“Aktyorlarımız özlərinə diqqət etmirlər, yeyirlər, piylənirlər...” 

 

“Azdrama”nın yeni direktoru İsrafil İsrafilov: “Aparılacaq islahatlara aktyor heyətinin müəyyən bir hissəsi davam gətirə bilməyəcək”

 

Ötən həftə sonu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı sərəncamlar əsasında Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra kadr dəyişikləri olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, eləcə də Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyində dəyişikliklər baş verib. İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov Akademik Milli Dram Teatrına, Çingiz Fərzəliyev isə Dövlət İncəsənət Muzeyinə direktor vəzifəsinə təyin edilib. Akademik Milli Dram Teatrının yeni direktoru İsrafil İsrafilov yeni təyinatla bağlı ilk müsahibəni APA-ya verib.

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına direktor təyin olunmanızı necə qarşıladınız?

- Bu təyinata təbii baxıram. Əlbəttə ola bilər ki, bu, kimin üçünsə gözlənilməzdir, amma mən bu sahənin mütəxəssisi sayılıram. Uzun illər Akademik Milli Dram Teatrında çalışmışam. Bundan başqa bilavasitə teatrla bağlı yüzlərlə məqaləm, elmi-tədqiqat işlərim var. 25 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Uzun illərdir rəhbər vəzifədə çalışıram. Əgər siz Azərbaycanın teatr xadimləri və sənətşünaslarından mənim haqqımda soruşsanız, onlar etiraf edər ki, mən uzun illərdir bu sahədə çalışmışam. Fikirləşirəm ki, bu təyinatda qeyri-adi heç nə yoxdur.

- Teatr rəhbəri və ya muzey direktoru vəzifələrindən Sizə hansı daha yaxındır?

- Uzun müddət muzey direktoru işləmişəm, Mədəniyyət və İncəsənət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində çalışmışam. Teatr çoxşaxəli bir sənətdir. Burada bir çox sənətlər birləşir - həm tətbiqi incəsənət, həm musiqi, həm ədəbiyyat. Allah elə edib ki, mən bütün bu sahələrdə işləməli olmuşam və hərəsindən nə isə götürmüşəm, çoxlu mütaliə etmişəm. Zənginləşməyim üçün tale özü yol açıb. Nə götürmüşəmsə, bu sahələrdən götürmüşəm. Teatrın əsas siması repertuardır. Dramaturgiyaya bələdəm və bu sahədən çox yaxşı başım çıxır. Özümü tərifləmək istəmirəm, amma doğrudan da belədir.

- Artıq bir rəhbər kimi Azərbaycanın birinci teatrında hansı dəyişikliklər, islahatlar etmək fikrindəsiniz?

- Azərbaycan bu gün təkcə öz iqtisadi göstəricilərinə görə tanınmır. Azərbaycan Avropa mədəniyyət məkanına daxil olub. Özü də böyük addımlarla... Avropa mədəniyyət aləmində Azərbaycana çox məmnuniyyətlə yer verirlər. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri – muğam, aşıq sənəti, Qobustanda olan abidələrimiz, Şirvanşahlar Sarayı dünya səviyyəsində tanınır və qəbul olunur. Bu mənada bu inkişafdan teatr və kinematoqrafiya da kənarda qala bilməz. Təəssüflər olsun ki, bir çox mütəxəssislər dövlətin göstərdiyi qayğını doğrultmadı və düşünürəm ki, teatr sahəsində bu gün görüləcək işlər görülən işlərdən daha çoxdur. Hər birimiz teatrımızdan narazılığımızı bildiririk, qınayırıq, digər ölkələrlə müqayisə etdikdə öz teatrımızdan geridə qaldığı üçün inciyirik. Biz istərdik ki, biz teatrlarımızın səsi Avropa ölkələrindən, dünyadan gəlsin. Bu, birdən-birə olmur, bunun üçün illər tələb olunur. Zövq təqdim etmə mənasında Azərbaycan teatrı bu gün mövqeyini, tamaşaçısını itirir. Bugünkü tamaşaçı teatrdan yeni bir şey gözləmir və inanmır ki, onu maraqlandıran suallara cavab tapa biləcək. İndiki tamaşaçının aclığı və maraq dairəsi daha çoxdur, ancaq bu aclığın ödənişi lazımi səviyyədə deyil. Əgər teatr tamaşaçını cəld etmirsə, onun suallarına və düşüncələrinə cavab vermirsə, o teatr heç kimə lazım deyil.

