Azərbaycan öz prinsipial
mövqeyindən bir addım da geri çəkilməyib
Prezident İlham Əliryev bildirib ki, Azərbaycanın
prinsipial mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi
erməni tərəfini cidi təşvişə salıb
Mayın 27-də “Buta” sarayında 28 May - Respublika gününə həsr olunan rəsmi qəbul təşkil edilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. 28 May - Respublika gününə həsr olunan rəsmi qəbul Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Prezident İlham Əliyev rəsmi qəbulda çıxış edib. Dövlət başçısı Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edərək, 92 il bundan əvvəl - müsəlman aləmində ilk dəfə olaraq demokratik respublikanın yaranmasını tarixi hadisə kimi səciyyələndirib. Tarixə nəzərə salan dövlət başçısı ötən əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini bildirib və əlavə edib ki, Azərbaycanın o vaxtkı rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyin ilk illəri ağır keçib, ölkənin dövlət müstəqilliyi yenidən ciddi təhlükə ilə üzləşib.
Lakin Azərbaycan xalqı müdriklik nümayiş etdirərək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini tələb etdikdən sonra ölkədə vəziyyət sabitləşib. 1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olub. Məhz, o illər ərzində Azərbaycanda sözün əsl mənasında, müstəqil dövlət qurulub. O illərdə başlanan və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində atılan addımlarını təmin edib. O illər ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyası bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir.
Dövlət başçısı qeyd edib ki, bu gün iqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq. Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün də bütün əməli tədbirlər görülür. Bu gün Azərbaycanda güclənən sahibkarlar sinfi yaranmaqdadır. Ölkədə gedən proseslərin müsbət istiqamətdə inkişaf etdiyini, strateji xəttimizin dəyişməz olaraq qaldığını deyən dövlət başçısı bildirib ki, uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Qarşımızda isə yeni imkanlar, yeni üfüqlər açılır.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və qeyd edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyib. Prezident İlham Əliyev daha sonra erməni separatçılarının bu günlərdə Dağlıq Qarabağda keçirdikləri dırnaqarası seçkilərə dünya dövlətlərinin və beynəlxalq qurumların münasibəti barədə də danışıb. Azərbaycanın prinsipial mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi erməni tərəfini ciddi təşvişə salıb-deyən dövlət başçısı Ermənistanın riyakar siyasətinin vaxtı uzatmağa və beynəlxalq ictimaiyyəti aldatmağa yönəldiyini diqqətə çatdırıb. Ancaq Azərbaycan bütün qüvvələrini münaqişənin sülh yolu ilə həllinə yönəldib. Bununla belə ölkəmiz öz hərbi potensialını da gücləndirməkdə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, müstəqilliyimizin 20 ili sübut edib ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər və yaşayacaqdır. Dövlət başçısı bir daha Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib. Mərasimdə elm, mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət mükafatları təqdim olunub. Tədbir Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Kaspi. – 2010. – 28 may. – S.2.