Azərbaycan tarixi 25 cilddə
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun
direktor müavini Cəbi Bəhramov:
«7 cild Azərbaycan tarixindən əlavə, yenidən ən
azı 15-20, bəlkə də 25 cildlik kitabın
yazılmasına ehtiyac yaranıb»
Müstəqillik əldə
etdikdən sonra Azərbaycan elmi özünün yeni
inkişaf yoluna qədəm qoydu. Azərbaycan elminin
bütün sahələrində olduğu kimi, tarix elmi sahəsində
də bir canlanma yarandı, tarixi faktların təhrif
olunması, onun sovet ideologiyasına
uyğunlaşdırılmasına son qoyuldu. Milli Elmlər
Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun qənaətincə,
müstəqilliyin bərpasından sonra tarix elmi sahəsində
çox işlər görülüb. Xüsusən də,
son 7-8 il ərzində Tarix İnstitutunda böyük dəyişikliklər
baş verib. Ən mühüm məsələ - 7 cildlik Azərbaycan
tarixi institut tərəfindən tamamlanıb təhvil verildi. Bu
da ictimaiyyət tərəfindən çox müsbət
qarşılandı.
- Əsərin üstün cəhətləri
çoxdur. Faktların geniş və aydın şəkildə
çatdırılır. Birinci olaraq keyfiyyətinə
görə bu kitab əvvəlkilərdən xeyli
üstündür. Bu kitabda qədim dövrlər, istərsə
də orta əsrlərə və digər tarixi dövrlərə
aid məsələlərə tamamilə yenidən
baxılıb. Amma tarixi məsələlər belədir ki,
onlar daim tədqiqat, araşdırma tələb edir. Çünki
müxtəlif arxivlərdən gözləmədiyin hallarda
yeni sənədlər, faktlar ortaya çıxa bilər. Ona
görə də bu barədə daim axtarışlar
olmalıdır. 7 cildlikdən əlavə, yenidən ən
azı 15-20, bəlkə də 25 cildlik kimi çoxcildliklərin
yazılmasına, hesab edirəm ki, ehtiyac yaranıb. Bunu bir əsas
kimi götürərək əvvəlkində buraxılan
çatışmazlıqları aradan qaldırmaq şərtilə
belə yeni çoxcildlikləri işləmək
lazımdır. Onu da bildirim ki, 20-25 cildlik tarix
kitablarının nəşr olunması ideyası var. Burada
itirilmiş torpaqlar məsələsi, ölkəmizin tarixi ərazilərinə
aid xəritələrin və sair məqamların yenidən
işlənməsi, daha dəqiq və təkmil
hazırlanması məsələsi və sair məqamlar
gündəmdədir. Onu da nəzərə almaq
lazımdır ki, hazırkı nəşr ortada olan
çoxcildlik ümumiləşdirici bir əsərdir. Bu
baxımdan burada bir çox məsələlər müəyyən
qədər yığcam, icmal şəklində verilir. Amma
biz tariximizi daha çox cildlərdə nəşr etdirə
bilsək, məncə, belə halda, bütün tarixi problemlər
genişliyi ilə öz əksini tapa bilər. Bunu nəzərə
alaraq belə bir ideyamız var ki, yeni, daha çoxcildli nəşr
ərsəyə gəlməlidir.
Gəlmə olduqlarını ermənilərin özləri
də yaxşı bilirlər
- Ermənilərin Azərbaycanın
qədim tarixinə iddia etməsi, öz adlarına
çıxması ilə bağlı hansı tədqiqatlar
aparılır?
- Əslində belə tədqiqatlara
elə bir ehtiyac da yoxdur. Bu sahədə aparılan tədqiqatlar
və nəşr olunan kitablar kifayət qədərdir və
həqiqət də artıq çoxdan ortaya qoyulub, ictimaiyyətə
və dünya alimlərinə bəlli olub. İstər rus,
istər amerikan, istərsə də avropalı alimlər ermənilərin
Qafqaza gəlmə olduqlarını, son tarixi dövrlərdə
kütləvi şəkildə buraya
köçürüldüklərini və
başqalarının əraziləri hesabına dövlət
ortaya çıxardıqlarını ermənilərin özlərindən
də yaxşı bilirlər. Biz əlbəttə ki, ilk
növbədə itirilmiş torpaqlar probleminə böyük
diqqət yetiririk. Bu sahədə biz bir neçə sənədlər,
monoqrafiyalar çap etmişik, tariximizlə bağlı
başqa ölkələrin arxivlərində saxlanılan sənədlərin
gətirilməsi məsələsi ilə məşğul
olmuşuq. Məsələn, böyük bir qrup Böyük
Britaniya arxivlərindən 1918-1920-ci illərə aid olan sənədləri
gətirib və 250 sənəddən ibarət toplu institut tərəfindən
çap olundu. Bundan əlavə, bizim dövlət arxivimizdə
olan 26 Bakı komissarı ilə bağlı sənədləri
çapa təqdim etmişik. Fransadan, Böyük Britaniyadan,
Rusiya Federasiyasından bizim xüsusilə yeni və ən yeni
tariximizlə bağlı olan sənədlər gətirilib və
bunların üzərində iş gedir. Bununla bağlı
ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Türkiyə Cümhuriyyətinin arxivlərində
saxlanılan və 15-17-ci əsrlərə aid, müfəssəl
icmal dəftərləri deyilən sənədlər var. Səfəvilər
dövründə fəaliyyət göstərmiş
Çuxursəəd bəylərbəyliyi, ondan sonrakı
dövrdə isə İrəvan xanlığının
tarixi ilə bağlı olan sənədlərin gətirilib nəşr
edilməsini də göstərmək olar. Ən böyük
şəhərlərimizin, xüsusən Dərbəndin, Cənubi
Azərbaycan şəhərlərinin tarixləri ilə də
bağlı xeyli işlər görülüb.
