Unudulmaz Maestro
SSRİ Xalq artisti, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan
Dövlət Mükafatı və Beynəlxalq Nehru
Mükafatı laureatı Niyazinin Azərbaycan incəsənətinin
çiçəklənməsi yolunda zəngin fəaliyyətini
nəzərə alaraq 100 illik yubileyinin keçirilməsi
haqqında Prezident İlham Əliyev sərəncam
imzalayıb.
Sərəncamda
bildirilir ki, Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndəsi, tanınmış dirijor və bəstəkar
Niyazinin yaradıcılığı müasir mədəniyyət
tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin
formalaşması və az bir vaxtda
böyük inkişaf yolu keçməsi bilavasitə onun
adı ilə bağlıdır. Niyazi Azərbaycan
musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin
müəllifi kimi də milli simfonizmin təşəkkülünə
dəyərli töhfələr verib.
Musiqi ocağı
Hər il
doğum və anım günlərində maestronun
Bülbül prospekti-21-də yerləşən, indi muzeyə
çevrilən mənzilinə xeyli adam toplaşır. Tanınmış mədəniyyət xadimləri,
Niyazi sənətinin vurğunları, gənc musiqiçilər
bir-birinin ardınca çıxış edir, maestroya
sayğılarını bildirirlər. Həmin
gün maestronun sehrli çubuğunun qüdrətilə dilə
gələn musiqilər də eşidilir. Bu mənzil-muzeyi
dolaşdıqca maestronun şöhrətli ömrünün
qiymətli səhifələri göz önündə
canlanır. Muzeyin divarlarını bəzəyən şəkillər,
maestroya məxsus şəxsi əşyalar, itməyən musiqi ab-havası
ümumən böyük və şöhrətli bir nəsildən
söz açır. Haqq dünyasına qovuşan bəstəkarın
ruhu isə unudulmadığı üçün bir daha
rahatlıq tapır həmin gün.
Azərbaycan musiqi sənətinə böyük musiqiçilər bəxş etmiş Hacıbəyovlar nəslinin övladı idi o. Gözünü dünyaya açandan musiqi səsi eşitmiş, ailələrində musiqiyə hədsiz hörmət görmüşdü. Atası Zülfüqar bəy böyük nüfuz sahibi idi. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəyovun başçılıq etdiyi Azərbaycan opera truppası mütəmadi olaraq Tiflis şəhərində çıxışlar edirdi. Bakıya gəlib-getmək çətinlik yaratdığından Zülfüqar bəy ailəsini Tiflisə köçürməli oldu. Zülfüqar Hacıbəyovun Tiflisdəki evində doğulan uşağa Knyaz adını qoydular. İllər ötəndən sonra bu ad dünyanı dolaşan Niyazi kimi tanındı.
Zülfüqar
Hacıbəyovun Bakıdakı evi uzun müddət görkəmli
adamların görüş yeri kimi tanınırdı. M.
Maqomayev, Ə.Haqverdiyev, Mirzə Cəlil, H.Cavid, A.Şaiq, H.Ərəblinski,
A.Şərifzadə, S.Ruhulla və başqaları bu evdə
tez-tez görüşərdilər. Belə
görüşlər adətən görkəmli xanəndələrin
- C.Qaryağdının, S.Şuşinskinin, H.Sarabskinin
ifaları, Qurban Primovun tarının yanıqlı sədaları
ilə yadda qalardı. Yeni milli operalar və musiqili komediyalar
ilk dəfə bu evdə dinlənilib müzakirə edilərdi.
Balaca Niyazinin uşaqlıq illəri həmin
musiqi məclislərində keçər, xatirəsində
unudulmaz izlər buraxardı. Gələcəyin böyük sənətkarı
bu görkəmli adamları sonralar tanıyacaq, onların Azərbaycan
musiqisinin, incəsənətinin inkişafında göstərdiyi
xidmətləri başa düşəcəkdi. Niyazi
uşaqkən hərbçi, daha sonra idmançı
olmağa hazırlaşırdı. Ağırlıq
qaldırma ilə məşğul idi, hətta bu idman
növü üzrə
"Dinamo" cəmiyyətinin birinciliklərində dəfələrlə
Azərbaycan rekordçusu olmuşdu. Yaxşı futbol
hakimliyi vardı, təyyarə idmanına maraq göstərirdi.
Amma Niyazi həyatını nə hərb sənəti, nə
də idmanla bağladı. O,
musiqiçi oldu. Çünki taleyini bağladığı
sənət gözünü dünyaya açdığı
andan onun canına, qanına hopmuşdu. Niyazi uşaqlıqda
skripka çalmağı öyrənmişdi. Sonralar deyirmiş
ki, "Təbiətimdə sərt nə varsa, hərbçi
olduğum o uşaqlıq çağlarımdan, xasiyyətimdə
yumşaq, həlim nə varsa, 12-13 yaşımda Şefferlinqdən
aldığım skripka dərslərimdən qalıb".
