Atatürk bizimlə
Prezident İlham Əliyev: «Mustafa Kamal Atatürk Azərbaycan
xalqının qəlbində böyük iz
buraxmışdır. Azərbaycan xalqı böyük
öndərin xatirəsini həmişə öz qəlbində
saxlayıb və bu gün də saxlayır»
«Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır» - Prezident İlham Əliyev bu fikirləri mayın 17-də Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışındakı nitqində söyləyib.
Prezident müasir Türkiyənin banisinin Azərbaycana münasibətini xüsusi vurğulayıb: «Biz hamımız yaxşı bilirik ki, Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərib. İki qardaş xalq bu yolda bərabər addımlayır».
May ayı tək Azərbaycanın deyil, bütün türk dünyasının tarixinə əlamətdar məqamları ilə həkk olunub. Mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin doğum gününü qeyd edirik, 19-u isə Atatürkü anma günüdür. Bu iki şəxsiyyət arasında paralellik təkcə təqvim eyniliyi ilə deyil, hər iksini qurucu fəaliyyəti, yoxdan dövlət yaratmaları, tarixi missiyalarında da əksinin tapıb. Paytaxtımızda türk dünyasını iki görkəmli dövlət xadiminin əzəmətli heykəllərinin ucalması Azərbaycanın üzərinə düşən mənəvi məsuliyyət, şərəfli varislik ənənələrinə sadiqliyindən qaynaqlanır.
Atatürkü birdə tanıyaq
Atatürk türk dünyası və bəşəriyyət üçün kimdir? Onun başladığı istiqlal savaşının Cümhuriyyətin yaranmasından başqa hansı mühüm tarixi, siyasi nəticələri olub?
Atatürk xarici görünüşü etibarilə bir az ucaboylu (1.76 sm), biçimli və sağlam bədən quruluşuna malik, açıq sarı saçlı, geniş alınlı, almacıq sümükləri qabarıq, açıq mavi gözlü, nüfuzedici baxışları olan yaraşıqlı bir şəxs idi. Görkəmi zəhmliydi. Təbiət etibarilə utancaq olsa da, ictimaiyyət arasında olmaqdan və danışmaqdan xoşlanırdı. Nitqi kəskin, qətiyyətli və təsirliydi. Geyiminə uşaqlıqdan bəri fikir verərdi. Daim təmiz və səliqəli geyinirdi. Təmizliyə olduqca diqqətliydi. Şam yeməyini qonaqlarla yeməkdən xüsusi zövq alırdı. Süfrə Atatürkün dostlarıyla birlikdə istirahət və mühüm məsələlərlə bağlı fikir mübadiləsi etdiyi, zəruri hallarda kəşfiyyat apardığı, bəzən də vəzifəyə təyin etmək istədiyi adamları sınaqdan keçirdiyi bir yer idi. Zaldakı qara masanın ətrafı çox vaxt elmi mübahisələrin aparıldığı akademik yığıncaqları xatırladırdı.
Atatürkün ən qabarıq xüsusiyyəti hərəkətlərində və qərarlarında çevik, qətiyyətli, açıq və enerjili olması idi. Lakin o, hər şeydən öncə realist idi. Fəaliyyətə başlamazdan əvvəl mövzunu ən incə təfərrüatlarınadək nəzərdən keçirir, zaman, məkan və imkan faktorlarından mükəmməl şəkildə istifadə edirdi. Bütün həyatı boyu “vaxtında heç bir fürsəti əldən verməmək və vaxtı çatmadan heç bir işə girişməmək” prinsipindən uğurla faydalanmışdır. Lazım gəldikdə dayanar və münasib vaxt gözləyərdi. Amma qəti qərara gəldikdən sonra qərarını tükənməz enerji və dəmir iradə ilə tərəddüd etmədən həyata keçirərdi. Praktik və aydın zəkası, heç bir təhlükə qarşısında geri çəkilməyən əzmi, insanlara düzgün qiymət verməsi və onlardan düzgün istifadə etməsi, girişdiyi işə mane ola biləcək əngəlləri aradan qaldıraraq işə başlaması onun müvəffəqiyyətə doğru gedən yollarını açırdı.
