“Teatrların bir-birindən xəbəri yoxdur” 

 

Səidə Quliyeva: «Elə tamaşalar var ki, onlar Akademik Milli Dram Teatrının səhnəsində oynanılmamalıdır. Amma, teatrın üstündən tamamilə xətt çəkmək fikri ilə razı deyiləm»

 

Teatr mövsümü başa çatmaq üzrədir. Akademik Milli Dram Teatrının həyatında bu mövsüm yeni tamaşalar, qastrollar, ayrı-ayrı səhnələr, ən nəhayət, kadr dəyişikliyi ilə yadda qaldı. Hansı ki, teatrın kollektivi bu dəyişikliyə böyük ümidlərlə baxır. Teatrın tanınmış aktrisası,

Əməkdar artist Səidə Quliyeva bizimlə söhbətində teatrın sabahından gözlədiyi ümidlərlə yanaşı, problemlərindən da danışdı:

 

Gözlənilən yeniliklər

 

- Akademik Milli Dram Teatrında rəhbər dəyişikliyi baş verdi. Necə fikirləşirsiniz, bu dəyişiklik işinizin ümumi ab-havasına, yaradıcılıq imkanlarının genişlənməsinə və s. təkan verəcəkmi?

- Hələ bizdə baş rejissor təyin olunmayıb. Təkcə direktorumuz dəyişilib. Yeni təyin olunan direktor İsrafil İsrafilov məncə yaxşı namizəddir. İsrafil müəllim teatrın içindən çıxan insandır. O, teatrşünasdır. Vaxtilə bu teatrda truppa müdiri işləyib. Bizim əksər aktyorlarla çalışıb. Mən o zaman tələbə idim, hələ teatrda işləmirdim. Əgər o teatra direktor təyin olunubsa, bu, yalnız uğurlu addım ola bilər.

- İsrafil İsrafilov teatra yeni təyin olunanda həm repertuar barədə, həm xalq artistlərinin oyunu barədə ittihamlarla çıxış edib. Necə bilirsiniz, bu ittihamlardan hamıya pay düşürmü?

- Bu, onun öz baxışıdır. Bu fikirlə müəyyən mənada razıyam, müəyyən mənada yox. Amma repertuar sarıdan onun fikirləri ilə tam razıyam. Elə tamaşalar var ki, onlar Akademik Milli Dram Teatrının səhnəsində oynanılmamalıdır. Ancaq bu o demək də deyil ki, bizim repertuarda tamaşaların hamısı zəifdir. Bizdə çox qüvvətli tamaşalar var. Müəyyən festivallarda layiqli yerlər də tutmuşuq. Teatrın üstündən tamamilə xətt çəkmək, onun tamamilə yararsız olduğunu qeyd etmək fikri ilə razı deyiləm. Aydın məsələdir ki, teatra gələn hər rəhbər ora yeniliklər gətirməyə çalışır. Biz çox istərdik ki, gələcəkdə İsrafil müəllimdən yaxşı mənada bu yenilikləri gözləyək. Ümid edirəm ki, teatra sanballı tamaşalar gələcək. Teatrın adi aktyorundan tutmuş xalq artistlərinə kimi hamı istəyir ki, repertuarımız qüvvətli olsun, aktyorlar gözəl rollarda oynasın. Elə aktyorlar var ki, orada özlərini, istedadlarını tam büruzə verə bilmirlər. Çox istərdim ki, içində mən özüm də daxil olmaqla bərabər rejissorlar aktyorlara uyğun tamaşalar götürsünlər və ana teatrımızın - Akademik Milli Dram Teatrının səviyyəsini çox yüksəklərə qaldıraq. Bu, başda İsrafil müəllim olmaqla, hər birimizin arzusudur.

 

 

Biganəlik

 

- Bu gün Azərbaycanın teatr məkanını necə görürsünüz?

- Çox istərdim ki, repertuarımız güclü olsun. Teatrların bir-birindən xəbəri yoxdur. Biz bir-birimizdən xəbərsizik. Mən Akademik Milli Dram Teatrında işləsəm də Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, hətta Kukla Teatrının tamaşalarına baxıram. Çünki hər bir sənət adamı kimi bu gün Azərbaycan teatrlarında nələrin baş verdiyi, aktyorların, repertuarın nə səviyyədə olduğu məni də maraqlandırır. Mənə elə gəlir ki, bu, hər birimizi maraqlandırmalıdır. Sənətkar başqa bir sənətkarın istedadına bələd olmalıdır. İstəyərdim ki, sənətkarlar bütün teatrlarla əlbir olsunlar. Çünki biz bir nöqtəyə vursaq, incəsənətimiz, mədəniyyətimiz çox yüksəklərə qalxar.

