Həyatın sınağa çəkdiyi insan 

 

Xalq rəssamı Oqtay Sadıqzadə 90 illik ömür yolunu "Kaspi"yə vərəqləyir

 

"Gələn il 90 yaşım tamam olur. Amma xatirələrim o qədər də xoşbəxt deyil. Həyat məni sərtliklə sınağa çəkib. Bu sınaqdan üzüağ çıxmışam. Sınmamışam, əyilməmişəm. Ömür yolumu gözlərim önünə gətirəndə xoşbəxt olmayan xatirələrlə yanaşı qürur duyulası anlar da yadıma düşür"- deyə Xalq rəssamı Oqtay Sadıqzadə 90 illik ömür yolunu "Kaspi"yə vərəqləyir.

 

 

Xoşbəxt olmayan xatirələr

 

 - Mən yazıçı Seyid Hüseynlə şairə Umgülsüm xanımın ailəsində anadan olmuşam. Atam müasir Azərbaycan dilinin əsasını qoyanlardan biri olub. Onun dil, qadın azadlığı, sosial həyat, milli məsələlər barəsində çoxlu məqalələri var.

Atam məqalələrini Azərbaycan dilində yazırdı. O, 20-ci ilə qədər "Qurtuluş" qəzetini, daha sonra jurnal nəşr etdirmiş, sonra müflis olduğu üçün nəşri dayandırmışdı.

Sovet hakimiyyəti qurulanda Seyid Hüseyn Bakıdan Xızıya gedərək müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Ermənilər əmimi Qarabağda öldürdükləri üçün yenidən Bakıya qayıtmağa məcbur olan atam 1921-ci ildə həbs olunub. Bir müddət həbsdə yatdıqdan sonra Ruhulla Axundovun köməyi ilə azadlığa buraxılıb. Üç aydan sonra yenidən topçubaşov, Nərimanbəyov kimi müsavatçılarla birlikdə "millətçi" ideyalarına görə həbs olunan zaman onların dilindən: "Sovetlər əleyhinə fəaliyyətdə olmayacağımıza söz veririk" - yazılı kağız aldıqdan sonra azadlığa buraxılıblar. Atam bu hadisələrdən sonra publisistik və ədəbi fəaliyyətini daha da genişləndirib.

1934-cü ildə latın əlifbasından rus əlifbasına keçid prosesi ərəfəsində keçirilən müzakirələrdə Seyid Hüseyn və Müşfiq fəal iştirak edirdi. Atam bütün günü işlədiyi üçün onu çox az görürdük. O, üç ailə saxlayırdı. Məmməd Əmin Rəsulzadə xalamın yoldaşı, həm də anamın əmisi oğlu idi. Atam həm onların ailəsinə, həm də bibimgilə kömək edirdi. Ona görə də bir neçə yerdə işləyirdi. Atam o zaman həm Akademiyanın filialında çalışır, həm də "Azərnəşr"də redaktor işləyirdi. Yazıçılar İttifaqında müəyyən vəzifəsi vardı. Onlar o vaxt xalqa pulsuz xidmət etməyi özlərinə borc hesab edirdilər.

 

 

"Xalq düşməni"

 

1936-cı ildə xalqın qabaqcıl ziyalıları "xalq düşməni" adı ilə damğalanaraq həbs olunmağa başlayır. Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşviq, Böyükağa Talıblı, Tağı Şahbazi, Seyid Hüseyn kimi ziyalılar həbslərini anlaşılmazlıq kimi başa düşərək müvəqqəti sayır, nə vaxtsa buraxılacaqlarına ümid edirdilər.

Repressiya illərinin amansız küləyi Seyid Hüseynin də qapısını döyür. Əvvəlcə özü, daha sonra həyat yoldaşı, şairə Umgülsüm xalq düşməni kimi həbs olunur.

"O vaxt mənim 16 yaşım vardı. Valideynlərimin ikisi də 1937-ci ildə tutuldu. Atam Seyid Hüseyn güllələndi, anam Umgülsüm isə Şimala - Mordva vilayətinə sürgün olundu" - deyə Oqtay Sadıqzadə yaddaşında həmişə oyaq, fəqət canlı olduğu qədər də xoşbəxt olmayan xatirələrini dilə gətirir:

- O vaxt xalamgilin bağlarında qonaq idim. Xalamın böyük oğlu Rəsulu bağda olarkən tutdular və üç gündən sonra güllələdilər. Eyni gündə də öz bağımızda atamı tutmuşdular. Atamı ya millətçi, ya da Məmməd Əminin qohumu olduğuna görə həbs etdilər. Mən onda rəssamlıq məktəbində oxuyurdum. Atam həbs olunandan sonra xalq düşməninin ailəsi kimi övladlarının yaşamadığı acılar qalmadı. Həm iş, həm də oxumağımızla bağlı çox əzab-əziyyətlər çəkdik. Məni Rəssamlıq Məktəbindən qovdular. O vaxt müəyyən adamlar həbs olunanda rəsmi surətdə işlədikləri və oxuduqları yerlərə xəbər verməli idilər. Bibim oğlunu da tutmuşdular. Məni bu barədə rəsmi məlumat yazıb, məktəbə təqdim etməyə məcbur elədilər. Ərizəni yazandan sonra məktəbin direktoru İsmayıl Axundov məni çağırıb: "Atanı-ananı tutdular, indi də gəlib səni tutsalar, gərək mən cavab verəm. Səni istəyirəmsə, özümü səndən çox istəyirəm. Sabahdan dərsə gəlmə" - dedi. Mən məktəbə bərpa olunmağım haqqında bir neçə dəfə Mədəniyyət İdarəsinə ərizə ilə müraciət elədim. Bir gün komissiya təqdim olunan ərizələrə baxmaq üçün vaxt təyin elədi. Onda komissiyaya rəhbərliyi Ruhulla Axundov edəcəkdi. Həmin gün Ruhulla Axundovun tutulduğunu eşitdik. Sonra idarəyə Davud Rəsulzadəni rəhbər təyin etdilər. O da ərizələrə baxmaq üçün vaxt müəyyənləşdirdi. Həmin gün onu da tutdular. Sonra Mirzə İbrahimov bizə kömək elədi və bizi məktəbə bərpa elədilər. Üzeyir bəy də həmin komissiyanın üzvü idi. Hər yerdə çətinlik idi. Ancaq sonra da bizimlə işləməyə qorxurdular. Qara buludlar ailəmizin başı üzərindən çəkilmədi. Anam Umgülsümü də Seyid Hüseynin həyat yoldaşı və Məmməd Əminin qohumu olduğu üçün həbs etdilər. Onun həbsində həmçinin bolşeviklər əleyhinə yazdığı şeirlərin də rolu vardı. Anamın yazdığı "Bayrağımız enərkən" şeri o zaman çox yayılmışdı. Müşfiqin yoldaşı Dilbəri də tutmuşdular. O mənim anamla bir kamerada saxlanırdı. Sonra ruhi xəstə olduğu üçün onu azad etdilər".

 

 

Bir nəslin 13 itkisi

 

Acılar yenə də bitmədi. 1941-ci ildə 20 yaşlı Oqtayı həbs edərək sürgünə göndərdilər. "Təsəvvür edin, gənc bir adam necə bir dəhşətli şəraitə düşdü" - deyə O.Sadıqzadə yaşadığı acıları xatırlayır:

- Altay ölkəsindəki soyuqlar 50 dərəcəyə çatırdı. Yeri qazaraq üstünü örtüb orada yaşayırdıq. Heç bir istilik yox idi. Səhər yuxudan duranda divarların ağappaq don tutduğunu görürdük. Bir qazmada 250 adam yerləşdirirdilər. Səhərlər necə işləyirdiksə, axşamlar da pal-paltarla o cür yatırdıq. Düz 5 il belə şəraitdə yaşadıq və get-gedə hər şeyə öyrəşdik. İlk üç il təkcə mənim üçün yox, bütün dustaqlar üçün dəhşətli keçdi. Ancaq sən demə, dəhşətlərə də alışmaq olurmuş. İşlədiyimiz təhqiramiz yerlərə, həddən artıq natəmiz şəraitə alışa-alışa yaşayırdıq. O şəraitdə insan özünü, daxilini göstərir. İnsan çətin vəziyyətdə olanda imtahandan keçir. Orada bizim kimi dustaqlardan başqa, cinayətkarlar da var idi. Onlarla bir yerdə idik. Nə qədər qəribə səslənsə də, onların da arasında cürbəcür insanlar var idi. Onlarla dil tapmaq lazım idi.

"Cəbhədə olmaq, belə natəmiz şəraitdə qalmaqdan daha yaxşıdır" - deyə fikirləşib müharibəyə könüllü getmək üçün ərizə yazdım. Ancaq tərcümeyi-halımda "xalq düşməni" damğası olduğu üçün Mandat Komissiyası: "İstəyirsən cəbhəyə gedib almanların tərəfinə qaçasan?" - deyə cəbhəyə getməyimə icazə vermədi. Arabir anamdan məktub alırdım. Atamdan isə heç bir soraq çıxmadı. Sonradan məni rəssamlıq sənətim xilas elədi. 1944-cü ildə rəssamlıq sənəti sovet dövlətinin təbliğat vasitələrindən birinə çevrilmişdi. Şüarlar yazmaq, Stalinin portretlərini işləmək lazım idi. Həmin şəhərdə də yeganə rəssam mən idim. Ona görə məni rəssam kimi işə götürüb emalatxana da verdilər. Şəraitim o birilərinə nisbətən yaxşılaşdı. Daha səhər saat 5-də durub yer qazmağa getmirdim. Amma həddindən artıq çox işləyirdim. Cüzi maaş da verirdilər. Rəssamlar İttifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərə məktub yazaraq, qayıtmağım haqqında xahiş etdi. "O bizə lazımdır" - deyə Mürsəl Nəcəfov yazmışdı. Mən yoxsa hələ də orada qala bilərdim. O məktubun mənə böyük köməyi oldu.