- Akademik Milli Dram Teatrının rəhbərliyi ilə yaradıcı heyət arasında bir neçə müddətdir ciddi narazılıqlar hökm sürürdü. Hətta teatrın xalq artistləri rəhbərlikdən və baş rejissordan yüksək dairələrə şikayətə belə getmişdilər. Siz yeni rəhbər kimi aktyorların bu narazılığını ortadan qaldırmaq üçün hansı yollara baş vurmağı düşünürsünüz?

- Əvvəla, mən onların nədən narazı olduğunu bilmirəm. Bilirsiniz, rahat həyat teatr üçün deyil. Teatrda həmişə razılar narazılar olub. Bu, əslində teatrın həyatıdır. Səhnədə özünü xoşbəxt hiss edən adam, pərdə arxasında özünü çox bədbəxt hiss edir. Bu, yaradıcı insan üçün təbiidir. Onların şikayətlərinin məzmununu bilmədiyim üçün bu suala cavab verməyə çətinlik çəkirəm. Amma tamaşaçı kimi mən öz fikrimi bildirmək istərdim onlara üzümü tutub soruşuram. Ay xalq artistləri, ay gözəl insanlar, axı bir tamaşaçı kimi mən sizdən narazıyam. Axı sizin oynadığınız rollar məni qane etmir. Bilet almışam, gəlmişəm, baxıram faydalanmaq istəyirəm. Mən vaxtımı itirirəm, axı, bu ömrümdür. Bəs siz mənə verirsiniz? Sizin mənə verdiyiniz vaxtı keçmiş ərzaqdır... Vaxtı keçmiş ərzağı sizə versələr, sizin orqanizminiz necə qəbul edər? Siz mənim ruhuma, qəlbimə xarab olmuş ərzaq verirsiniz mənə zərər vurursunuz. Üç, beş, on yüzlərlə insan bu yanaşmanıza görə teatrdan uzaqlaşır. Ola bilər ki, rol bölgüsündə ədalətsizlik olsun, ola bilər ki, maliyyə vəsaitinin ayrılmasında, mükafat digər imtiyazların bölünməsində ədalətsizlik olsun. Ailədə valideyn uşaqların arasında nəyisə böləndə narazılıq olur. Ancaq məgər aktyorlar öz sənətinə bu cür sevgi ilə yanaşır? Əgər aktyor öz sənətini sevmirsə, sənətinə laqeyddirsə, o auditoriyanı necə yığa bilər? Məsələnin bu tərəfi var. Mənim üçün hazırda kiminsə haqlı, kiminsə haqsız olduğunu demək çətindir. Hələ bir neçə gündür vəzifəyə təyin olunmuşam təhvil-təslim belə olmayıb. Hələ kollektivlə görüşməmişəm. Bu teatrda fəaliyyət göstərən aktyorlara bələdəm, insanların istəyinə, inkişaf istəyinə bələdəm. Bu teatr kollektivinin əksəriyyətinin səhnədə ilk addımlarını xatırlayıram. Oynadıqları irili-xırdalı rolların yozumunu bilirəm, yaradıcılıqlarına bələdəm.

- Akademik Milli Dram Teatrında kadr dəyişiklikləri zamanı uzun illərdir bu teatr baş rejissor vəzifəsindən çalışan Mərahim Fərzəlibəyov da tutduğu vəzifədən azad edildi. Teatra baş rejissor vəzifəsində kimi görürsünüz?

