“Başa düşülməkdən çox hiss
olunmağımı xoşlayıram”
Tanınmış rəssam Mehriban Əfəndi beynəlxalq
müsabiqədə 1-ci yerə layiq görülüb
Bu yaxınlarda Bolqarıstanda Beynəlxalq “Radiance”
müsabiqəsi keçirilib. “Free Institute of Intercultural Ex and Education”
(Müstəqil beynəlxalq əlaqələr və təhsil
institutu) və “FIIEE – MASTER GROUP”un rəhbərliyi və təşkilatçılığı
ilə keçirilən müsabiqədə 22 ölkə və
123 rəssam iştirak edib.
Tanınmış rəssam Mehriban Əfəndi müsabiqədə 1-ci yerə layiq görülüb.
Daxili təhtəlşüurun məhsulu
-
Necə oldu ki, bu müsabiqəyə dəvət
aldınız?
- Beynəlxalq
“Radiance” müsabiqəsinə yay aylarında dəvət
aldım. Bu, artıq onların keçirdiyi sayca 7-ci müsabiqədir. Onlar mənə «Sənin əsərlərin
çox maraqlıdır» - deyə dəvətnamə göndərdilər.
Müsabiqənin mövzusu” “Xalqının qədim
kodları” idi. Müsadiqənin şərtlərinə
görə hər bir rəssam müsabiqəyə 3 əsər
göndərməli idi. Mən də
mətnə görə 3 işimi – «Gecənin
mistikası», «İmpressiya», «Yaz təranələri» əsərlərimi
göndərdim. Oktyabrın 15-də məlum oldu ki, 123 ölkənin
içərisində 5 ölkə – Rumıniya, İtaliya,
Tayland, Moldova və Azərbaycan nominant seçilib.
Oktyabrın 26-da müsabiqənin qalibi olmağım
haqqında mənə sertifikat göndərildi. Onlar özləri
də saytlarda yaydılar ki, müsabiqənin qalibi Azərbaycan
rəssamı Mehriban Əfəndidir.
- Gərək ki, bir
neçə ay əvvəl Portuqaliyada «Sürrealizm bu gün»
müsabiqəsində iştirak etmişdiniz.
- May ayında
Portuqaliyada Bissaya Baretto Fondunun təşkilatçılığı
və sponsorluğu ilə “Beynəlxalq sürrealizm bu gün”
adlı sərgi açıldı. İnternet saytımda əsərlərimi
görən tanınmış portuqaliyalı rəssam, sərginin
kuratoru Santyago Ribero məni sərgiyə dəvət etdi və
bildirdi ki, sizin əsərləriniz özünəməxsusluğu,
xüsusi rəng çalarları və qeyri-adiliyi ilə
seçilir. Bu mötəbər sərgidə 31 ölkədən
56 müasir sürrealist rəssamın əsəri
nümayiş olunurdu. Fondun iki il ərzində keçirdiyi tədqiqatının
nəticəsi olaraq əvvəlcə 55 rəssam sərgiyə
qatılıb. Mən bu sərgidə iştirakımla
56-cı rəssam kimi 31-ci ölkəni təmsil etdim. Beləliklə, «31 ölkə, 56 rəssam, 56 əsər»
başlığı altında çox maraqlı bir sərginin
iştirakçısı oldum. İndiyə qədər də
Portuqaliyanın KİV-ində həmin sərgini
işıqlandırırlar. Mən «Muğam» əsərimi sərgiyə
göndərdim. Bu sərgidə isə hər bir rəssam
yalnız bir əsəri ilə çıxış etməli
idi. Həmin sərgidə dünyanın çox məşhur
sürrealist rəssamları çıxış edirdi. O rəssamlar
özlərinə kolleksiya toplayaraq kiçik bir yaddaş
muzeyi yaradıblar. Çünki indiki dövrdəki peşəkar
sürrealist rəssamların əsərləri də gələcəyə
qalmalıdır. Tədbirin nəticəsi
kimi mənə əsərimlə bərabər kataloq göndərildi.
Bundan əlavə, mən
bir çox beynəlxalq layihələrdə iştirak
etmişəm. Artıq beynəlxalq rəssam kimi
tanınıram. 2003-cü ildə Avstraliyada kompyuter rəssamlarının
qatıldığı «Kibernetika stolumuza» adlı beynəlxalq
sərgidə iştirak
etmişəm. Sərginin kuratoru “sənin əsərlərin
o qədər maraqlıdır ki, biz bunu kompyuterlə edə
bilmirik. Çox istərdik ki, sən bizimlə işləyəsən
və adın bizimlə çıxsın” deyə mənə
dəvət göndərdi. Məni
həmin sərgidə iştirak edən rəssamların
onluğuna salmışdılar. Onların doqquzu kompyuterlə
işləyən rəssamlar idi. Bu, mənim üçün
böyük nailiyyət idi. Çünki kompyuterdə işləyən
rəssamlar artıq hesab edirlər ki, əllə işləyən
klassik rəssamlar geridə qalıb və onlar maraqlı ola
bilməzlər.