Hələ də açılmayan sənədlər var
2007-ci ildə çap
etdirdiyimiz tarixi atlasımızda 4-cü minillikdən bu
günə qədər Azərbaycan torpaqları mövzusu,
onun sərhədləri əks olunub. Bu torpaqların
sonrakı dövrlərdə hansı siyasi-hərbi səbəblər
üzündən itirilməsi məsələləri orada
öz əksini tapıb. Xüsusilə diqqəti cəlb edən
odur ki, burada xanlıqlara parçalanma, xanlıqlar
dövründən sonrakı Çar Rusiyasının Qafqaz
siyasəti, işğal siyasəti, ermənilərin
köçürülməsi, 1918-1920-ci illər
dövründə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, 1920-ci ildən ta 1929-cu ilə qədər sovet
Rusiyasının təzyiqi ilə Azərbaycan
torpaqlarının – Zəngəzurun, Göyçə
gölünün ətrafında olan torpaqların ermənilərə
zorla qopardılıb verilməsi burada öz əksini tapıb.
Bu xəritələri keçən müddət ərzində
rus və ingilis dillərində çap etdirdik. Eyni zamanda
onların yeni variantda Azərbaycan, rus və ingilis dillərinə
yenidən çapı da nəzərdə tutulub. 1918-1920-ci
illər soyqırımı ilə bağlı qonşu
dövlətlərin arxivində saxlanılan sənədlərin
gətirilməsi məsələsi də var. Əsas məqsəd
isə tarixi həqiqəti, tarixi gerçəkliyi necə var
elə də ortaya qoymaqdır. Tarixi həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması və
bu istiqamətdə atılan addımlar əlbəttə ki,
öz effektini verir.
Məsələn 1918-ci ildə
imzalanmış Batumi müqaviləsi, onun şərtləri,
bizim tədqiqatçılarımız tərəfindən
işlənilib. Tarix İnstitutunun, xüsusilə də
Bakı Dövlət Universiteti, Pedaqoji Universitetin müxtəlif
kafedralarında bu problemlə bağlı bir çox tədqiqatçıların
sanballı əsərləri var. Amma bununla bərabər
açılmayan səhifələr var və onların üzərində
iş aparılır. Eyni zamanda Azərbaycanın şimal-qərb
regionlarının, rayonlarının tarixi ilə də
bağlı işlər aparılır. Gürcüstanla olan
münasibətlər, sərhəd məsələləri də
araşdırılır.
Alimlərin sosial vəziyyəti çox pisdir
- Bu gün Elmlər
Akademiyasında çalışan elm adamlarının sosial
durumu necədir?
- Qeyd edim ki, Milli Elmlər
Akademiyasında, elmimizdə bir məbəd sayılan bu
ocağın əməkçilərinin, onun elmi
potensialının sosial-iqtisadi vəziyyəti qənaətbəxş
deyil. Deyərdim ki, onların sosial vəziyyətləri
çox pisdir. Kadr məsələsi də çox
ağırdır. Gənclərin gəlişini təmin etmək
çox çətindir. Çünki burada əməkhaqqı,
məvacib aşağıdır. Təsəvvür edin ki, bir
elmlər doktoru, professor kimi çalışana 280-300 manat
maaş verilir. Bu isə müasir dövrün tələbləri
ilə uyğunlaşmır. Nəzərə almaq
lazımdır ki, alimin əməyi, elmi çox yüksək
qiymətləndirilməlidir.
Azərbaycan dövlətinin
müstəqilliyinin əldə olunmasında alimlərimizin
xidməti hədsiz dərəcədə yüksəkdir.
