“Həyatımı televiziyasız
təsəvvür edə bilmirəm”
Sabir Ələsgərov: «Rayonlarda
insanlar mənə deyirdilər ki, sizi həmişə qutunun
içində görmüşük»
54 il
əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə
Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə
başlayıb. Bu gün Azərbaycanda televiziyanın
yaranmasından 54 il ötür. 1956-cı il fevralın 14-də
Azərbaycan Dövlət Televiziya və Radio verilişləri
Qapalı Səhmdar Cəmiyyəti, yəni, AzTV yayıma
başlayıb.
Ömrünün
44 ilini bu televiziyaya həsr edən Xalq artisti Sabir Ələsgərov
hər il bu bayramı doğum günü kimi
qarşıladığını deyir:
İkinci ailə
- Bu
gün mənim üçün ən əziz bayramdır.
Ömrümün 44 ilini Azərbaycan Televiziyasında
keçirmişəm. 3 ildir ki, ANS-də işləyirəm.
Gecəm və gündüzüm televiziya ilə bağlı
olub. Televiziya mənim üçün ikinci ailədir. Həyatımı
televiziyasız heç cür təsəvvür
edə bilmirəm. Ona görə də hər il bu bayram
yaxınlaşanda elə bilirəm ki, anadan olduğum
gündür.
- Bəs
bu illərin sizə qazandırdığı nə olub?
- Bu
illər mənə şan-şöhrət, insanların böyük
hörmətini qazandırıb. Mən cavan yaşlarımdan
efirdə görünmüşəm. Xüsusən rayonlarda
insanlar mənə deyirdilər ki, sizi həmişə qutunun
içində görmüşük. İndi isə sizinlə
canlı ünsiyyətdə olmaq bizim üçün
çox xoşdur. Özümə çoxlu dost
qazanmışam. Əqrəb bürcündən
olmağıma baxmayaraq, mən çox sakit adamam. Ona görə
də ətrafımda olanlar həmişə məndən
razı qalıblar. Əgər sənin əməyinə qiymət
verilirsə sən bundan fərəhlənirsən və gələcəyə
daha inamla baxırsan. Mən buna görə rəhbərliyimizdən,
ölkə rəhbərliyindən, xüsusən ulu öndər
Heydər Əliyevdən çox razı olmuşam. O, mənə
hər şey verdi – Xalq artisti, Prezident təqaüdü.
Dövlət başçısı İlham Əliyev mənə
üçotaqlı mənzil verdi. Bütün bunlar mənim əməyimə
verilən qiymətdir. Bu qiymətə görə də deyirəm
ki, əməyim hədər getməyib. Xalqımızın,
dövlətimizin qarşısında nəsə eləmişəm
və nəyəsə nail olmuşam ki, məni bu cür
şöhrətləndiriblər.
Levitanın tələbəsi
- Sizə
köhnə illərdəki kimi «diktor», yoxsa müasir dövrə
uyğun olaraq «aparıcı» deyəndə xoş gəlir?
- Mən
30 ildən çox diktor kimi fəaliyyət göstərmişəm.
O zaman Moskvada kurslar var idi. Bizi təcrübə keçmək
üçün Moskvaya "Debüt" radiosuna göndərərdilər.
Mən Yuri Borisoviç Levitanın kursunu qurtarmışam.
Biz Moskvadan çox şey götürdük. Bizə kurs
keçən rejissor bir gün radioda veriliş
hazırlayıb, montaj etməsindən danışdı:
"Levitan gəlib "olarmı mən SSRİ-nin Müdafiə
Nazirliyinin əmrini oxuyum?" - deyə soruşdu. Mən də
fikirləşdim ki, yəqin bir vərəq həcmində mətndir,
vaxtı çox almayacaq. O, vaxtımı 40 dəqiqə
aldı. Mətni bir neçə tərzdə oxudu. Sonra məndən
"necə oxudum?"- deyə soruşdu. "Həmişəki
kimi" - deyə cavab verdim. "Necə həmişəki
kimi?" Dedim ki, Yuri Borisoviç, daha o dövran getdi. O pafos,
hündürdən oxumağın vaxtı deyil. Camaat indi dəyişib.