Fəaliyyəti zamanı hisslərinə deyil, ağlına və məntiqinə üstünlük verirdi. Atatürkün sevimli məşğuliyyətlərindən biri də mütaliə etməyə olan marağıdır. Hələ gənc olarkən ona verilən kiçik cib xərcliyinin bir hissəsinə kitab aldığı deyilir. Gənc zabit olarkən hərb sənətinə dair tərcümələr də etmişdi. Bir qədər sonralar Arıburnu və Anafartlartlar döyüşlərini, 1927-ci ildə isə iri həcmli əsəri olan Böyük Nitqi üç ay ərzində qələmə almışdı. O, hətta müharibə dövründə belə ciddi fəlsəfi və tarixi əsərlər oxuyurdu. Dövlət başçısı olduqdan sonra Çankayada 10.000 cilddən yuxarı kitaba malik kitabxana yaratmışdı. Əlinə aldığı kitabı sonunadək oxuyur, əhəmiyyətli saydığı yerləri qırmızı və mavi qələmlərlə işarələyirdi. Maraqlandığı mövzularla bağlı xaricdən kitablar gətirtmişdi. Onun ən çox xoşladığı hədiyyə də kitab idi. Atatürk həyatının son dövrlərində dilçilik və tarixlə xüsusilə yaxından maraqlanmışdır. Bu sahələrdə elmi araşdırmalar aparılması üçün Türk Tarix və Türk Dil qurumlarını yaratmış, hər birinin bir Akademiyaya çevrilməsini arzu etdiyi bu qurumların yaşaması üçün vəsiyyətnaməsində xüsusi qeydlər etmişdi.
Milli qürur məsələsində də son dərəcə həssas idi
Xarici ölkələrə
və beynəlxalq konfranslara gedən şəxslərə “səsiniz
mənim səsimdir, unutmayın” deyə xəbərdarlıq
edir, gedənlər də bunu nəzərə alaraq protokolla
bağlı heç bir güzəştə getməzdilər. İtaliyaya rəsmi
səfərə hazırlaşan İnönüyə “Sən
Türkiyənin Baş nazirisən, Mussolini də rəsmi
olaraq İtaliyanın Baş naziridir. Aranızda
heç bir fərq yoxdur” demişdi. Qərbin
Türkiyəyə daim yuxarıdan aşağı
baxmasının qarşısını almaq, Türk
insanının Qərbin qarşısında özünə
inamsızlıq hisslərini aradan qaldırmağı
qarşısına məqsəd qoymuşdu. Həyatı boyu bu məsələdə güzəştə
getməmişdir. O, milli qürur bayrağını daim
yüksəklərdə dalğalandırmışdır.
Atatürkün
türk tarixində son dərəcə mühüm yer
tutmasının başlıca səbəbi onun heç
şübhəsiz, Vətəni xilas edən milli qəhrəman
olmasıdır. Ölkənin dörd tərəfdən,
hətta daxildən belə amansız işğala məruz
qaldığı, hər şeyin düşmənlərin
insaf və mərhəmətindən asılı olduğu,
millətin artıq yaşama gücünü itirdiyi bir
dövrdə o qorxmadan meydana çıxmışdır.
O, türk millətinin hürr yaşama arzusuna və torpaq
sevgisinə güvənərək, üzərində
İstanbul Hökumətinin
Atatürkə qədərki Türkiyə
Birinci Dünya
Müharibəsi ərəfəsində Türkiyə geri
qalmış kənd təsərrüfatı ölkəsi
idi. Yalnız yüngül və emaledici sənaye sahələrindəki
nisbi canlanmanı çıxmaq şərti ilə sənayenin
digər sahələrində inkişafdan söhbət gedə
bilməzdi. San-Stefano sülhünün
şərtlərinə yenidən baxan
Türkiyə
Birinci Dünya Müharibəsində yarım milyondan çox
itki vermiş, 1 milyona yaxın insan isə xəsarət
almışdı. 1918-ci ilin avqustunda Türkiyənin istər
müharibədən əvvəlki, istərsə də
müharibədən sonra olan borcları təxminən 466
milyon türk lirəsinə və ya 2 milyard 200 milyon dollara
çatmışdı.
Beləliklə,
müharibə Türkiyənin iqtisadi həyatını
dağınıq bir hala gətirdi. Kənd təsərrüfatını
ciddi tənəzzülə uğratdı, ölkənin maliyyəsini
bərbad hala saldı və onu Avropanın imperiya
maraqlarını genişləndirmək istəyən ölkələrindən
asılı vəziyyətə gətirdi. Bütün bunlar Osmanlıya zorən
qatıldığı Birinci Dünya Müharibəsindən
qalmış acınacaqlı nəticələr idi. Siyasi hakimiyyəti formal xarakter daşıyan sultan
hökuməti ölkənin milli maraqlarını qorumaq
iqtidarında deyildi. Yaranmış tarixi
fürsətdən istifadə edən işğalçı
qüvvələr yüzilliklər boyu cızdıqları
Osmanlını parçalamaq, daha doğrusu bir dövlət
kimi varlığına son qoymaq planlarını həyata
keçirməyə başladılar. Qalib
ölkələrlə imzalanmış Mudros müqaviləsi
Avropa ölkələrinin qarşılarına qoyduqları bu
planları reallaşdırmaq məqsədi
daşıyırdı.
