Türkiyə-Azərbaycan iqtisadi əlaqələri yeni müstəvidə 

 

R.Rəsullu: ”ATİB Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafına hər zaman dəstək olmağa hazırdır”

 

Bu ilin ilk rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5667,67 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1158,41 milyon ABŞ dolları, ixracın həcmi isə 4509,26 milyon ABŞ dolları təşkil edib.

 İqtisadi İnkişaf Nazirliyinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində Azərbaycan 112 ölkə ilə ticarət sahəsində əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 3350,85 milyon ABŞ dolları olub. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2010-cu ilin I rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 48,85 fazi, o cümlədən ixrac 81,65 faiz artıb, idxal isə 12,6 faiz azalıb. Azərbaycanın ticarət sahəsində əməkdaşlıq qurduğu əsas ölkələrdən biri də Türkiyədir. Ölkələr arasında ticarət əlaqələri göstəricilərinə gəlincə, bu ilin ilk 3 ayı ərzində Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsinin həcmi 163,81 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 127,70 milyon ABŞ dolları, ixracın həcmi 36,11 milyon ABŞ dolları təşkil edib. 2010-cu ilin ilk 3 ayı ərzində Türkiyənin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı isə 2,89 faiz təşkil edib. Amma hər iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün kifayət qədər potensial var. Məhz bu imkanların reallaşması vəzifəsini qarşıya qoyan  qurumlardan biri də Azərbaycan Türkiyə İş Adamları Birliyidir.

 

İki ölkənin birgə regional fəaliyyəti

 

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədr müavini, ATİB-in baş katibi Rəşad Rəsullu deyir ki, 2004-cü ilin aprelində yaradılan qurum missiyasına uyğun olaraq Azərbaycanı və Türkiyəni regionun qabaqcıl ölkəsi kimi görür: ”ATİB və dünyanın inkişaf etmiş ölkələri sırasında mövqelərinin gücləndirilməsi üçün ilk öncə Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində tədbirlərini həyata keçirməyə davam edir. ATİB-in fəaliyyəti sadəcə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin deyil, eyni zamanda iki ölkənin birgə regional fəaliyyətinin güclənməsinə də şərait yaradıb. ATİB qarşısında duran əsas vəzifələrdən biri olan iki ölkə arasında istər ticarət əlaqələrinin, istərsə də investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində öz tərəfdaşları ilə bir yerdə bir sıra tədbirlər həyata keçirib”. Belə ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Türkiyə İş Şurası, Türkiyənin Azərbaycandakı səfirliyi və digər təşkilatlarla bir yerdə bir sıra biznes forumlar təşkil edilib. Bundan əlavə, ötən illər ərzində ATİB ofisində Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən 300-ə yaxın Türkiyə və üçüncü ölkələrin şirkətləri ilə görüşlər keçirilərək onlara Azərbaycandakı investisiya mühiti və biznes imkanları barədə geniş məlumat verilib: ”Təşkilat bundan sonra da iki ölkə arasında mövcud olan iqtisadi potensialın reallaşdırılması istiqamətində səylərini davam etdirmək niyyətindədir”.