Onlar bizim elmimizin sütunlarıdır. Elmlər
Akademiyasında çalışan alimlər dövlət
müstəqilliyimizin bərpasında, o cümlədən
milli liderimiz Heydər Əliyevin dövlət quruculuğu sayəsindəki
fəaliyyətində çox böyük xidmətlər
göstəriblər. Akademiyada təxminən 9 minə
yaxın əməkdaş çalışır. Onların
çox az hissəsi, təxminən yarısı elmi dərəcəsi
olanlardır. Biz maliyyənin az olmasına baxmayaraq,
bütün gücümüzü ölkə prezidentinin
daxili siyasətinin tarixi həqiqətlərlə təmin
olunmasına yönəldir, üzərimizə düşən
vəzifəni yerinə yetiririk. Amma çox təəssüf
ki, elmə olan münasibəti instituta rəhbərlik edən
şəxslərdən biri kimi anlaya bilmirəm. Sovet rejimi
alimlərdən öz ideologiyasını həyata keçirmək,
təbliğ etmək üçün çox məharətlə
istifadə edirdi və bəhrəsini də
görürdü.
Qrantla fundamental elmi inkişaf etdirmək olmaz
O zamanlar elm adamları sosial
baxımdan çox yüksək dərəcədə təmin
olunmuşdular. İndi Azərbaycan alimləri dövlətin
apardığı siyasəti bütün səviyyələrdə
müdafiə edirlər. Ola bilsin müəyyən məmurların
günahıdır ki, bu adamlara münasibət
başqadır. Mən bunu ürəkağrısı ilə
qeyd edirəm. Qrant və yaxud hansısa bir fondun yardımı
ilə fundamental elmin inkişafını təmin etmək
olmaz. Fundamental tədqiqat böyük vaxt və böyük vəsaitlər
tələb edir. Mili Elmlər Akademiyasının son 35 ildə
əldə etdiyi nailiyyətlər bugünkü Azərbaycanın
siyasi inkişafında böyük rol oynayır. Bunu inkar etmək
olmaz. Ona görə də 1945 ildə yaradılan akademiya Azərbaycanın
həyatının bütün sahələrində,
xüsusilə sovet dövründə elmi nailiyyətlərin əldə
olunmasında böyük rol oynayıb.
- Cəbi müəllim,
indiki gənclər daha çox müasir elmlərə
üstünlük verməyə başlayıblar. Ümumiyyətlə,
tarix elminə marağın səviyyəsi sizi qane edirmi?
- Hesab edirəm ki, tarix elminə
maraq daha da artıb. Təkrar edirəm, əsas məsələ
sosial-iqtisadi vəziyyətlə bağlıdır. Məsələn,
Bakı Dövlət Universitetini, yaxud Dövlət Pedaqoji
Universitetini bitirən gənc mütəxəssis ilk növbədə
sosial vəziyyətlə maraqlanır. Görüm mən
aspirant olsam nə qədər təqaüd alacağam? Buranı
qurtarandan sonra elmi işçi kimi alacağım maaş nə
qədər olacaq? Əlbəttə ki, xalqımız hər
zaman elmə böyük maraq göstərən xalq olub. Azərbaycan
xalqı hələ 13-cü əsrdə böyük bir
intibah dövrünü yaşayıb. Nizami kimi böyük
düha yetişdirib, Təbrizdə Darülşəfa
Universiteti fəaliyyət göstərib və onun tibb
fakültəsində 7 mindən artıq nəfər tələbə
təhsil alıb. Şükürlər olsun ki, bu gün
dövlətimiz güclənib, Cənubi Qafqazda ən
güclü qüdrətli dövlətə çevrilib. Bu
nöqteyi-nəzərdən mən hesab edirəm ki, elmə,
alimə münasibət dəyişməlidir.
- Bu yaxınlarda Ali Attestasiya
Komissiyası təqdim olunan bir sıra elmi işlərin
plagiat olduğu barədə açıqlama yayıb. Tarix
İnstitutunda belə hallara rast gəlinibmi?
-Mən sizi qəti şəkildə
və tam məsuliyyətimlə əmin edirəm ki, Tarix
İnstitutunun belə hallara yol verilməyib. İndiki şəraitdə
isə heç cürə buna yol verilmir. Çünki gələn
işlər bir neçə dəfə, bir neçə
şöbədən ekspertizadan keçir. Yəni ən
azı Müdafiə Şurasına gələnə qədər
5-6 mərhələdən keçir, ayrı-ayrı mütəxəssislərə
təqdim olunur, onlar da yoxlanılır. Tarix İnstitutunda mənfi
hallara qətiyyən yol verilmir və mən hesab edirəm ki,
bundan sonra da verilməyəcək.
P.S. Bu yazı Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata
keçirilən “Azərbaycanın dövlətçilik
tarixinin təbliği” layihəsi çərçivəsində
hazırlanıb
Azər Nuriyev
Kaspi. -2010. – 18 may. – S.8.