Biliyə gedən yol
Bakıda kitab bayramı
keçirildi.
«Kitablar zamanın
dalğalarında hərəkət edən və öz
yükünü nəsildən-nəsilə çatdıran
fikir gəmiləridir». Görkəmli ingilis
yazıçısı Frensis Bekonun vaxtilə dediyi bu fikirlərin
məna dərinliyini anlamaq üçün mayın 26-da
M.Maqomayev adına Dövlət Filarmoniyasının
bağında keçirilən “Kitab Bayramı – 2010”-un
iştirakçısı olmaq kifayət idi. Bakı Mədəniyyət
İdarəsinin təşkilatçılığı ilə
artıq üçüncü ildir keçirilən Kitab
Bayramı “Kitabla dünyanı fəth et!” şüarı
altında təşkil olunub. Mərasimdə Vətən,
ekologiya, tarix, coğrafiya, milli musiqi, mədəni irs və s.
mövzularını əhatə edən 2056 adda 29260 nüsxə
kitabın sərgisi təqdim olunub. Tədbirdə Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı,
Bakı Kartoqrafiya fabriki, M.Seyidzadə adına
kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Kitab klubu,
Bakıda fəaliyyət göstərən “Qlobal Publishing”,
“Nurlar”, “Beşik”, “Şərq-Qərb”, “Xəzər”,
“Çinar-çap” və “Qanun” nəşriyyatlarının
kitablarının sərgi-satışı da təşkil
edilib. Belə ki, burada qonaqlar həm sərgilənən
kitablarla tanış olmaq, həm də bəyəndikləri
kitabları əldə etmək imkanı qazanıblar.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbiri
açaraq kitab sevənləri bu mühüm hadisə
münasibətilə təbrik edib. Ə.Əliyev mərasimi
keçirməkdə əsas məqsədin
əhalinin kitaba marağını artırmaq, yeni nəsildə
kitaba məhəbbət aşılamaq və nəşr olunan
kitabların satışını təşkil etməkdən
ibarət olduğunu bildirib.
“Kitab - xalqın rəmzidir”
– deyə mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva kitabı gələcəyə,
biliyə gedən yol adlandırıb: “Prezident İlham Əliyevin
kitabxanalarımıza göstərdiyi diqqət və
qayğını görməmək qeyri mümkündür. Prezidentimiz
kitabxanalarımıza aid altı sərəncam imzalayıb.
Xüsusi dövlət proqramı hazırlanıb. O proqrama əsasən
latın qrafikası ilə 2 milyon kitab çap olunaraq
bütün kitabxanalarımıza paylanılıb. Rayonlarda
elektron kataloqlar və kitabxanalar yaradılıb”.
MM-in deputatları, Səbayel
rayon İH rəsmiləri və ictimaiyyətin nümayəndələrinin
qatıldığı mərasimdə Bakı şəhər
musiqi məktəbləri və mədəniyyət evlərinin
kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel” və
“Şəms” rəqs qrupları çıxış edərək
bayrama musiqi nömrələri ilə rəngarənglik veriblər.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayev qəzetimizə bildirib ki, Kitab Bayramı respublikanın bütün rayonlarında keçirilib və Bakıda keçirilən mərasimi final tədbiri kimi dəyərləndirmək olar. Əhalinin Kitab Bayramına marağına gəlincə, S.Rzayevin sözlərinə görə, ictimaiyyətin marağı ötən illərə nisbətən bu il daha çoxdur. Belə ki, insanlar təkcə sərgini seyr etmək üçün deyil, həmçinin alış üçün gəlirlər. “Biz daha çox gənclərin axınını gözləyirik”.
Dini-elmi kitabların satış sərgisini keçirən “Qlobal Publishing” nəşriyyatının tərcüməçisi Ülkər Əliyeva və M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının nəzdindəki kitabxana-kitab mağazasının nümayəndəsi əhalinin, xüsusən gənc nəslin sərgiyə marağının artdığını bildirib.
«Beşik» nəşriyyatının nümayəndəsi isə əhalinin sərgiyə marağının çoxaldığını etiraf etsə də, satışın azlığından gileylənib: “Daha çox sərgini seyr edənlər var, nəinki alanlar. Bu cür tədbirlər mütəmadi keçirilsə, məncə bu marağı artırmaq olar”.
Sərgi nümayəndələrinin bəziləri mərasimin bir neçə gün keçirilməsinin və təbliğatının gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların fikrincə, belə tədbirlərin təbliğatına efirdə xüsusi vaxt ayrılmalıdır. “Ola bilər ki, çox adamlar belə bir bayramın keçirilməsindən xəbərsizdir”.
Bayrama
qatılan bəzi insanlar alıcılıq qabiliyyətinin
aşağı olmasını kitabların qiymətinin
qeyri-münasib olması, axtardıqlarını tapa bilməmələri,
çağdaş çapa marağın azalması və s.
ilə əlaqələndiriblər. Bəzi ictimaiyyət
nümayəndələri isə mərasimi əsl bayram əhval
ruhiyyəsi ilə qarşıladıqlarını qeyd ediblər:
“Kitab bayramını ildə bir dəfə yox, bir neçə
dəfə, özü də Bakının bütün
rayonlarında təşkil etmək lazımdır”.
Təranə Məhərrəmova
Kaspi. – 2010. –
27 may. – S.15.