ATİB tərəfindən xüsusi önəm verilən məsələlərdən biri də Azərbaycan və Türkiyənin regionda liderliyini gücləndirən tədbirlərlə bağlı olub. Belə ki, ATİB-in təşəbbüsü ilə 2006-cı ilin sonlarında yaradılan Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) çərçivəsində həyata keçirilən tədbirlərdə ATİB qurumun birinci vitse-prezidenti olaraq aktiv surətdə iştirak edir. R.Rəsullunun sözlərinə görə, hazırda 17 ölkədən 22 təşkilatın üzv olduğu UBCCE bir sıra nailiyyətlərə imza atıb: ”Azərbaycan UBCCE-yə üzv ölkələr arasında ən aktivlərdən biridir və 2 oktyabr 2007-ci ildə ATİB-in təşkilatçılığı ilə Bakıda “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfrans və biznes forum UBCCE-nin ən önəmli tədbirlərindən olub. Regional iqtisadi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verən tədbirdə Azərbaycanın rəsmi şəxsləri ilə yanaşı, 20-yə yaxın ölkədən 250-yə qədər iş adamı, beynəlxalq iqtisadi təşkilatların nümayəndələri iştirak edib. Təsadüfi  deyil ki, Azərbaycan prezidenti konfrans və biznes-forumun iştirakçılarına təbrik məktubu yollamaqla yanaşı, UBCCE prezidenti Arzuhan Doğan Yalçındağ və UBCCE vitse-prezidenti Ahmet Erentokun daxil olduğu nümayəndə heyətini də qəbul edib. Prezident bu konfrans və biznes forumun Qara dəniz və Xəzər dənizi üçün əhəmiyyətini vurğulayaraq, onun həm Azərbaycan, həm də regionun digər ölkələri üçün maraqlı və faydalı olacağına, gələcək birgə layihələrin gerçəkləşdirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib”.

 

Türkiyə–Azərbaycan–Rusiya əlaqələri haqqında yeni konsepsiya

 

İdarə heyətinin sədr müavini deyir ki, ATİB Türkiyə və Rusiyanın hər iksinə qonşu olan və hər iki ölkə ilə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə geniş əlaqələrə malik Azərbaycanda birgə layihə həyata keçirə biləcəyini düşünərək Türkiyə–Azərbaycan–Rusiya (TAR) əlaqələri haqqında konsepsiya irəli sürüb. Konsepsiya Türkiyə, Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. O, həmçinin, Türkiyə və Rusiyadan informasiya texnologiyalarının transferi ilə Azərbaycanda iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə tutur. Türkiyənin və Rusiyanın təşəbbüsü, Azərbaycanın fəal iştirakı ilə yeni bir regional əməkdaşlığın formalaşdırılması qarşıya məqsəd qoyulur: ”Bu konsepsiya çərçivəsində 16 oktyabr 2007-ci ildə Moskva şəhərində Rusiya Müasir Humanitar Akademiyası ilə birlikdə “Avrasiya geosiyasətində Türkiyə, Azərbaycan və Rusiyanın yeri və önəmi” mövzusunda keçirilmiş beynəlxalq konfrans olub. Hər üç ölkənin rəsmi şəxsləri, aparıcı siyasət xadimləri, iş adamları, elm dairələrinin təmsilçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi konfransda Avrasiya geosiyasəti və geoiqtisadiyyatı, Biznes mühitinin inkişafında iş adamlarını birləşdirən Qeyri-Hökumət Təşkilatlarının rolu, insan resursları və innovasiya kimi mövzular müzakirə edilib”.

Baş katib deyir ki, ATİB-in ilk növbədə Türkiyə ilə Azərbaycan, sonra isə Türkiyə, Azərbaycan və digər ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi missiyasının təzahürü olaraq, 2006-cı ildə “Azərbaycan–Türkiyə–ABŞ əlaqələri” – ATUS Konsepsiyası da hazırlanıb. Bu konsepsiya Avrasiya regionu üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi əlaqələri gücləndirməyi və biznes sahəsində tərəfdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Konsepsiya strateji əhəmiyyətə malik Avrasiya regionunda hər bir ölkənin məqsədlərini və onların bu məqsədlərə çatmaq üçün birgə fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışır: ”Bununla əlaqədar meydana çıxan məsələlər ATUS Konsepsiyası çərçivəsində təşkil olunan beynəlxalq konfranslarda müzakirəyə çıxarılır. İlk belə konfrans 10 dekabr 2007-ci ildə ATİB, “Hudson İnstitute” və “John Hopkins University” tərəfindən “Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onun Avrasiya üçün əhəmiyyəti” mövzusunda beynəlxalq konfrans təşkil edib. Türkiyənin hazırkı prezidenti Abdullah Gül və 9-cu prezidenti Süleyman Demirelin video müraciətlə çıxış etdiyi konfransda hər üç ölkənin rəsmi şəxslərindən tutmuş Qeyri-Hökumət Təşkilatları nümayəndələrinə qədər bir çox təmsilçiləri iştirak ediblər. Konfransda Azərbaycan, Türkiyə və ABŞ üçün Avrasiyada əsas və prioritet geosiyasi məsələlər, Avrasiyada üçtərəfli əməkdaşlıq imkanları və bu əməkdaşlığa mane olan amillər, enerji təhlükəsizliyi layihələri çərçivəsində hazırda mövcud olan üçtərəfli əməkdaşlığı gücləndirmək yolları, regionda mövcud olan nəqliyyat dəhlizlərinin inkişafı istiqamətləri müzakirə edilib. Ümumiyyətlə, ATİB-in niyyəti Avrasiya geosiyasətində öndə gələn ölkələrin əməkdaşlıq səviyyəsini artıraraq davamlı iqtisadi inkişafı təmin etmək, xüsusilə qeyri-neft sektorunu inkişaf etdirərək özümüzdən sonrakı nəsillər üçün daha sağlam və təhlükəsiz gələcək perspektivi reallaşdırmaqdır”.