Sultan hökumətinin
xalqın işğalçı qüvvələrə
qarşı başladığı hərəkatı
yatırmaq üçün böyük səlahiyyətlər
verərək Anadoluya göndərdiyi Mustafa Kamal Paşa bu
tapşırığı yerinə yetirmədi. Əksinə,
üzərinə daha şərəfli missiya
götürmüş oldu. Bu, mənasız
müharibənin gedişində yorulmuş, yunan
işğalçılarının Qara dəniz sahillərində
özlərinə dövlət yaratmaq planlarından və
ağır kapituliyasiya şərtlərindən hiddətlənmiş
xalqın azadlıq müharibəsinə öndərlik etmək
missiyası idi.
1919-cu il mayın 19-da Atatürk
Samsuna gəldi
O, türk xalqının vətənin
bir qarış torpağını belə yadellilərə
verməyəcəyinə, əksinə, onun uğrunda sona qədər
mübarizə aparacağına bir daha əmin oldu. Xalqın
döyüş ruhuna inanan Atatürk məmləkətin
heç vaxt işğalçıların və onların əlində
oyuncağa çevrilmiş sultan sarayının yasaqları
altında inləməyəcəyini özündə əks
etdirən tarixi müraciətini etdi. 1919-cu ilin
yayında Amasiyadan bütün ölkəyə ünvanlanan təlimatda
deyilirdi: “Vətənin bütövlüyü, millətin
istiqlalı təhlükədədir. Millətin
istiqlaliyyətini ancaq millətin əzmi və qərarı
xilas edəcəkdir”.
Bunun ardınca
Ərzurum və Sivasda xalq tərəfindən
seçilmiş şəxslərin iştirakı ilə
konfransların keçirilməsi artıq başlanmış
olan azadlıq hərəkatına hüquqi mahiyyət verirdi. İnönü
vuruşmalarından, 22 gün gecə-gündüz davam edən
Sakarya meydan döyüşlərindən keçərək
möhkəmlənən Atatürkün azadlıq
savaşı eyni zamanda beynəlxalq gücləri də onunla
hesablaşmağa məcbur etdi. Fransa,
İngiltərə, Sovet Rusiyasının yeni türk hökuməti
ilə imzaladığı müqavilələr nəticəsində
itirilmiş türk torpaqları geri qaytarıldı, Mudros və
Sevr müqavilələrinin alçaldıcı şərtləri
Lozanna konfransında aradan qaldırıldı.
Türk xalqının əzmi
və qanı bahasına istər hərbi, istərsə də
siyasi müstəvilərdə əldə olunmuş qələbələr
Atatürkün şah əsərinin yaranmasını
qaçılmaz edirdi: Bu, 1923-cü ilin 29 oktyabrında elan
edilən Türkiyə Cümhuriyyəti oldu. Bunun ardınca
isə tarixə Atatürk inqilabları kimi daxil olan
möcüzəli dəyişikliklər başlandı...
Atatürkün inqilabları
Onun əsərini
və şəxsiyyətini ucaldan təkcə Vətən
xilaskarı olması və tam müstəqilliyinə
qovuşmuş sabit bir dövlət qurması da deyildir. O, imperialist dövlətlərin
pəncəsindən qurtardığı Vətənin və
yenidən qurduğu dövlətin əbədi yaşaması
üçün lazımi tədbirlər də
görmüşdür. “Atatürk prinsipləri
və Türk inqilabı” kimi səciyyələndirilən bu
tədbirlərin məqsədi türk xalqını hər
şeydən öncə, mümkün qədər sürətlə
dünya sivilizasiyasına qovuşdurmaqdır. Osmanlı dövlət xadimləri XVIII əsrin
birinci yarısından etibarən dövləti tənəzzüldən
xilas etmək üçün Qərbdən əvvəlcə
hərbi sahədə, sonra isə digər sahələrdə
bəzi şeylər əxz etmək məcburiyyətini hiss
etmişdilər. Atatürk həyata
keçirdiyi yeniliklərlə yeni üfüqlərə
istiqamətləndirdiyi Türkiyənin öz milli dəyərlərindən
ayrı düşməməsi və Qərbin ruhsuz təkrarına
çevrilməməsi, müasirləşmənin milli dəyərlərlə
çulğalaşmış bir sintez şəklində təzahür
etməsi üçün də ciddi işlər
görmüşdür. Beləliklə,
müasirləşmə ilə milli kimliyin bir-birini
tamamlaması, türk mədəniyyətinin milli dəyərlərdən
qidalanaraq “öz dəyərləri və xüsusiyyətləri”
ilə müasir sivilizasiya içərisində layiq olduğu
yeri tutması qarşıya məqsəd qoyulmuşdur.