Xoş sabaha ümid...
Atasının və əmisinin
məsləhəti ilə 1926-cı ildə Moskvaya gedən
Niyazi görkəmli musiqiçi Mixail Qnesinin bəstəkarlıq
sinfinə daxil olur. Paytaxtın qaynar musiqi həyatı - opera
tamaşaları, simfonik musiqi və kamera musiqisi konsertləri
gəncin istedadının inkişafına müsbət təsir
göstərir. 1929-30-cu illərdə isə Niyazi bəstəkarlıq
sahəsində biliyini zənginləşdirmək
üçün Leninqradda Q.Popovun və P.Ryazanovun
apardığı məşğələlərdə
iştirak edir.
1931-ci ilin
axırlarında Niyazi səhhətinə görə
Leninqraddan Yerevana gəlir və imtahan verərək Yerevan
Dövlət Konservatoriyasında Stepanyanın bəstəkarlıq
sinfinə qəbul olur. Lakin o, tezliklə Dağıstan MSSR
Xalq Maarif Komissarlığı elm, ədəbiyyat və incəsənət
bölməsinin müdiri təyin edildiyindən dərsləri
yarımçıq qoymalı olur.
Niyazi gecə-gündüz
işləmək yanğısı ilə
yaşayırdı. Anası da onunla birlikdə
Dağıstana gəlmiş, həkim kimi uşaq
bağçasında işə düzəlmişdi. Onda
Niyazinin 20 yaşı vardı. Bu yaşda adətən
yalnız xoş gələcək haqqında
düşünür, gözəl xəyallar qururlar. Niyazi də
xoş sabahın ümidi ilə yaşayırdı.
Bakıya döndükdən
sonra yaradıcılıq arzularını uğurla həyata
keçirdi. 23 yaşlı gənc Azərbaycan Bəstəkarlar
İttifaqına üzv seçildi. O, eyni zamanda kino və
teatr musiqisi sahəsində fəal çıxış etdi. Niyazi
atası Zülfüqar bəylə birlikdə ilk səsli bədii
film olan "Almas" üçün musiqi yazdı, həmçinin,
dirijorluq fəaliyyətinə başladı. O, tükənməz
enerjisi və fitri istedadı ilə simfonik orkestrə 46 il
başçılıq etdi.
M.Maqomayevin "Nərgiz"
operası Moskvada Azərbaycan dekadasının proqramına
daxil edildi. Niyazi ongünlüyün yekun konsertində də
böyük müvəffəqiyyətlə dirijorluq edərək
Vətənə özünün ilk və layiqli
mükafatı- "Şərəf nişanı" ordeni ilə
qayıtdı.
“Məni yaşadan budur”
1961-ci ilin yanvarı.
Niyazi Leninqradın məşhur Dövlət Akademik Opera və
Balet Teatrının dirijor pultu arxasına keçir və gənc
Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baletinin tamaşasını
hazırlamağa başlayır. Az sonra göstərilən bu
əsər sovet musiqi - xoreoqrafiya sənətinin böyük
hadisəsinə çevrilir.
Niyazini izləyən uğurlar bir-birinin davamı idi. 1974-cü ildə R.Taqorun eyniadlı əsəri əsasında yazdığı "Çitra" baletinin musiqisinə görə, maestro C.Nehru adına mükafata layiq görüldü. "Çitra" baleti Moskvada Kreml Teatrının böyük səhnəsində göstərildi. Baletin ilk tamaşasında iştirak edən R.Taqorun qız nəvəsi Nandita Kripalani tamaşadan sonra "Baletin musiqisində Rabendranat Taqorun əsl poetik yaradıcı ruhu hökm sürür" - deyə qeyd edir.
Bu günün bəstəkarlarının çoxu Niyazinin evində əsl məktəb keçdiklərini ürək açıqlığı ilə etiraf edirlər.
Niyazi biliyini kimsədən əsirgəməzdi. O, istedadı olan adamlarla dost idi. Tanışlıqla, dostluqla sənətdə özünə yol tapanları qəbul eləmirdi. Maestro güclü yumor hissinə də malik olub. Bir qədər tünd xasiyyətli olsa da, kinli deyildi. Enerji ilə, cazibə ilə dolu olan maestro pult arxasına keçəndə "məni yaşadan budur" deyərdi.
