İş yerində ehtiyatlı olun! 

 

Kompyuterdə işləyən hər bir şəxs fiziki amillərdən başqa, psixiki-neyrofizioloji amillərə də məruz qalır. Yaradıcılıq işi yerinə yetirilən iş yerləri bir-birindən 1,5-2 m hündürlüyündə arakəsmə ilə izolə edilməlidir

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2010-cu il üçün hazırladığı hesabatında yeni texnologiyaların – nano və biotexnologiyaların inkişafı nəticəsində əmək sferasında yeni risklərin meydana çıxdığını bildirib. Müasir dövrdə mümkün risklərdən biri də kompyuter texnologiyalarından istifadə ilə bağlıdır. Belə ki, bu gün kompyuterdə çalışanların çoxu bu əməyin insanın sağlamlığına, əməkqabiliyyətliliyinə, əməyinin effektivliyinə təsir edən bir sıra sanitar-gigiyenik və psixofiziki amilləri  şərtləndirdiyini bilmir. Bu şərtlərdən xəbərsiz olan işçi ilə yanaşı işəgötürənlər də gələcəkdə hansı problemlərlə üzləşə biləcəklərinin də fərqində deyillər.

 

Kompyuter texnikasının yerləşdirildiyi otaqlara və onların istismarına qarşı tələblər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlünün sözlərinə görə, DƏM-in əsas vəzifəsi-işçilərin işəgötürənlər tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilməsi, ödənişi gecikdirilmiş əmək haqqı və digər sosial ödənişlərin ödənilməsinin təmin edilməsi, istehsalatda zərərçəkmişlər və ya onların hüquqi varislərinin sosial hüquqlarının təmin edilməsi ilə yanaşı, həm də işçi yerlərinin sağlamlaşdırılmasına nail olmaqdan ibarətdir. İş mühitinin sağlamlaşdırılması isə müxtəlif istiqamətdə fəaliyyət göstərən digər müəssisələrlə birgə müasir texnologiyalardan-kompyuter avadanlıqlarından yararlanan bütün ofislərə də aiddir: ”Müasir həyatın bütün sahələrində kompyuter texnikası mühüm rol oynayır və ondan istifadə kütləvi xarakter daşıyır. Odur ki, kompyuterin insan sağlamlığı üçün potensial təhlükəli şüalanmalar və elektromaqnit sahələri mənbəyi kimi təsiri problemi həmişə ön plana çəkilir. Elmi-praktiki araşdırmalar göstərib ki, kompüterin monitoru ətrafında yaranan ultrabənövşəyi (UB), rentgen (X-şüa) və radiotezlikli diapazon şüalanmalarının intensivliyi yolverilən son həddən olduqca aşağı səviyyədə olduğundan praktiki olaraq insana mənfi təsir göstərmir”.

Amma bu texnologiyalardan istifadə zamanı vacib olan bir sıra tələblər var ki, bu tələblərdən kənara çıxma da fəsadsız ötüşmür. N.Şükürlünün sözlərinə görə, qüvvədə olan sanitar-gigiyenik normativlər kompüter texnikasının yerləşdirildiyi otaqlara və onların istismarına qarşı müəyyən tələblərə əməl olunmasını nəzərdə tutur: ”Bunlardan bəzilərini nəzərinizə çatdırmaq istərdim: kompyuter olan otaqlar təbii və süni işıqlanma ilə təmin olunmalı, otaq zirzəmidə yerləşməməli, optimal temteratur +200C, lakin +180C-dən az və +280C-dən çox olmamalıdır. Nisbi rütubəti 55+5%, atmosfer təzyiqi 760 mm c.s., havada tozlanmanın həddi 0,5 mg/m3, otaqların döşəməsi düz və hamar, tavanadək hündürlüyü 3,2 m-dən az olmamalı, otaqların sahəsi 12 kv.m-dən az olmamalıdır. Otaqda hər bir iş yerinin sahəsi 6 m2, həcmi 20 m3-dən, iş masaları arasındakı məsafə isə 1,2 m-dən az olmamalıdır”.

 

İşçi yeri normal sanitar-erqonomik tələblərə də cavab verməlidir

 

DƏM rəisi deyir ki, kompyuter texnikası ilə işləyənin işçi yeri normal sanitar-erqonomik tələblərə də uyğun gəlməlidir. Belə ki, boyun-çiyin və bel əzələlərinin gərginliyini azaltmaq məqsədi ilə işçi rahat qoltuqlu kürsü (kreslo) ilə təmin olunmalı, operatorun gözləri ilə monitor arasındakı optimal məsafə 60-70 sm, amma 50 sm –dən yaxın olmamalıdır: ”Kompyuterdə işləyən hər bir şəxs fiziki amillərdən başqa, psixiki-neyrofizioloji amillərə də məruz qalır. Odur ki, xeyli əqli (zehni) gərginlik və diqqətin yüksək dərəcədə toplanmasını tələb edən yaradıcılıq işi yerinə yetirilən iş yerləri, o cümlədən, siz jurnalistlərin çalışdığı redaksiyalarda iş yerləri bir-birindən 1,5-2 m hündürlüyündə arakəsmə ilə izolə edilməlidir. Əsəbi-emosional gərginliyi, gözlərin yorulmasını azaltmaq məqsədi ilə iş günü ərzində işçilərə hər 2 saatdan bir 15 dəqiqə müddətinə qısa fasilələr verilməlidir”.

