“Mən xalqımızın dilinə, ədəbiyyatına
hər şeydən çox bağlıyam”
Cavad Heyət: «Əgər
bütün xəstəlikləri müalicə etmək
mümkün olsaydı, kimsə ölməzdi. İnsan elə
xəlq olunub ki, əbədi deyil. Bir gün gəlib, bir
gün də gedəcək»
Dünyanı dərk etməyə başlayandan Bakının həsrəti ilə yaşayıb. 1971-ci ildə ilk dəfə Bakıya gəlişindən sonra əlaqələri sıxlaşıb - Bakını da özünə Vətən sayıb. O vaxtdan İranla Azərbaycan arasında dostluq körpüsü yaratmağa başlayıb.
Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, dünya şöhrətli cərrah Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru seçilib. 85 yaşlı cərrah həmçinin Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.
Bu gün dünya şöhrətli cərrahın Bakıya hər gəlişi təkcə bu torpağa və onun insanlarına olan sevgisi ilə bağlı deyil, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara kömək etmək istəyidir. İş qrafikinin gərgin olmasına baxmayaraq fikirlərini «Kaspi»nin oxucuları ilə bölüşməyə razı oldu.
Asılı olmayan sənət
- Necə oldu ki, təbabəti
seçdiniz? Bu sizin
öz seçiminiz idi?
- Bu mənim öz
seçimim idi. Əvvəla, təbabəti sevmişəm,
daha sonra kimsəyə möhtac olmamaq üçün həkimliyi
seçmişəm. Azad olmaq istəmişəm. Sərbəst
yaşamaq üçün həkimliyi ən uyğun peşə
görmüşəm.
- Nə üçün elə
hesab edirsiniz ki, həkimlik azad, sərbəst və kimsədən
asılı olmayan peşədir?
- Ona görə ki, həkim
dövlət nökəri və ya məmur olmağa məcbur
deyil. Bizdə həkim özü hansı bir şəhəri
sevsə, orda qalıb müayinəxana aça, xəstələr
toplaya bilər. Həkimin maaşı xəstələrlə
təmin olar. Xəstələrə nə qədər
yaxşı baxsa, nə qədər dərin bilgisi olsa, o qədər
də onun şöhrəti artar, kimsəyə ehtiyacı
olmaz - nə hökumətə, nə mərdə, nə də
namərdə.
- Sizcə yaxşı həkim
yaxşı da insan deməkdir?
- Həkimlik insan peşəsidir.
Alim həkim olmaq yaxşı həkim olmaq demək deyil.
Yaxşı insan olmadan yaxşı həkim olmaq mümkün
deyil. Yaxşı həkim xalqın dəyərini duyar,
xalqı bir vasitə hesab eləməz. Xalqın dərdi ilə
dərdləşib, xalqın şəfası ilə fərəhlənər.
- Siz çox ölkələrdə
olmusunuz. Gəzib gördüyünüz yerlər sizə
peşə sarıdan nə öyrədib, insanlıq tərəfdən
hansı keyfiyyətlər aşılayıb?
- Qərb dünyasını
gəzərkən peşə tərəfdən çox
şeylər öyrənmişəm. Çünki mənim
bugünkü həkimliyim Qərbin həkimliyidir. Əskidən
həkimlik bizdə qadağan olmuşdu. Sonra nəticədə
sönmüşdü. Avropa intibahından sonra isə həkimlik
qərblilərin əlinə keçmişdir. Qərb ölkələrini
əsasən həkimlik üçün gəzmişəm və
çox şeylər öyrənmişəm. Amma orda mədəniyyət
də görmüşəm. Hətta insaniyyət də
görmüşəm. Şərqi də əlimdən gələn
qədər gəzmişəm. Şərqi sevmişəm,
amma bəyənməmişəm. Sevmişəm,
çünki mənimdir, mən şərqliyəm. Bəyənməmişəm,
çünki geri qalmışıq, əxlaqımız da
pozulub. Əlbəttə, gözəl ənənələrimiz
hələ də qalır. Məsələn, mehribanlıq,
qonaqpərvərlik, yaşlılara, ata-anaya məhəbbət,
vəfa - bunlar qalır. Həyatda bunlar olmadan yaşamaq
mümkün deyil. Mənim üçün məhəbbət,
vəfa hər şeydən üstündür.
Xəstələr çoxalıb
- Siz insan orqanizminin ən həssas
üzvü ilə məşğulsunuz. İnsanlara daha
yaxın olmaq üçünmü ürəyi seçdiniz?
- Mən yalnız ürəyi
seçmədim. Mən ümumi cərraham. Bizim gəncliyimizdə
cərrahlar ürəkdən başqa hər üzvə
müdaxilə edirdilər. Bizim zamanda cərrahlar qəlb
üzərində əməliyyat aparmağa başladılar.
