İmtahansız da tələbə
olmaq mümkündür
Belə imtiyazı olanlar iyunun 1-dən etibarən Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasında qeydiyyatdan
keçməlidirlər
Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri respublikanın ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyunun 1-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) və ya TQDK-nın Naxçıvan, Gəncə, Quba, Şəki və Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər. Bu barədə mayın 27-də keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Sədrin sözlərinə görə, onların sənədləri yoxlandıqdan müvafiq qərar veriləcək: “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün idman sahəsində Olimpiya, Dünya və Avropa çempionatlarının gənclər və yaşlılar arasında qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının qalibləri, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini təqdim etməlidirlər”.
M.Abbaszadə 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun davam etdirildiyini də deyib: “Abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Ərizə qəbulu ilə bağlı 27 may saat 10:00-a olan statistik məlumata görə, imtahanlarda iştirak etmək üçün 109 min 287 abituriyent elektron ərizəsini doldurub. Ərizələrini təsdiq etdirənlərin sayı isə 103 min 46 nəfərdir. Bu günədək elektron ərizəsini dolduranların 97 min 100 nəfəri Azərbaycan, 12 min 187 nəfəri isə rus bölməsinin abituriyentləridir”. Daşqın bölgəsinə gəlincə, TQDK sədri əlavə Sənəd Qəbulu Komissiyasının yaradılmasına ehtiyac olmadığını deyib: “Həmin regionlardan müraciət olsa, sənəd qəbulunun vaxtı uzadıla bilər. Amma hələ ki bizə belə müraciətlər daxil olmayıb”.
Komissiya sədri xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatın davam etdiyini də deyib: “Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turlarda iştirak etməlidirlər. Müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət İmtahanı Komissiyaları 5 istiqamət – təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman üzrə fəaliyyət göstərir”. Son statistik məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 8666 abituriyent qeydiyyatdan keçib. Onlardan 30 faizi bir neçə komissiyada qeydiyyatdan keçib: “Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən orkestr alətləri, bəstəkarlıq, musiqişünaslıq, Azərbaycan Memarlıq və İnşaat Universitetində dizayn, Naxçıvan Dövlət Universitetində fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı komissiyalarında qeydiyyatdan keçən abituriyentlərin sayı nisbətən azdır. Seçmə turda abituriyentlər ali təhsil müəssisələri ilə yanaşı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə də qeydiyyatdan keçə bilərlər”. Seçmə turların başa çatmasına isə 2 gün qalıb: “Belə ki, seçmə turların keçirilməsi məqsədi ilə yaradılmış Qabiliyyət İmtahanı Komissiyaları 29-31 may tarixlərində fəaliyyət göstərəcəklər. 28 may tarixində keçirilməsi nəzərdə tutulan seçmə turlar həmin gün qeyri-iş günü olduğuna görə 29 may tarixində keçiriləcək”.
Komissiya sədri TQDK-nın Testlər bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə aprel və may aylarında respublikanın bir sıra bölgələrində aparılan Pretest imtahanların başa çatdığını da deyib. Pretest imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax, Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR–in orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin (XI sinif) şagirdləri arasında riyaziyyat və Azərbaycan dili fənləri üzrə aparılıb. Riyaziyyat fənni üzrə keçirilən imtahanlarda 15302, Azərbaycan dili fənni üzrə keçirilən imtahanlarda isə 16940 şagird, ümumilikdə 32242 nəfər iştirak edib: “İmtahanda hər birində 30 test tapşırığı olmaqla 16 variantdan ibarət sual kitabçasından istifadə edilib. İmtahanın keçirilmə müddəti Azərbaycan dili fənnindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 60 dəqiqə olub. Bu imtahanların keçirilməsi TQDK tərəfindən tərtib edilmiş test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan verir və gələcəkdə imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində vacib rol oynayacaq”.
Həqiqət
Kaspi. -2010. – 28 may. – S.6.