 

İş adamları ATİB-in imkanlarından istifadə edərək yeni əlaqələr formalaşdıra bilər

 

R.Rəsullu deyir ki, ATİB son iki ildə müntəzəm olaraq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə tədqiqatlar hazırlayır və nəşr edir. Burada məqsəd Azərbaycan iqtisadiyyatının və onun ayrı-ayrı sektorlarının müasir vəziyyətinin təhlili, strateji önəminin üzə çıxarılması, iqtisadi inkişaf qarşısında duran problemlərin ortadan qaldırılması üçün tövsiyələrin hazırlanaraq hökumətə, beynəlxalq və regional təşkilatlara, ictimai birliklərə, korporasiyalara, akademik dairələrə, mediaya təqdim edilməsidir. Bu kimi tədqiqatlar Azərbaycanda sərmayə yatırmaq istəyən türkiyəli iş adamları üçün də dəyərli informasiya resursu vəzifəsini icra edir: ”Qeyd edim ki, Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəsmi orqanı olan “EcoVision” jurnalının yeni işıq üzü görmüş 3-cü sayı da sayı əsasən qlobal iqtisadi böhran və onun Azərbaycan və Türkiyə iqtisadiyyatına təsirləri məsələsinə həsr olunub. Bununla bağlı ATİB-in tədqiqatlar şöbəsinin, eyni zamanda Türkiyənin öndə gələn və 1957-ci ildən fəaliyyət göstərən iş adamları dərnəklərindən olan TÜSİAD-ın ekspertlərinin hazırladığı təhlil yazılarında mövzuya müxtəlif aspektlərdən toxunulur”. Idarə heyətinin sədr müzvini təşkilatın hər zaman düzgün iş adamlarına dəstək olduğunu deyir: ”İş adamları ATİB-in imkanlarından istifadə edərək yeni əlaqələr formalaşdıra bilər. ATİB öz biznesini inkişaf etdirmək istəyən sahibkarların hər iki ölkədə biznes sahəsinin liderləri və dövlət rəsmiləri ilə əlaqələr yaratmalarını təmin edir. ATİB-ə üzv iş adamları həmçinin, təşkil etdiyimiz toplantılarda, konfranslarda, seminarlarda, biznes forumlarda, işgüzar xarakterli ziyafətlərdə iştirak etməklə də öz biznes imkanlarınızı genişləndirə bilərlər. ATİB bundan sonra da Azərbaycana investisiya yatırmaq istəyən Türkiyəli iş adamlarına və eyni zamanda Türkiyədə biznes qurmaq istəyən Azərbaycanlı iş adamlarına dəstək olmağa hazırdır”.

 

 

Həqiqət İsabalayeva

 

Kaspi. -2010. – 21 may. – S.6.