Mən də bilgiləndim və bu işi İranda
başladım. Onun üçün ürək cərrahı
adı ilə belə məşhur oldum. Yoxsa mən ümumi cərrah
olaraq ürək cərrahiyyəsini başlamışam və
davam etdirmişəm. Bundan başqa, mədə, öd kisəsi,
zob və s. orqanlarla məşğul oluram.
- Sizə ən çox
hansı xəstəliklə bağlı müraciət edirlər?
- Ümumi cərrahi xəstəliklər
və ürək barədə daha çox müraciət
edirlər. İndi ürək xəstəlikləri
çoxalıb. Bunun da yaranmasında stress, yaşam, qidalanma tərzi
və s. səbəblər mühüm yer tutur. Dünyada,
xüsusən Azərbaycanda qidalanma tərzi düzgün
deyil. Yağlı, duzlu yeyirlər. Siqaret çəkir,
içki içirlər. Bunlar hamısı ziyandır.
- Fəaliyyətiniz
dövründə çox insanları müalicə etmisiniz. İranda
ilk dəfə açıq ürək əməliyyatını
gerçəkləşdirmisiniz. Sizcə sınmış, incimiş
bir ürəyi müalicə etmək olarmı?
- Ədəbiyyatla, fəlsəfə
ilə sınmış ürəyin müalicəsi var. Artıq
orda cərrahın əlləri bir şey edə bilməz. Ancaq
bir ədəbiyyatçı, bir şair, bir filosof
sınmış qəlbi toxtada, bütövləşdirə
bilər. Onun yçün "həkim əsil həkim olmalıdır"
deyiblər.
- İlk xəstənizi necə
xatırlayırsınız? Ona kömək edə
bilmişdinizmi?
- Doğrusu, indi ilk xəstəmi xatırlaya bilmərəm. Çünki hətta tələbəlikdən xəstələrim olub. Amma bir çox xəstələrim olub ki, məndə əbədi iz buraxıblar. Hətta onlarla dost olmuşuq. Bir neçəsi burda yaşayır. Amma elə xəstələrim olub ki, kömək edə bilməmişəm.
- Sizin gənclik dövrünüzdə, həkimliyə təzə başladığınız vaxtlarda elm bu qədər inkişaf etməmişdi. Xəstələr də indiki qədər çox deyildi. Amma bu gün elm nə qədər çox inkişaf etsə də, insanlar daha çox xəstələnir və dünyadan köçürlər.
- İndi xəstəlik çoxalmayıb, xəstələr çoxalıb. Onun da səbəbi yaşayış şəraitinin dəyişməsi, çətinləşməsi, stressin çoxalması, sivilizasiyanın özü, insanların şəhərlərdə mədəni yaşamaları, bürokratik yaşayış, masa arxasında idmansız, hərəkətsiz oturmaq, maşına minib evdən idarəyə, idarədən evə dönmələri, bədənin fiziki hərəkətsizliyi onun ruhuna zərbə vurur. Bunlar insanı daha çox xəstələndirir. Bir də ki, elmin inkişafı diaqnostikanın inkişafına səbəb olub. Ona görə xəstəliklər daha çox aşkar olunur və xəstə kimi qələmə verilir. Xəstəliklər vardı, lakin daha çox diaqnostik kəşf olunub. İndi insanlar daha çox xəstələnir. Çünki həyat şəraitləri pozulub.
İnsan əbədi deyil
- Gərək ki, Şekspirin sözləridir: "Sağlam kasıb, varlı kraldan xoşbəxtdir".
- Əlbəttə, bu söz doğrudur. Ancaq 1400 il bundan əvvəl Peyğəmbərimiz (s) bundan daha gözəl deyib: "Fəqir olmaq mənim üçün fəxrdir. Pullu olmaq vəbadır, bəladır". Bu doğrudur, insan əvvəla, sağlam olmalıdır. Sağlam olmasa, dünya xəstəyə qaranlıq görünür. Bir işçi yavan çörəyini ləzzətlə yeyə bilir. Ancaq bir kral xəstə isə heç bir şeyi ləzzətlə yeyə bilməz. Yeməyi də o, ancaq dərman kimi yeyə bilər.
- Hamımız insanıq və hamımız xəstələnib ağrıdan şikayətlənirik. Siz özünüz xəstə olanda həkimə müraciət edirsiniz, yoxsa öz həkiminiz də elə özünüzsünüz?
- Mümkün qədər özüm-özümü müalicə etməyə çalışmışam. Ancaq heç bir halda başqa həkimə müraciət etməkdən imtina etməmişəm. Çünki insan müəyyən bir hüduda qədər özünün həkimi ola bilər. Amma insan bilmədiyi bir şeylə qarşılaşarsa, onun mütəxəssisinə müraciət etməlidir.
- Bəzən adamlar imkansızlıqdan həkimə müraciət edə bilmirlər. Necə etmək lazımdır ki, xəstənin pulu yoxsa da vəziyyətini daha da ağırlaşdırmadan, yalnız həkimin insafına güvənib ona müraciət etsin. Sizcə həkimlər belə xəstələri təmənnasız müalicə edərmi?
