Türkiyə məzunları əmək bazarının bütün sahələrində təmsil olunurlar 

 

Türkiyə universitetlərindən məzun olmuş gənclərin ali təhsildən sonrakı əmək fəaliyyəti araşdırılıb. Onların böyük əksəriyyəti əmək bazarında özünə münasib iş tapa bilib

 

Xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malik Azərbaycanın ali məktəblərində hələ XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrindən minlərlə əcnəbi tələbə təhsil alır. Hazırda ölkəmizin ali məktəblərində 50-ə yaxın ölkədən 6795 nəfər əcnəbi tələbə bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla oxuyur.

Azərbaycanda daha çox Türkiyə vətəndaşları təhsil alırlar ki, türk kontingenti üçün də yalnız bir ixtisas - pedaqoji ixtisaslar üstünlük təşkil edir. Bu, Türkiyənin daxili qaydaları və tələbatı ilə bağlıdır. Bu qaydalara görə, imtahan verməyən sıravi bir vətəndaşın Azərbaycanda təhsil almasına yol verilmir. Türkiyədən buraya gələn tələbələr öz ölkələrində imtahan verir və ölkələrinin daxili tələbatını nəzərə alaraq əsasən pedaqoji ixtisaslar - müəllimlik, informasiya texnologiyaları və neft ixtisasları üzrə təhsil alırlar. Ümumiyyətlə, qarşılıqlı razılaşma əsasında Türkiyə, Çin, Misir, eləcə də Azərbaycana təqaüd verən ölkələrin vətəndaşları burada müəyyən kvota üzrə dövlət xətti ilə ödənişsiz əsaslarla, yəni Azərbaycanın təqaüdləri hesabına oxuyurlar.

 

Hər il 200 tələbə dövlət xətti ilə xaricə göndərilir

 

Son illərdə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin də sayı xeyli artıb. Təhsil Nazirliyinin məlumatın görə, son beş ildə hər il dövlət xətti ilə təqribən 200 tələbə partnyor ölkələrin təqaüd proqramları hesabına xaricə göndərilir. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, Çin, Misir, Çexiya, Slovakiya kimi ölkələrdə dövlət xətti ilə təhsil alır. Hazırda 811 tələbə təhsilin müxtəlif pillələri üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirir. Öz hesabına təhsil alanların sayı isə bir neçə dəfə artıqdır. Xaricdə təhsil alan azərbaycanlıların da əksəriyyəti Türkiyənin payına düşür. Nazirlikdən bildirilib ki, dövlət proqramı əsasında xaricdə təhsil almağa göndərilənlərin təhsilin bütün pillələri üzrə illik sayı 2015-ci ildə 1000 nəfərə, ümumi sayı isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılmalıdır. Həmin tələbələrin seçimi isə Nazirlər Kabinetinin qərarı ilə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na uyğun aparılır.  Belə ki, Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir. Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri - vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi, təşkilati xərclər də daxil olmaqla dövlət tərəfindən həyata keçirilir. Tələbələrin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilir. Xarici ölkədə təhsil almaq istəyənlərlə, yəni təqaüdçülərlə müqavilənin bağlanması da nəzərdə tutulur. Təhsil Nazirliyi ilə təhsilin təşkili barədə bağlanan müqavilədə təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün respublikaya qayıtması barədə şərt irəli sürülür. Bəs görəsən bu gün təhsilini xarici ölkədə başa vuran azərbaycanlı məzunlar respublikada işləməyə nə qədər maraq göstərirlər?

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyi İcraçı direktoru, özü də İstanbul universiteti məzunu olan Əbülfəz Süleymanlı məzunlarımızın təhsildən sonrakı iş həyatlarını araşdırıb. Araşdırmaların nəticələri “Türkiyə Universitetlərinin Azərbaycanlı Məzunlarının Karyera Seçimlərinin Elmi-Sosioloji Tədqiqi” adlı  kitabda öz əksini tapıb. Tədqiqatın ideya müəllifi və kitabın yazarı Ə.Süleymanlı bu ideyanın uzun müddət onu düşündürdüyünü deyir: ”Ölkəmiz  öz müstəqilliyini bərpa etdikdən qısa bir zaman sonra minlərlə gənc vətəndaşımız dünyanın müxtəlif ali məktəblərinə təhsil almağa yollandı. Azərbaycanlı gənclərin sayca ən çox təhsil aldığı ölkə qardaş Türkiyədir. Belə ki, 1991-ci ildən bu günə qədər çoxlu sayda gənc Türkiyənin müxtəlif universitetlərinə qəbul olub və bunların böyük bir qismi təhsillərini müvəffəqiyyətlə başa vuraraq məzun olub. Türkiyədə təhsil almış bu gənclər məzun olduqdan sonrakı həyatlarında hansı yeniliklər baş verir? Onlar özlərinə əmək bazarında layiqli yer tuta bilirlərmi? Bu gənclərin böyük bir qismi daha çox hansı iş sahələrində öz karyeralarını qururlar? Məzunların neçə faizi dövlət qulluğunda, neçə faizi özəl sektorda fəaliyyət göstərir? İşlədikləri sahələr təhsil aldıqları ixtisasa uyğunluq təşkil edirmi? Onların potensialından kifayət qədər istifadə oluna bilirmi?

