Gender sahəsində problemlər hələ də qalır 

 

Mehriban Əliyeva: “Mənəvi dəyərlərin daşıyıcısı olan qadın öz yaradıcı potensialından istifadə edərək, bəşəriyyətə yeni gender bərabərliyi modelini təklif edəcək”

 

Müasir dünyada qadın və kişilərin cəmiyyətdə rolu və yeri ən çox diqqət tələb edən, eyni zamanda da ən çox mübahisə doğuran mövzulardandır. II Dünya müharibəsi və müharibədən sonrakı dövrdə qadınların kütləvi istehsalata cəlb olunması ilə əlaqədar baş verən sosial dəyişiklik onların cəmiyyətdə və ictimai istehsalda yeri haqqındakı ənənəvi nəzəri sxemin yenidən müzakirə edilməsi ilə nəticələndi.

Ümumiyyətlə, elmi tədqiqatların inkişafı nəticəsində aydın olub ki, bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar arasında oxşarlıq fərqlərdən daha çoxdur. Tədqiqatçılar hətta belə hesab edirlər ki, kişilər və qadınlar arasındakı yeganə aydın və əhəmiyyətli fərq onların nəsil artırmasındakı rolu ilə bağlıdır. Bu gün aydın görünür ki, bu cür «tipik» cinsi fərqlər, məsələn, kişilərin daha hündürboy, ağır çəkili, əzələli və fiziki cəhətdən güclü olması olduqca dəyişkəndir və cinslə düşünüldüyündən daha az bağlıdır. Məsələn, Şimali-qərbi Avropanın qadınları Cənub-şərqi Asiyanın kişilərindən daha hündürboydurlar. Bədənin, eləcə də fiziki gücün formalaşmasına qidalanma və həyat tərzi əhəmiyyətli dərəcədə təsir göstərir. Bioloji fərqlərdən asılı olmayaraq, insanların sosial rollarında, fəaliyyət formalarında və emosional xarakteristikalarında fərqlər mövcuddur. Antropoloqlar, etnoqraflar və tarixçilər «kişi üçün tipik olan», «qadın üçün tipik olan» haqqında təsəvvürlərin nisbi olduğunu çoxdan sübut ediblər. Belə ki, bir cəmiyyətdə kişi məşğuliyyəti, davranışı, xarakter əlamətləri hesab edilən digərlərində qadın məşğuliyyəti kimi qəbul olunur. Dünyada qadın və kişilərin sosial xarakteristikalarının nəzərə çarpan müxtəlifliyi və bioloji xarakteristikalarının oxşarlığı belə nəticə çıxarmağa imkan verir ki, bioloji cins insanların sosial rollarının fərqlərinin izahı ola bilməz.

 

Yalan stereotiplər aradan qaldırılır

 

 Cənubi Qafqaz ərazisində qadın hərəkatının ilk informasiya-analitik, kitabxana və sənəd mərkəzi olan Azərbaycan Gender İnformasiya Mərkəzinin (AGİM) məlumatına görə, gender anlayışı, bioloji cinsindən asılı olaraq, insanlara cəmiyyət tərəfindən təlqin edilən sosial və mədəni normaların məcmusunu ifadə edir. Mayın 24-dən Azərbaycanda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyasının olduğunu deyib: “İyirminci əsrin ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, biz cəmiyyətdəki dəyərlər və etik qaydaları dəyişməyə müvəffəq olduq. Gender probleminin ciddiliyi müxtəlif ölkələrdə tam şəkildə qavranılır və yalan stereotiplərin aradan qaldırılması prosesi artıq başlanmışdır. 1960-70-ci illərdə insanların qadınlara münasibətində dünya miqyasında köklü dəyişikliklər baş verdi”.