- Həkimlər də insandır. Onlara da yaşayış - maaş lazımdır. Həkimlər bütün dünyada xəstədən para alırlar. Bu, ana südündən halaldır. Həkim xəstələri ilə yaşamalıdır. O, hökumətdən müqavilə şəklində maaş ala bilir, ancaq həkimin maaşı əsasən xəstələrlə təmin olunur. Xəstələr də fəqirdir. Əlbəttə ki, biz bir xəstənin pulu olmayanda, onu geri qaytarmarıq. Bu, həkimə yaraşmaz və çox pis işdir. Hippokratın da andı bunu göstərir. Digər tərəfdən də bizim həyatımız xəstələrlə təmin edilir.
-
Bütün xəstəlikləri müalicə etmək
mümkündürmü?
- Əgər bütün xəstəlikləri
müalicə etmək mümkün olsaydı, kimsə ölməzdi.
İnsan elə xəlq olunub ki, əbədi deyil. Bir
gün gəlib, bir gün də gedəcək. Elmin
inkişafı ilə bütün xəstəlikləri
müalicə etmək mümkün deyil. Amma insan qocalır. Bəzən
insan elə vəziyyətə gəlir ki, heç
yaşaması məsləhət deyil.
"Varlıq" ın məktəbi
- "Varlıq" jurnalını nəşr etdirməkdə məqsədiniz nə olub?
- Mən xalqımızın dilinə, ədəbiyyatına hər şeydən çox bağlıyam. Pəhləvilər dövründə xalqımızın dili qadağan idi. Mən bundan əzab çəkirdim. İslam inqilabından sonra bizə dil sərbəstliyi verildi. Bu sərbəstlikdən faydalandım və "Varlıq" jurnalını çıxarmağa başladım. Artıq 30 ildir ki, bu işimizə davam edirik. İndi "Varlıq" bir məktəb olub. Bizdə 50-yə yaxın qəzet və dərgi çıxır. Onlar hamısı "Varlıq" jurnalının övladları sayılır.
- Bu jurnalla bağlı Azərbaycanın söz, ədəbiyyat adamlarından kimlərlə yaxın olmusunuz?
- Mənim burda ədəbiyyatçı, dilçi dostlarım həkim dostlarımdan çoxdur. Rəhmətlik Mirzə İbrahimovla, Yaşar Qarayevlə, Bəxtiyar Vahabzadə, Məmməd Arazla, indikilərdən Anar Rzayev, Elçin Əfəndiyev, Kamil Vəliyev, Sabir Rüstəmxanlı ilə dostam. Hər dəfə gələndə də onların hamısını görə bilmirəm. Çünki vaxt olmur. Vaxtım çatdıqca isə hamısını görməyə çalışıram.
- Musiqimizi, poeziyamızı necə, sevirsinizmi?
- Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biri, mənim üçünsə birincidir. Həyatımda ən çox sevdiyim İran müğənnisi Bənan olub. Siz tanımazsınız, o, indi vəfat edib. Farsca oxuyurdu, özü də Qacar nəslindən idi. Fövqəladə səsi vardı və muğamda ustad idi. Sonra Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Zeynəb xanımı və başqalarını çox sevmişəm. Rəşid Behbudovla dost olmuşam. Mən Azərbaycan musiqisinə heyranam, həm mahnılarını, həm də muğamlarını çox sevirəm. Eyni zamanda, poeziyanızı da sevirəm. Bir zamanlar farsca Mövləvi, Hafiz və b. şairlərin 5 min şerini əzbərləmişdim. Sonra türkcə, Azərbaycan türkcəsində şerlər öyrəndim. Füzulini, Nəsimini çox sevmişəm. Ruhumun dincəlməsi, qidalanması üçün vaxtım imkan verdikcə poeziya ilə, ədəbiyyatla məşğul olmuşam.
- Sonuncu sualım bir qədər qəribə də səslənə bilər: biz adətən bir-birimizə nəsə arzu edəndə, ilk növbədə can sağlığı arzulayırıq. Düşünürük ki, həyatda bundan qiymətli nemət yoxdur. Siz həkimlər də "çörəyimiz xəstədən çıxır" deyirsiniz. Maraqlıdır, görən həkimlər də insanlara cansağlığını ürəkdən arzulayırlarmı?
- Əlbəttə. Arzu başqa, vaqe olan şey başqadır. Mən sizə 100-120 il cansağlığı arzulayıram. Ancaq siz xəstə də ola bilərsiniz. 120 yaşdan qabaq da həyatla vidalaşa bilərsiniz. Cansağlığı bir arzudur. Ancaq bilirik ki, bu həmişə olan bir şey deyil. Həkimlər də hər kəsə cansağlığı arzular. Çünki nə qədər də cansağlığı arzu edilsə, yenə həkimlərin ac qalmayacaq qədər xəstəsi olacaq.
Təranə Məhərrəmova
Kaspi. -2010. – 25 may. – S.8.