“Bizi yenə də
çağdaş dramaturqların əsərləri xilas edəcək”
Xalq artisti Ağaxan Salmanlı: «Bu gün bizim
oynadığımız teatr xaricə çoxdan məlumdur və
onun üçün maraqsızdır»
Bu günlərdə Akademik
Milli Dram Teatrında kadr dəyişikliyi baş verdi. Belə ki, teatrın
direktoru əvəzləndi, baş rejissor isə vəzifəsindən
kənarlaşdırıldı. Bu dəyişikliyin
ümumən teatrın yaradıcı ab-havasına təsir edəcəyini
söyləyənlər çoxdur. Sənət
ocağının yeni direktoru İsrafil İsrafilov işə
islahatlardan başlayacağını bildirib. Direktor
tamaşaların səviyyəsindən
narazılığını söyləməklə “Azərbaycan
teatrı həmişə repertuardan, dramaturgiyadan incik
düşüb”, “Klassik əsərlərə mütləq
müraciət olunacaq” və s. kimi fikirlər səsləndirib.
İ.İsrafilov həmçinin tanınmış
aktyorların oyunundan da narazılığını gizlətməyib...
Biz “Azdrama”nın səhnəsinə öz mətbəxindən
deyil, fərqli bir rakursdan baxmaq istədik. Gənc
Tamaşaçılar Teatrının aktyor və rejissoru, Xalq
artisti Ağaxan Salmanlı ilə söhbətimiz həmçinin
ümumi teatr məkanından yan keçmədi.
Adi tamaşalar
-
Xatırlayırsınızmı, sonuncu dəfə
“Azdrama”nın səhnəsində hansı yaddaqalan tamaşaya
baxmısınız?
- Son dövrlər “Azdrama”nın səhnəsində bir neçə
tamaşaya baxmışam. Ancaq o
tamaşaların hamısı mənə adi
görünüb. Mənim üçün təsirli,
emosional, müasir və yaddaqalan tamaşa bir neçə il bundan qabaq Azərpaşa Nemətovun
quruluş verdiyi «Hamlet» tamaşası olub. Aktyor
oyunu da mənə ölçülü-biçili,
zövqlü göründü. Yəni
tamaşa boyu xırda olsa da, kənaraçıxmalar yox idi.
Aktyorlar çox səmimi oynayırdı. Bunu da tamaşanın quruluşunun nəticəsi
kimi qəbul elədim. Düzdür, sonra
baxdığım tamaşaları pisləyə bilmərəm,
ancaq «Hamlet» mənim təsəvvürümdə əsl
tamaşa idi. Çox istərdim ki, teatrda
məhz bu cür müasir tələblərə cavab verən,
müasir obraz düşüncəsindən süzülüb
gələn tamaşalar çox olsun. Teatrda
müasir aktyor ifa tərzi baxımından
çatdırılan tamaşalar olmalıdır. Bəzən tamaşalarda simfonik musiqidən istifadə
edirlər. Simfonik tamaşalar ayrıca bir əsərdir.
Onu seçim edəndə tamaşaya
ağırlıq gətirir. Tamaşanın
mətnini, məzmununu musiqi üstələyir. Ancaq musiqi tamaşa üçün elə
seçilməlidir ki, o, ikinci planda köməkçi
xarakterli olsun. «Hamlet»də musiqi təkanverici
bir vasitəyə çevrilirdi. Tərtibat
da çox uğurlu idi.
- Bəs müasir
tamaşaların tərtibatı haqqında nə deyərsiniz?
- Bu gün müasir
tamaşaların tərtibatı da ürəkaçan deyil.
Müasir ifa tərzi
- Siz indicə «Azdrama»da vaxtilə
oynanılan ən yaxşı tamaşa kimi «Hamlet»in
adını çəkdiniz. Ancaq heç bir
teatrın siması yalnız bir tamaşa ilə müəyyənləşmir.
Nə üçün kifayət qədər rəngarəng
repertuarı olan bu teatrın digər tamaşaları səviyyəli
deyil? Sizcə rejissor yozumu zəif olub,
yoxsa aktyor oyunu? Bəlkə dramaturji
materialın zəifliyidir buna səbəb?