1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım. Evimizi möhürləyib hökumətə vermişdilər. Həmin evin aşağısında bibimgil olurdu. Mən bir il gözləyəndən sonra heç bir xəbər-ətər çıxmadığını görüb, həmin möhürü açdım. Əlimdə sənətim vardı. Orda-burda işləyib az-çox qazanırdım. O biri uşaqlar isə məndən kiçik idi. Evdə özümdən kiçik iki qardaşım, bir bacım vardı. Kiçik qardaşım Cığatayı da xalq düşməninin oğlu kimi həbs etmişdilər. O, işçi batalyonundan xəstə qayıtdığı üçün vəfat etdi. Beləliklə, bizim nəsildən 13 nəfər repressiyanın qurbanı oldu.

Anası Umgülsümü də görmək O.Sadıqzadəyə qismət olmur. Çünki anası qayıdıb gələndən üç ay sonra dünyasını dəyişmişdi. Umgülsüm çox ağır vəziyyətdə qayıtmışdı. Onu Bakıda yaşamağa da qoymamış, Şamaxıya göndərmişdilər. O.Sadıqzadə anasının ölümündən yalnız qayıdandan sonra xəbər tutur: "Atamın ölümü haqqında isə üç müxtəlif versiya söyləyirlər. Moskvadan alınan rəsmi məlumatda 1939-cu ildə güllələnməsi haqqında məlumat verilir. Digər bir məlumatda onların bəzisinin Bakıda, Qum adasında güllələndiyi bildirilir. Sənədlərin birində isə guya onların ürək xəstəliyindən, öz əcəlləri ilə vəfat etməsi yazılıb".

Repressiya illərinin sərt küləkləri sakitləşib, ölkədəki siyasi vəziyyət dəyişəndən sonra bir çoxları kimi Seyid Hüseyn və Umgülsüm xanım da bəraət aldı. Ancaq nə acılar ki, bu bəraət digər repressiya qurbanları kimi onların da taleyini dəyişmədi...

 

 

Sibir məktəbi

 

"Müharibə qurtarandan sonra Bakıya qayıtdım. Bibim qızı bizi himayəsinə götürdü" - deyə Oqtay Sadıqzadə xatırlayır: - İçərişəhərdəki evimizi möhürləyib hökumətə vermişdilər. Bir il gözləyəndən sonra heç bir xəbər-ətər çıxmadığını görüb, həmin möhürü açdım.

Sürgündən qayıdandan sonra işləməli, ailə saxlamalı idim. Evdə iki qardaşım, bir bacım var idi. Onlar məndən kiçik idi. Qardaşımın biri də rəssam idi. O, heç də məndən pis işləmirdi. Kiçik qardaşım Cığatayı da xalq düşməninin oğlu kimi tutmuşdular. O, işçi batalyonundan qayıdandan sonra vəfat elədi. İşçi batalyonu elə yer idi ki, oradan qayıdandan sonra adamlar tab gətirmirdi. Hüseyn Cavidin oğlu Ərtoğrul da İşçi batalyonundan xəstə qayıtmışdı. O da qayıdandan dörd gün sonra vəfat etdi.

Mən rəssamlıq sənətimlə əlaqədar orda-burda işləməyə başladım. Kitab sahəsində işlədim. Daha sonra qrafika ilə məşğul oldum. Bütün bunları Sibirdə öyrənmişdim. Sibir mənim üçün məktəb oldu. Mən Akademiyaya daxil olmağa hazırlaşırdım, amma Sibir məktəbini keçdim. Orada çox dəhşətli şeylər - cürbəcür insanlar, cürbəcür münasibətlər gördüm. Bunlar mənimçün həyat dərsləri idi".

Oqtay Sadıqzadə gələn il 90 illik yubileyini qeyd etməyə hazırlaşır. Səhhəti üzündən iki aydır ki, emalatxanasında ürəyi istəydiyi kimi məşğul ola bilməsə də milli rəssamlıq tariximizə qızıl hərflərlə yazılacaq əsərlərin müllifidir. Həyatın sərtliklə sınağa çəkdiyi rəssam "Əsas odur ki, sənətim mənə yaşamağımın məqsədini, sənətimin ideyasını və gözəlliyi tərənnüm etməyi öyrədib" deyə nikbinliklə bildirir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. – 28 may. – S.13.