Bütün bu və digər suallar ətrafındakı məsələlər bu sahədə xüsusi elmi-sosioloji tədqiqatın keçirilməsi zərurətini meydana çıxarıb”. Tədqiqatın əhəmiyyətini artıran digər bir məqam ondan ibarətdir ki, bu qəbildən olan araşdırmalar indiyə kimi istər ölkəmizdə, istərsə də xaricdə aparılmayıb: ”Bu tədqiqat həmin sahədə boşluğu qismən doldurmaq məqsədi güdürdü. Təbii ki, belə böyük bir araşdırmanın keçirilməsi üçün maliyyə dəstəyi tələb olunurdu. Bu layihə Azərbaycanın Gənclər və İdman Nazirliyi və Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyi tərəfindən dəstəklənib”.

 

Təhsildən sonrakı dövr - nizamlı ailə

 

Ə.Süleymanlı bildirib ki, tədqiqatın qarşısında  əsas məqsəd kimi Türkiyə universitetlərindən məzun olmuş gənclərin ali təhsildən sonrakı əmək fəaliyyətində karyera pillələrinin dinamikasını və formalarını araşdırmaq qoyulub: ”Eyni zamanda, tədqiqatdan çıxarılacaq nəticələr əsasında bu sahədə mövcud olan bəzi problemlərin həlli istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlanması nəzərdə tutulmuşdu. Bu baxımdan, tədqiqat öz məqsədini həyata keçirmiş sayıla bilər. Layihənin əsas tədqiqat  obyektini isə Türkiyənin müxtəlif universitetlərindən məzun olmuş gənclər təşkil edirdi. Sorğu anketi vasitəsilə Türkiyənin müxtəlif universitetlərindən məzun olan 200 respondent tədqiqat mövzusuna uyğun olaraq sosioloji sorğuya cəlb olunub. Burada bu növ tədqiqatlarda sıx istifadə olunan klaster seçmə üsulu istifadə edilib və bizi maraqlandıran respondentlər müəyyən kvotalar əsasında seçilib”. Sosioloq elmi tədqiqatların ən əsas şərtlərindən biri olan reprezentativliyin təmin olunmasına çalışdıqlarını da vurğulayıb: ”Tədqiqatda həm məzunların cinsiyyət baxımından bölgüsü, həm də oxuduqları şəhərlərə görə seçimi nəticələrin tutarlılığı baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Çətin də olsa buna nail olmaya müvəffəq olduq. Eyni zamanda tədqiqatda təhsillərini başa vurduqdan sonra Türkiyədə qalıb karyerasını davam etdirməyə qərar vermiş və Rusiya,  ABŞ və Avropa ölkələrində yaşayan məzunlarımız da tədqiqata cəlb ediliblər”.

Ə.Süleymanlı araşdırmanın kifayət qədər çox mövzunu əhatə etməyə çalışdığını da deyir: ”Qarşıda duran ən əsas məqsədin Türkiyə universitetlərindən məzun olan gənclərin karyera seçimlərini araşdırma olmasına baxmayaraq, bununla birgə başqa məsələləri də araşdırmağa çalışmışıq. Suallar əsasən üç bloka bölünmüşdü”. Birinci blokda respondentlərin sosial-demoqrafik göstəriciləri - ailə vəziyyəti, yaş göstəriciləri, ailədə uşaqların sayı, respondentlərin məzun olduqları orta məktəb və s. yer alıb: ”Bu bloka aid cavabları ümumilikdə qiymətləndirdikdə məzunların təhsildən sonrakı dövrdə nizamlı ailə həyatına sahib olduqlarını görürük. Lakin bununla belə yaşları 30-un üzərində olan məzunlar arasında subay olanların faiz göstəricisinin yüksək olması (30%) tədqiqatın qayğılandırıcı nəticələrindən biridir. Bunu daha çox, respondentlərin vətəndən uzaq qaldıqları dövrdə ailə həyatı qurmaq üçün özlərinə münasib namizəd tapa bilməmələri və başqa mental-psixoloji məqamlarla izah etmək olar. Burada daha çox fərqli həyat tərzinin uzun müddət təsiri altında qalan gənclərin vətənə döndükləri zaman özlərinin dünya görüşlərinə uyğun birini tapmaqda çətinlik çəkməsi və son dövrlər ölkəmizdə özünü büruzə verən gənclərin karyera ucbatından evlilik planlarını təxirə salması faktorunu da qeyd etmək lazımdır”.

