Azərbaycan qadın hüquqlarının müdafiəsində böyük uğurlar əldə edib” 

 

Mehriban Əliyev: "Gender bərabərliyi demokratik cəmiyyətin əsas tərkib hissəsidir. XX əsrin əsas nailiyyəti odur ki, biz cəmiyyətdəki dəyərləri və hakim prinsipləri dəyişdirə bilmişik"

 

Bakıda Avropa Şurasının “Gender bərabərliyi: de yure və de fakto gender bərabərliyi arasındakı fərqin aradan qaldırılması” mövzusunda VII konfransı keçirilir.

Tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. Məktubda deyilir ki, «Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan son zamanlar respublikamızda Avropa Şurası səviyyəsində bir sıra beynəlxalq tədbirlərin ənənəvi xarakter alması təqdirəlayiqdir.

Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdlarına qayıtması istiqamətində göstərilən səylər də hələlik nəticəsiz qalmışdır.

Gender bərabərliyinin faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli səviyyədə bir çox qurum və təsisatların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bu məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparacaq, gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir».

Konfransda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, bu tədbir gender bərabərliyi məsələsində dialoq və qlobal təcrübə mübadiləsinə imkan verir.

"Mən çox şadam ki, Bakıda vacib qlobal problemlər və məsələlərlə bağlı çoxlu sayda görüş və konfranslar keçirilir. Bu görüş konstruktiv dialoq üçün şərait yaradır, problemlərin həllinə kömək edir, həmçinin beynəlxalq təcrübənin qazanılması üçün faydalıdır", - Mehriban Əliyeva qeyd edib.

Azərbaycanın birinci xanımı VII konfransın məhz Bakıda keçirilməsinə dair qərar verdiyi üçün Avropa Şurasına minnətdarlığını bildirib. "Mən əminəm ki, Azərbaycanın aktiv mövqeyi və kompleks strategiyası konfransın burada keçirilməsinin əsas səbəbidir", - o deyib.

Mehriban Əliyevanın sözlərinə görə, konfransda müzakirə olunan problemlər çox vacib problemlərdir. "Gender bərabərliyi demokratik cəmiyyətin əsas tərkib hissəsidir. XX əsrin əsas nailiyyəti odur ki, biz cəmiyyətdəki dəyərləri və hakim prinsipləri dəyişdirə bilmişik", - o deyib.

Mehriban Əliyevanın fikrincə, irəliləyişə baxmayaraq, hələ də çox şeyə nail olmaq lazımdır və bu sahədə irəliləyiş böyük ola bilər. Onun sözlərinə görə, XX əsri qadınların həyatında yeni bir mərhələ saymaq olar. "2004-cü ildən bələdiyyələrdə işləyən qadınların sayı iki dəfə artıb. Qadınların böyük hissəsi həmçinin təhsil və səhiyyə sahələrində işləyir", - Azərbaycanın birinci xanımı qeyd edib.

O bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünün qurbanıdır və ərazimizin 20 faizində vətəndaşlarımızın, o cümlədən qadınların hüquqları pozulur. Mehriban xanım Əliyeva beynəlxalq təşkilatları bu məsələni gündəlikdə saxlamağa çağırıb.

Azərbaycanın birinci xanımı ailədə zorakılıq probleminin vacibliyini və aktuallığını qeyd edib. "Azərbaycan da istisna deyil. Bu problematika üzrə dəqiq təsəvvürü almaq çox çətindir. Ailədə qadına qarşı zorakılığa haqq qazandırmaq üçün Azərbaycan adət-ənənə və mentalitetindən istifadə etmək əxlaq qaydalarına ziddir. Qadına ənənəvi olaraq Azərbaycan cəmiyyətində böyük hörmət var. Qadın anadır - azərbaycanlı üçün ən hörmətli adamdır", - o deyib.

Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio isə çıxışında deyib ki, konfransın əsas məqsədi qadın və kişilərin ictimai həyatın bütün sahələrində bərabər hüquqlara və məsuliyyətə malik olduqlarının dərk edilməsidir: “Bu konfrans həm də əldə olunmuş irəliləyişləri qiymətləndirməyə və bu sahədə mövcud olan ləngimə, hətta tənəzzülləri tədqiq etməyə imkan verəcək”.

Qeyd edək ki, gender bərabərliyinə görə məsul olan avropalı nazirlər Bakı konfransında bu məsələdə irəliləyişə mane olan amilləri tədqiq etməklə yanaşı, müsbət fəaliyyətin nəticələrini təkmilləşdirmək, təhsil sistemi və KİV-in gender stereotiplərinə qarşı mübarizə yollarını da müzakirə edəcəklər. Nazirlər Avropa Şurasının bu sahədə qətnamə qəbul etməsi perspektivini araşdıracaq, habelə gələcək fəaliyyəti müəyyənləşdirəcək tədbirlər planını hazırlayacaqlar.

 

 

Kaspi. -2010. – 25 may. – S.2.