Niyazi-Həcər dastanı
Mahaçqalada işlədiyi illərdə qəlbinə bir sevda da hakim kəsilmişdi. Orada yaşayan ziyalılar bir-birlərini uzaqdan-uzağa da olsa tanıyırdılar. Bir gün anası Böyükxanım oğlanları ilə birlikdə İran səfarətxanasını təmsil edən Əlisgəndər və Rəşid adlı ziyalıların evinə qonaq gedir. Bu evin Həcər adlı qızını görəndən sonra Niyazi onlara daha tez-tez gəlməyə başlayır. Çox keçmədən məsələdən duyuq düşən qardaşlar Niyazini soyuq qarşılayırlar. O evdən ayağı kəsilsə də, qəlbindəki sevdaya hökm verə bilmir Niyazi. Gənclər gizlincə məktublaşmağa başlayırlar. Bir gün Həcərin sevgi dolu məktublarının birində "deyəsən, qardaşlarımın xidməti işi ilə bağlı İrana köçəcəyik" - deyə intizarlı xəbəri Niyazi üçün ağır dərdə çevrilir. Səhərədək gözünə yuxu getmir və Həcərə məktubunda "Gəl qaçaq!" deyə təklif edir.
Bu qərara gələndə hər şeyi göz önünə almışdılar. Bilirdilər ki, güzəranları ağır olacaq. Niyazi ailələrinin saysız qayğıları haqqında çoxdan danışmışdı Həcərə. Ancaq bunlar qızı qorxutmurdu. Çünki arada dəyişməz sevgi vardı.
Bu evlilik nə az-nə çox düz 51 il davam elədi. Sıxıntını da, çətinlikləri də birgə yaşadılar. Zülfüqar bəyin Bakıdakı ikiotaqlı mənzili darlıq elədiyindən onlar bir müddət kirayə də qaldılar. Pulsuz-parasız günlərdə çox çətinliklər gördülər. Hətta Niyazinin işin çoxluğundan, yorğunluq və qayğılar üzündən vərəmdən əziyyət çəkdiyi günlər də oldu. Həcər də bu çətin günlərdə onunla birgə xəstələndi, onunla birgə sağaldı. Bircə dəfə də şikayətlənmədi. O, Niyaziyə çətin, əzablı günlərin dostu oldu. Təzadlı xasiyyətlərinə dözdü. Bir qədər tündməcaz xasiyyətli bu insanın bütün şıltaqlıqlarını uddu. Hərdən də dilinin acılıqlarını bal kimi daddı. Niyazinin sənət dostları - Q.Qarayevlə, F.Əmirovla sonradan sərinləşən münasibətlərini həmişə tənzimləməyə çalışdı.
Həcər xanım xatırlayırdı: "Üzeyir bəyin övladı olmadığından o, bütün məhəbbətini Niyaziyə həsr etmişdi. Onun istedadına inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi. Ancaq hər ikisinin ətrafında olan bəzi insanlar onların münasibətlərini gərginləşdirməyə cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər də uzun çəkməyib. Məsələn, Niyazi "Arşın mal alan"ı işləyərək əsərdə müxtəlif dəyişikliklər etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi naxələf adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir bəy, bu, biabırçılıqdır. O, hətta özündə cəsarət tapıb "Arşın mal alan"ı da təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına inciklik toxumu səpirdilər. Niyazi bunu çox ağır yaşayırdı. Hərdən də uşaq kimi kövrələrək məndən soruşurdu: "Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi bilirəm?" Niyazi "Arşın mal alan"ın ictimai baxışına getmək istəmirdi. Deyirdi ki, Həcər, əgər musiqi barədə bəd danışsalar, özümü saxlaya bilməyəcəyəm. Onu güclə yola gətirdim.
Film başa çatandan sonra Üzeyir bəy Niyazini bağrına basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu sözləri dedi: "Ay səni, qoçaq oğlan. Çox sağ ol, hər şey yerində idi". Niyaziyə elə bil dünyanı bağışladılar".
Niyazi xoşbəxt sənətkar olub. Onu hər yerdə sevirdilər. O, insanlarla münasibətini çox səmimiliklə qurmağı bacarırdı. Həyat yoluna Həcər xanım kimi vəfalı bir qadın çıxmışdı. O, taleyin bu qismətindən razıydı. Ömrünün son illərində ürəyi maestronu yaman incidirdi. Vəfalı Həcər xanım həmin çətin dəqiqələrdə həmişə yanında olurdu. Ağrıyan ürəyinə dərman idi bu qadın. Ancaq son anda istəməsə də, əcəllə barışmalı oldu. Qaça bilmədilər taleyin bu qismətindən. Görəcəyi işləri yarımçıq qaldı Maestronun. Əcəl bir az aman versəydi, kim bilir Vətənimizi onun sərhədlərindən daha nə qədər kənarda tanıdacaqdı...
Təranə Məhərrəmova
Kaspi. -2010. - 22-24 may. – S.8.