“Mədəniyyət və inkişaf”a sanballı töhfələr 

 

21 may BMT-yə üzv dövlətlərin «Beynəlxalq Mədəni İnkişaf Günü» kimi qeyd olunur

 

BMT-nin Baş Assambleyası «Mədəniyyət və inkişaf» rezalyusiyası mayın 21-ni Beynəlxalq Mədəni İnkişaf Günü elan etməklə bütün üzv ölkələrə, dövlət orqanlarına cəmiyyəti mədəniyyətin rəngarəngliyinin dəyəri və əhəmiyyəti haqda məlumatlandırmağa çağırıb.

 

Milli çərçivədən beynəlxalq səviyyəyə

 

Qeyd edək ki, BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Azərbaycan bu gün YUNESKO ilə sıx əməkdaşlıq edir. Ölkəmizin YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edilib. YUNESKO – Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüşdə tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə ediblər. Beləliklə, öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn ölkəmiz həmin təşkilata daxil olub.

Azərbaycan YUNESKO-nun bir neçə  Konvensiyalarına qoşulmaqla mötəbər təşkilatın elm, təhsil və mədəniyyət kimi sahələrində xüsusi fəallıq göstərir. Sevindirici haldır ki, bu gün ölkəmizin qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətin bir parçasına çevrilib. Azərbaycan təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilib.

Qeyd edək ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsi ölkədə ən prioritet sahələrdən birinə çevrilib. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində mədəniyyət məsələlərinə xüsusi önəm verirdi. Bu siyasət bu gün də davam edir və ölkəmizlə bağlı bu tədbirlər Prezident İlham Əliyevin xüsusi sərəncamları əsasında keçirilir. YUNESKO ilə Azərbaycan arasında əlaqələrin, münasibətlərin bu dərəcədə sıx və effektli təşkil olunmasında, inkişaf etməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu vardır.

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva bu nüfuzlu quruma xoşməramlı səfir seçildikdən sonra həmin əlaqələr daha da inkişaf edib, YUNESKO ilə Azərbaycanın birgə həyata keçirdikləri layihələrin sayı artıb və təşkilatda respublikamızla bağlı tədbirlərin təşkili intensiv hal alıb. YUNESKO-da keçirilən “Azərbaycan günü” bu əlaqələrin bariz nümunəsidir.

Mehriban Əliyeva 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılmasına nail olub.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə isə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

 

Bəşəriyyətin  qeyri maddi irsinin şah əsəri

 

YUNESKO görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində bir neçə hadisələrin qeyd olunması üzrə qərar qəbul edib. Belə ki, Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi; Kitabi Dədə Qorqud Dastanının 1300 illik yubileyi; Nəsrəddin Tusinin anadan olmasının 800 illik yubileyi; Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi; Azərbaycanın görkəmli alimi akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi; Azərbaycanın məşhur xalçaçı rəssamı Lətif Kərimovun 100 illik yubileyi; “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi; Azərbaycan alimi, akademik Musa Əliyevin 100 illik yubileyi; yazıçı Mircəlal Paşayevin 100 illik yubileyi; rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri keçirilib.

Həmçinin Parisdə, YUNESKO-nun Baş Qərargahında xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilib, “Azərbaycan xalçası” sərgisi təşkil edilib.

YUNESKO çərçivəsində həmçinin Mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar; YUNESKO-nun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakıda GUAM ölkələrinin mədəni siyasət üzrə Avropa-Qafqaz-Asiya Observatoriyasının yaradılması məqsədilə konfrans təşkil olunub. 2006-cı il 16 yanvar tarixində Bakı şəhərində “İnformasiya Texnologiyalarının kitabxana işində tətbiqi və avtomatlaşdırma” mövzusunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən beynəlxalq seminar,  Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən “Muzey menecmenti: Azərbaycan muzeyləri iqtisadi və sosial dəyişikliklərlə üz-üzə” adlı beynəlxalq konfrans təşkil olunub. 2006-cı il 15-16 mart tarixlərində YUNESKO-nun Baş Direktoru və onun müavinlərinin iştirakı ilə Təşkilatın Baş Qərargahında Xoşməramlı səfirlərinin İllik Görüşündə YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilib. Səfərin nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun tələblərinə uyğun olan Tədbirlər Planı hazırlanıb. 

2006-cı il 19 may tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən ölkəmizlə YUNESKO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanıb. Muğam ustası Alim Qasımov YUNESKO Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanıb. 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə məşhur azərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilib.

YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilib. Azərbaycan günlərində iştirak edən nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Elçin Əfəndiyev: “YUNESKO-da “Azərbaycan günü”nün keçirilməsi ölkəmiz üçün tarixi hadisədir” deyə bildirib.

YUNESKO çərçivəsində keçirilən tədbirlər siyahısına Atatürk Mərkəzində Azərbaycanın YUNESKO üzrə Milli Komissiyası, Azərbaycan Atatürk Mərkəzi və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili günü münasibətilə keçirilən Dəyirmi masa da daxildir.

2007-ci il 27 aprel tarixində Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanıb. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

Biznes Mərkəzində VII beynəlxalq audiovizual festivalı zamanı "Muğamın ekranlaşdırılması" beynəlxalq layihənin çərçivəsində "Süni bənövşələr" və muğam ustası Fərqanə Qasımovanın həyat və yaradıcılığına həsr olunan "Düşüncələrlə keçən günlər" adlı filmlərin ilk baxışı da mədəni tədbirlər siyahısında mühüm yer tutur.

2007-ci il 19 dekabr tarixində YUNESKO-nun Moskva Ofisi ilə imzalanmış müqaviləyə əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” adlı İnternet saytının yaradılması da bu sahədə atılan mühüm addımdır. Eyni zamanda, 2007-ci ildə  YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanın ənənəvi musiqi atlası” internet saytı yaradılıb.

2008-ci ildə “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forum Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirlərinin iştirak etdiyi Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olunub.

 

Mədəni və təbii irsimiz

 

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilib. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan Ümumdünya irs siyahısına daxil edilib. Görülən işlərlə bağlı hər il YUNESKO-nun Ümumdünya İrs Mərkəzinə hesabat təqdim edilir. Həmçinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilib. Hazırda bu istiqamətdə də müvafiq işlər həyata keçirilir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. – 21 may. – S.8.