Əjdərbəy məscidi möhtəşəmliyini daha da artıracaq 

 

Hacı Mirəziz Seyidzadə: «Dindarlar prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir»

 

Bu gün fəxrlə demək olar ki, Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından  dünyaya nümunə göstərilir. Ölkəmizin ərazisində bütün dinlərdən olan şəxslərin yaşayıb fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dini dözümlülük, başqa dinlərə və mədəniyyətlərə, soykökünə hörmət hissi yarandı. Aparılan siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qafqaz Müsəlmanları İdarəsi Elm və təhsil şöbəsinin müdiri, Elmi Dini Şura və Qazilər Şurasının üzvü, fəlsəfə elmləri namizədi Qazi Hacı Mirəziz Seyidzadə ölkə rəhbərliyinin bu istiqamətdəki işlərini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ölkə rəhbərliyi insanların dini etiqad azadlığını əsas tutaraq onların ibarət etməsi üçün hər cür imkanlar yaradır, dini ibadətgah yerləri təmin edilir, yenidən qurulub dindarların istifadəsinə verilir. Elə bu günlərdə də ölkə prezidenti İlham Əliyev Əjdərbəy məscidinin  bərpa işlərinə 3 milyon manat vəsait ayırıb.

- Əlbəttə, prezident İlham Əliyevin Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılması ilə bağlı sərəncamı ruhanilərin, dindar vətəndaşlarımızın böyük sevincinə səbəb olub. Bu məscidin bərpası istiqamətində Qafqaz Müsəlmanları İdarəsi də bir sıra işlər görüb. Təbii ki, genişmiqyaslı təmir-tikinti işlərinin aparılması QMİ-nin maliyyə imkanları xaricindədir. Sərəncamda qeyd olunduğu kimi ötən əsrin əvvəllərində tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikilib istifadəyə verilən bu məscid sözün həqiqi mənasında Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Prezidentin qeyd etdiyi kimi bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınıb və sonradan şəhər sakinləri arasında Əjdərbəy, daha sonra isə el arasında Göy məscid adlandırılıb. Biz ruhanilər ümid edirik ki, Əjdərbəy məscidi cənab prezidentin və ümummilli lider Heydər Əliyevin təmir etdirdiyi və tikdirdiyi digər ibadət ocaqlarımız kimi möhtəşəmliyini daha da artıracaq. 

-Hacı, demək istəyirsiniz ki, bu sərəncam dövlət başçısının digər ibadət ocaqlarının təmir-tikintisi ilə bağlı əvvəllər imzaladığı dövlət sənədlərinin bir növ davamıdır.

- Prezident İlham Əliyev bütün sahələrdə xalqımızın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. Ümummilli lider Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafı və qorunub saxlanılmasında göstərdiyi fədakarlıqları bu gün də davam edir. Onlardan biri də əsaslı yenidənqurma və tikinti işlərindən sonra dindarların istifadəsinə verilən Bibiheybət Ziyarətgah Kompleksidir. Prezident İlham Əliyev İslam dininin Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynadığını və bu gün də dini abidələrimizin bərpa olunduğunu qorunub saxlanılmasını dəfələrlə bəyan edib. Prezident hər zaman vurğulayır ki, bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunmasına, onların bərpasına çox böyük diqqət göstərilir. Bu gün dindarlar prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir. Qətiyyətlə demək olar ki, Təzəpir məscidi və onun həyətində QMİ-yə aid tikilən digər inzibati binalar gözəlliyi ilə ətrafı özünə cəlb edir. Prezident İlham Əliyevin hər dəfə Təzəpir məscidinə gəlişi möminlərin sevincinə səbəb olur. Hər zaman dövlət başçısı məscidə gəlib onun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olması, əlavə tövsiyələr verməsi ruhanilərlə yanaşı, bütün imanlı insanların sevincinə səbəb olur. Burada Qafqaz Müsəlmanlar İdarəsinin və İslam Universiteti üçün inzibati binalar, qonaq evi yerləşir. Üç korpusdan ibarət olan yeni kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikilib. Həmçinin qurbangah, namazgah və yardımçı otaqlar var. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir. Tavan və divar suvaqlar ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdirilib, Qurani-Kərimin ayələrindən yazı nüsxələri, naxışlar, xüsusi dini emblemlər və rəmzlərlə bəzədilib.

-Görülən işlər dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafına nə kimi təsir göstərir?

- Əlbəttə, prezidentin siyasətində dövlət-din münasibətləri təkcə ibadət ocaqlarının tikintisi və bərpası ilə yekunlaşmır. Ümummilli lider Heydər Əliyevin dövründə olduğu kimi bu gün də prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarının da dini bayramları münasibətilə təbrik edir. Digər tərəfdən İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğuların əhatəsində ziyarət edən çox nadir dövlət başçılarındandır. Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Əlbəttə, bu onun dövlət başçısı kimi yüksək əxlaqi tərbiyəyə malik olmasından xəbər verir.

-Hacı, bildiyimiz kimi Azərbaycanda həm də müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan hökumətinin onlara qarşı siyasətini necə qiymətləndirmək olar?

- Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir, desək səhv etmərik. Heç şübhəsiz bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsası Qurani-Kərimə əsaslanmışdır. Bu gün İlham Əliyev bütün bu prinsipləri qoruyaraq mili mənəvi və islami dəyərləri yaşadır.

- Çoxları hesab edir ki, sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi

- Əlbəttə, bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, ermənilərin sabiq dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "İslam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Bütün bunlara baxmayaraq bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.

-Bu məsələdə ümummilli lider Heydər Əliyevin rolunu necə xarakterizə edərdiniz?

- Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Belə ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi. Vaxtilə Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksey 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryəmin Miladı Baş Kilsəsi bərpa olundu.Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər Quba rayonunun "Krasnaya sloboda" qəsəbəsində 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarıldı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökümət nümayəndələri və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirildi. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlərdə həmişə yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi – Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə respublikaya etdiyi tarixi səfərini göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Yeri gəlmişkən, bu yaxınlarda Bakıda keçirilən beynəlxalq tədbirə qatılan erməni katalikosu buradakı erməni kilsəsində də oldu. O, kilsənin hansı şəraitdə saxlanılmasından heyrətini gizlədə bilmədi. Halbuki, ermənilər öz ərazilərində bu siyasəti aparmırlar. Bu bir daha bizim bütün dinlərə olan münasibətimizin göstəricisidir.

 

 

Azər Nuriyev

 

Kaspi. – 2010. – 28 may. – S.5.