Ümumiyyətlə, cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir. Gender - qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Gender sisteminin saxlanılması və inkişafında əsas rolu isə insan şüuru oynayır.  İnsan doğulandan etibarən gender sisteminin təsir obyektinə çevrilir - uşağa, cinsindən asılı olaraq müxtəlif rəngli pal-paltar, oyuncaqlar alınır. Ailə tərbiyəsi prosesində (valideynlərin    qohumların simasında), təhsil sistemində (uşaq müəssisələrində tərbiyəçi və müəllimlər simasında), ümumiyyətlə, mədəniyyət prosesində (kitablardan və kütləvi informasiya vasitələrindən) uşaqların inkişafda olan şüuruna gender normaları yeridilir. Müəyyən olunmuş davranış qaydaları formalaşdırılır və «əsl kişi» kimdir, «əsl qadın» necə olmalıdır haqqında təsəvvür yaradılır. Sonralar bu gender normaları müxtəlif sosial və mədəni mexanizmlərin köməyi ilə saxlanılır.

 

Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı

 

 Bu gün cəmiyyətdə kişi və qadın peşələri və iş yerlərinin təsviri də gender problemlərinin mövcudluğunu əks etdirir. Sosial cins yanaşması mövqeyindən izah etmək mümkün deyil ki, nə üçün keçmiş SSRİ-də həkimlərin, hakimlərin və ya bank qulluqçularının böyük hissəsini qadınlar təşkil etdiyi halda, Avropa və Amerikada kişilər təşkil edirdi. Gender nəzəriyyəsi mövqeyindən bu və ya digər peşənin cəmiyyətdəki nüfuzu və əmək haqqının miqdarını təhlil edən tədqiqatlar göstərir ki, keçmiş SSRİ-də həkimlərin böyük əksəriyyətinin qadınlar olması onların «anadangəlmə daha şəfqətli və fədakarlığa meyilli olması» və ya bu sosial rolun onların cinsinin nümunəsi olduğuna görə yox (sosial cins nəzəriyyəsi tərəfdarlarının fikrincə), bu işin daha aşağı maaşlı, (məsələn, hərbi-sənaye kompleksi ilə müqayisədə) və ümumiyyətlə, az nüfuzlu (məsələn, fəhlələr həkimlərdən daha çox sosial imtiyazlara sahib idilər) olmasına görə idi. Tədricən də olsa, hazırda peşə seçimi məsələsində dəyişiklik baş verməkdədir. Mehriban Əliyevanın sözlərinə görə, qadınların hüquqlarının qorunmasında Azərbaycan da bir çox nailiyyətlər əldə edib: “XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, əvvəl baş vermişdir. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar. Onlar biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər”. Qadınların siyasi və ictimai fəaliyyətində də böyük nailiyyətlər əldə olunub. 2009-cu ildə bələdiyyə orqanlarına seçilən qadınların sayı 2004-cü ildəki göstəricilərlə müqayisədə 7 dəfə artıb: “Hazırda qadınlar dövlət məmurları və elmi işçilərin demək olar ki, yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. Ölkəmizdə hər beş ildən bir qadınların cəmiyyətdə rolu və mövqeyini müzakirə etmək məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər müsbət və nikbin gələcəyə dəlalət edən göstəricidir”.

Mehriban Əliyeva Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması və kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə olduğunu da deyir: “Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində və hərbi sahədə fəal rol oynayırlar. Qadınlar problemlərin həllinə xüsusi diqqət yetirərək, siyasətdə də iştirak edirlər. Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, qarşımızda duran məsələlər hələ də çoxdur”.

 

Qadınların ailə və cəmiyyətdə status problemi

 

