Hökumət 2009-cu il dövlət
büdcəsinin hesabatını verir
Samir Şərifov: «Azərbaycan hökuməti
çevik iqtisadi siyasət tədbirləri hesabına
böhranın mənfi təsirlərini dəf etməyə
nail olub»
Dünyadakı
qlobal böhranın güclü təzyiqinə baxmayaraq, Azərbaycan
hökuməti 2009-cu ilin dövlət büdcəsinin əsas
göstəricilərini yerinə yetirə bilib. Bu barədə Milli Məclisin
İqtisadiyyat Komitəsinin mayın 20-də keçirilən
iclasında komitənin sədri Ziyad Səmədzadə məlumat
verdi.
Xatırladaq
ki, komitənin iclasında 2009-cu ilin dövlət büdcəsinin
icrası müzakirə olundu. Komitə sədri
bildirdi ki, qlobal iqtisadi böhran Azərbaycanın xarici iqtisadi
əlaqələrinə mənfi təsir edib. Amma Azərbaycan heç kimdən kömək istəmədən
çətinliklərin qarşısını ala bilib.
2009-cu ilin dövlət büdcəsinin icrası barədə hesabatı təqdim edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2008-ci ildən dünyanın əsas maliyyə mərkəzlərində baş verən maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərib. Böhran qlobal ticarətə, sərnişin və yükdaşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurub. Kreditləşmə imkanlarını azaldıb, bir çox ölkədə iqtisadi tənəzzül yaradıb. Böhranın dalğası Azərbaycanın aid olduğu bölgədəki ölkələri də sarsıdaraq iqtisadi vəziyyətin pisləşməsinə, ÜDM-in həcminin və gəlirlərin azalmasına gətirib çıxarıb.
Böhranın mənfi təsirləri
Nazir əlavə etdi ki, qlobal iqtisadi böhran Azərbaycandan da yan keçməyərək iqtisadiyyatın bəzi sahələrində öz neqativ izini qoyub. Ölkədən xaricə ixrac olunan məhsulların dünya bazarında qiymətinin aşağı düşməsi müşahidə olunub. «Əsrin müqaviləsi» çərçivəsində Xəzərin Azərbaycan sektorunda neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti neft hasilatı proqnozunu əvvəlcədən planlaşdırılandan 32,1 faiz və ya 12,9 milyon ton az yerinə yetirib. Digər tərəfdən, 2008-ci ilin sonundan başlayaraq 2009-cu ilin birinci yarımilliyinə qədər xarici investorlar Azərbaycanın dövlət istiqrazları bazarından 250 milyon ABŞ dolları məbləğində və ya ümumi bazarın 60 faizi səviyyəsində vəsaiti xaricə çıxarıblar. Eyni zamanda, xarici investorlar bank sistemindən 1,7 milyard ABŞ dolları və ya ümumi bank sisteminin valyuta aktivlərinin təxminən 20 faizini geri qaytarıblar.
Hökumətin əks tədbirləri
Buna baxmayaraq, hökumət çevik iqtisadi siyasət tədbirləri hesabına böhranın mənfi təsirlərini dəf edə bilib. İl ərzində ÜDM-in real artım tempi 9,3 faiz olub. İnflyasiya isə cəmi 1,5 faiz səviyyəsinə düşüb. Ölkənin valyuta ehtiyatları artaraq 2010-cu il yanvarın 1-i tarixinə 20 milyard ABŞ dollarını ötüb. İl ərzində büdcənin mədaxil proqnozu 12 milyard 177 milyon manata qarşı 10 milyard 326 milyon manat və ya 84,8 faiz icra olunub. bu da 2008-ci illə müqayisədə 4,1 faiz az olub. Büdcə gəlirlərinin 39,8 faizi Vergilər Nazirliyinin, 10,8 faizi Dövlət Gömrük Komitəsinin vasitəsilə yığılıb. Büdcənin 47,6 faizi Dövlət Neft Fondundan, 0,9 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən və 0,9 faizi digər mənbələrdən daxil olub. S.Şərifov dedi ki, dövlət büdcəsinin xərcləri 12 milyard 355 milyon manata qarşı 10 milyard 504 milyon manat və ya 85 faiz icra olunub. Obyektiv səbəblərdən dövlət büdcəsinin bir sıra xərcləri icra proqnozda nəzərdə tutulduğundan az olub.
