“80 yaşım məni hər yerdən
üzüb”
Xalq artisti Azər Rzayev: «Bəli,
şərəfli ömür yaşamışam. Azərbaycan
musiqisinin inkişafı üçün çox işlər
görmüşəm»
Noyabrın
5-də görkəmli bəstəkar, Xalq artisti Azər
Rzayevin 80 illik yubileyi münasibəti ilə Dövlət Filarmoniyasında
təntənəli tədbir keçiriləcək. Gecədə
bəstəkarın müxtəlif əsərləri səslənəcək.
Həmkarları, tələbələri onun haqqında ürək
sözlərini dilə gətirəcəklər.
Noyabrın
10-da isə Musiqi Akademiyasında bəstəkarın
yaradıcılığına həsr olunan konsertdə onun
kamera əsərləri səslənəcək.
Azər
Rzayev o bəstəkarlardandır ki, onun
yaradıcılığı musiqi tariximizin zənginləşməsində
böyük rol oynayıb. Onun əsərləri arasında
“Bakı-90” simfoniyası (1990), Skripka, viola və simfonik orkestr
üçün ikili konsert (1990), Skripka və piano
üçün sonatina (1990), Piano, skripka və violonçel
triosu üçün Sonata (1991), Kamera orkestri
üçün “Noktürn” (1993), Violonçel və orkestr
üçün “Kantilena” (1994), Tar və kamera orkestri
üçün “Düşüncə” və “Qaytağı”
(1995), Simfonik orkestr üçün “Gənc ifaçılar
marşı” (1997), Piano üçün 6 Prelüd (2000), 3
skripka və simfonik orkestr üçün konsert (2000) yer
tutub. Azər Rzayev “Musiqi aləmində” silsilə televiziya və
“Opera səhnəmizin ustaları” silsilə radio verilişlərin
müəllifi və aparıcısı, dövri mətbuatda
məqalələr müəllifi kimi də tanınır.
Görkəmli bəstəkar artıq əlinin qələm
tuta bilməməsindən gileylidir.
Qocalıq
- 80
yaş sizin üçün nə deməkdir?
- 80
yaş mənim üçün qocalıq deməkdir. Ancaq bu
yaşıma qədər nəyi bacarmışamsa onu
etmişəm. İndi isə xəstəyəm. Xəstəliyim
də elədir ki, məni işləməyə qoymurlar. Əsər
yaza, əlimə qələm ala bilmirəm. Heç indi əməkhaqqı
cədvəlini də imzalıya bilmirəm. Ona görə mənim
üçün çətindir. 80 yaşım məni hər
yerdən üzüb. Çoxdandır xəstə yatıram.
Yaşamaq indi mənim üçün çox çətindir.
- Hər
halda bu yaşa qədər şərəfli bir ömür
sürmüsünüz.
- Bəli,
şərəfli ömür yaşamışam. Azərbaycan
musiqisinin inkişafı üçün çox işlər
görmüşəm. Həmişə yüksək vəzifələrdə
işləmişəm. 1957-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə
müəllim, baş müəllim və nəhayət
professor kimi fəaliyyətdə olmuşam. Televiziya və
Radio Komitəsində səs rejissoru, M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında bədii rəhbər, 15 il Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının direktoru kimi çalışmışam.
Hazırda Bakı Musiqi Akademiyasının kafedra müdiri və
professoruyam. Baxmayaraq ki, mənim əvəzimə işləyirlər,
ancaq oradan getməyə qoymurlar. Akademiyanın rektoru Fərhad
Bədəlbəyli tələbəm olduğu
üçün deyir ki, biz hamımız sənin əvəzinə
işləyəcəyik, amma səni azad etməyəcəyik.
Bu mənim yaradıcılığıma, fəaliyyətimə
olan çox böyük hörmətdir. İndiyə qədər
300-dən artıq tələbəm olub. O cümlədən,
Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə, Opera və
Balet Teatrının direktoru Akif Məlikov, Radio və Televiziya
Simfonik Orkestrinin bədii rəhbəri Azad Əliyev mənim tələbələrim
olub. Tələbələrim arasında xarici ölkələrdə
işləyənlər də çoxdur. Onların xoş
sorağını eşidib sevinirəm.
