sərgidə nümayiş etdirilir. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin və başqalarının ev muzeyləri, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər tamamilə dağıdılıb.
“Qarabağ abidələri”
Torpaqlarımızın
işğalından sonra bu ərazilərdə olan bir
çox tarixi memarlıq abidələrinin dağılması
ilə yanaşı, ermənilər abidələrin bəzilərini
də öz adlarına çıxmaq məqsədilə
onların üzərində dəyişikliklər
aparıblar. Onlar bu abidələri bütün dünyaya erməni
abidələri kimi təqdim etməyə
çalışırlar. Ermənilər
rayonlarımızın tarixi mədəni abidələrinin,
muzey eksponatlarının şəkillərini müxtəlif
saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə
abidələrin özlərinə məxsus olması ilə
bağlı təbliğatlar aparırlar.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi "Qarabağ abidələri: dünən, bu gün" adlı layihə ilə Qarabağın tarixi memarlıq və mədəniyyət abidələri haqqında dünya ictimaiyyətinə dəqiq və geniş məlumat verməyə çalışır. Birliyin sədri Anar Xəlilov mətbuata açıqlamasında bildirib ki, ermənilərin saxtakarlığını ifşa etmək üçün həyata keçirdikləri layihə çərçivəsində xeyli təbliğatı işlər görülüb. “Ermənilər tək bizə qarşı deyil, həm də abidələrimizə qarşı geniş terror siyasəti həyata keçirirlər. Onlar saytlarında Azərbaycan abidələrini öz abidələri kimi təqdim edirlər. Bunu nəzərə alaraq işğal olunmuş rayonların mədəniyyət və turizm idarələrinin köməyi ilə əldə etdiyimiz çoxlu sayda materialları ümumiləşdirərək bir yerə yığmağı qərara aldıq”. Layihə çərçivəsində nəşr olunan "Qarabağ abidələri" adlı kitabda Qarabağın işğal olunmuş ərazilərində mövcud olmuş tarixi və mədəniyyət abidələrimizin işğaldan əvvəlki və sonrakı şəkilləri və onlar haqqında qısa məlumat verilib.
A.Xəlilovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Qarabağ abidələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nailiyyətlər əldə edilib. Birlik sədrinin sözlərinə görə, ermənilər ortaya çıxarılan əsaslı faktlar qarşısında aciz qalıblar. Belə ki, abidələrin istər memarlıq üslubu, istərsə də əvvəlki vəziyyəti onların azərbaycanlılara məxsus olduğunu sübut edir".
A.Xəlilov dünya ictimaiyyətinin Azərbaycana məxsus abidələrin dağıdılmasına biganə qalmasından da narahatlığını dilə gətirib. Onun sözlərinə görə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ermənilər tərəfindən abidələrimizin vəhşicəsinə dağıdılmasına biganə yanaşır, minlərlə dünya əhəmiyyətli tarixi abidənin vəhşicəsinə dağıdılmasına göz yumurlar. “Buna baxmayaraq biz öz mübarizəmizi aparmalı, bu sahədə təbliğatımızı daha da gücləndirməliyik"- deyə Birlik sədri vurğulayıb.
İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi isə həyata keçirdiyi "Qarabağ abidələri tariximizin əbədi yaddaşıdır" adlı layihə istiqamətində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, ölkəmizin bədii sənət nümunələrinin o cümlədən, memarlıq abidələrinin, süjet xarakterli oymaların və digər dekorativ tətbiqi sənət nümunələrinin erməniləşdirilməsini ifşa edib. Birlik həmçinin Azərbaycanın tarixi arxiv sənədlərinin ermənilər tərəfindən saxtalaşdırıldığını sübut edib. Birliyin tədqiqatlarına görə, 1600 müsəlman dini abidəmiz (məscid, türbə, qəbirüstü abidələr, at-qoç fiqurları, inanc yerləri və digər ibadətgahlar) ermənilər tərəfindən dağıdılıb; 1700 tarix və mədəniyyət abidəsinin (bura aiddir xristianlığa qədər olan dövr və eləcədə xristianlıq dövrü alban abidələri) üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib; erməni işğalı altında qalan 27 muzey və şəkil qalereyasından qarət olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib. 500 sayda Qafqaz Albaniyası dövrü sovmə, bazilika və digər memarlıq abidələrinə erməni kilsəsi statusu verilib. 200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq isə qismən dağıdılıb. 300 monumental abidə və bağ-parklar tamamilə məhv edilib. İşğal dövrü xaraba kəndlərimizdə 15 erməni kilsəsi tikilib. İşğal ərazilərinə Ermənistanda yonulub hazırlanmış 2000 ədəd erməni xaç daşları basdırılıb. İşğal dövrü Azərbaycan ərazilərində 27 arxeoloji qazıntı işləri aparılıb. 128 bədii daş nümunəsi işğal ərazilərindən götürülərək İrəvana aparılıb.
«Erməni mədəniyyətinin
nümunələri»
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin məsləhətçisi, sənətşünas Qalib Qasımov www.karabakhmonuments.az saytina açıqlamasında silahlı münaqişələrin əksər hallarda böyük insan tələfatı, mənasız qırğınlarla yanaşı, həm də münaqişələrin aparıldığı ərazilərdə mədəni mülkiyyətin də dağıdılmasına, talan-qarət edilməsinə səbəb olduğunu bildirib. Q.Qasımovun sözlərinə görə, böyük əhəmiyyət kəsb edən 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, tikmənaxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə «erməni mədəniyyətinin nümunələri» adı altında satılıb. “Ölkəmizin xarici siyasətinin əsas prioriteti şübhəsiz ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanması və işğal olunmuş ərazilərin azad olunması, məcburi köçkünlərin doğma yurd yerlərinə qaytarılmasıdır. Lakin işğal olunmuş ərazilərdəki mədəni mülkiyyətin və sərvətlərin ermənilər tərəfindən beynəlxalq hüququn ümumqəbul olunmuş norma və prinsiplərini tapdalandığı artıq danılmaz faktdır. Bunu ermənilərin vaxtaşırı olaraq gündəmə gətirdikləri işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması məsələsi bir daha təsdiq edir və göstərir ki, ermənilər Azərbaycanın bütün sərvətlərini, o cümlədən də mədəni və tarixi əhəmiyyətə malik olan abidələri saxtakarlıqla özününküləşdirmək niyyətindən əl çəkmirlər”.
Qeyd edək ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESKO Ermənistana müraciət göndərib. Hələ ki, qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi və İKOM-un milli komitəsi işğal olunmuş ərazilərdə qalan muzeylərin və onların eksponatlarının taleyi ilə bağlı YUNESKO qarşısında dəfələrlə məsələ qaldırıb. Bu məqsədlə problemin öyrənilməsi üçün YUNESKO-nun Azərbaycana iki missiyası göndərilib(1994, 1995-ci illərdə) və bunun da nəticəsi olaraq YUNESKO baş direktorunun müavini işğal olunmuş ərazilərdə mədəni dəyərlərin müdafiə edilməsinə çağıran müraciət imzalayıb. Həmçinin YUNESKO-nun yardımı və onun loqosu altında qəsb olunmuş qiymətli muzey əşyalarının bəzilərinin təsvirini və onlar haqda informasiyaları əks etdirən liflət nəşr olunub.
Düşmən
işğalında qalan tarixi memarlıq və mədəniyyət
abidələrimizin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
aparılan təbliğatlar Azərbaycan dövləti
başda olmaqla ictimaiyyətin, diaspora təşkilatlarının,
ayrı-ayrı təşkilatların dəstəyi ilə get-gedə daha da genişlənir.
Təranə Məhərrəmova
Kaspi. -2010. – 18 may. – S.6.