Repressiyaya məruz qalan iki musiqiçidən biri
Onun adı Azərbaycanın ilk pianoçu
qadınlarından biri
kimi musiqi tarixinə düşüb. Ancaq bu zəhmətsevər, həyat
eşqi ilə dolu qadının həyatını təkcə
musiqi müşayiət
etməyib. Onun həyatının sərt,
həyəcanlı notları
daha çox olub
Xədicə Qayıbova 1893-cü ildə
Tiflisdə anadan olub. Atası Osman Müftizadə
qızına mükəmməl
təhsil vermək arzusunda idi, ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi vasitədən
istifadə edərək
onun Müqəddəs
Nina qızlar məktəbinə
daxil olması üçün səy göztərir.
Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova
ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi,
fortepianoda çalmağı
öyrənir. Bir müddət X.Qayıbova
Tiflisdəki tatar məktəbində dərs
deyir. 1919-cü ildə həyat yoldaşı Nadir Qayıbovla
birlikdə Bakıya köçür.
O, Bakıda
Azərbaycan Maarif Komissarlığında Şərq
musiqisi üzrə müəllim kadrlarının
hazırlanması məqsədi
ilə "Qısa müddətli Şərq
musiqisi kursları"nı təşkil edir. Xədicə xanım Bakıda
Şərq Konservatoriyasının
yaradıcılarından biri
olur. O, "Azərbaycanlı
qadınlar üçün
əlavə kurslar"
təşkil edir və fortepianoda muğamların ilk ifaçısı
kimi məşhurlaşır.
Xədicə xanım konsertlərdə
xalq mahnıları, muğamlar əsasında improvizasiyalarla çıxış
edirdi. O, həmçinin
Azərbaycan Dövlət
Konservatoriyasında nəzəriyyə
və bəstəkarlıqdan dərs
alır.
X.Qayıbovanın evi əsil musiqi
ocağı idi.
Onun evində mütəmadi
olaraq musiqi məclisləri keçirilirdi.
O dövrün ziyalıları,
musiqiçiləri, şair
və yazıçıları,
elm xadimləri, aktyorları bu ocağa toplaşırdı.
Qonaqların arasında dövlət
xadimləri, Bakıya
qastrola gələn ifaçılar, müxtəlif
tədbirlərdə iştirak
edən xarici qonaqlar, xususilə də Türkiyədən
alimlər, şairlər
olurdu. Musiqi gecələrinə Ü.Hacıbəyov,
R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, Ismayıl
Hikmət kimi görkəmli insanlar da qatılırdı.
Xalq düşməni
30-cu illərin
sərt küləyi Xədicə xanımın
da həyatından yan
keçmir. 1933-cü ildə
o, Türkiyə ilə
münasibətlərinə görə casusluqda ittiham edilərək həbs olunur. Ancaq tezliklə heç bir sübut, dəlil olmadığına
görə həbsdən
azad edilir.
1937-ci ildə X.Qayıbova yenidən xalq düşməni kimi həbs olunur. Bu dəfə ikinci həyat yoldaşı – Rəşid Qayıbov
XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının
üzvü kimi tutulur. Xədicə xanımı isə
Türkiyə lehinə
casusluqda, müsavatçılara
rəğbət bəslədiyinə
görə ittiham edirlər. X.Qayıbova 1938-ci ildə "türk kəşfiyyatının
casusu" və "əksinqilabi fəaliyyət"lə
məşğul olması
ittihamı ilə güllələnir.
Ancaq iradəcə möhkəm
qadın özünü
"casusluqda" günahkar
hesab etməyib. Xədicə Qayıbova ona qarşı sürülən
qondarma ittihamlara görə cəzalandırılacağını
bilirdi, lakin heç ağlına belə gətirmirdi ki onu güllələyəcəklər.
“Xalq düşməni”nin arvadı kimi tutulmuş S.M. Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyeva onu belə xatırlayırdı:
«Dustaqxana qadınlarla
dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin,
hərbiçilərin arvadları
idilər. Mənim olduğum
kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və başqa, 30 nəfərdən çox
qadın vardı.
Xədicə xanım çox
iradəli, şux qadın idi. Özünü şux aparır,
hərdən mahnı
zümzümə edir,
rəqs edirdi. Bir dəfə o dedi: “Mən incəsənət adamıyam.
Mənim
musiqi dünyam yasa batıb. Mən gərək özümü qoruyam, sarsılmayam, eybi yoxdur, lap sürgünə
də göndərsələr
məhv olan deyiləm, lap orada da musiqi klubu
düzəldib rəqs
edəcəyəm, oxuyacağam,
çalacağam… Qoy onlar
sevinməsinlər”. Xədicə Qayıbovanın məhkəməsi
cəmi 15 dəqiqə
çəkir və ona güllələnmə
hökmü kəsilir.
Hökm
1938-ci ildə oktyabrın
27-də icra edilir.
Bəraət
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə
müraciət edərək
anası haqqında məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik
Komitəsinin xüsusi
şöbəsinin müstəntiqi
Menyayev A. Sultanovanın
ərizəsi ilə bağlı bildirir: «Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa
olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməyib. Buna görə
də Azərbaycan
XDİK-in Xüsusi Üçlüyünün
1938-ci il oktyabrın 19-da Qayıbova
Xədicə xanım
Osman qızının
güllələnməsi haqda
qərarı əsassız
hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün
iş xətm olunmalıdır”.
Məhkəmə Kollegiyasının
14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə Osman qızına bəraət
verilir və fevralın 29-da qızı
Alanquya bu haqda arayış təqdim edilir. Xədicə
xanımın istintaq işi Milli Təhlükəsizlik Nazirliyinin
Arxivində saxlanılır.
Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə
fortepianoda muğamların
ilk ifaçısı kimi
deyil, həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə
düşüb.
Təranə Məhərrəmova
Kaspi. – 2010. – 25 may. – S.15.