 

İş tapmaq asandırmı?

 

İkinci  blokda isə əsasən gənclərin karyera məsələlərinə aid mövzular tədqiq olunub: ”Sevindirici haldır ki, Türkiyədən məzun olan gənclərin çox böyük əksəriyyəti, 91 faizi əmək bazarında özünə münasib iş tapa bilib. Bunu çox yüksək göstərici kimi qiymətləndirmək lazımdır. Belə ki,  bu fakt tam əminliklə bizə Türkiyədə mütəxəssis hazırlıq səviyyəsinin yüksək olduğunu deməyə əsas verir. Hazırda Azərbaycanın əmək bazarında ali təhsilli gəncləri məşğulluq səviyyəsi 63 faiz təşkil etdiyini nəzərə alsaq, bu göstəricinin Azərbaycan ortalamasının xeyli üzərində olduğunu açıq şəkildə görmək mümkündür. Məzunların 66,7 faizi çox qısa bir müddət ərzində özlərinə münasib iş tapa bilməsi də bu fərziyyəni dəstəkləyir”.

Eyni zamanda tədqiqat nəticəsində məlum olub ki, bu gün Türkiyə məzunları əmək bazarının bütün sahələrində təmsil olunurlar. Məzunların 63 faizi özəl sektorda, 25 faizi dövlət sektorunda çalışır. Respondentlərin 10 faizi isə öz şəxsi biznes fəaliyyəti ilə məşğul olur. Sorğunun nəticələrinə görə, məzunların 33,3 faizi mütəxəssis, 17,7 faizi şöbə müdiri, 9,5 faizi sıravi işçi, 8,6 faizi ümumi müdir, 8,3 faizi menecer, 6,7 faizi müdir müavini, 6,7 faiz sektor müdiri, 5,8 faiz şirkətin sahibi və 3,4 faiz müşavir vəzifəsində çalışır: ”Bütün bu nəticələr Türkiyənin 1992-ci ildən həyata keçirdiyi “Böyük Tələbə Layihəsinin” Azərbaycandakı uğurunu göstərir”.

 

Əmək bazarında tələbatdan artıq ixtisaslar üzrə xaricə tələbə göndərilməməlidir

 

Problemlərə gəlincə, sosioloq bunu ilk növbədə çalışmayan məzunlarla əlaqələndirir. Belə ki, sorğuda iştirak edən və işsiz məzunların ümumi sayı 9 faiz təşkil edir. Bu kateqoriyaya aid respondentlərin 24,5 faizi bunun səbəbi kimi “ixtisasıma uyğun iş tapa bilmirəm” variantını qeyd etdikləri halda, bir o qədər qismi də (24,3 faiz) “tapdığım işlər maddi cəhətdən məni təmin etmir” cavabını veriblər. İxtisasına uyğun iş tapa bilməyən məzunlar arasında yenə də pedaqoji fakültəsinin müxtəlif bölmələrinin, ilahiyyat (dinşunaslıq) və iqtisadiyyat fakültəsinin beynəlxalq iqtisadi münasibətlər bölməsi məzunları üstünlük təşkil edir. Çalışmayan məzunların 7,8 faizi isə ailəvi səbəblərə görə işləmədiklərini qeyd edirlər: ”Bu məzunların böyük əksəriyyəti evli xanımlardır. Məzunların bir qisminin ixtisasına uyğun iş tapa bilməməsi tədqiqatın ortaya çıxardığı ən önəmli nəticələrdən biridir.  Hesab edirəm ki, xaricdə təhsil üzrə Dövlət Proqramının həyata keçirilməsində bu məqam mütləq nəzərə alınmalıdır. Belə ki, nəticələrdən də aydın göründüyü kimi, əmək bazarında tələbatdan artıq ixtisaslar üzrə xaricə tələbə göndərilməsi məzuniyyətdən sonrakı dövrdə bu kateqoriyaya daxil olan insanlar üçün bəzi problemlərin meydana gəlməsinə səbəb olur. Kitabın tövsiyələr bölümündə bu problemin ortadan qaldırılması və proqramın təkmilləşdirilməsi üçün tərəfimizdən bəzi təklif və tövsiyələr irəli sürülüb. Bunlar nəzərə alınması və bu istiqamətdə işlərin aparılması yalnız aidiyyətli dövlət orqanları ilə biznes strukturlarının birgə səyi nəticəsində mümkün olacaq”.

 

 

 

Həqiqət  İsabalayeva

 

Kaspi. -2010. – 25 may. – S.6.