İstiqlalımızın muzeyi 

 

İstiqlal Muzeyi 70 ildən sonra yenidən eyni adla fəaliyyətə başlayıb. Burada qədim dövrdən bu vaxta kimi dövlətçilik tariximizin mərhələlərini izləmək olar

 

Respublikamızda ilk rəsmi dövlət muzeyi - İstiqlal Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılan İstiqlal Muzeyi, eyni zamanda, genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulub. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında qılınc, qəmə, xəncər, "Quran" əlyazmaları, üzərinə ayələr yazılmış müxtəlif əşyalar, bəzək əşyaları, ayrı-ayrı dövrlərə aid pullar, xalq tətbiqi sənəti nümunələri, məişət əşyaları, əlyazmalar və s. vardı. Təhvil-təslim aktı formasında hazırlanan və «Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən «Muze İstiqlal» adına müəssislər tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait» adlanan həmin sənədi, bir tərəfdən İstiqlal Muzeyinin yaradıcıları - görkəmli sənətşünaslar Hüseyn Mirzəcamalov, Məhəmməd Ağaoğlu, digər tərəfdən, Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, S.M.Qəniyev imzalayıb. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq görülərkən tərtib olunub.

Bu sənəd Azərbaycanda muzeyin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənədlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Tərəflərin razılaşmasına əsasən, İstiqlal Muzeyinin təşkili və fəaliyyəti ilə bağlı bütün xərcləri Parlamentin Rəyasət Heyəti öz öhdəsinə götürür. Sənəddə qeyd olunur ki, gələcəkdə muzey üçün xüsusi binanın ayrılması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması, muzeyin proqram və nizamnaməsinin hazırlanması və s. nəzərdə tutulub. İstiqlal Muzeyi beş aya yaxın - 1920-ci il aprelin 28-dək mövcud olub. Bununla belə, İstiqlal Muzeyi müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tariximizdə qalıb. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də, yeni muzeylərin təşkilində mühüm rol oynayıb.

 

Mənəvi varis

 

İstiqlal Muzeyi 70 ildən sonra yenidən eyni adla fəaliyyətə başlayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən muzey yaradılıb.

İlk yaradılan muzeydən heç bir eksponat qalmasa da yenidən fəaliyyətə başlayan muzey keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun 23 dekabr 1992-ci il sərəncamı ilə «İstiqlal» adını alaraq birinci muzeyin mənəvi varisi kimi fəaliyyətə başlayıb. Muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizə mərhələlərini ardıcıl əks etdirmək olub. Muzey işçilərinin zəhməti nəticəsində nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardan ibarət  20 minə yaxın  eksponat toplanıb.

Muzeyin 6 otaqdan ibarət ekspozisiyalarını gəzdikcə ölkəmizin ayrı-ayrı mübarizə mərhələlərinin şahidi olmaq mümkündür. Belə ki, 1-ci ekspozisiya otağında Azərbaycanda ən qədim zamanlardan başlayaraq XIX əsrin sonlarına qədər olan milli-azadlıq hərəkatının tarixi ilə tanış olmaq olur. Burada ən qədim dövrə, Xürrəmilər hərəkatına, Səfəvilər dövlətinə, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına, Azərbaycanın Rusiyaya birləşdirilməsinə aid dəyərli materiallar yer alıb.

Birinci zalın divarında Azərbaycanın dövlət atributları ilə - Azərbaycanın üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni, Dövlət Konstitusiyasını əks etdirən sənədlərlə qarşılaşmaq mümkündür. Zalda həmçinin işğal altında qalan Cəbrayıl və Füzuli tarix-diyarşünaslıq muzeylərinin eksponatları nümayiş olunur. 1993-cü il 6 may tarixində Füzuli rayon tarix-diyarşünaslıq  muzeyinin 711 eksponat, 1993-cü ilin 10 dekabr tarixində Cəbrayıl rayon tarix - diyarşünaslıq muzeyinin 16 minə yaxın eksponatı İstiqlal Muzeyinin fonduna qəbul edilib. Bu eksponatlar bugünədək muzeydə saxlanılır və burada keçirilən müxtəlif sərgilərdə nümayiş olunur.

