«Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi şərəf və ləyaqət tariximizdir»
Milli Məclisin ixtisasca tarixçi olan deputatı Fəzail
İbrahimli cümhuriyyətin 23 aylıq dövrdə 23 ilə
sığan işlər gördüyünü
düşünür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ili tamam olur. Bütün ölkə tariximizin bu şərəfli səhifəsini bayram edir. Şərqdə ilk dəfə demokratik respublika quran cümhuriyyətin qurucuları hörmətlə anılır. Milli Məclisin ixtisasca tarixçi olan deputatı Fəzail İbrahimli Azərbaycan Xalq Cümhuriyyətini tariximizdə müstəsna rolu olduğunu düşünür:
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Azərbaycanın şərəf və ləyaqət tarixidir. O vaxt tarix məsələni belə qoymuşdu: Ya ayağa qalxıb bir millət kimi öz varlığını təsdiq etmək və dünya dövlətləri sırasına qoşulmaq, ya da çəkilib kənarda durub Azərbaycanın bölüşdürülməsinə şahidlik etmək. Birinci yol millətin xilas yolu idi. İkinci yol isə millətin məhv olmasına gedən yolun başlanğıcı idi. Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar birinci yolu seçdilər. Onlar Azərbaycan xalqının milli istiqlalı yolunda ayağa qalxdılar, dövlətçiliyi yaratdılar. Azərbaycan dövlətinin demokratik cümhuriyyət kimi fəaliyyət göstərməsi yolunu seçdilər. Bu yolla onlar Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdilər. Həmin vaxt Azərbaycan yüz ildən artıq idi ki, Çar Rusiyasının müstəmləkəsi altında idi. Özü də Azərbaycan Rusiyanın tabeçiliyinə vahid dövlət kimi deyil, ayrı-ayrı xanlıqlar kimi daxil olmuşdu. Buna baxmayaraq, müstəmləkə illərində Azərbaycan Rusiyanın «mədəsində» ərimədi. Əksinə, bu illər ərzində bütövləşdi. Həmin vaxt Xalq Cümhuriyyətinin qurucuları birdən-birə ciddi bir baza olmadan Azərbaycan dövlətinin yaradıldığını elan etdilər. Özü də müsəlman, şərq və türk dünyasında ilk dəfə olaraq demokratik dəyərlərə üz tutdular. Məhz bu dövlətin 23 aylıq fəaliyyəti dövründə millət üçün böyük işlər görüldü. Mən deyərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti ərzində 23 ilə sığacaq işlər gördü.
- Bəs Azərbaycan Xalq Cümhuriyyətinin bu qədər tez süqut etməsini nə ilə əlaqələndirirsiniz?
- Təbii ki
bu, tarixi şəraitlə bağlı idi. Bəziləri səhvən
Azərbaycan Xalq Cümhuriyyətində tez-tez baş verən
hökumət dəyişikliklərini süquta aparan yol kimi
göstərirlər. Amma bu, doğru deyil. O vaxt
dünyanın siyasi mənzərəsini ABŞ müəyyən
edirdi. Paris Sülh
Konfransına da məhz ABŞ prezidenti Vilson rəhbərlik
edirdi. Onun 14 sülh prinsipi adlanan proqramı var idi. Həmin
proqrama daxil olmayan dövlətlərin taleyi qeyri-müəyyən
qalırdı. Həmin proqrama Polşa və Litvanın
adı daxil idi. Amma Cənubi Qafqazda yeni yaranan müstəqil
dövlətlər, o cümlədən Azərbaycan Xalq
Cümhuriyyəti Vilsonun proqramına daxil ola bilməmişdi.
Cənubi Qafqazda yaradılmış 3 müstəqil dövlət
sanki qeyri-qanuni dünyaya gəlmiş uşağa bənzəyirdi.
1919-cu ildə Paris Sülh Konfransında iştirak edən Azərbaycan
nümayəndə heyətini qəbul edərkən ABŞ
prezidenti Vilson açıq şəkildə demişdi ki,
konfrans dünyanı kiçik dövlətlərə
bölmək üçün çağırılmayıb.
Digər tərəfdən, həmin vaxt Avropa dövlətləri
bölünməz və vahid Rusiya istəyirdilər. Onlar
bölünməz və vahid Rusiyanı Kolçakın
timsalında görürdülər. Əgər o vaxt
Kolçak hakimiyyətə gəlsəydi, Avropa Rusiyanın
bölünməsinə razı olmayacaqdı. Nəticədə
Azərbaycan yenə də Rusiyanın tərkibində
qalacaqdı. Həmin vaxtda fəal olan bolşeviklər də
Azərbaycana yaxşı perspektiv vəd etmirdilər. Onlar
Çar Rusiyasının keçmiş sərhədlərini
bərpa etmək niyyətində idilər. Hər iki halda
müstəqil Azərbaycanın taleyini qəribə bir təzad
gözləyirdi. Avropanın ayrı-ayrı dövlətlərinin
də yaranmış vəziyyətdə öz maraqları var
idi. Həmin vaxt Rusiya Fransadan böyük miqdarda borc
götürmüşdü. Ona görə də Fransa istəmirdi
ki, Rusiya dağılsın və bölünsün.
Çünki belə olan təqdirdə borcu geri almaq
mümkün olmayacaqdı. Digər tərəfdən, Fransa
qonşuluğunda Almaniya kimi dalaşqan bir dövlətin
olduğunu yaddan çıxarmırdı. Fransızlar
düşünürdülər ki, gələcəkdə
Almaniyanın qarşısında durmaq üçün
güclü və bölünməz Rusiyaya ehtiyac olacaq.
Sonradan tarix fransızların düşüncələrini təsdiqlədi.
