Doktor Mürsəl
Qarayevə ithaf
Düz bir il əvvəldi. Xaqani və
Bülbül küçələrinin kəsişməsində
dayanıb taksi axtarırdım. Birisi işıqları
yandırıb söndürürdü. Yaxınlaşdım.
Gedəcəyim yeri deyib, neçəyə
aparacağını soruşdum. Dedi ki, ürəyin neçəyə
istəyir, o qiymətə də gedəcəyik. Dinməzcə
oturub getdik. Yolboyu sussaq da, Azneft meydanına çatıb
işıqforda dayananda, sürücü dedi ki, düz 40 il əvvəl
elə bax, burda dayandıq, radio Heydər Əliyevin Azərbaycana
rəhbər təyin olunması xəbərini verdi. Qara
müəllim də maşındaydı. “Hansı Qara?” –
soruşdum. “Qara Qarayev” – dedi. “Necə reaksiya verdi?” “Dedi ki,
ciddi dəyişikliklər olacaq”.
“O vaxt da taksidə işləyirdiz” – soruşurdum. “Yox,
Qarayevin sürücüsü idim...” – dedi, sonra da xeyli
maraqlı təfsilatlar danışdı. Qəfildən sual
elədim: “Mürsəl Qarayevi tanıyırdız?”. “Əlbəttə,
o qədər gəzdirmişəm ki...” “Necə adam idi?” Cəmi
dörd söz deyir, özü də rusca: “On bıl
moşneyşim xirurqom”. Xatırladım ki, illər əvvəl
Mürsəl Qarayevin həyatıyla maraqlanmışam,
yazı yazmışam. Həmin vaxtı,
görüşdüyüm adamları xatırlayır,
Mürsəl Qarayevin şəkillərdən
tanıdığım qarayanız, əzələli,
qürurlu sifətini yadıma salırdım. “İnsan
ömrü də yazıdı” deyə fikirləşirdim.
Yadıma düşdü ki, bir neçə gündən
sonra, noyabrın 4-də onun doğum günüdür,
ölümündən düz 35 il keçir, yaşasaydı,
on minlərlə insana həyat verən bu əfsanəvi cərrah
90 yaşı arxada buraxmış olacaqdı. Külək
taksinin qapısını məndən əvvəl bağlamaq
istəyəndə sürücüdən telefonunu
soruşdum. Dedi mən də yazdım. Uzaqlaşanda arxamca səsini eşitdim: “Adım Ələsgərdi...”
***
Mürsəl Qarayev 1919-cu ildə anadan olmuşdu. Noyabrın 4-də. Bu həmin dövr idi ki, Azərbaycan yüz illərdən sonra ilk dəfə müstəqil dövlətə, Bakı isə, böyük şəhər olmasına baxmayaraq, ilk dəfə paytaxta – birinci şəhərə çevrilmişdi, yəni, daha çox şəhər olmuşdu. Bu tarixdən 11 gün sonra Bakı Dövlət Universitetinin təsis olunub fəaliyyətə başlaması da “birinci şəhərlərin” özəl keyfiyyəti saymaq olar ki, sonradan onun azərbaycanlı rektorlarından birinin doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli nümayəndəsi Abdulla Qarayevin təyin olunması nədənsə məndə təsadüf hissi yaratmır. Deyirlər ki, hələ anası Sona xanımın qucağındaykən hərbi marş oxuya-oxuya addımlayan milli ordu əsgərlərinə tamaşa edən, sonradan böyük bəstəkara çevriləcək Qara Qarayev, o vaxtlar balaca Qara, həmin marşı özünəməxsus şəkildə zümzümə edirmiş. XX əsrdə taleyinə paytaxt olmaq yazılmış Bakının məhz “insani planda salınmasında və memarlığında” bu soyun və bu soyun bir nümayəndəsi Mürsəl Qarayevin də sonradan şəksiz əhəmiyyətli rolu olmuşdu.
Yeri gəlmişkən, 1919-cu il
tibb elmində, xüsusən cərrahiyyədə inqilab edən
bir kəşflə də əlamətdardı. Şomov,
Yelanskiy və Neqrov məhz bu il qan qrupunu müəyyənləşdirmək
üçün standart zərdabın alınmasına və
uğurlu qanköçürməyə nail olmuşdular.