Azərbaycan xanlıqlarının – Bakı, Gəncə, Quba, Qarabağ, Talış xanlıqlarının fəaliyyətini əks etdirən ayrı-ayrı materiallara da burada rast gəlmək mümkündür. Rəssam Altay Hacıyevin «Cavad xanın Gəncə xanlığı uğrunda apardığı döyüş»ü əks etdirən portretmaraq doğurur. 

 

 Cümhuriyyət dövrü

 

Ekspozisiyanın 2-ci otağı  XIX əsrin sonu – XX əsrin əvvəllərini əks etdirir. Burada mədəniyyət və elmin, neft sənayesinin inkişafı ilə bağlı materiallar yer alıb. Burada Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundovun, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin və başqa klassik şair və yazıçıların fəaliyyətini əks etdirən materiallarla tanış olmaq olur. «Molla Nəsrəddin» jurnalının ilk nömrəsi də bu materiallar arasındadır. Azərbaycanın neft milyonçularının – Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağamusa Nağıyev, Murtuza Muxtarovun şəkilləri, onların neft sənayesinin, elm və mədəniyyətin inkişafındakı xidmətlərini əks etdirən sənədlər o dövrün real mənzərəsini yaratmaq baxımından əhəmiyyətlidir.

Neft buruqlarının maketio dövrdə neftin ölkəyə gətirdiyi inkişafı əks etdirir.

1905-1918-ci illərdə Azərbaycan xalqının ermənilər tərəfindən soyqırıma məruz qalması o illərin fotoxronikasında öz əksini tapıb.

Zalın bir hissəsi Şərqdə ilk demokratik dövləti - ADR dövrünü əks etdirmək baxımından diqqəti cəlb edir. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının fəaliyyəti, Demokratik Respublikanın yaradıcıları - Məmmədəmin Rəsulzadə, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, topçubaşov, Fətəlixan Xoyskib. görkəmli şəxsiyyətlərin fotoları, cəmi 23 ay fəaliyyət göstərən ADR-ın həyata keçirdiyi demokratik dəyişikliklərlə bağlı  materiallar ekspozisiyada yer alıb. ADR dövrü nazirlərinin simvolik otağı da o dövrün ab-havasını yaratmağa xidmət edir. Ümumiyyətlə, otaqda sərgilənən Cümhuriyyət dövrü ilə bağlı  materiallar Azərbaycan tarixinin bu mühüm dövrü haqqında dolğun məlumat verir.

Üçüncü zal isə  Cənubi Azərbaycanın Məşrutə hərəkatını əks etdirən materiallarla zəngindir. Burada 1905-1911-ci illər azadlıq hərəkatının rəhbəri Səttarxan və onun silahdaşlarının, fədai dəstələrinin fəaliyyəti, həmçinin o dövrdə Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin inkişafını əks etdirən materiallar yer alıb. «21 Azər» hərəkatın iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə yığılan materiallarda həmçinin 1917-1918-ci illər Ş.M.Xiyabani hərəkatı və 1941-1945-ci illərdəki «21 Azər» hərəkatı öz əksini tapıb. Eləcə də Cənubi Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şair və yazıçılarının - Balaş Azəroğlu, Mədinə Gülgül, Hökumə Bülluri, Əli Tudə və başqa şair və yazıçıların portretləri ekspozisiyada maraq doğurur.

Dördüncü ekspozisiya otağı repressiya illərini əks etdirir. Bildiyimiz kimi, Azərbaycanın minlərlə ən yaxşı oğulları siyasi repressiyalara məruz qalıb.  Hüseyn Cavid, Əhməd Pepinov, Həmid bəy Şaxtaxtinski, Səməd bəy Mehmandarov, Yusif Vəzir Çəmənzəminli və başqaları o illərin çətin və məşəqqətli tarixini xatırlatmaq üçün önəmli faktlardır.

Bu ekspozisiya otağı həmçinin Böyük Vətən müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarının önarxa cəbhədə göstərdiyi qəhrəmanlığı əks etdirmək baxımından maraqlıdır. Elə buradaca müharibə mövzusuna aid olan eksponatlarla tanış olmaq, xalqımızın düşmən üzərində qələbəyə verdiyi töhfəsi haqqında öyrənmək olar. Azərbaycan neftinin müharibədə oynadığı rol, döyüş silah-sursatı, müharibə dövründə təqdim olunan ordenmedallar, müharibədə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən oğullarımızın şəkilləri və s. dəhşətli müharibə illərini bir daha insanların yadına salır.