  

Kompyuter olan iş yerlərində əmək şəraiti üzrə attestasiya aparılmalıdır

 

N.Şükürlünün sözlərinə görə, Səhiyyə Nazirliyi (23.01.1998-ci il tarixli 13 nömrəli əmr) tərəfindən müəyyən edilmiş qayda və müddətlərdə kompyuter texnikası ilə işləyən işçilər icbari qaydada ilkin, yəni işə qəbul olunarkən və vaxtaşırı, ildə bir dəfə tibbi müayinədən keçməlidirlər. Kompyuter olan iş yerlərində əmək şəraiti üzrə attestasiya da aparılmalı və bu proses 5 ildə bir dəfə həyata keçirilməlidir. Attestasiyanın  nəticələri əsasında elektromaqnit təhlükəsizliyini yaxşılaşdırmaq üçün konkret sağlamlaşdırıcı tədbirlər görülməli, eləcə də işçilərə güzəştlərin - əlavə əmək haqqı, əlavə məzuniyyət v.s. verilməsi məsələsi həll olunmalıdır.

DƏM rəisi uzun müddət kompyuterdən istifadə nəticəsində peşə xəstəliklərinə tutulma hallarının Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırıldığını da vurğulayır: ”Amma qeyd edim ki, işçi bu və ya digər səbəbdən peşə xəstəliyinə düçar olarsa, tibbi-sosial ekspert komissiyası tərəfindən onun itirdiyi peşə əmək qabiliyyətinə uyğun olaraq müavinət almaq hüququna malikdir. Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri mülkiyyət və hüquqi-təşkilati formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinin, o cümlədən də əməyin mühafizəsi normalarının tələblərinə əməl edilməsi nəzarəti həyata keçirərkən kompyuter texnikasından istifadə olunmasında hər hansı pozuntu aşkar etdikdə, bunların aradan qaldırılması üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilir və bu göstərişlərin vaxtında əməl olunmasına nəzarət edilir. Əks təqdirdə, işəgötürənlər inzibati qaydada cərimələnirlər”.

 

Psixososial amillər və işdə qazanılan stress

 

BƏT-in diqqət çəkdiyi qlobal problemlərdən biri də yeni olmasa da, yeni yanaşma tələb edən işdə formalaşan psixososial amillər və iş prosesində qazanılan stressdir. Psixoloq Xatirə Səfərova stressin ətraf mühitə cavab reaksiyası olduğunu deyir: ”İnsan ruhla bağlı təcrübələrə məruz qalan bioloji bir varlıq deyil, əslində bioloji tərəfləri olan ruh əsaslı bir varlıqdır. Son araşdırmalar, insanın yalnız ətdən və sümükdən ibarət bir canlı olmadığını açıq-aşkar sübut edib. Belə ki, bu mürəkkəb varlığın özündə psixoloji, bioloji, sosial, ruhi və əqli cəhətləri birləşdirdiyi artıq danılmaz bir faktdır. Bu baxımdan, məkanından asılı olmayaraq stress insan bədənini deformasiyaya uğradan bir amildir”.

Dünyada 450 milyon insanın fərqli psixi xəstəliklərdən əziyyət çəkdiyini deyən psixoloqun sözlərinə görə, bu problemin kökü əksər hallarda iş yerindən qaynaqlanır: ”İş bizim həyatımızda çox vacibdir və biz ailəmizdən, dostlarımızdan çox, vaxtımızın daha böyük hissəsini işimizə sərf edirik. İlk öncə iş, yeni mühit, insanlarla tanışlıq bizi çox sevindirir və hər şey çox yaxşı gedir. Bir xeyli müddət keçdikdən sonra insan orqanizmi monoton həyat tərzindən yorulur, hətta ona ilk vaxtlar hər şey çox xoş görünürdüsə, artıq bu mühitdən uzaqlaşmaq, dincəlmək istəyir, lakin işləmək məcburiyyətində olduğu ucun bu quruma tabe olmalıdır. Bu tabeçilik isə onu psixoloji gərginliklə üzləşdirir. Stress özünü insanın həyat bağlantılarında -ən çox ailədə, iş yoldaşları ilə ünsiyyətdə, sağlamlığında büruzə verir”. Psixoloq stress zamanı rahatlığa ehtiyac duyan orqanizmə dinclik verilməsini vacib sayır: ”İnsanın enerjisi azalır, uğursuzluqlarla üzləşir, iş qabiliyyəti maksimum azalır, qeyri-rasional düşüncələrlə əzab çəkir və təbii ki, bu da neqativ hallarla nəticələnir, hətta baş ağrıları, yuxusuzluq, tez-tez soyuqdəymə ilə üzləşməsinə səbəb olur. Stress insan orqanizmdəki immun sistemini aşağı salır. Bu isə insanın ilk öncə öz orqanizminə qarşı qeyri-rasional davranışıdır”.