***
Deyirlər
ki, dövrünün ilk savadlı qadınlarından olan,
şairə və yazıçı kimi ad
çıxarmış Sona xanım Axundova – Qarayeva
uşaqlarını heç vaxt özündən ayırmaz,
öz sözlərinə görə, sağında Qaranı,
solunda isə Mürsəli uzadar, sübhədək əllərini
bir-birlərindən ayırmayaraq yatırmışlar. Bu
halın sonradan uşaqların istedadlı böyüməsinə
xüsusi rolu olduğu da bəllidi ki, bu artıq psixoanalizin əhatəsinə
aid məsələdi.
Mürsəl
Qarayev Əbülfəz Qarayevin – Odessa Tibb Universitetinin məzunu,
milli uşaq pediatriyasının banisi, Bakının ilk
uşaq müəssisələrinin təşkilatçılarından
biri, Azərbaycan Demokratik Respublikasında ixtisası üzrə
hərbi qulluqda olmuş, alman, rus dillərini və osmanlı
türkcəsini mükəmməl bilən milli bir kişinin
oğlu idi. Yeri gəlmişkən, sonradan o, milli hökumət
strukturlarında çalışmasına görə təqiblərə
də məruz qalmışdı. Bu evə Nəriman Nərimanov,
Hüseyn Cavid, Seyid Hüseyn, Milli Elmlər
Akademiyasının ilk prezidenti Mirəsəddula Mirqasımov,
Cəmil bəy Ləmbəranski və o dövrün başqa
görkəmli adamları da gedib-gəlirdi ki, bütün
bunlar Mürsəl Qarayevin formalaşmasında xüsusi rol
oynamışdı. Üstəgəl ciddi ev təhsili, alman
dayə də sonradan uşaqların intellektual böyüməsinə
təkan olmuşdu.
***
Mürsəl
Qarayev musiqini çox sevir, saksafon
ifaçılığı ilə məşğul olurdu ki,
müharibədən sonra aldığı kontuziya sonradan onu
musiqi ilə məşğulluqdan ayırmışdı. Amma
onun bir ədəbiyyatçı, yazar ustalığına,
dilinə vaqif olmasını mən bəzi elmi qeydlərindən
və məktublarından hiss etdim ki, bunu yəqin çox az adam bilir. Misal
üçün, qeydlərinin birində çox obrazlı
şəkildə yazırdı: “Ümumən vəziyyət
qənaətbəxşdi deyə məsələnin həllini
sabaha saxlamaq – bu, təxminən döyüşün
döyüş meydanının keçilməz və bərbad
hala düşənə qədər təxirə
salınmasına oxşayır”. Yaxud, dostu Məmməd Vəzirəliyevə
cəbhə məktublarının birində hansısa
xüsusi vəziyyətə işarə edərək “yəqin
ki, çətirlilər ailəsini xatırlayırsan” deyirdi.
Nəyi nəzərdə tuturdu? Kiminsə çətir
altında gizlənməyinimi? Yaxud çətirlilərin bəzilərinin
bircinsli olmasınımı? Ya bəlkə kimlərinsə
çətirlilər ailəsinə daxil olan bəzi bitkilər
kimi öz bəhərini (hərbi qənimətimi?!) üstə
yox, torpaqda gizlətməsini eyham edirdi? Bu haqda yalnız ehtimal
etmək olar.
***
Mürsəl
Qarayev virtuoz cərrahlıq texnikasına malik idi. Hətta
deyirlər ki, sağ əli möhkəm əzildiyinə
görə əməliyyatlardan birini tək əllə etməli
olmuşdu. Ümumiyyətlə, həmin gün çox
maraqlı və sirli gün imiş. Gecə növbəsində
əhəmiyyətsiz travma ilə xəstəxanaya düşən
bir xəstəni əməliyyat etdikdən sonra onu diqqətlə
müşahidə edən doktor Qarayev, həmin xəstəyə
“ehtiyatlı olun, siz bura yenə düşə bilərsiniz”
deyib. 2 saatdan sonra həmin adam ağır bıçaq
yarası ilə geri gətirilib.