- Bu
gün simfonik musiqiyə olan münasibət sizi qane edirmi?
- Bu
gün simfonik musiqiyə əhəmiyyət verən yoxdur.
Televizora baxmaq olmur. Səhərdən axşama qədər əyləncəli
verilişlər, şou proqramlar efiri başına
götürüb. Mən 33 ilə yaxın televiziya ilə
çıxışlar etmişəm. Tamaşaçılara
professional musiqimizin sirlərindən danışmışam.
Hər çıxışıma verilən pul
maaşımdan çox idi.
İndi professionallıq azalıb. İşləyən
yoxdur. Əvvəllər hamı əsər yazırdı. Məsələn,
deyirdilər ki, Azər Rzayev filan əsər üzərində
işləyir. İndi isə belə xəbərləri
eşitmirik Mən yaradıcılıq fəaliyyətimdə
Beynəlxalq və Ümumittifaq müsabiqələr
laureatı və diplomantı, Azərbaycan gənclərinin I
və II festivallarında həm bəstəkar, həm də
ifaçı kimi laureat adlarına layiq görülmüşəm.
Bəstəkarlar arasında laureat adını alan yoxdur. Mən
skripka üçün konsertlər yazmışam. Həmin
konsertləri Bakı Musiqi Akademiyasında Niyazinin
dirijorluğu və Simfonik Orkestrin müşayiəti ilə
ifa etmişəm. Partiturasına görə Sovet bəstəkarları
içərisində mənə 3-cü yer verildi. Bu uğurların
hamısını gərgin zəhmətimlə
qazanmışam. İndi isə vəziyyət tamam
başqadır. İndi oxuyanların sayı çoxalıb.
Hara baxırsan muğam oxuyanlardır. Özü də pis səviyyədə
oxuyurlar. Düzdür, yaxşı muğam
ifaçılarımız da var. Ancaq indi hər yerindən duran
oxuyan olub.
Hanı
yeni əsərlər?
- Bir
az əvvəl qeyd elədiniz ki, uzun illər Opera
Teatrının rəhbəri olmusunuz. Bu gün həmin
teatrın fəaliyyətindən razısınızmı?
-
Razı deyiləm. Opera Teatrının direktoru Akif Məlikov mənim
tələbəm olub. Mən işlədiyim vaxt həftədə
7 opera və balet oynanılırdı. Amma indi bəzən
aylarla səhnədə heç nə oynanılmır.
Oynanılanda da eyni tamaşalar - «Leyli və Məcnun»,
«Aşıq Qərib», «Şah İsmayıl» və başqa
operalardır. İnsanlara yenilik təqdim olunmur. Ümumiyyətlə,
yeni əsərlər az yazılır. Mən 2000-ci ildən
başlayaraq yeni bir əsər yazmamışam. 1956-cı ildə
bir əsər yazmışdım. İndi həmin əsəri
noyabrın 5-də keçirilən konsertdə ifa edəcəklər.
O vaxtdan əsər ifa olunmurdu. Peşəkarlığa da
münasibət belədir.
-
Opera Teatrında rəhbər olduğunuz dövrdə daha
çox hansı tamaşalar repertuara daxil edilirdi?
-Mərkəzi
Komitənin qərarı ilə hər il Opera Teatrında Azərbaycan
bəstəkarlarının əsərləri səhnələşdirilməli
idi. Mənim dövrümdə çoxlu yeni əsərlər
oynanılırdı. Zakir Bağırovun «Aygün», Şəfiqə
Axundovanın «Gəlin qayası», Aqşin Əlizadənin «Babək»,
Fikrət Əmirovun «Min bir gecə», Nəriman Məmmədovun
«Humay» və başqa opera və baletlər
oynanılırdı. İndi kimin əsəri qoyulur, hanı
yeni əsərlər?
-
Hansı əsərlərinizin səhnə taleyindən
razı qlmamısınız?
-
1962-ci ildə Qaqarinin kosmosa uçuşu münasibəti ilə «Hacı Kərimin aya səyahəti»
adlı əsər yazdım. Bu əsəri həmin il
Bakıda səhnəyə qoydular. Çox böyük
müvəffəqiyyətlə də qarşılandı.