 

Stressdən maskalanmış depressiyaya doğru

 

Psixoloq bəzən diqqətsiz yanaşdığımız stressin çox təhlükəli bir faktor olmasını da vurğulayır: ”Stress psixososial bioloji xəstəlikdir. Amerika bioloqları təyin ediblər ki, beyində serotaninin çatışmaması insan orqanizminin korlanmasına gətirib çıxarır. Əhval-ruhiyyənin korlanması isə depressiyanın açarıdır. Qeyri-adekvat depressiya isə intiharla nəticələnir. Amma stress insanda maskalanmış depressiya ilə də əvəz oluna bilər. Maskalanmış depressiya insanda samitik xarakter daşıyır, yəni bu zaman insanlar ürək, mədə və s. bədən xəstəliklərindən əziyyət çəkirlər. Depressiyanın müsbət tərəfi isə adekvat depressiyadır. 6 aydan sonra bu cür depressiyanı müalicə etməsən də, o, ötüb keçir. Bu isə insanın yarım il aktiv həyat tərzini öldürür”.

 

“Görmürəm, eşitmirəm, danışmıram”

 

İşdə stressin yaranma səbəblərinə gəlincə, X.Səfərova burada bir çox amillərin rol oynadığını deyir: ”Ünsiyyət problemi, iş yoldaşları, rəqiblərlə münaqişəli vəziyyət, işin çox ağır olması, vaxtın azlığı, vaxtı düzgün bölməmə, kompyuterdən çox istifadə, hətta otağın temperaturunun normal şəraitdə olmaması, havanın otaqda düzgün tənzimlənməməsi və s. işdə qazanılan stresslə nəticələnir. İşdən evə qayıdarkən yenidən kompyuter başına keçmək də insanda müəyyən asılılıq yaradır ki, bu da stressə açardır. Məsələnin kökünə baxsaq, əslində bu cür stresslərin əksi ən çox konfliktlə nəticələnir. Bu isə “İşdə və ya ailədə kimə öz hirsimizi tökə bilərik”, deyə bir obyektin üzərində, necə deyərlər, çatlayır”. Əslində isə münaqişəyə səbəb psixoloji yorğunluq və gərginlikdir. Psixoloq bildirir ki, insanda bu neqativ hansısa bir formaya transformasiya etməlidir: ”Çox vaxt insan öz yaxınlarında bu obyekti seçir və nəticədə xoşagəlməz hadisələrlə üzləşirik”.

X.Səfərova bəzən insanların işdəki stressi o mühitdən uzaqlaşmaqda tapdığını da deyir: ”Amma bu, məsələnin həlli yolu deyil. İnsan düşdüyü mühitdə hər zaman ideal mövqe axtarır, lakin biz özümüzü mənfilərdən heç bir yerdə izolyasiya edə bilmərik. Belə bir fikir var: "Həyat bir oyundur, kim qaydaları bilmirsə, uduzur". Stressdən uzaq olmaq üçün ilk öncə onun yaxınlaşmasını hiss etdiyiniz zaman “Dayan” işarəsini göstərmək lazımdır. İnsan ilk öncə özünə yardım göstərməyi bacarmalıdır. Gün ərzində “Başım ağrıyır və ya başım gicəllənir” və s.  sözlər deməməlidir. Bu cür sözləri insan leksikologiyasından yığışdırmalı, hər zaman özünə dəstək olmalı, özünü sevməlidir. İnsan hər yuxudan ayılarkən gülümsəməyi bacarsa, həyat da ona gülümsəməyi əsirgəməz”.

Stressdən uzaq olmaq ucun iş rejimindən sonra təmiz havada gəzmək, dostlarla görüşmək, idmanla məşğul olmaq da vacibdir. Aqressiyadan uzaq olmaq ucun xüsusi terapevtik qruplara yazılmağı tövsiyə edən psixoloqun sözlərinə görə, insan həftədə bir dəfə öz gərginliyindən azad olmaq ucun mütləq həyatına zövq qatmalıdır: ”Terapevtik qruplar bu vəziyyətdə stressdən uzaq olma həllini psixoloji oyunlar əsnasında tapır. Başqa variantlara gəlincə, Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Yəni “Görmürəm, eşitmirəm, danışmıram” mənasını kəsb edir”. X.Səfərovanın fikrincə, bu prinsip həyatımızda, xüsusən də iş rejimimizdə çox vacib amildir: ”Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun-lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna "suz" şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik”. 

 

 

İsabalayeva  Həqiqət

 

Kaspi. -2010. – 19 may. – S.6.