Aktrisanın son ümidi 

 

Həmişə danışırdı ki, onu ruhu xəstə hesab edirlər. Həyatın insanların ona olan bu istehzasına görə olmazın iztirablar çəkirdi aktrisa.

Tanınmış aktrisa Ofeliya Aslan 71 yaşında vəfat edib. Ailəsinin verdiyi məlumata görə, aktrisa 2 ilə yaxındır, xəstə imiş. Son günlər isə vəziyyəti lap ağırlaşıb və ürək tutmasından dünyasını dəyişib.

Aktrisanın tərcümeyi-halı ilə maraqlandıqda yaddaqalan bir həyat yolu keçdiyinin şahidi olmaq mümkündür.

Ofeliya Aslan Bakıda, görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi çalışıb. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb. Ancaq aktrisanın bu dönüşü elə də yaddaqalan olmayıb. Özü müsahibələrində dəfələrlə ona rolların verilmədiyindən, haqsızlıqlardan şikayətlənirdi.

Aktrisa uzun illər çalışdığı teatrın tarixinə yaddaqalan obrazları ilə düşüb. İlk rolu «Durna» komediyasında Lalə obrazı olan aktrisa bundan sonra «Beşmanatlıq gəlin»-də Gülnaz, «Arşın mal alan»-da Telli, «Hicran»-da Çarleston, «Axırı yaxşı olar»-da Dilbər, «Bankir adaxlı»-da Səmayə və s. rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olan aktrisa Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin «Mama, ya jenyus» əsərində Bibixanım rolunda çıxış edib.

Aktrisanın öz dilindən eşitdiyim sözlərdir: “Özümü teatrda təsdiq etdim. Belə olmasaydı, "Nənəmin şahlıq quşu"nda üç rolu eyni vaxtada həvalə edərdilərmi mənə? Sonra Afətə çağırdılar məni. Bir günün içində hazırlaşıb oynamalı idim. Bilmirəm, gərək ki, aktyor xəstələnmişdi. Dedim bir günün içində Afəti oynamaq mümkün deyil. Heç olmasa suflyor babat olmalıdır. Nəsibə xanım da gileylənmişdi. Haqqı da var idi. Amma bir insan kimi sındırmadı məni. Güldən ağır söz demədi. Mən də qorxurdum ki, replikanı düzgün verməyəm. Şükür Allaha ki, hər şey öz qaydasınca getdi. Heç bir peşimançılıq-zad olmadı”.

 

 

Maneələr

 

Ofeliya Əfqanlı teatrda çoxlu maneələrlə qarşılaşıb. Həmişə danışırdı ki, onu ruhu xəstə hesab edirlər. Həyatın və insanların ona olan bu istehzasına görə olmazın iztirablar çəkirdi aktrisa. Amma zaman göstərdi ki, insanlar şüurunda qeyri-adi proseslər gedənləri "dəli" hesab etməklə, əslində bir çox müəmmalı suallardan yaxa qurtarmağa çalışırlar. “Məni ruhi xəstə adı ilə aparıb dəlixanaya atdılar. Nə oldu? Axırda mən deyən yerini tapdı” deyə acı-acı şikayətlənirdi aktrisa.

Ömür-gün yoldaşı Səyavuş Aslanla sevib evlənmişdilər. Bir məhəllədə böyümüşdülər. “Mən bacısı ilə dost idim, o da qardaşımla. O vaxtdan ünsiyyətimiz vardı” – söhbət düşəndə xatırlayırdı. Uşaqlıq illərinin sevgisi bir ailənin qurulmasına təkan vermişdi. Amma bu izdivac onlara iki övladdan savayı elə xoşbəxtlik verməmişdi. Şəxsi həyatında da sınıqlıqlar vardı Ofeliya xanımın. “Buna insan ürəyi dözərmi?” deyə şikayətlənirdi. Ailəsinin dağılması haqqında danışmağı o qədər sevmirdi. “Hər ailənin öz sirri var. Mən səhnədə aktrisayam, yaradıcılığım tamaşaçılar üçündür, şəxsi həyatım yoxdeyirdi.

Teatrdan bir ara uzaqlaşmasını, ona istədiyi rolların verilməməsini özünə qarşı ədalətsiz davranmaları ilə əlaqələndirirdi. “Ətrafımdakılar mənə qarşı ədalətsiz oldular. Başa düşmədilər məni. Camaata düzgün təqdim etmədilər. Bir sözlə, atdılar məni! Bəlkə əlil olacaqdım, iki gözüm tutulacaqdı. Onda da atacaqdılar?” deyə gileylənirdi.

Ofelya xanımın son illər bir vərdişi yaranmışdı -  gözəgörünməz qüvvələrlə danışırdı. Deyirdi ki, dinin bütün ayinlərini əzbər bilir. Allaha dualar edirdi, yalvarırdı. “Allah mənə səbir əta edib. Bəzən indi Allaha şikayət edirəm. Amma görürəm yox. O qüvvələr mənim pisliyimi istəmir. Qeyri-adi vəziyyətlər keçirirdim. İşə gələndə adamların içini görürdüm. düşündüklərini hiss edirdim. Pis adamları da tanıyırdım o saat. Heç kimin üzünə demək istəmirdim pis olurdum. Hiss edirdim ki, mənə vergi verilir. Gərək harada olur olsun tək qalım, Allahımla qalım, ona tapınım”.

Aktrisa deyirdi ki, gözəgörünməz qüvvələrlə danışdıqca itirdiyi xoşbəxtliyi da arayır. O xoşbəxtliklərin içərisində səhnə vardıBu onun son ümidi idi.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. -2010. – 19 may. – S.15.