1 milyard 851 milyon manata qənaət
olunub
Böhranın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması, dövlət büdcəsinin gəlirlərinin icrası ilə bağlı yarana biləcək gərginliyin aradan qaldırılması məqsədilə bir xərc maddələri üzrə 75,2 milyon manat vəsait ixtisara salınıb. Bu tədbirlərin davamı olaraq dövlət əsaslı vəsait qoyuluşu xərcləri kimi nəzərdə tutulan 1,2 milyard manat vəsait bölüşdürülməyərək ehtiyat kimi saxlanılıb. Hökumət vəziyyəti nəzərə alaraq, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin səmərəliliyini artırıb, kommunal və idarənin saxlanılması xərclərinə qənaət edib, ezamiyyətlərin sayını azaldıb, beynəlxalq təşkilatlara olan üzvlük xərclərini daha da təkmilləşdirib, limitdən artıq mal alışları və xidmətlərə yol verilməməsi kimi tədbirlər həyata keçirilib. Bütün bunların vasitəsilə 2009-cu ilin dövlət büdcəsinin xərcləri üzrə ümumilikdə 1 milyard 851 milyon manat vəsaitə qənaət olunub. Nazir dedi ki, keçən il dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 71 faiz təşkil edib.
Müdafiə xərcləri üçün
nəzərdə tutulan bütün vəsaitlər maliyyələşdirilib
Böhrana baxmayaraq, keçən il hökumət müdafiə xərcləri üçün nəzərdə tutulan bütün vəsaitləri maliyyələşdirib. Nazir bildirdi ki, 2009-cu ilin büdcəsində müdafiə xərcləri üzrə 1 milyard 206 milyon manat vəsaitin xərclənməsi planlaşdırılıb. İlin sonunda bu məqsədlərlə 1 milyard 184 milyon vəsait xərclənib. Yəni proqnozlar 98,2 faiz icra olunub. İl ərzində bu sahəyə ayrılan vəsait dövlətin müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə maliyyə təminatı yaradıb.
Ehtiyat fondlardan 372,2 milyon manat vəsait
xərclənib
Nazir qeyd etdi ki, 2009-cu ildə
ehtiyat fondları üzrə 372,2 milyon
manat vəsait istifadə olunub. Ölkə prezidentinin Ehtiyat
Fondundan həlli vacib hesab edilən tədbirlərin maliyyələşdirilməsinə
178,9 milyon manat vəsait istifadə olunub. Prezident öz Ehtiyat Fondundan qəza vəziyyətində
olan bir sıra ümumtəhsil məktəblərinin yeni
binalarının tikilməsinə, mövcud binalarda əsaslı
təmir işlərinin aparılmasına, məktəbəqədər
və texniki peşə təhsili müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsinə vəsait
ayırıb. Prezidentin Ehtiyat Fondundan, həmçinin
Böyük Vətən müharibəsi
iştirakçılarına birdəfəlik müavinətlər
ödənilib, əhalinin su təminatının
yaxşılaşdırılmasına, Bakı şəhərində
abadlıq işlərinin sürətləndirilməsinə,
Dövlət Bayrağı meydanında tikinti-quraşdırma
işlərinin aparılmasına, «Təhlükəsiz şəhər»
avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsinə,
«Atəşgah məbədi» və «İçərişəhər»
dövlət-tarix memarlıq qoruqlarının mühafizəsinə
vəsait ayrılıb. Fonddan ayrılan vəsait hesabına,
həmçinin Quba şəhərində
«Soyqırımı Memorial Kompleksi»nin
yaradılması, Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının
yenidən qurulması işləri həyata keçirilib.
Dövlət büdcəsinin Ehtiyat Fondu hesabına isə 193,4 milyon manatlıq tədbirlər maliyyələşdirilib.
Hökumət fondun vəsaitləri hesabına
Azərbaycanın dövlət borcları təhlükəli
həddə deyil
S.Şərifov
qeyd etdi ki, hazırda Azərbaycanın dövlət
borcları təhlükəli həddə deyil. Ölkəmizin xarici
dövlət borcu ÜDM-in 7,9 faizini təşkil
edir ki, bu da neft ixrac edən ölkələr üzrə orta
göstəricidən 2 dəfəyə qədər
aşağıdır. Nazirin sözlərinə
görə, 2009-cu ildə dövlət büdcəsində
dövlət borcuna və öhdəliklərinə xidmət
edilməsi ilə bağlı xərclər üzrə nəzərdə
tutulan 227 milyon manatın 153 milyon manatı xərclənib.