Tamaşaya o qədər adam baxmaq istəyirdi ki,
tamaşanı Musiqili Komediya Teatrının zalında yox, daha
böyük olduğu üçün Opera Teatrında
göstərdilər. Tamaşada Bəşir Səfəroğlu,
Lütfəli Abdullayev kimi görkəmli aktyorlar
oynayırdı. Əsər iki il səhnədə
oynanıldı. O vaxtdan bu günə qədər bircə dəfə
də oynanılmayıb. Hazırda Musiqili Komediya Teatrı həmin
əsərin üzərində işləyir. Ancaq nə zaman
başa gələcəyini və tamaşaçılara təqdim
olunacağını deyə bilmərəm.
Peşəkarlığa fikir verən
yoxdur
-
Vaxtilə təşkil etdiyiniz Uşaq Simfonik Orkestrinin taleyi
necə oldu?
-
Uşaq Simfonik Orkestri dünyanın cəmi 3-4 ölkəsində
mövcuddur. Azərbaycanda belə bir orkestrin yaradılması
əlbəttə, böyük hadisədir. Hələ
1960-cı illərdə ölkəmizdə uşaq orkestri
yaratmaq istəsələr də bu arzunu gerçəkləşdirə
bilməmişdilər. Sonradan Bülbül adına musiqi məktəbinin
şagirdləri ilə Konservatoriyanın tələbələrindən
ibarət simfonik orkestr yaratmaq səyləri də olmuşdu.
Ancaq bu arzu da baş tutmamışdı. Bir gün məni
Bülbül adına Orta ixtisas musiqi məktəbinə dəvət
etdilər. Mənə orkestri
yaratmaq haqqında təklif olunanda xeyli düşündüm.
Keçmişi yadıma salıb bilirdim ki, vaxtı ilə
adlı-sanlı adamlar bu işin öhdəsindən gələ
bilməyiblər. Ona görə də vaxtımın
olmadığını söyləyib razılıq vermək
istəmədim. Ancaq mən Bülbül məktəbində
dərs aldığım və ilk iş yerim də bu məktəb
olduğu üçün ora mənə çox
doğmadır. Ona görə də razılaşmalı
oldum. Məktəbdə istedadlı uşaqları bir yerə
yığıb məşqlərə başladım. 1997-ci
il martın 4-də Konservatoriyanın zalında orkestrin təqdimat
mərasimi keçirildi. Dünyanın hər yerindən həmin
orkestrin ifasına qulaq asmağa gəlirdilər. Dövlət Simfonik Orkestrində,
Kamera Orkestrində Radio və Televiziyanın, eləcə də
Opera Teatrının Simfonik Orkestrinə baxanda orada
hazırladığım uşaqları görüb sevinirəm.
Biz Konservatoriyada təhsil alan vaxtlarda heç bir tələbənin
işləməyə ixtiyarı yox idi. Yalnız dərs
oxumaq lazım idi. İndi isə yaşamaq çətin
olduğundan bütün tələbələr işləyir. Həmin orkestri
yaratdığıma görə mən diploma layiq
görülmüşəm. Ancaq xəstəliyimə görə
onlarla daha işləyə bilmədim. 2005-ci ildə yenidən
simfonik orkestrini yaradıb Teymur Göyçəyevi ona rəhbər
təyin etdilər. Daha onlara demədim ki, bu orkestri ilk dəfə
mən təşkil etmişəm. Üstündən 8 il
keçəndən sonra siz onu ilk adı ilə təqdim
edirsiniz.
-
Sizin üçün yubiley hədiyyəsi nə ola bilər?
- 70
yaşım olanda ümummilli lider Heydər Əliyev məni təbrik
etdi və “Şöhrət” ordeninə layiq gördü, Həmçinin mənə Prezident təqaüdü
verdi. 80 yaşımda isə mənə ölkə
başçısı İlham Əliyevin Prezident diplomu təqdim
olunub. Gileyim odur ki, indi heç yerdə mənim adımı
çəkmirlər. Əvvəllər «Ekran- efir» qəzeti mənim
ad günümü təbrik edirdi. Daha onların da yadından
çıxmışam. Nə televiziya, nə də radioda mənim
adımı yada salan yoxdur. Heç kimin yadına
düşmürəm. Ona görə fikirləşmişəm
ki, peşəkarlığa fikir verən yoxdur.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 5 noyabr.- S. 8.