- Mən zəif deyə bilmərəm.
Bu teatrda səhnəyə qoyulan «Hökmdar və qızı»
tamaşasına rəssam İsmayıl Məmmədov
çox gözəl
tərtibat vermişdi. Onun tərtibatı
yüngül, anlaşıqlı və obrazlı idi. O
çərçivələri müdhiş bir dağ zirvəsinə
bənzədən tərzdə qurmuşdu. Aktyor ifasından,
rejissor yozumundan isə
söhbət aça bilmərəm. Təkcə onu deyə bilərəm ki, hər
şey ənənəvi idi. Ancaq mən
istəyirdim ki, ənənəvi olmaqla bərabər, bir
müasirlik ovqatı da görünsün. Ona görə deyirəm ki, bütün bunları
toplu halında gördüyüm təkcə «Hamlet»
tamaşası olub. “Azdrama”nın son
tamaşalarına isə baxmamışam. Çünki
teatr binası təmirdə olduğundan tamaşaları
müxtəlif yerlərdə oynayırlar. Ona görə də baxmağa həmişə imkan
olmur.
- Bəs müasir ifa tərzi
nə deməkdir?
- Müasir ifa tərzi deyəndə
tamaşaçı ilə səmimi münasibəti nəzərdə
tuturam. Pafosa uymayasan, tamaşaçı ilə
səhnə dilində danışmağı bacarasan,
tamaşaçı sənin danışığında
teatral, trafaret şablonları hiss etməməlidir.
- Bizim teatrlarda müasir ifa tərzi
hansı səviyyədədir?
- Bizim teatrlarda əsasən
müasir ifa tərzi çatışmır. Burda
təkcə aktyoru qınamaq olmaz. Burada
tamaşaçı salonunun akustikası, rejissor
quruluşları ilk növbədə nəzərdə
tutulmalıdır.
Xilas yolu
- Çox vaxtı
teatrların problemini dramaturji materialların yoxluğu və
ya səviyyəsinin aşağı olması ilə əlaqələndirirlər.
Sizcə teatrların inkişafı
üçün bu, əsas problemdirmi?
- Məncə indi yox. Bizim həmişə dramaturqlarımız olub.
Mirzə Fətəli Axundovdan tutmuş, Əbdürrəhim bəy
Haqverdiyev, Mirzə Cəlil, Cəfər Cabbarlı, İlyas Əfəndiyev
və başqalarının əsərləri həmişə
aktual olub. Müasir dövrümüzdə də Elçin Əfəndiyev,
Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəyli kimi
yaxşı dramaturqlarımız var. Bizim dram əsərləri
sarıdan heç vaxt kasadlığımız olmayıb, bu
gün də yoxdur. Onu da deyim ki, dram əsəri
yazmaq çox çətindir. Bu hekayə
və ya 300-500 səhifəlik roman deyil. Dramaturq
50-60 səhifəlik əsərində böyük bir fikri,
zaman kəsiyini verməyi bacarmalıdır. Ancaq bu çox çətin işdir.
Sadəcə
olaraq o əsərlərə diqqət yetirmək, onların səhnəyə
çıxmasına şərait yaratmaq lazımdır. Bir çox səbəblərdən
əsərlər səhnəyə yol tapa bilmir. Bu xüsusən gənc dramaturqlar üçün
daha çətindir. Məsələn, gənc
dramaturq Rəvan Tohidoğlunun 3 əsərini çox çətinliklə
səhnələşdirmişəm. Bu
gün də çox böyük çətinliklərlə
onları səhnəyə çıxarıram.
- Yaxın qonşumuz olan
Gürcüstan teatrı Şekspirin «Kral Lir»ini Londonda
oynayır. Ancaq bizim teatrların təcrübəsində
xırda-para festivalları çıxmaq şərtilə belə
bir hadisə qətiyyən olmayıb. Sizcə
buna səbəb nədir?
- Bizim teatrın
inkişafı, həmin sərhədləri keçməsi
üçün hələ çox işlər
görülməlidir. Bu bəlkə də bizim
sələflərimizin günahıdır. Onlar XIX əsrdə xarici ölkələrdə
oxuyub və teatrı Avropa stilində Azərbaycana gətiriblər.