Xarici dövlət borcunun ödənilməsi
üçün nəzərdə tutulan 198,9
milyon manat proqnoza qarşı 133,9 milyon manat xərclənib. Yəni
nəzərdə tutulan vəsaitin 67,3
faizindən istifadə olunub. Nazir dedi ki, buna səbəb xaricdən
cəlb edilmiş kreditlər üzrə 2009-cu ildə nəzərdə
tutulmuş vəsaitdən az istifadə
edilməsi, həmçinin istifadə edilmiş kreditlər
üzrə faiz dərəcələrinin aşağı
düşməsi və həmin kreditə xidmətlə
bağlı xərclərə qənaət edilməsi olub.
Nazir qeyd etdi ki, 2010-cu il 1
yanvar tarixinə qədər beynəlxalq maliyyə-kredit təşkilatları
ilə 7 milyard 914,4 milyon ABŞ dolları məbləğində
kredit sazişi imzalanıb. İndiyədək bu kreditlərdən
3 milyard 421,8 milyon dolları istifadə
edilib. Azərbaycanın xarici borclarının 31,3 faizi ABŞ
dolları, 26,2 faizi avro, 25,6 faizi SDR, 12,6 faizi Yapon yenası,
1,8 faizi islam dinarı, 0,9 faizi İsveçrə frankı,
0,7 faizi Küveyt dinarı, 0,9 faizi Səudiyyə rialı
olub. İstifadə olunmuş kreditlərin 16,4
faizi kreditorlara vaxtında qaytarılıb. Bütövlükdə
xarici dövlət borcunun 0,9 faizi 5 ilə qədər, 4,6
faizi 5 ildən 10 ilə qədər, 50 faizi 10 ildən 20 ilə
qədər, 44,5 faizi isə 20 ildən yuxarı olan müddətlərdə
kreditorlara qaytarılmalıdır.
Hesablama
Palatasının sədri Heydər Əsədov son vaxtlar
dünya iqtisadiyyatının təbiət kimi
şıltaqlaşdığını bildirdi. Onun sözlərinə
görə, bu səbəbdən iqtisadiyyatın
proqnozlaşdırılması xeyli çətinləşib.
Məsələn, keçən il Beynəlxalq
Valyuta Fondu Azərbaycanla bağlı proqnozlarını 3 dəfə
dəyişib.
Palata sədri dedi ki,
yaranmış yeni şəraitdə hökumət də riskləri
nəzərə almalıdır. Onun sözlərinə
görə, hazırda bütün dünyada dövlət
borclanması və büdcə kəsiri əsas problemə
çevrilib. Yunanıstanda, İspaniyada, Portuqaliyada və
İtaliyada baş verən proseslər buna misal ola
bilər. «Böyük iyirmiliy»ə daxil olan
ölkələrdə büdcə kəsiri ortalama 10 faizə
çatıb. İndi əsas məqsəd
bu göstəricini 7-8 faizə endirməkdir. Bu baxımdan Azərbaycanın vəziyyəti
yaxşıdır. Azərbaycanın xarici
borclanması da qənaətbəxş səviyyədədir.
Hazırda adambaşına düşən borcun
məbləği 380 ABŞ dollarıdır ki, bu da böhran
həddən çox uzaqdır.
2010-cu ilin büdcəsinə yenidən baxılması təklif
edildi
Müzakirələrdə
çıxış edən millət vəkili Nazim Məmmədov
dünya bazarında neftin bahalaşmasını əsas gətirərək
2010-cu ilin dövlət büdcəsinə yenidən
baxmağı təklif etdi. «Büdcəyə
yenidən baxmaqla müəyyən sosial məsələlərin
həlli üçün hökumətə şərait
yaratmalıyıq» – deyə millət vəkili
vurğuladı.
Komitə sədri Z.Səmədzadə
büdcəyə yenidən baxılmasının istisna
olunmadığını dedi. Onun sözlərinə
görə, bunun üçün dəqiq hesablamalara ehtiyac
var. Hazırda hökumət bu hesablamaları aparmaqla məşğuldur.
Millət vəkili
Əli Məsimli də Azərbaycanın qlobal iqtisadi
böhrandan uduşla çıxdığını bildirdi. Onun sözlərinə
görə, Azərbaycan böhranın 4 mənfi təsirindən
yalnız birinə – neftin qiymətinin ucuzlaşması səbəbindən
gəlirlərinin azalmasına düçar olub. Böhran zamanı müşahidə olunan daxili
borclanma, milli valyutanın devalvasiyası və defilyasiya Azərbaycan
iqtisadiyyatında müşahidə olunmayıb.
Müzakirələrdən
sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə
olundu.
İlham Quliyev
Kaspi. -2010. – 21 may. – S.4.