Bunu həyata keçirmək üçün Türk Dil
Qurumu, Türk Tarix Qurumu və Ankarada Dil, Tarix və
Coğrafiya Fakültəsini yaratmış, Xalq Evlərini hərəkətə
gətirmişdir. Atatürkün tarixi araşdırmalara
verdiyi önəmin nəticəsi kimi “Vətən və onun
üzərində yaşayan xalq arasında əlaqə” fikri
Türk xalqı arasında yayılmış və “Anadolu Vətəni”
məfhumu cümhuriyyətin ayrı-ayrı
qurşaqlarını eyni orbitdə birləşdirən əsas
bağlayıcı ünsürlərdən birinə
çevrilmişdir.
Bütün Şərqin davası
Atatürkün
milli müstəqillik və müasirləşmə öndəri
kimi super dövlətlərə və onların dəstəklədiyi
forpostlara qarşı mübarizədə əldə etdiyi
qeyri-adi uğurlar Latın Amerikasından Uzaq Şərqə
qədər olan geniş bir coğrafiyada həyəcanla izlənmişdi. Onun parlaq qələbələri
Türkiyə üçün yüksək dəyər
olmaqla yanaşı, müstəqillik həsrətində olan
və ya inkişaf etməkdə olan ölkələr
üçün də ümid işığı və ilham
mənbəyi olmuşdur. İmperialist
qüvvələrə qarşı ağır şərtlər
altında aparılan Milli Mücadilə “müstəqillik
yolunda ölməyə hazır olan bir millətin
uğursuzluğundan söhbət belə gedə bilməz”
inancı ilə başa çatdırılmışdı.
Əldə edilən fövqəladə uğur
Atlantik okeanından Çin dənizinə qədər
geniş bir coğrafiyada əsarət altında inləyən
xalqları da ayağa qaldırmış, milli istiqlal hərəkatlarına
stimul vermişdir.
Atatürk hələ 1922-ci
ilin iyulunda Milli Mücadilənin məzlum millətlər
üçün daşıdığı mənanı belə
ifadə edirdi: “Türkiyənin bugünkü mücadiləsi
yalnız öz adından və öz hesabına olsaydı, bəlkə
də daha qısa olar, daha az qan tökülər və daha
tez başa çatardı. Türkiyə
böyük və mühüm bir mübarizə aparır.
Çünki müdafiə etdiyi bütün məzlum millətlərin
haqqı, bütün Şərqin davasıdır…”
O, müstəmləkə vəziyyətində
yaşayan şərq xalqlarının yaxın gələcəkdə
azad olacaqlarını hələ 1930-cu illərdə sanki bir
görücü kimi, bu sözlərlə
proqnozlaşdırırdı: “Şərqdən doğacaq
günəşə baxın. Bü gün dan
yerinin ağardığını necə görürəmsə,
uzaqdan bütün Şərq xalqlarının
oyanışlarını da eləcə görürəm.
İstiqlalına və hürriyyətinə
qovuşacaq çox sayda qardaş millət vardır. Onların yenidən doğuşu, şübhəsiz
ki, tərəqqiyə və rifaha yönələcəkdir.
Bu millətlər bütün çətinliklərə
və bütün maneələrə rəğmən müzəffər
olacaq və onları gözləyən istiqbala çatacaqlar.
Müstəmləkəçilik və
imperializm yer üzündən silinəcək və onun yerinə
millətlər arasında heç bir rəng, din və irq fərqi
qoymayan yeni bir ahəng və əməkdaşlıq
çağı hakim olacaq”.