Belə ki, əksər ölkələrdə qadın və kişi gəlirləri arasında ciddi fərqlər mövcuddur. Təhsil və səhiyyə sahələrində gender fərqlərinin tədricən aradan qaldırılmasına baxmayaraq, gəlir sahələrində saxlanmaqda davam edir və bəzən hətta güclənməkdədir. Bir çox ölkədə ümumi əhalinin yarısından çoxunu (51%-dən 54%-ə qədər) qadınlar təşkil etdiyi halda, milli və regional səviyyədə siyasətçilər arasında onların sayı olduqca azdır. Sovet dövründə qadınlar istehsal və başqa xalq təsərrüfatı sahələrində kişilərlə bərabər dərəcədə işləyirdilər, lakin özəlləşdirmə nəticəsində onlar keçmiş dövlət mülkiyyətinin və böyük biznesin yenidən bölüşdürülməsi prosesindən kənarda qaldılar. Mehriban Əliyeva problemlərin həllinin gecikməsini bir çox qətnamə və qərarların hələ də yerinə yetirilməməsində görür: “Bir tərəfdən, gender bərabərliyi müasir Avropa cəmiyyətində mühüm əhəmiyyət kəsb edir, digər tərəfdən, əldə oluna biləcək tərəqqi daha da çox ola bilərdi. Eyni zamanda, Azərbaycanda gender münasibətləri və qadınların ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də var. Bütün bunlar dövlət və qeyri-hökumət qurumlarını narahat edən məsələdir. Bizi narahat edən digər problem məişət zorakılığıdır”. Onun sözlərinə görə, hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyil: “Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır. Məişət zorakılığı haqqında qanun layihəsi Milli Məclisdə artıq oxunuşdan keçmişdir. Əminəm ki, bu qanun yaxın vaxtlarda qəbul olunacaq”.

 

 

 «Mən» gücü - «Mən» zəifliyi

 

 Ailə və cəmiyyət tərəfindən göstərilən belə təzyiqlər qadınların onları narahat edən şeyləri dilə gətirməyə və yazmağa cəsarət etməməsi - «özünüsenzuranı» yaradır. Ümumiyyətlə, fədakarlığı, səbri, itaətkarlığı, sədaqəti qadın keyfiyyətləri hesab edirlər. Kişiyə isə əks keyfiyyətlərə sahib olan kimi baxırlar. Bunun üçün də kişi və qadın təbiəti «hökmranlıq - tabeçilik» kateqoriyaları çərçivəsində dərk edilir: «Qadını idarə etmək», «himayəçi və başçı olmaq» hüququ kişiyə aid edilir, qadın isə öz sevgisinə cavab olaraq cəsarətli və güclü hami qazanmaq hüququna malikdir. Bundan başqa, «Mən» gücü - «Mən» zəifliyi əsasında stereotip olaraq hesab olunur ki, qadın və kişi şəxsiyyəti güc təzahürünə görə fərqlənirlər. Cəmiyyətdə hər iki sosio-cins qrupunun maraqlarını nəzərə alan yeni yanaşma isə gender bərabərliyinə nail olmaq üçün xüsusi tədbirlərə ehtiyac olmasına əsaslanır. Bu sahədə qanunvericiliyə gəlincə, Mehriban Əliyeva hesab edir ki, bəzən vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş qanunlar kişi və qadın üçün eyni fürsətin olmasına zəmanət vermir: “Bu o deməkdir ki, vətəndaş hüquqlarına malik olmaq məsələnin yalnız bir hissəsidir. Digər mühüm məsələ onların necə həyata keçirilməsi ilə bağlıdır. Bu, işləyəcəyimiz əlavə bir sahədir. Gender bərabərliyinin necə olması və ahəngdar formada təmin edilməsi ilə bağlı müxtəlif təklif və fikirlərimiz ola bilər. Cəmiyyətdə qadınlar və kişilər arasında hər hansı qeyri-bərabərliyin aradan qaldırılmasını yalnız bir platforma və ya tədbirlər planı sayəsində aradan qaldırmağı düşünmək sadəlövhlük olardı. Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq, qadınlar demək olar, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişilməsində uğurlar bir çox - siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır”.

Mehriban Əliyevanın fikrincə, kişinin əsl müstəqilliyi o vaxt təmin edilir ki, həmin azadlıq, müstəqillik və imkanlar qadında da olsun: “Əgər müasir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən onun ətrafında olan kişilər müəyyən edirsə, bilmək lazımdır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar. Bu, o deməkdir ki, məhz mənəvi dəyərlərin daşıyıcısı olan qadın öz yaradıcı potensialından istifadə edərək, bəşəriyyətə yeni gender bərabərliyi modelini təklif edəcək”.

 

 

Həqiqət İsabalayeva

 

Kaspi. -2010. – 26 may. – S.6.