İndi danışıq tərzi tamam başqadır. O, fikrə
getdi. Aradan iki ay keçdi. Bu müddətdə onu görmədim.
Sonra rastlaşanda dedi ki, mən evdə çox məşğul
oldum. Məndə alınmır. Qorxuram ki, bığsız
Budyonnı alınar. Mən də onda başa
düşdüm ki, bu, Levitandır. Levitan tarixə belə
düşüb, belə də qalmalıdır".
O
zaman hamı bizə «diktor» kimi müraciət edirdi. Ancaq o
zaman aparıcılar da var idi. Hansısa şair,
yazıçı və yaxud hər hansı bir sahə ilə
bağlı veriliş aparanlara aparıcı demək
olardı. Biz isə birbaşa əlimizdəki vərəqlə
insanlarla ünsiyyətdə olurduq. Proqram oxuyur, verilişlərin
elanlarını verirdik. Böyük verilişlərdə
aparıcı kimi getsək də, diktor kimi təqdim olunurduq.
Diktor sözü bizim üçün çox əzizdir.
-
Sizin üçün televiziya və ya radioda işləməyin
fərqi vardımı?
- Mən
radioda fəaliyyətə başlamışam. Məni
televiziyaya keçirəndə istəmirdim. Həm o kollektivə
öyrəşmişdim, həm də o kollektivdə bizim
Aydın Qaradağlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva,
Ramiz Mustafayev kimi istedadlı diktorlarımız
danışırdı. Biz onlardan çox şey öyrənmişik,
ilk addımlarımızı onların rəhbərliyi
altında atmışıq. İnanın ki, mən o kollektivdən
ayrılmaq istəmirdim. Ancaq rəhbərlik baxış
keçirtdi və mən televiziyada işləməli oldum.
Yavaş-yavaş televiziyaya da alışdım. Sonra mənim
üçün heç bir fərqi yox idi. Çünki sən
eyni səslə camaata xəbəri çatdırırsan.
Səsin yerindədirsə...
- Bəzən
müğənnilər və ya aktyorlar haqqında «səhnədən
vaxtında getməlidir» sözləri işlədilir. Bu fikrin
diktorlara nə qədər aidiyyatı var?
- Əgər
səsin yerindədirsə, beynin işləyirsə, səhhətin
normaldırsa, mənə elə gəlir ki, səsinin
imkanlarından istifadə edərək isləməlisən.
Heç olmasa kadrarxası mətinlər oxumalısan. Tərif
kimi səslənsə də, qeyd etməliyəm ki, mənim səsim
çox adamların xoşuna gəlirdi. Xüsusən
kardarxası mətnləri oxuyanda çox tərifləyirdilər.
Səs əsas meyardır.
Biz
bu sənətə o qədər aludə olmuşuq ki, indi də
özümüzü onsuz təsəvvür edə bilmirik. Məsələn,
mən başqa sahədə çalışa bilməzdim. Bəlkə
yenidən həyata gəlsəydim yenə də bu sənəti
seçərdim. Çünki bu sənət mənim
üçün hər şeydir. Cavanlıqda heç
ağlıma da gəlməzdi ki, diktor olacağam. Qismət elə
gətirdi ki, bu sənətə gəldim və buna görə
də taleyimdən çox razıyam.
-
Sizcə hər bir kəs öz səsini cilalayıb diktor kimi
çalışa bilərmi?
- Əvvəllər
biz televiziya vasitəsilə müsabiqələr elan edərdik.
Bizə xüsusən ali təhsilli, rus dilini bilən gənclər
lazım idi. Cavanlar da çox gəlirdi. Bəzən 300-400
adam müraciət edirdi. Biz onların içindən 3-4 nəfəri
seçirdik. Əsas səsdir, daha sonra xarici
görünüş, dilində qüsurun olmaması,
apardığı verilişə dair anlamın olması.
Yazılan mətndən əlavə bəzi ədəbiyyatları
da oxumalısan. Yadımdadır, bir akademiki televiziyaya dəvət
etmişdik. Mən onunla müsahibə aparmalı idim.