***
Antik
dövr bədii sənədləri arasında iki mətn –
“Ezopun oğluna nəsihətləri” və “Hippokrat andı” məni
elə ilk oxulardaca heyrətləndirmişdi. Birincini oxuyandan
sonra “çoxtanrılı cəmiyyətin yetirdiyi adamın nəsihətləri
monoteist din elçilərinin qoyduğu əsas qanunlarla necə
olurdu ki, birə bir məntiq və ardıcıllıqla
bağlanırdı?” deyə öz-özünə sual
etmişdim. Ezopdan təxminən 200 il sonra Hippokrat daha bir
yazı yazmışdı və sonradan bu sənəd tibbi
etikanın ilk və ən təsirli sənədinə
çevrilmişdi. Mən həmin sənədin 1948-ci ildə
Ümumdünya Tibb Assosiasiyasının Baş
Assambleyasının redaktə etdiyi variantından
danışmıram, həqiqi nüsxədən söz edirəm:
“Mən həkim Apollona, Asklepiyə, Gigieyaya, Panakeyaya,
bütün tanrı və tanrıçalara onları
şahid gətirərək and içirəm ki, öz
gücüm və ağlımın imkanları daxilində
bundan sonra bütün söylədiklərimə vicdanla əməl
edəcəm: mənə həkimlik öyrədən müəllimlərimi
valideynlərimlə bərabər tutacam, onlarla ruzimi böləcəm
və lazım gələrsə, onlardan köməyimi əsirgəməyəcəyəm;
onların nəslindən olanları öz qardaşlarım
biləcəm, əgər istəyərlərsə bu sənəti
onlara heç bir müqavilə olmadan və əvəz
gözləmədən öyrədəcəm (…)Mən nəinki
məndən ölüm istəyən xəstələrə
kömək etməyəcəm, hətta bu fikri özlərinə
yaxın buraxmamaları üçün yollar arayacam,
tövsiyələr verəcəm, qadınları abort etməkdən
saqındıracam...”
Andın
sonu xəstələrin, ümumiyyətlə insanların
sirrini saxlamaq üçün götürülən öhdəlikdən
ibarətdir. Evtanaziyanın, abortların və hər cür
murdarlığın bəraət aldığı, kütləviləşdiyi
XX əsrin, xüsusən onun ikinci yarısının daha bir
uğurlu adı “antihippokrat dövrü”də ola bilərdi. Hərçənd,
kim bilir, sadalanan pisliklərin mətndən
göründüyü kimi elə o vaxt da var olması bu yeni
adı mənasız edirdi; hər dəfə olduğu kimi fərdlərin
yazdığı fərdlər üçün idi.
Sadəcə
Yunan-Roma əsatirlərindəki Apollonun, həkimlərin
hamisi olmaqla yanaşı, həm də sənət (musiqi,
poeziya), öncəgörmə, şəhərsalma
tanrısı olduğu çox maraqlı hal, maraqlı sistemləşmə
kimi göründü mənə: fiziki
sağlamlığı qoruyanların hamisi ruhi
sağlamlığı qoruyanların da hamisi idi; o, həm də
gələcəkdən – müalicənin sonundan, müalicə
etdiyi xəstənin sonrakı aqibətindən xəbərdar
və əmin olmalı idi; xəstəlik isə insanların
sıx məskunlaşdığı yerlərdə, şəhərlərdə
daha çox yayılır və həkimlər də daha
çox orda tələb olunurdu.
Halbuki
sonuncu monoteist din olan islamda Yaradıcının – Allahın
adlarından biri də Həkimdir. Və “Allah insanı
özünə bənzər yaratdı” ifadəsi də indi
bir başqa çalar alırdı ki, bu haqda bütün
bunlardan sonra uzun uzadı danışmaq istəmirəm.
Fikirləşirəm
ki, Hippokratdan sonra o anda, bir az fərqli redaktə ilə sadiq
qalan doktor Qarayev indi həqiqi Həkimə daha yaxındı.
Səlim Babullaoğlu
Kaspi.- 2010.- 4 noyabr.- S. 11.