- Bu gün sürrealizmi necə qəbul edirlər? Axı
Salvador Dalini də zamanında qəbul etmirdilər?
- Vaxtilə rəssamlıq məktəbində
oxuyanda özüm də belə bir münasibəti hiss edirdim. Bir çox rəssamlar
klassik formadan kənara çıxmağa
qoymurdular. Bu gün də bu, mübahisəli məsələdir. İndiyə kimi deyirlər ki, bunlar klassikanı
dağıdırlar. Ancaq
Salvador Dali özü deyib
ki, klassikanı bilməyən, incəsənətin
qanunlarını dəqiqliklə
tədqiqat etməyi bacarmayan rəssam peşəkar baxımdan sürrealist ola
bilməz. Bu bir
növ notu bilməyən adamın musiqi ilə məşğul olmasına
bənzəyir. Elə qanunlar
var ki, mütləq
rəssam onları bilməlidir. Elə bir
dövr oldu ki, fotoqraflar meydana gəldi və onların yaradıcılığı ilə
klassik rəssamların
yaradıcılığına qarşı bir mübarizə forması yarandı. Renessans dövrünün rəssamları dəqiq portret yaradır və realizmi göstərirdilər. Ancaq fotoqrafların
meydana gəlməsi ilə bu maraq
azalmağa başladı.
Fotoqrafiya yüksəldikcə artıq rəssamlığa
olan tələbat da azaldı. «Bizim etdiyimizi
bunlar da edir» deyə rəssamlar özləri işləməməyə başladılar.
Rəssamlar da artıq yenilik istəyirdilər.
Ümumiyyətlə, rəssam həmişə
yenilik axtarmalıdır.
Sürrealizm fantaziyanın daha
da inkişafına kömək edir. Bu, imkan verir
ki, rəssam öz gördüyünü,
istədiyini çəkə
bilsin. Sürrealizm daxili təhtəlşüurun
bir məhsuludur.
Bir var öz dünyanı
çəkəsən, bir
də var, bir tabloda istədiyini
daha geniş formada göstərə biləsən.
Qeyri-adi hisslər
- Bu gün necə yenə də fotoqrafiyanın inkişafı rəssamlığın
ayrı-ayrı janrlarına
mane olurmu?
- İndi fotoqraflar çox maraqlı proyektlər edə bilirlər. Baxanda ayırd etməyə
çətinlik çəkirsən
ki, burada texnika rol oynayıb,
yoxsa rəssamlıq işidir. Ancaq mənə elə
gəlir ki, bütün hallarda bugünkü rəssamlıq
da öz sözünü deyir.
Eyni zamanda, fotoqraf da çalışır ki, o bu sahədə
qeyri-adi işlər etsin. Bu baxımdan
inkişaf da gedir. Heç bir sənət
adamı istəməz
ki, keçmişdəkini
təkrar etsin. Öz yolunu tapan, yeni üslublar
işlədən, yenilik
gətirənlər daha
maraqlı insanlara çevrilirlər.
- Əsərlərinizi hamı başa düşürmü?
- Yox, başa
düşmürlər. Mən
həmçinin başa
düşülməkdən çox hiss olunmağımı
xoşlayıram. Mənim
Amerikada, Hollandiyada, eləcə də Azərbaycanda fərdi sərgilərim olub. Xoşuma gələn o olub ki, «Bu nədir?» - deyə
suallar veriblər. Onların müsbət enerjini hiss edib təəssürat altına
düşmələri mənim
xoşuma gəlirdi.
Hiss edirəm ki, həmişə çəkdiklərimlə
insanlara enerji aşılayıram. Təkcə
sərgilərim deyil, həm
də əsərlərimin
onlarda olan kompyuter variantları onlara güclü enerji verir. Bunu onlar
özləri də mənə dəfələrlə
deyiblər. Çalışıram əsərlərim vasitəsilə
tamaşaçılarıma gözəl enerji bəxş edim. Amerikalı menecerim Tauni Qriner kataloqumu
Montana ştatının Biq
Fork şəhərində “Spiritual center”
ekstrahisslər mərkəzinin
direktoru Stivə göstərəndə, o, heyrətə
gələrək deyib
ki, bizim 200-dən çox üzvümüz
var, onların heç birində belə enerjiyə rast gəlməmişəm.
Bu təəssüratdan sonra onlar məni
Amerikaya dəvət edib fərdi sərgimi açdılar.