Mövzu ekologiya ilə bağlı idi. O, veriliş öncəsi
özünü çox itirdi. O zaman da verilişlər
qabaqcadan yazılmırdı. Mən köməkçi
suallarla onun diqqətini özümə cəlb elədim və
bu qayda ilə onu vəziyyətdən çıxardım.
Veriliş bitəndən sonra «Sən ki, məni bu vəziyyətdən
yaxşı çıxardın, imkanım olsaydı sənə
Sovet İttifaqı Qəhrəmanı adını verərdim»
- dedi. Bu baxımdan aparıcının veriliş haqqında
anlamı olmalıdır ki, tamaşaçılara mövzunu
çatdıra bilsin.
Gözəl ideya
- O
zaman televiziyada diktorlar qarşısında qoyulan tələblər
nə idi? Hansı ki, siz bu gün həmin çərçivələrin
dağıldığını görürsünüz?
- O
zaman biz çərçivədən kənara çıxa
bilməzdik. Mətndə nə yazılmışdısa,
ancaq onu oxuya bilərdik. İndiki aparıcılar isə
ağızlarına gələni danışırlar:
gülürlər, qışqırırlar, oynayırlar…
Bizim
vaxtımızda qalstuksuz efirə çıxmaq olmazdı.
İndi isə müxtəlif geyimlərdə efirə
çıxırlar. Mən bunun əleyhinəyəm. Sən
xalq qarşısına çıxırsansa abırlı
olmalısan. Xalqın zövqünü oxşamalısan.
İş orasındadır ki, yeni nəsil də bizi bəyənmir.
Deyirlər ki, siz qocalmısınız, o dövr keçib,
indiki dövr bunu tələb edir. Hər halda biz öz adət-ənənəmizi
qorumalıyıq. Mən verilişlərin çoxundan
narazıyam. Dedi-qodu çoxdur. Hamı bir-birinin dalıyca
danışır. Əvvəllər heç vaxt görməmişdik
ki, məsələn Şövkət Ələkbərova Sara
Qədimova və ya Nərminə Məmmədova haqqında
xoşagəlməz bir söz işlətsin. Belə şey
eşitməmişik. Bizim cavanlığımız onların
əhatəsində keçib. indiki müğənnilər
ya gözügötürməzlikdən, ya da başqa səbəblərdən
efirdə xoşagəlməz sözlər
danışırlar. Elə şeylər var ki, onu efirdə
danışmaq, xalqın qarşısına çıxarmaq
olmaz. Bütün bunları çərçivəyə
salmaq lazımdır. Tamaşaçı baxımlı
verilişlər istəyir. Azərbaycan Televiziyasında və
İctimai Televiziyada da musiqi ilə bağlı belə
verilişlər olur.
- Məgər
bütün bunlar bugünkü efirin tələbidir?
-
Sözsüz ki, bu günün tələbidir. Ancaq bunu hər
verilişə aid etmək olmaz. Bəlkə elə edirlər
ki, hər şey çərçivədən kənara
çıxır. Verilişin mətninə, formasına
uyğun hərəkətlər etmək lazımdır. Mətnə
özündən əlavələr etmək olar, ancaq
çox şıltaqlıq, təlxəklik lazım deyil.
İnanın, mən çox vaxt əsəbiləşib ya
kanalı dəyişir, ya da televizoru söndürürəm.
Cavan aparıcılar özlərini çox şit
aparırlar. Hər halda bizim öz adət-ənənələrimiz
var. Həm xalqa layiq veriliş aparmaq, həm də
özünü o verilişə uyğun aparmaq
lazımdır.
- Bu
gün gənc aparıcıların təkmilləşdirilməsi
üçün hansısa kurslar varmı? Təcrübəli
diktorlar ustad dərsləri keçirlərmi?
- Biz
Azərbaycan Televiziyasından təqaüdə
çıxandan sonra sözsüz ki, yerimizi cavanlar tutmalı
idi. Bu, həyatın qanunudur. Mən ömrüm boyu
televiziyada olmamalıyam ki, yerimə adam hazırlamalıyam.
