Ermənistanın
işğalçılıq siyasəti növbəti dəfə
ifşa olundu
Avropa Parlamentinin qətnaməsində
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ və ona
bitişik rayonlardan çıxarılması barədə tələbin
qoyulması ermənilərin uğursuzluq zolağından
çıxa bilməyəcəklərini göstərir
Apardığı
işğalçılıq siyasəti nəticəsində
beynəlxalq aləmdən təcrid olunmaqda olan Ermənistan
növbəti dəfə sarsıdıcı bir zərbə
alıb. Bu dəfə isə zərbə Avropa
Parlamentindən gəlib.
Belə ki, qurum “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı qətnamə qəbul edib. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunub. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb. Qeyd edək ki, Avropa Parlamentinin qərarı Azərbaycanın milli maraqlarına cavab verir və münaqişənin ədalətli və beynəlxalq hüquq norma və prinsipləri əsasında həllini ehtiva edir. Qətnamə prezident İlham Əliyevin məqsədyönlü xarici siyasətinin, Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qəbul edilir. BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlardan, dünya ölkələrindən sonra Avropa Parlamentinin qəbul etdiyi mühüm sənəd beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və dəstəklədiyini əyani şəkildə göstərir. Ölkə prezidentinin rəhbərliyi altında həyata keçirilən modernləşmə strategiyası sayəsində ölkəmiz inkişaf edir, onun beynəlxalq nüfuzu artır, regionda təsiri güclənir, ölkəmiz dünyada gedən proseslərin fəal iştirakçısına çevrilir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni təbliğatının ifşa edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edildiyi faktdır.
Məhz bunun nəticəsidir ki, Ermənistanın işğalçılıq siyasəti ardıcıl şəkildə ifşa olunur, bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edir və bəyanatlar verirlər. Ən əhəmiyyətlisi odur ki, qətnamənin hazırlanmasında Avropa Parlamentinin əsas fraksiyalar və siyasi qrupları - Avropa Xalq Partiyası, liberallar, sosialistlər, “yaşıllar” konstruktiv rol oynayıblar. Ermənistan diplomatiyasının sənədə düzəlişlər etmək, onun mahiyyətini dəyişdirmək məqsədilə qətnamə müəlliflərinə təsir etmək cəhdləri heç bir nəticə verməmiş, sənədi hazırlayan Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov öz prinsipial və qəti mövqeyini sonadək qoruyub saxlayıb. Sənədin mətninə xalqların öz müqəddəratını təyin etmə hüququna istinadlar daxil etmək cəhdlərinə qarşı Kirilov bildirib ki, bu yalnız Gürcüstan ərazisindəki münaqişələrə dair Avropa Parlamentinin nümayiş etdirdiyi mövqedə müvafiq məsələlərin nəzərə alınması halında mümkün ola bilər. Beləliklə, praktiki olaraq eyni təbiətə malik münaqişələrə münasibətdə “ikili standartlar” praktikasını tətbiq etmək üçün göstərilən cəhdlərin qarşısı alınıb.
Ən maraqlısı odur ki, Ermənistan rəsmiləri bu qətnamənin tövsiyə xarakterli olmasına istinad edərək onun əhəmiyyətini azaltmağa çalışsalar da, artıq bu ölkənin mətbuatında məsələ geniş rezonans doğurub. Erməni KİV-ləri Avropa Parlamentində belə bir qətnamənin qəbul edilməsini Ermənistan diplomatiyasının növbəti rüsvayçılığı kimi qələmə veriblər. Avropa Parlamentində qəbul edilən qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik yeddi rayonundan dərhal çıxarılması barədə tələbin qoyulması ermənilərin uğursuzluq zolağından çıxa bilməyəcəklərini deməyə əsas verir. Bu sənədin qəbul edilməsi bir daha Azərbaycanda böyük uzaqgörənliklə həyata keçirilən xarici siyasət strategiyasının uğurlarından xəbər verir.
Qeyd edək ki, Avropa Parlamenti tərəfləri konstruktivliyə dəvət edərək faktiki olaraq yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq danışıqları pozmağa çalışan Ermənistanı qeyri-konstruktiv tərəf kimi göstərir, onu təklifləri qəbul etməyə çağırır. Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün istifadə olunan faktların təhrif edilməsi taktikasını birmənalı şəkildə rədd etmişlər. Qətnamədə mövcud status-kvonun aradan qaldırılmasını tələb edir və göstərilir ki, bu vəziyyət “zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən” yaranıb.
Qətnamədə bir daha vurğulanıb ki, beynəlxalq birliyin rolu müasir sivil dünyada qəbul edilmiş davranış qaydalarını başa düşmək istəməyən erməni tərəfinə bunu bir daha izah etmək, onu inandırmaqdır ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır.
Ümumiyyətlə, Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi heç zaman ermənilərin xeyrinə olmayıb. Ötən müddətdə Avropa İttifaqı bu münaqişə ilə bağlı sərt bəyanatlarla çıxış etmiş və Ermənistanı əsassız ərazi iddialarından əl çəkməyə çağırmış, işğalçı ölkədən BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini yerinə yetirməyi tələb edib. Avropa İttifaqı rəhbərliyi münaqişənin məhz Ermənistanın əsassız və qeyri-konstruktiv mövqeyi üzündən həll olunmadığını dəfələrlə açıq bəyan edib. Vəziyyətin müsbətə doğru dəyişmədiyini görən təşkilat hazırda Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir. Bu maraq həm də ölkəmizdə sosial-iqtisadi inkişafın yüksək dinamikası, habelə demokratik islahatların sürətlə aparılması ilə şərtlənir.
Qeyd edək ki, Avropa Parlamentinin son qətnaməsi və bu qəbildən olan sənədlərin qəbul edilməsi, ilk növbədə, ölkəmizin və onun dostlarının psixoloji qələbəsidir - ədalətsiz stereotiplər və yalan üzərində qələbədir. Qətnamədə qaçqınlar və daxili köçkünlər barədə çoxsaylı əlamətdar faktlar da var. Bu da ondan ibarətdir ki, qətnamənin 8-ci bəndində Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Axı Azərbaycan icması keçmiş DQMV-də doğma evlərini tərk edərkən dövlət sərhədini keçməmiş, öz doğma dövləti hüdudlarında qalıblar. Məsələn, Azərbaycanın Avropa İttifaqında daimi nümayəndəsi, ölkəmizin Belçikadakı səfiri Emin Eyyubov bildirib ki, Avropa Parlamenti bu faktı təsbit etməklə haqlı olaraq vurğulayıb ki, münaqişə zonası, təcavüz və işğal zonası məhz Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondur və ilk növbədə, oradan qovulmuş dinc əhalinin qaytarılmasından söhbət getməlidir. Bu olmasa bölgə üçün status müəyyən edilməsi prosesi barədə fikirləşmək belə mümkün deyildir. Çünki bu proses demokratik və hüquqi normalara müvafiq olmayacaqdır.
Azər Nuriyev
Kaspi. -2010. – 26 may. – S.5.