Muzeyin 5-ci zalında Azərbaycanın müstəqilliyinə gedən keşməkeşli yolu əks olunub. 1990-cı ilin qanlı yanvar hadisələri, Ermənistanın başladığı müharibə, sonrakı illərin faciəli hadisələri, şəhidlər, qaçqınlar, işğal olunmuş torpaqlarbütün bu faciələri əks etdirən fotoxronika ilə bu otaqda tanış olmaq olar. Bütün bunlar gələcək nəsil üçün həmin dövrün tarixini öyrənmək üçün ən dəyərli materiallardır. Ekspozisiyada Azərbaycanın işğal olunmuş rayonlarının ərazisini və siyahısını göstərən xəritə,  Azərbaycanın Milli Qəhrəmanlarının fotoşəkilləri və s. də  yer alıb.

 

Müasir dövrün gerçəklikləri

VI zal Azərbaycan tarixinin günümüzə qədər olan bütün sonrakı dövrünü əks etdirir. Burada müstəqil Azərbaycanın konstitusiyasının qəbul olunması, dövlət və ordu quruculuğu, iqtisadiyyatneft siyasəti, xarici siyasət və beynəlxalq təşkilatlarda iştirak - BMT, ATƏT (Lissabon sammiti, ATƏT-in İstanbul sammiti) və başqa mühüm sahələrdəki  fəaliyyətlə bağlı fotoxronika ilə tanış olmaq olar. Azərbaycanın müasir tarixi, iqtisadiyyatı, mədəniyyətinin, ordu quruculuğunun inkişafı ilə tanış olmaq istəyənlər isə altıncı ekspozisiya otağında maraqlı materiallarla qarşılaşa bilərlər. Heydər Əliyev adına Bakı-Tbilisi neft kəmərinin maketi, ümummilli liderin daxilixarici siyasətini əks etdirən fotoşəkillər, prezident İlham Əliyevin Azərbaycanın dövlət quruculuğunda gördüyü işləri əks etdirən fotolar, ölkənin neft iqtisadiyyatını əks etdirən materiallar, idmanda əldə olunan nailiyyətlər və s.  müasir dövrümüzün gerçəkliklərini dolğun əks etdirir.

Muzeyin elmi katibi Nigar Qazızadə məlumat verdi ki, muzeydə mütəmadi olaraq Azərbaycanın müəyyən tarixi hadisələrinə həsr olunmuş müxtəlif tədbirlər, görüşlər, sərgilər keçirilir. Məqsəd isə aydındır: gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, Azərbaycan dövlətçiliyinin təbliğatı, Azərbaycan tarixinin daha dərindən və incəliklərinə qədər öyrənilməsi.

 

Oxşar problemlər

Bundan əlavə, muzeyə tez-tez xarici qonaqlar gəlir. Azərbaycanın keçdiyi mərhələli mübarizə yolları onlar üçün  maraq doğurur. 

Reportajımın sonunda önə çəkməli olduğum vacib bir məqamı da qeyd etməyi vacib bilirəm. Təbii ki, muzeyin təmirsizliyi ilə bağlıdır. Muzeyin direktoru Fəridə Şəms və işçilərin yerləşdiyi 1-ci mərtəbə adamda elə təəssürat oyadır ki, buralar bəlkə də sovet dövründən çox-çox əvvəl təmirdən çıxıb. Fəridə xanım muzeylərin problemlərinin oxşar olduğunu inkar etmədi. Ekspozisiya otaqlarını gəzdikcə  nimdaş divarlarda və döşəmələrdə bu “oxşarlığı” görmək  o qədər də çətin deyil.  Zahirdən par-par parıldayan Muzey Mərkəzinin 3-cü mərtəbəsində yerləşən bu ekspozisiya otaqları ziyarətə gələn hər kəsdə bu təəssüratı oyada bilər. Ancaq bu heç də qəhrəmanlığını sərgilədiyimiz, mübarizə mərhələlərindən ağızdolusu söhbət açdığımız İstiqlalımızın adına yaraşmaz. Ən azı İstiqlalımızı əks etdirən eksponatlar məxsusi bir binada sərgilənməlidir, icarəyə götürülən Mərkəzdə yox. Çünki İstiqlalı dəyərləndirmədən tarixə qiymət vermək olmaz.

 

 

Təranə Məhərrəmova

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb.

 

Kaspi.- 2010.- 4 noyabr.- S. 8.