İkinci Dünya müharibəsi zamanı Almaniyanın
qarşısını yalnız SSRİ ala bildi. Azərbaycan
Xalq Cümhuriyyətinin mövcudluğu illərinə
qayıtsaq, o vaxt Avropa dövlətləri problemləri
hüquq və ədalət çərçivəsində
deyil, sadəcə olaraq öz maraqlarına uyğun həll
etdilər. Birinci Dünya müharibəsinin gedişində
«Üçlər ittifaqı»ndan ayrılıb Antantaya
qoşulan İtaliyanın «ağzına» nəsə atmaq
lazım idi. Paris Sülh Konfransının qərarına əsasən
bu, Azərbaycan oldu. Amma İtaliyada hakimiyyətə gələn
yeni qüvvələr bundan imtina etdilər. Deyir
“zalımın başı qarışanda məzlum öz
bildiyini edər”. Həmin vaxt Rusiyanın başı vətəndaş
müharibəsinə qarışmışdı. Bundan istifadə
edən Azərbaycan, Gürcüstan və Ermənistan da
müstəqilliklərini elan etdilər. Rusiyadakı vətəndaş
müharibəsi başa çatdıqdan sonra bolşeviklər
Azərbaycanı tutmaq qərarına gəldilər.
Çünki yeni yaranmış bolşevik Rusiyasının
taleyi iqtisadi amillərdən asılı idi. Burada Bakı
nefti həlledici rol oynayırdı. Ona görə də
zalım özünə gələn kimi məzlumun
hüquqlarını əlindən aldı. Azərbaycan
işğal olundu, Xalq Cümhuriyyəti süqut etdi.
- Fəaliyyətdə
olduğu illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin
atdığı ən önəmli addımlar kimi nələri
qeyd edərdiniz?
- Mən 23 aylıq fəaliyyəti
dövründə Xalq Cümhuriyyətinin elə bir önəmsiz
addımı olmayıb. Qəbul edilən bütün qərarlar
o vaxt üçün önəmli idi. Qısa müddət ərzində
çox böyük işlər görülüb. Azərbaycanın
bütün dövlətçilik atributları
yaradıldı. Xalq maarifi, səhiyyə islahatları
aparıldı. Ölkənin sərhədləri müəyyən
olundu. Milli Şura yaradıldı. Özü də bunlar
çox çətin bir şəraitdə edildi. Həmin
dövrdə Azərbaycan Tomsonun rəhbərlik etdiyi ingilis
qoşunlarının hakimiyyəti altındaydı. Onlar Azərbaycana
girəndə Üzeyir Hacıbəyovun dili ilə desək «vəhşi
ovçu» kimi hərəkət edirdilər. O vaxt Tomson bəyan
etmişdi ki, Azərbaycanda heç bir hakimiyyəti
tanımır. O deyirdi ki, Xalq Cümhuriyyəti bir qrup Azərbaycan
ziyalısının və türk intriqantlarının
dövlətidir. Cəmi 3 aydan sonra ingilis generalı öz
mövqeyini dəyişdi. O bəyan etməyə məcbur
oldu ki, Azərbaycandakı hakimiyyətini tanıyır və
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət
qanunidir. Bax bu, ağılın siyasətdən yüksəkdə
durması idi. Mən bu baxımdan iddia edirəm ki, Azərbaycan
Xalq Cümhuriyyətinin tarixi bizim şərəf və ləyaqət,
dövlətçiliyimizin bərpası tarixidir. Bu, millətin
özünə qayıdışı idi. O vaxt həm də
bugünkü müstəqil Azərbaycan dövlətinin
taleyi həll olundu. Bir anlığa Azərbaycan tamamilə
bölünmək təhlükəsi qarşısında
qalmışdı. Torpaqlarımız Rusiya, Gürcüstan və
Ermənistan arasında bölünə bilərdi. Azərbaycan
isə kiçik bir quberniya formasında qala bilərdi. Belə
olsaydı, Azərbaycan bolşevik Rusiyasının tərkibinə
də kiçik bir quberniya kimi daxil olacaqdı. Belə
olsaydı, biz SSRİ dağılanda özümüzü
müstəqil respublika elan edə bilməyəcəkdik. Yəni
bugünkü müstəqil Azərbaycanın siyasi taleyi o
vaxt həll olunmuşdu.
- Fəzail müəllim, bəzən
Azərbaycan Xalq Cümhuriyyətini yaradan qüvvələr
arasında fikir ayrılıqlarının olması da mənfi
məqam kimi önə çəkilir. Bu barədə siz nə
düşünürsünüz?
- Bəli o vaxt müəyyən
fikir ayrılıqları var idi. Amma bu nə var-dövlət
üstündə idi, nə də vəzifə. O vaxt hakimiyyətdəki
əsas partiya Müsavat olsa da, bitərəf Əlimərdan bəy
topçubaşovu ölkədə olmaya-olmaya parlamentin sədri
seçdilər. Məncə bu cür əxlaq sahiblərinin
arasında mənafe bölgüsü ola bilməzdi.
İkincisi, xatırlamaq istəyirəm ki, o vaxt Xalq
Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Yusifbəyli
Gəncədə yaşayan atasına məktub yazıb ondan
maddi yardım istəyirdi. O vaxt siyasətdə olan qüvvələr
arasında münasibətlər o səviyyədə idi ki,
çoxlu sayda Avropada təhsil almış, Rusiya elitası ilə
təmasda olan siyasətçilər olduğu halda, ali təhsili
olmayan Məmməd Əmin Rəsulzadəni Milli
Şuranın sədri seçmişdilər. Yəni bu
cür əxlaq sahiblərinin arasındakı mübahisələr
yalnız Azərbaycanı daha yaxşı idarə etməklə
bağlı idi.
İlham Quliyev
Kaspi. – 2010. – 28 may. – S.8.