Doğrudan da
türk zəfəri Tunisdə, Əlcəzairdə, ümumən
Şimali Afrikada ruh yüksəkliyi ilə
qarşılandı. Suriyanın və Fələstinin şəhərləri
Türk bayrağı ilə bəzədildi, məscidlərdə
duaların ardı-arası kəsilmədi. Mustafa Kamalın adı dillərdə dolaşdı,
portretləri evlərin divarlarını bəzədi. Qələbəsi şerlərlə vəsf olundu.
Türkiyə hadisələri insan kütlələrini
küçələrə tökdü. İngilislərin
və fransızların əsarətində olan yerlərdə
“Yaşasın Türkiyə”, “Yaşasın Mustafa Kamal”
hayqırtıları müstəqillik həsrətinin ifadəsi
halına gəlmişdi. O artıq yalnız Türkiyənin
deyil, bütün İslam aləminin, hətta əsarət
altında olan qeyri-müsəlman xalqların da qəhrəmanı
idi. O, mərakeşli Əbdülkərimin, tunisli Həbib
Burqibanın, misirli Ənvər Sədatın, indoneziyalı Əhməd
Suxartonun, Pakistanın qurucusu Məhəmməd Əli
Cinnahın olduğu qədər, Hindistanda Nehrunun da dərindən
təsirləndiyi, heyran olduğu milli müstəqillik
timsalıydı. Atatürkün İslam dünyasına təsiri,
Mülki Qanunun qəbulu, latın əlifbasına
keçid, xəlifəliyin ləğv olunması, dövlət
və cəmiyyət həyatının dünyəviləşdirilməsi
kimi islahatları radikal islamçıların qəbul etməməsinə
və müstəmləkəçilərin bütün mənfi
təbliğatlarına rəğmən davam etmişdir.
1927-ci ildə Misirdə nəşr olunan jurnallardan birinin
dünyada ən böyük vətənpərvərin kim olduğunu müəyyənləşdirmək
üçün keçirdiyi sorğuda Mustafa Kamal
bütün Misir millətçilərini qabaqlayaraq birinci yerə
çıxmışdı.
Xüsusi olaraq
vurğulanması zəruri olan digər bir məqam türk
müasirləşməsinin müxtəlif və fərqli mədəniyyətlərə
zamanla ayaqlaşmaları baxımından yol göstərməsidir. Atatürkün
əsəri “tarix boyu Qərb mədəniyyətindən uzaq
olmuş və xristian olmayan” xalqların müasir mədəniyyəti
əxz etməsində də model rolunu oynamışdır.
Qərb alimlərinin fikrincə, türk müasirləşməsi,
xüsusən, İkinci Dünya Müharibəsindən sonra,
türk tarixinin bir mərhələsi olmaqdan kənara
çıxmış, müstəqilliklərini yeni qazanan
ölkələr üçün siyasi sistem olaraq Şərq
və Qərb rejimlərinin ortasında nativ dəyər təşkil
etmişdir. Bu xüsusiyyətləri ilə
Atatürk yolu Türkiyənin sərhədlərini
aşmış, qitələrə yayılan qlobal məna kəsb
etmişdir.
«Türkiyə nə qədər güclü olarsa, Azərbaycan
da o qədər də güclü olacaqdır»
Prezident İlham Əliyev
Bakıda abidəsinin açılışanda
Atatürkün qurduğu Türkiyənin Azərbaycanla
münasibətlərini daha da genişlənəcəyini
bildirib: «Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr,
bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə
xalqlarımız, ölkələrimiz üçün deyil,
bölgə üçün, dünya üçün önəmlidir.
Türkiyə bu gün dünyada çox fəal
və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin
təsir imkanları artır. Türkiyə
gündən-günə güclənir. Bu,
bizi çox sevindirir. Çünki
Türkiyə nə qədər güclü olarsa, Azərbaycan
da o qədər də güclü olacaqdır».
Baş nazir Rəcəb
Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin
bənzərsiz mahiyyəti olduğunu vurğulayıb: «Qazi
Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz,
sevinci sevincimizdir” deyərkən ortaya qoyduğu həqiqət
davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm
ki, hansı siyasi iqtidar gəlirsə gəlsin,
aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr
qurumların əlaqəsi deyildir. Bizim
aramızdakı əlaqə millətlərin əlaqəsidir.
Çünki biz bir millətik, iki ayrı
dövlətik. Bunu dərindən anlamaq
lazımdır».
Heydər Əliyev Atatürk haqında
«Unudulmaz
Atatürkün müqəddəs adı, solmayan siması min
illərdən gələn Türkiyə və Azərbaycan
dostluğunun və qardaşlığının gələcək
yoluna parlaq işıq saçır."