Həmçinin Avropa stilində peyvənd kimi
millətə təqdim ediblər. Teatr millətin
ümummilli dəyərlərinə köklənmədiyindən
müəyyən laxlamalar var. Necə ki, hər hansı təbii
fəlakət olan kimi ev batır,
uçur, dağılır. Teatrların xaricdə
oynaması üçün biz köklü şəkildə
dəyişikliklər etməliyik. Hər
şeydən əvvəl milli ənənələrə
qayıtmalıyıq. Bizim teatr ənənələrimiz
çox qədimdir. Onları
araşdırıb teatra gətirməsək, xaric bizi qəbul
etməyəcək. Bu gün bizim
oynadığımız teatr xaricə çoxdan məlumdur və
onun üçün maraqsızdır.
- Tutaq ki, xaricdən hər
hansı bir rejissor Azərbaycan teatr səhnəsinə
tamaşa qoymaq üçün dəvət olunarsa o milli
köklərimizə söykənən bir tamaşa
hazırlaya bilərmi? Ümumiyyətlə, o
rejissorlar aktyorlarımızla dil tapmağı bacararmı?
- Xaricdən dəvət
olunan rejissor bizimlə dil tapa biləcək. Bizim
aktyorlar dəfələrlə onlarla işləyib və
uğurlu da alınıb. Vay o gündən
ki, bizimki xaricə getsə, onlarla necə dil tapacaq? Çünki bizim teatr xarici teatr ənənələri
əsasında qurulub. Teatr tədqiqatçıları
deyirlər ki, Rusiya teatrı alman teatrı əsasında, biz
isə öz teatrımızı Rusiya teatrı əsasında
quraraq Stanislavski sistemini hələ bu gün də tətbiq edirik.
Əsas məsələ odur ki, bu sistemin
içində öz köklərimizi, ənənələrimizi
unutmuşuq. Hətta mən deyərdim ki,
unutmamışıq, bəzən onlara ikrah hissi ilə
yanaşmışıq, onu primitiv bilmişik. Ancaq o primitiv kök inkişaf olunub bu günə gəlib
çatsa, bəlkə də xaricdəki variantlardan daha parlaq,
daha işıqlı olar. Bu gün biz
muğamımızı, sazımızı dünyaya
çatdıra bilirik və bunu xoşluqla qəbul edirlər.
Teatrlarımızın da bu cür ənənələrini
üzə çıxarıb xaricə təqdim edə bilsək,
ola bilər ki, onlar bizi başa
düşüb qəbul eləsinlər.
- Əksər
rejissorlar deyirlər ki, teatrları klassika xilas edəcək. “Azdrama”nın
yeni direktoru da repertuarda klassik tamaşalara üstünlük
veriləcəyini bildirib. Sizcə klassika
teatrların xilas yoludurmu?
- Mən o fikirlə qətiyyən
razı deyiləm. Düzdür, klassik ənənələri
müasir baxımdan göstərmək lazımdır. Ancaq o ənənələri muzey şəklində
təqdim etmək olmaz. Klassik
tamaşaları müasir tamaşaçıya
anlaşılan, onun bəyəndiyi səviyyədə təqdim
etmək lazımdır. Biz informasiya
dövründə yaşayırıq. Bu gün bəlkə
də orta məktəb şagirdinin səviyyəsi
keçmiş vaxtda iki ali məktəb
bitirən bir adamın səviyyəsindən xeyli
artıqdır. Klassika bizi xilas edə bilməz, yalnız
kömək ola bilər. Bizi
yenə də çağdaş dramaturqların əsərləri
xilas edəcək. Bunun üçün də
onlarla işləmək, əsərlərinin səhnəyə
yol tapmasına dəstək olmaq, müasir
teatrımızı yaratmaq lazımdır. Yüz ildən sonra Mirzə Fətəli Axundovun
dramaturgiyası qalacaq, bəs bizim çağdaş
dramaturgiya nə olacaq?
Təranə Məhərrəmova
Kaspi. -2010. – 20 may. – S.13.