- “Bir-birimizdən xəbərsizlik” nə ilə bağlıdır – laqeydliklə, yoxsa vaxt qıtlığı ilə?

- Vaxt qıtlığı da var. Biganəlik məncə, daha çoxdur.

 

Dövrə uyğun tamaşalar

 

- Son illər “Azdrama”da səhnələşdirilən hansı tamaşada ürəyinizcə olan rol oynamısınız?

- İki il bundan əvvəl rejissor Bəhram Osmanovun Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında səhnələşdirdiyi tamaşası teatrımızda çox müvəffəqiyyətlə oynanıldı. Bu tamaşada ürəyimcə olan, hətta çoxdan oynamadığım bir rolu oynadım. Türkiyədə keçirilən Beynəlxalq Konya Festivalında da bu tamaşa uğurla qarşılandı. Dünyanın çox yerindən həmin festivalda böyük kollektivlər iştirak edirdi. Onlar bizim sənətimizin qarşısında baş əyirdilər. Özüm oynadığıma görə demirəm, həmin tamaşanı son dövrlərin ən uğurlu tamaşası hesab edirəm. Hal-hazırda teatrda Bəhram Osmanovun quruluş verdiyi Əli Əmirlinin «Sevilən qadın» tamaşası oynanılır. Düzdür, mən o tamaşada iştirak etmirəm, ancaq o, çox gözəl tamaşadır. Bu tamaşanı da teatrın uğuru sayıram.

- Sizcə, yaxşı tamaşa nə deməkdir?

- Yaxşı tamaşa səhnə həyatı deməkdir. Teatr kollektiv sənət olduğuna görə həm aktyorun, həm rejissorun, həm rəssamın, həm bəstəkarın, həm texniki işçilərin uğuru deməkdir. Əgər desəm ki, yaxşı tamaşa həyatımızın bir parçasıdır, səmimiyyətimə inanın. Uğurlu tamaşa aktyor üçün həyatda müvəffəqiyyət deməkdir.

- Son iki ildə çalışdığınız teatrın binası təmirə dayanıb. Necə bilirsiniz, bu fasilə sizin tamaşaçılarınızı teatrdan perik salmayacaq ki?

- Mənə elə gəlir ki, tamaşaçı yenə də cəlb olunacaq. Çünki təmirdən sonra «Azdrama»nın binası çox gözəl olmalıdır. Mən xarici ölkələrdə olanda oradakı teatrların binalarına həmişə həsəd aparırdım. Mənə elə gəlir ki, bizim teatrımız daha gözəl olacaq. Sevinirəm ki, ana teatrımıza dövlət başçısı tərəfindən xüsusi diqqət göstərilib. Qaldı ki, tamaşaçıların teatra cəlb olunmasına, ilk növbədə onun daxili və zahiri gözəlliyi ilə maraqlananlar gələcək. Bir də neçə il təmirdə olursan, ol, teatrı sevən insan yenə də gələcək. Əyləncə xatirinə gələn təsadüfi tamaşaçılar da bizim tamaşaçılarımızdır. Amma onu da deyim ki, Azərbaycan xalqı teatrı sevən xalqdır. Ona görə də teatra yenə də axın olacaq.

- Son vaxtlar müasir teatr tendensiyalarından danışılır. Nə deməkdir müasir teatr?

- Bizim teatr ənənəyə sadiq qalan bir teatrdır. İndi müasir cərəyanlar var. Müasirliyin içərisində çox şey var – səhnənin texnikasından tutmuş, aktyor oyununa qədər. Bugünkü tamaşaçının zövqünə, tələbinə uyğun tamaşalara müasirlik deyirəm. Modern, qrotesk, epik teatr  və s. müasir qollar var. Ancaq bizim teatrımız mili teatr olduğuna görə istərdim ki, bu parçalanmalar bizə aid olmasın, öz ənənələrimizə sadiq qalaq. Aydın məsələdir ki, teatr təbliğat maşını deyil. Əgər tamaşaçıya dövrə, zamana uyğun tamaşalar göstərsək, bu artıq müasir teatr deməkdir.

 

Rejissor qıtlığı

 

- Sizcə teatrda səhnəyə qoyulan hər hansı bir tamaşanın uğuru ora cəlb olunan xalq artistlərinin çəkisi iləmi ölçülür? Yoxsa heç bir fəxri titulu olmayan gənc aktyorlarla uğurlu tamaşa qurmaq olar?

- Bu gün tamaşaçı teatra gələndə mütləq hansı aktyorların oynaması ilə maraqlanır. Tamaşaçını cəlb etmək üçün mütləq tanınmış aktyorları cəlb etmək lazımdır. Çünki tamaşaçı onların oynadığı tamaşalara gəlib baxmaq istəyir. Tamaşaçının da öz kateqoriyası var. Bəzən tamaşaçı tamaşaya baxanda tanımadığı aktyoru da orada tanıyır. Mənə elə gəlir ki, gənc aktyor uğurlu oynasa, artıq növbəti tamaşası üçün auditoriya toplayacaq.