8 fevral 1994-cü il
***
Türkiyə cümhuriyyətinin
böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal
Atatürk 70 il bundan öncə indiki böyük, demokratik
Türkiyənin əsasını qoymuş, böyük
dövlət yaratmışdır. Sonra gələn
nəsillər onun işini davam etdirərək Türkiyəni
bütün dünyada nüfuzlu, əzəmətli bir
dövlətə çevirmişlər.
8 fevral 1994-cü il
***
Azərbaycan xalqı öz
milli azadlığı uğrunda mübarizə apararkən,
milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini
yaratmağa çalışarkən daim Türkiyə
xalqının dəstəyinə, dayağına
arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla gedən
Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir.
11 iyul 1995-ci il
***
1922-23-cü
illər Türkiyə cümhuriyyətinin yaranması
üçün böyük dönüş dövrü
oldu. O zaman
böyük Mustafa Kamal Atatürkün rəhbərliyi
altında Türkiyə cümhuriyyəti yarandı. Türk xalqı həmin vaxtdan bəri böyük
Atatürkün qoyduğu yolu cəsarətlə gedir və bu
gün Türkiyə cümhuriyyəti dünyanın 60
milyonluq əzəmətli bir dövləti kimi beynəlxalq
birlikdə özünə layiq yer tutmuşdur.
5 may 1997-ci il
***
Mustafa Kamal Atatürk sizin
üçün nə qədər əziz və hörmətli
olubsa, o qədər də Azərbaycanlılar
üçün belədir. Ona görə də
Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti
bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz
hesab edirik.
5 may 1997-ci il
***
Biz Azərbaycanda,
ölkəmizdə, dünyada sülh istəyirik. Mərhum
Mustafa Kamal Atatürkün Türkiyəyə aid olan bu
sözləri Azərbaycanın bugünkü gününə
də aiddir. Biz sülh uğrunda
mübarizə apararaq torpaqlarımızı sülh yolu ilə
azad etmək, Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini bərpa etmək istəyirik.
6 may 1997-ci il
***
Dünyanın
ən nüfuzlu mükafatlarından olan Atatürk Beynəlxalq
Sülh Mükafatına layiq görülməyimdən hədsiz
şərəf və qürur hissi duyuram. Bu mükafat
XX əsrin ən böyük tarixi simalarından biri -
Türkiyə cümhuriyyətinin banisi, böyük öndər
Mustafa Kamal Atatürkün adını
daşıdığına görə mənim
üçün daha qiymətli və əzizdir.
16 aprel 1999-cu il
***
Mustafa Kamal
Atatürkün ən böyük xidməti Türkiyə
cümhuriyyətini yaratmasıdır. Biz bəlkə bu
gün bunu adi hadisə kimi qəbul edə bilərik, ancaq
heç də yox. Bu, heç də adi
hadisə deyildi. Türkiyənin Osmanlı
imperatorluğunun 700 illik fəaliyyəti şəraitində,
onun təsiri altında yaşamış insanlarını
cümhuriyyət qurmağa sövq etmək, cəlb etmək və
bu cümhuriyyəti qurmaq, yaratmaq və onu yaşatmaq Mustafa
Kamal Atatürkün çox böyük xidmətidir, demək
olar ki, tarixi xidmətidir. Zaman, əsrlər
keçəcək, türk xalqı, türkköklü,
türkdilli xalqlar, türk dünyası bunu heç vaxt
unutmayacaqdır.
16 aprel 1999-cu il
***
Mənim təşəbbüsümlə
Azərbaycanda böyük Atatürkün irsinin öyrənilməsi,
araşdırılması mərkəzi
yaradılıbdır. Bu mərkəz müstəqil bir təşkilat
olacaqdır. Həm Elmlər Akademiyasının, həm
də ölkəmizin bütün universitetlərinin bu sahədə
ən bilikli adamları buraya toplaşacaqdır. Mən də - Azərbaycan Prezidenti də bu mərkəzin
fəxri başqanıyam. Güman edirəm
ki, bu mərkəz Azərbaycan ilə Türkiyə
arasında tarixi əlaqələrin nə qədər sıx
olduğunu bir daha elmi nöqteyi-nəzərdən
araşdıracaq və meydana çıxaracaqdır. Bu, geniş işbirliyi yaratmaq üçün bir
daha imkanlar verəcəkdir.
15 mart 2001-ci il
Məmmədli Natiq
Kaspi. -2010. – 20 may. – S.8-9.