Toylarımızı əcnəbilər də tənqid edir 

 

Budaq Budaqov: “Xalq arasında təbliğat işi aparılmalıdır, bu sahədə ağsaqqallara da güvənmək lazımdır”

 

Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2010-cu il üçün I maliyyə yardımı müsabiqəsinə «Xeyir-şər məclislərində ifratçılığın aradan qaldırılmasının təbliğində ağsaqqalların rolu» adlı layihə ilə qatılıb və hazırda layihə ilə bağlı işlər görülür. Müsahibimiz AMEA Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik  Budaq Budaqovdur.

- Hörmətli Budaq müəllim, sizcə belə bir layihənin həyata keçirilməsi bu gün aktualdırmı?

-Əlbəttə, aktualdır. Bu gün hamımız cəmiyyətdə baş verənləri görür və qiymət verməyi bacarırıq. Hamı şahiddir ki, toy və yas mərasimlərimizdə həddindən artıq ifratçılığa yol verilir. Özü də bu ifratçılıq hər bir xırdalıqlarda özünü kəskin şəkildə büruzə verir. Milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar toylarımızdakı ifratçılığı xüsusilə vurğulayır və tənqid edirlər. Yüksək istehlak mədəniyyətinə, kapitalizmin diktə etdiyi qənaət anlayışına ciddi yanaşan xarici vətəndaşlar bu qədər ərzaq məhsulunun məhv edilməsinə ağılsızlıq kimi baxır. Bunun dəfələrlə şahidi olmuşuq. Bu məsələ gündəmdədir. Hətta Milli Məclisin komissiyalarında da müzakirə olunur. Bu məsələ ilə bağlı hamı narahatdır və çıxış yolları axtarılır.  

- AAŞ-nın potensial gücü layihədə göstərilən işlərin həyata keçirilməsinə yetərmi? Ağsaqqal nüfuzu bu məsələdə rol oynaya biləcəkmi?

- Hələ qədim zamanlardan Azərbaycanda, ümumiyyətlə, Şərq aləmində ağsaqqallara xüsusi hörmət edilib. Ölkəni, diyarı idarə etməkdə ağsaqqalların rolu həddindən artıq böyük olub. Onlar indiki müasir dillə desək, həm məhkəmə, həm prokuror, həm hökmlü, sayılan şəxslər kimi çıxış ediblər. Ağsaqqallar qan töküləndə də, çox ağır cinayətlər olanda da dəyərli məsləhətləri ilə hadisələri yoluna qoyub, xalq arasında sülh və əmin-amanlığa nail olublar. O ənənələrə sadiq qalaraq indi də Azərbaycanda ağsaqqallara böyük hörmət var. Ağsaqqal dedikdə, həm ailənin, həm bir qrup tayfanın, həm də bu və digər yaşayış yerlərinin ağsaqqalları nəzərdə tutulur. El dara düşəndə: «Kimə müraciət edək, kimə deyək ki, bu işi yatıraq?»-deyə düşünməyib. Belə şəraitdə ilk növbədə ağsaqqalara müraciət edilib, onların məsləhətləri dinlənilib. Ona görə ki, ağsaqqalların nüfuzu hər zaman, hər yerdə yüksək tutulub. İndi də bu bir ənənə kimi ölkəmizdə yaşamaqdadır. Ağsaqqallara Azərbaycanda xüsusilə yüksək qiymət verirlər. Ulu öndərimiz Heydər Əliyevin də ağsaqqallara xüsusi hörməti və diqqəti var idi. O ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırıb. Hətta özünün yubileylərinin birində Azərbaycan Ağsaqqallar Şurasının üzvlərini qəbul etdi. Onlarla söhbət edib, öz tövsiyələrini söylədi. Bundan başqa, Azərbaycan xalqı ən ağır problemlərin həll olunmasında ağsaqqalların mühüm rol oynamasını təsdiq edir. Çünki xalq ağsaqqallara hər zaman inanıb və etibar edib. Ağsaqqallara qarşı olan bu inam, hörmət və ehtiram bu gün də davam etməkdədir. Ona görə inanırıq ki, ağsaqqalların nüfuzu sayəsində məclislərimizdəki həddini aşma hallarının qarşısı alına bilər. Buna şuranın potensial gücü var. Şurada həyat və iş təcrübəsi on illərlə ölçülən, şərəfli ömür yolu keçmiş ağsaqqallar toplaşıb ki, onların sözləri və tövsiyələri xalq üçün meyar sayıla bilər.