- Gənc rejissorlarla işləmək sizin üçün maraqlıdırmı?

- Mən gənc rejissorlarla kinoda işləmişəm, amma teatrda yox. Teatrda işlədiyim rejissorların hamısı tanınmış olub. Bu gün “gənc rejissorlar” deyirlər, ancaq hələ ki, onların uğurlu bir işini görməmişəm. Pantomima Teatrında maraqlı tamaşalar qoyulur. Ancaq sənət nöqteyi-nəzərindən yüksək zirvələr fəth etmirlər. Çox istərdim gənclərə geniş yer verilsin. Yeni rejissorlarla işləmək mənim üçün də maraqlı olardı. Bəzən gənc rejissorlar qurduqları tamaşada həm nala, həm mıxa vurmaqla özlərini çaşdırırlar, aktyoru da çaşdırmaq istəyirlər. Mən bunun əleyhinəyəm.

- Əgər sizə teatrların ümumi problemindən danışmaq lazım gəlsə, nəyi qabardarsınız?

- İlk növbədə qeyd edərdim ki, bizdə rejissor qıtlığıdır. Aktyorlarımız kifayət qədərdir. Amma rejissorlar aktyorlarla işləmək istəmirlər. Onlar hazır materiala işləməyə üstünlük verirlər. Fikirləşirlər ki, əgər institutu bitiriblər və əllərində diplomları varsa, demək onlar hazır aktyorlardır. Mən bu fikrin əleyhinəyəm. Mənim aləmimdə rejissor istər Xalq artisti olsun, istər sıravi aktyor olsun, onunla işləməlidir. Aktyorla rejissorun birgə işi olanda, nəticə səmərəli də alınır. Bəzən görürsən ki, rejissor özünün nə  istədiyini də bilmir. O aktyora nə deyə bilər? Kollektiv sənət olduğu üçün hamı bir nöqtəyə vursa uğurlu nəticə də alınacaq. Rejissor nə istədiyini bilsə, aktyorlarla işləməyi bacarsa, rollar düzgün paylansa – bir sözlə, hamı öz yerində olsa, onda uğurlu iş alınır.

 

Təbliğat olsaydı!

 

- Siz bir çox filmlərdə çəkilmişsiniz. Kino karyeranızı uğurlu hesab edirsiniz?

- Bugünkü gündə uğurlu hesab etmirəm. Orta səviyyə deyə bilərəm. Əgər rejissor Vaqif Mustafayevlə işləsəydim, sizin sualınıza tamam başqa cür cavab verərdim. Amma hal-hazırda Vaqif müəllim film çəkmir. Ona görə də kino uğurlarım haqqında yüksək səviyyədə danışa bilmərəm.

- Tamaşaçılar sizi həmçinin televiziya tamaşalarından tanıyıb və seviblər. Bu gün böyüməkdə olan və ekrana daha yaxın olan tamaşaçı üçün siz efirdə yoxsunuz.

- Düz deyirsiniz, mən Qızıl Fondda saxlanılan çox tamaşalarda oynamışam. Həmin tamaşalar orta və yaşlı nəsil tərəfindən çox sevilib. Təəssüflər olsun ki, son dövrlər televiziya tamaşaları çəkilmir. Hətta deyirlər ki, dünyanın heç bir yerində televiziya tamaşaları yoxdur. Məncə, Azərbaycanda bu cür tamaşalar nəinki uğurla çəkilir, elə o cür də qarşılanırdı. Düz deyirsiniz ki, bu gün gənclər teatra gəlməkdənsə, ekrana yaxın oturmağa üstünlük verirlər. Mənə elə gəlir ki, onların teatra cəlb olunması üçün təbliğat lazımdır. İndi müasir texnika elə inkişaf edib ki, onlar dünyanın hər bir nöqtəsində istər kliplərə, istər filmlərə baxa bilirlər. Görünür bizim də tamaşaları internet vasitəsi ilə yaymaq, cavanlara bu vasitə ilə maraqlandırmaq lazımdır. Belə bir təbliğat olsaydı, gənclər maraqlanar və teatra  gələrdilər. Canlı ünsiyyət tamam başqa şeydir.

- Pedaqoji işə fasilə verməyinizin səbəbi nədir?

-5 ildən çox idi Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində dərs deyirdim. Hal-hazırda vaxtım az olduğuna görə dərs demirəm. Yaşa dolandan sonra əgər lazım bilib məni dəvət etsələr, yenə gedib dərs deyərəm.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. – 2010. – 26 may. – S.8.