- Teatrda baş rejissor yeri hələ uzun müddət boş qalacaq. Fikirləşirik ki, müxtəlif teatrlardan təcrübəli, müasir düşüncəli rejissorları quruluşlara cəlb edək. Repertuarı bu minvalla bir az zənginləşdirmək olar. İkincisi isə aktyorları bir balaca hərəkətə gətirmək lazımdır. Sabah biz Rusiyadan, İngiltərədən, Almaniyadan rejissor gətirsək, o baxmayacaq ki, bu xalq artistidir, yoxsa adi aktyor. Əgər o görsə ki, bu aktyor müəyyən bir rolun ifasına hazır deyil, yaramır, deməyəcək ki, “yox, sən xalq artistisən, gəl keç yuxarı başa”. Bizim təfəkkürdə var ki, bu xalq artistidir, qabaqda otursun, bilim buna imtiyazlar verilsin. Biz necə edirik? Biz bir görürük, müəyyən bir müddətdə fəaliyyət göstəririk, o fəaliyyətə görə bizə fəxri ad verilir. Bu o demək deyil ki, dayanmalıyıq. Əksinə bəzən fəxri adı olmayan sənət adamı səhnədə müəyyən qüsurlar edirsə, ona bu xətanı bağışlayırlar ki, bu aktyor hələ püxtələşir. Amma xalq artistinin səhnədə səhvini biz bağışlaya bilmirik. Xalq artistini bağışlamazlar, xalq artisti paralel danışırsa, səsi yerində deyilsə, xalq artisti səhnədə hərəkət edə bilmirsə, əynindəki paltardan onun piyləri çıxırsa, bu, normal hal deyil. Heç estetik baxımdan da normal deyil. Hər kəs öz sənətinə, öz işinə diqqətli, hörmətlə yanaşmalıdır. Belə bir söz var: “Özünüzü incəsənətdə sevməyin, incəsənəti özünüzdə sevin”. Sizə şöhrət, rəğbət gətirən budur, siz buna çalışın. Bilmirəm, bizdə əyalət təfəkkürü hökm sürür, iddialar, bəzən yersiz təmənnalar, bəzən təkəbbürlülük... Bütün bunlar bu gün başlıca yer tutur. Bu da özünün mənfi tərəflərini göstərir. Əslində indi teatrın gələcək həyatı barədə müxtəlif düşüncələr variantlar var. Mən hazırda yaxın iki ildə Azərbaycan teatrı necə olmalıdırbu mənzərəni yaratmağa çalışıram. Azərbaycan teatrı yaxın iki ildə hansı mənzərə, hansı görünüşdə, hansısa zahiri əlamətlərdə necə görünməlidir bunlara cavab vermək üçün görülən tədbirlərə çox güman ki, aktyor heyətinin müəyyən bir hissəsi davam gətirə bilməyəcək.

- Teatrın repertuarında dəyişikliklər etmək fikriniz varmı? Hansı klassiklərin yaradıcılığına müraciət etmək fikrindəsiniz?

- Klassik əsərlərə mütləq müraciət olunacaq. Azərbaycan teatrı həmişə repertuardan, dramaturgiyadan incik olub. Bu inciklik təkcə teatr heyətinə aid deyil, tamaşaçını da incik salmaq olmaz. Azərbaycan xoşbəxtlikdən ədəbiyyat baxımından çox zəngindir. Bizim çox qüdrətli dramaturqlarımız var. Hətta bizim nəsr sahəsində çox istedadlı insanlarımız var. Onların əsərlərinə səhnə həyatı vermək onlara qarşı bir qayğıdır. Mənim düşüncəmdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, müasir yazarlarımız, hətta müasir Avropa, avanqard dramaturgiya da var. Amma bir şey var - bunu kim edəcək?! Hansı rejissor bu tamaşaları qoyacaq, hansı aktyorlarımız bu tamaşalarda iştirak edəcək?! Aktyorların da formada olub-olmayan anları olur. Məsələn, bu gün bir balerina öz qidasına diqqət yetirir ki, səhnədə müəyyən hərəkətləri edə bilsin. Ancaq bu, heç dram aktyorlarına aid deyil. Bizim aktyorlar özlərinə diqqət etmirlər, yeyirlər, piylənirlər, təcrübələrini itirirlər. Axırda da rol bölgüsündən şikayət edirlər. Mən bütün bu hallara diqqət edəcəyəm. Aktyor hər zaman özünə fikir verməlidir.

- Uzun illər rəhbərlik etdiyiniz Azərbaycan Dövlət İncəsənət Muzeyini əmin əllərə etibar edirsiniz? Muzey ab-havası üçün darıxmayacaqsınız ki?

-İncəsənət Muzeyinin yeni direktoru olan Çingiz Fərzəliyev özü rəssamdır. Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Rəssamlıq Akademiyasında kafedra müdiridir. İncəsənət sahəsində tanınmış adamdır. Mən ona hər zaman böyük kimi sənətə bağlılığı üçün hər zaman hörmət etmişəm. Biz bir-birimizdən incik deyilik, biz qardaş kimi halallıq etmişik. Mən İncəsənət Muzeyini Çingiz Fərzəliyevə, Maqbet Bünyatov isə Akademik Milli Dram Teatrını mənə halal edib...

 

 

Kaspi. -2010. – 18 may. – S.12.