Sərgi
iştirakçıları etiraf edirdilər ki, əsərləriniz xüsusi enerji daşıyıcısıdır. Sərgidə onlar əsərlərin
surətlərini alıb
gedirdilər. Çünki bilirdilər ki, bunlar qeyri-adi işlərdir. Əsərlərimin əsas çatdırıcı
informasiyası odur ki, bizim hamımıza
tək olan Allah tərəfindən verilən
qəlb, ruh var. Biz onu həmişə yüksəkdə saxlamalı,
pozitiv düşüncələrlə
tərbiyə etməliyik.
Biz əgər gözəl fikirlərlə
yaşasaq, yalnız gözəl enerji alacağıq və ətrafa da bunu yayacağıq.
Rənglərin sirri
- Siz Moskvada animasiya
kurslarını bitirmisiniz. Bu sahə
üzrə çalışmısınızmı?
- Mən Moskvada
«Soyuzmultfilm»in animasiya kurslarını bitirmişəm və
bir müddət cizgi filmlərində
çalışmışam. Ancaq mən animasiyanın
çərçivələrinə sığan bir rəssam
olmamışam. Mən sənət
baxımından azad bir insanam. Mən «Nu, poqodi»nin
multplikatorlarından biri olan Viktor Arsentyev kimi rəssamın tələbəsi
olmuşam. Ancaq o özü də mənim işlərimi
görəndə «Gör mən kimə dərs deyirəm» -
deyə heyrətini gizlətmədi. Hamı bilirdi ki, mən
bu sahədə çox qalmayacağam. Bu çərçivə
məni sıxırdı. Mən həmişə eyni şeyi
çəkə bilməzdim. Bir neçə animasiya filmlərini
işlədim. Hətta, Şamil Nəcəfzadənin rəssam
kimi assisenti olduğum bir filmi Almaniyada priz aldı. Bu sahədən
gedəndə bir çoxları getməyimi istəmirdilər.
Elə bir şans yaranmışdı ki, mən «Disney»də
işləyə bilərdim. Çünki bizim kursun tələbələrinin
çoxu «Disney»də, Avropada, İsraildə özlərinə
iş tapdılar. Ancaq animasiya mənim üçün
maraqlı deyildi. Eyni şeyi çəkməyin tələbatı
həm sənət baxımından vaxtımı alır, həm
də öz istədiyim kimi fəaliyyət göstərməyimə
mane olurdu. Həm də o vaxt multiplikasiyaya diqqət az idi. Mən
hazırda «Azərbaycanfilm» kinostudiyasında çəkilişə
hazırlıq şöbəsinin rəisiyəm. Bu vəzifəyə
animasiya və kinoda başladığım işlərlə
gəlib çatmışam. Sonra kinodan təklif aldım. Bir
çox filmlərdə geyim rəssamı kimi iştirak
etdim. Alman rejissoru Fayt Helmerin
çəkdiyi «Absurdistan» filminin geyim rəssamı kimi Berlin
Akademiyası tərəfindən
«Ən yaxşı geyim rəssamı» prizini
almışam. Bundan əlavə, Rasim Ocaqovun «Otel
otağı», Hüseyn Mehdiyevin «Özgə vaxt», «Məkanın
melodiyası», «Hacı Qara» filmlərinin geyim rəssamı
olmuşam. Bu filmlərdə iş görəndə məndə
haradasa azadlıq olub. Ola bilər ki, mən reklamda və ya
klipdə işləyirəm – haradasa yaradıcılıq
görürəmsə və o məni sıxmırsa, bu mənə
çox xoşdur. Ən vacib olan odur
ki, rəssam kimi məşğul ola bilirəm.
Kinostudiyada balaca bir otağım var. Sovet dövründən sonra buradakı geyim və rekvizit sexi baxımsızlıq vəziyyətində idi.
Biz burada böyük
bir yaradıcılıq
edərək səliqə-sahman
yaratdıq. İndi hər
dövrə uyğun istənilən bir şeyi tapmaq mümkündür.
- Rənglərin sirrini sonadək tapmaq mümkündürmü?
- Yox…Məni
həmişə öz
dalıyca aparan rənglərdir. Rənglər məni ruhlandırır.
Artıq
alimlər sübut ediblər ki, rəng insana böyük qüvvət verir. Hər bir rəngin
öz təəssüratı
var. Mən artıq hansı işimin insana necə təsir etdiyini də bilirəm. Hansı rəng insanı sakitləşdirir,
hansı rəng sağalmağa kömək
edir, hansı enerji verir, hansı
düşünməyə sövq edir... Bunlar barədə çox müxtəlif fikirlər
var. Mən rəngləri
Allahın bir möcüzəsi kimi görürəm. Və bunları
bir rəssam kimi kətan üzərində yaratmaq qeyri-adi bir hissdir.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 2
noyabr.-S.11.