- Hamıya məlumdur ki, çox ölkədə olmusunuz və müxtəlif xalqların adət-ənənələrinin şahidisiniz. Bu məsələdə başqa şərq xalqlarının adət-ənənələrindən faydalanmaq olarmı?

- Mən Şərq ölkələrində müxtəlif adət-ənənələrlə rastlaşmışam. Öz elmi fəaliyyətim müddətində bir çox ölkədə olmuşam. Orta Asiya respublikalarında, İranda, Türkiyədə və başqa yerlərdə. Həmin ölkələrdə rastlaşdığım adət-ənənələrdən bir neçə misal çəkmək istəyirəm. Qırğısıtanda bir dostumun 70 illik yubileyi keçirilirdi. Mən də həmin yubileydə iştirak edirdim və olduqca elit bir təbəqənin iştirak etdiyi məclis idi. Məclisin sonuna yaxın hərəyə bir sellofan torba payladılar. Mən təəccübləndim və soruşdum ki, bu nədir? Cavab verdilər ki, insanlar süfrədə qalan, yeyilməmiş, əl dəyməmiş ərzaqları bu torbaya yığıb aparacaq. Bunun əsas məqsədi isə ondan ibarətdir ki, məclis qurtarandan sonra artıq ərzaqlar qalacaqsa, onlar atılmasın, günahdır. Gördüyüm bu mənzərə mənə çox müsbət təsir etdi. Fikirləşdim ki, kaş ki, Azərbaycanda da belə ənənələr tətbiq olunaydı.

İkinci misal, mən 2 il bundan əvvəl İrana gedən zaman Tehrana yaxın olan Rey şəhərində oldum. Orada Coğrafiya İnstitutunun dissertantı–Behnam ağa ilə bərabər səhər saat 11.00-da şəhərə çıxan zaman bir restoranın qarşısında çoxlu insanın sıraya düzüldüyünü gördüm. Hərənin əlində bir qab vardı. Mən Behnam ağadan soruşdum ki, bu nə məsələdir? O da cavabında: «Burada ehsan verilir. Bizdə ehsanı belə paylayırlar. Kimin ehtiyacı varsa, gəlib götürür»-dedi. Bizdə isə əksinə, ehsanı ancaq yas mərasiminə gələnlər yeyir. Belə çıxır ki, varlının yasında varlı gəlib ehsan yeyir, ehtiyacı olanlar isə çağrılmadığı üçün qıraqda qalır. Əsas odur ki, rəhmətə gedən insan üçün dua oxuyanların, rəhmət diləyənlərin sayı çox olsun. Özü də bu rəhməti bir var tox adamlar, ehsan yeməyənlər desin, bir də var ki, ac və ehtiyacı olanlar. Qarnı ac olan insanların ehsan yeyib ölüyə rəhmət diləməsi daha yaxşı qəbul olunur. Belə ənənələri bizdə də tətbiq etmək lazımdır və məncə, müsbət nəticə əldə etmək olar. Nəticədə həm artıq qalan qidalar, ərzaqlar xarab olub atılmaz, həm də ehtiyacı olan ailələr ehsan payından yeyib bir günlük də olsa problemdən uzaqlaşarlar. Axı dinimizdə də buyrulur ki, ac qarınları doyurmaq savabdır. Daha çox rəhmət qazanmağın bundan yaxşı yolu yoxdur. Bu tədbir yavaş-yavaş rayonlarda, kəndlərdə tətbiq edilsə, tezliklə yayılar, daha «ayıbdır», «bizə nə deyərlər», «yaxşı deyil» sözlərini heç kim işlətməz. Eşitdiyimə görə, bir dəfə yas mərasimində ac olan kasıb hamilə qadın kənara çəkilib ehsan yeyir və onu görənlər də deyir ki, əsl ehsan onun yediyidir. Çünki ehtiyacı var. Ümumiyyətlə, yaxşı olan hər bir şeyi görüb götürmək lazımdır. Şərq xalqlarının adət-ənənələri də bir-birinə oxşar olduğu üçün yaxşı ənənələrdən faydalanmaqdan utanmamalıyıq. 

- O zaman nə etməliyik ki, məclislərimiz israfçılıqdan uzaq olsun? Sizcə layihənin nəticəsi olacaqmı?