Ancaq bilirsinizmi, o məktəbi də dağıtmaq
olmazdı. Azərbaycan Televiziyasının illərlə
formalaşmış məktəbi var idi. Mən orada öz
yerimə 1-2 adam hazırlaya bilərdim və ondan sonra
çıxardım. ANS-in prezidenti Vahid Mustafayev məni bu
telekanala dəvət elədi. Mən aparıcılarla,
xüsusən xəbər oxuyan aparıcılarla məşğul
oldum və indi də bu fəaliyyətimi davam etdirirəm. Mənə
elə gəlir ki, bu telekanalın aparıcıları
çox rəvan, çox səlis danışırlar. Biz
veteranlar cavanları öyrətməliyik. Ancaq eşitmişəm
ki, Hazırda Azərbaycan televiziyasında belə bir məktəb
açırlar. Ora kimlərin dəvət olunacağı
haqqında heç bir məlumatım yoxdur. Ancaq
düşünürəm ki, bu, çox gözəl
ideyadır. Həm operatorların, həm
aparıcıların, həm rejissorların hazırlanması
üçün belə bir məktəb lazım idi.
- 30-
40 il bundan əvvəl auditoriyanın marağı
çağdaş dövrün tələblərindən
çoxmu fərqli idi?
- Televiziya kanalları
çoxaldı. Peyk antenaları artdı, xarici ölkələrin
telekanallarına baxmaq imkanı yarandı. Onların
açıq-saçıqlığı bizə siyarət elədi.
İndi onlara oxşar, bəzən də lap təkrarı olan
verilişlər bizdə də yaranıb. Düzdür, indiki
cavanlar tamam başqa ruhda böyüyürlər. O zaman
insanlar qapalı vəziyyətdə idilər. Onların xarici
ölkələrə belə çıxışları yox
idi, onlar yalnız ölkə televiziyasına bağlı idilər.
Biz də çalışırdıq ki, öz millətimizə
xas olan hərəkətləri edək və verilişlər
aparaq. Bəzən bu aparıcıları heç
qınamıram da, sadəcə, düşünürəm
ki, həddən artıq şitlik eləmək olmaz.
Çünki televiziyaya bütün yaş təbəqələrini
əhatə edən adamlar baxır.
-
Axşam evə gələndə bir tamaşaçı kimi
televiziyada hansı verilişə baxırsınız?
- Mən
ən çox xəbərlərə baxıram. Xüsusən
də ANS-in xəbərlərini diqqətdə saxlayıram.
Çünki orada mənim tələbələrim
danışır. Mən də onların səhvlərini
tutub diqqətlərinə çatdırıram. Cavan
vaxtlarımda idmana münasibətimiz başqa cür idi.
İndi isə idman məni özünə o qədər cəlb
eləmir. Maraqlı musiqili verilişlər, maarifləndirici
proqramlar var. Bu cür verilişlər heç olmasa
tamaşaçıya nə isə verir. Məsələn,
Az.TV-də və ANS-dəki «Ağıl dəryası»ndan
çox şey öyrənmək olur. Mən bu cür
verilişlərin tərəfdarıyam.
Unudulmaz xatirələr
- Azərbaycan
Televiziyasında işlədiyiniz illərlə bağlı ən
çox yaddaşınızda nələr qalıb?
-
Yaddaşımda çox gözəl xatirələr var. Məsələn,
Roza Tağıyeva, Ofeliya Sənani, Tamilla Məmmədzadə
və o nəslin digər diktorları ilə görüşəndə
elə bil əziz adamını görürsən. Biz o
kollektivdə çalışanda 7-8 nəfər idik. Sanki bir
ailənin üzvləri, bacı-qardaş kimi idik. İndi
onlarla görüşəndə köhnə günlər
yada düşür. O illər mənə gələn
çoxlu məktubları, haqqımda yazılan qəzet məqalələrini,
foto şəkilləri saxlayıram. Bunları «Xatirələrim»
adı altında çap etdirəcəyəm. Ömrüm
çatsa “Xatirələrim”i başa
çatdıracağam.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 6-8 noyabr.- S. 8.