- Əlbəttə, müsbət nəticələr gözlənilir. Azərbaycanda yas yerlərində də, toy məclislərində də böyük israfçılığa yol verilir. Bunun qarşısını almaq üçün xalq arasında təbliğat işi aparılmalıdır. Deməli, hərə öz yaşayış məntəqəsində bu işi qaydaya salarsa və ya kənd, şəhər miqyasında öz sözünü deyərsə, böyük iş görmüş olar. Məsələn, eşitdiyimə görə, Tovuzda, İsmayıllıda bu məsələ ilə ciddi məşğul olurlar. Gəncənin bir çox yerində, Bakı kəndlərində, Naxçıvanda da xeyir-şər məclislərinin qaydaya salınmasına nəzarət var. Bu da xalqı razı salır, onları əlavə borca-xərcə düşməkdən qurtarır. Bu sahədə ağsaqqallara da güvənmək lazımdır. Onların nüfuzunu nəzərə alaraq demək olar ki, ağsaqqalların köməkliyi ilə israfçılığın qarşısı alına bilər. Çünki xalq arasında gedən söz-söhbətlərdən də aydın olur ki, hamı israfçılığın əleyhinədir, hamı buna qarşı mübarizə yollarını axtarır. Fikrimcə, israfçılığın yaranmasına əsasən şadlıq evləri şərait yaradır. Onlar deyirlər ki, mənim restoranımda bir nəfərin yerinin qiyməti bu qədərdir, istəyirsən məclisini et, istəyirsən etmə. İmkanı olanlar ora can atırlar, imkansızlar isə belə bahalı yerləri qəbul etməyib öz maddi vəziyyətlərinə uyğun yerlər axtarırlar. Məncə, bələdiyyələr də bu sahədə böyük işlər görə bilər. Yəni xalqın öz məclislərini keçirmək üçün xüsusi yerlər təşkil edilməlidir ki, onlar şadlıq evlərindən asılı olmasınlar, onların məcbur etdikləri qayda-qanunlara riayət etməsinlər. 

- Bəzi qərbmeyilli qüvvələr ağsaqqal sözünə, nüfuzuna kinayə ilə yanaşır, ağsaqqalların cəmiyyətə təsir etmələrinə inanmırlar. Onlara sözünüz varmı?   

- Hazırda nəinki Şərq xalqlarında, eləcə də dünyada ağsaqqalların iş və həyat təcrübəsindən faydalanırlar. Fikir versəniz görərsiniz ki, hər hansı bir ölkədə prezident olmuş şəxs yenidən seçilmədikdə onun iş təcrübəsi davamçısı tərəfindən öyrənilir, hörmətlə yanaşılır. Bu gün təəssüf ki, bəzi qüvvələr Avropaya inteqrasiya adı altında bizim mentalitetimizə yad ünsürləri zorla həyat və məişətimizə qatmağa çalışırlar. Əlbəttə, Avropa və digər dünya ölkələrinin də həyat və məişətində, siyasi mühitində öyrənməli, ibrət götürülməli çox şey var. Gəlin, onlardan demokratiyanın düzgün formasını, məsuliyyəti, bir-birinin hüquqlarına hörmət etməyi öyrənək. Ancaq açıq-saçıq hərəkətləri, davranışları, böyük-kiçik yeri bilməməyi əxz etməyək. Əlbəttə, biz «ağsaqqal sözünə, nəsihətinə qulaq asın»-dedikdə də ağıllı sözü, məsləhəti nəzərdə tuturuq. Yadımdadır, bizə qonşu olan kənddə Mircəfər ağa var idi. Çox nurani kişi idi. Hamı ona ağsaqqal kimi hörmət edirdi. Niyə? Çünki onun sözü ilə əməli bir idi. O vaxtlar həmin kəndə nə məhkəmə, nə milis, nə qanun lazım deyildi. Çünki bütün mübahisələri o ağsaqqal həll etməyə qadir idi. Hər adamı ağsaqqal qəbul etmək olmaz. İnsan ağsaqqalığa uşaqlıqdan, hər bir hərəkətini ölçə-ölçə, biçə-biçə, özündən böyüklərin ehtiramını saxlaya-saxlaya, bütün varlığı ilə gəlməlidir. Ağsaqqallıq yaşla ölçülmür. Elə orta yaşlı insan var ki, bir elə, obaya böyüklük etməyə, onun dərd-sərini çəkməyə qadirdir. Belə insanların sözünü dinləmək lazımdır. Ümumiyyətlə, Azərbaycan mentalitetində, həyat tərzində ağsaqqal sözü öndə dayanıb. Ağsaqqalların cəmiyyətə təsiri güclü olub, həmişə də belə olacaq.

 

 

Südabə Mehdizadə

 

Kaspi. -2010. – 20 may. – S.11.