Bayraq haqqı
Bu gün Azərbaycan xalqı
öz tarixi boyu ilk dəfə olaraq Dövlət
Bayrağı gününü qeyd edir
Bayraq
bir millətin şərəfi, milli varlığının təsdiqidir.
Dövlətin əsas atributlarından sayılan bayraq o dərəcədə
müqəddəs bir ucalıqda dayanır ki, millətin əsgərindən
tutmuş prezidentinədək ilk olaraq onu öpərək
qarşısında diz çöküb vətənə xidmət
edəcəyinə and içir. Tarixən ən böyük
meydan müharibələrinin də nəticəsi sonda
hansı tərəfin bayrağının dalğalanması
ilə müəyyən edilib. Elə vətən
torpaqlarının ən böyük qoruyucusu olan şəhidləri
də son mənzilə dövlət bayrağına bükərək
yola salırlar. Müstəqillik və ərazi
bütövlüyü uğrunda aparılan mübarizənin
gedişində yaranmış və inkişaf etmiş
dövlət rəmzləri vətəndaşların mənəvi
və emosional tərbiyələndirilməsinin əsas mənbələrindən
biridir. Azərbaycanın dövlət rəmzlərinin öyrənilməsi
istər dövlətçilik ənənələrinin
öyrənilməsi, istərsə də milli ənənələrin
canlandırılması baxımından da, vacib əhəmiyyət
kəsb edir. Sözsüz ki, bir çox şaxəli problemin
həlli rəmzlərimizin tarixini işıqlandıran elmi və
elmi-kütləvi əsərlərinin mövcudluğundan
bilavasitə asılıdır.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr
və proseslər göstərdi ki, kommunist-sovet rejiminin hər
cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq,
Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli
azadlıq, müstəqillik, istiqlal idealları və
arzuları heç vaxt tərk etməyib. Azərbaycan Xalq
Cümhuriyyətini «milli sərvətimiz, tariximizin parlaq səhifəsi»
kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin
böyük müdrikliklə dediyi kimi, «Azərbaycan Demokratik
Respublikası ilk dəfə milli azadlıq, müstəqillik
toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar
uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət,
1991-ci ildə Azərbaycan yenidən öz dövlət
müstəqilliyini əldə etdi». Lakin Azərbaycan
Respublikasının müstəqillik əldə etməsindən
xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci
il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə
endirilmiş müqəddəs istiqlal rəmzi – üçrəngli
milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il
noyabrın 17-də qədim Azərbaycan diyarı
Naxçıvanda XX əsrin böyük siyasətçisi və
dövlət xadimi Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Naxçıvan Muxtar
respublikasının dövlət bayrağı kimi qəbul
edilərək yüksəklərə qaldırıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti
və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikası Ali Soveti «Azərbaycan Respublikasının
Dövlət bayrağı haqqında Azərbaycan
Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə
üçrəngli milli bayrağımız Azərbaycan
Respublikasının Dövlət bayrağı kimi təsdiq
edildi və bu müqəddəs istiqlal rəmzimiz
bütün Azərbaycan üzərində dalğalanmağa
başladı... Az müddətdən sonra «Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı» (18 oktyabr 1991-ci il) ilə Azərbaycan
Respublikası özünün dövlət müstəqilliyini
elan etdi. İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin
müstəqilliyini tanıdı. Böyük öndər Qazi
Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi «Azərbaycan
bayrağının Türkiyə bayrağı yanında
Türkiyə səmasında dalğalanmasını görmək
bütün millətimiz üçün böyük bir
bayramdır» sözləri artıq həqiqətə
çevrildi... İndi təkcə Türkiyənin deyil,
dünyanın bir çox dövlətlərinin səmasında
ölkəmizin səfirlikləri üzərində Azərbaycan
bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi
dalğalanır... Bu da sevindirici haldır ki, Azərbaycan
Respublikası 1992-ci il martın 2-də Birləşmiş
Millətlər Təşkilatının üzvlüyünə
qəbul edildi və həmin təşkilatın
Nyu-Yorkdakı iqamətgahının qarşısında
dünyanın 180- dən artıq müstəqil dövlətinin
bayraqları ilə bir sırada Azərbaycan Bayrağı da
dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün
üçrəngli milli, dövlət bayrağımız
altında müstəqillik yolları ilə inamla irəliləyir.
Bayraqların tarixi -Xanlıqlar dövrü
Milli
Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində Azərbaycan
xanlıqlarının bayraqlarından ibarət çox unikal
kolleksiya saxlanılır. 1924-cü ildə Tiflisdə yerləşən
Qafqaz Hərbi Tarix Muzeyindən təhvil alınmış bu
kolleksiyaya Gəncə, Bakı, Şəki və İrəvan
xanlıqlarının bayraqları və eləcə də mənsubluğu
Cənubi Azərbaycan xanlıqlarına ehtimal olunan daha iki
bayraq daxildir. Bu bayraqlar XVI-XVIII əsrlərə aid edilən
gözəl şərq parçalarından tikilmiş,
müxtəlif ornament və yazılarla bəzədilmişdir;
üçkünc, dördkünc, beşkünc və
düzbucaqlı formalardadır. Üstlərindəki ornamentlər
qurama yaxud tikmə üsulu ilə salınmış, təbii
boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli
ipək, eləcə də qızılı və
gümüşü saplardan zər saçaqlar
salınmışdır. Bayraq ağacları silindrik formada
yüngül ağac gövdələrindən düzəldilmiş,
boyanmış, onların başlarına fiqurlu metal ucluqlar
taxılmış, qızılı, gümüşü və
başqa rəngli ipək saplardan toxunmuş qotazlar
bağlanmışdır.
Üçrəngli
bayrağın simvolları
Azərbaycan Respublikasının dövlət
bayrağı bərabər
enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy,
orta zolaq qırmızı, aşağı
zolaq yaşıl rəngdədir. Qırmızı
zolağın ortasında
bayrağın hər
iki üzündə ağ rəngli
aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti
1:2-dir.
Göy rəng
– Azərbaycan xalqının
türk mənşəli
olmasını, türkçülük
ideyası ilə bağlıdır. Türklərin göy rəngə
üstünlük verməsi
ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində
olan türkdilli xalqların yaşadığı
ərazilərdə saysız-hesabsız
qədim abidələr
də tikilib və bu abidələrin
əksəriyyəti göy
rəngdə olub. Bu baxımdan göy
rəng həm də simvolik məna daşıyır.
Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün
əzəmətini, onların
zəfər yürüşlərini
əks etdirir.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni,
inkişafı istəyini
ifadə edir. Məlum olduğu
kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük
irəliləyişlər baş
verib. Həmin dövrdə proletariatın
kapitalizm quruluşuna qarşı mübarizəsi
olub. Bu illərdə
qırmızı rəng
Avropanın simvoluna çevrilirdi. Əlibəy
Hüseynzadə yazırdı:
"Avropalaşalım, firəngləşəlim
deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən
müraciətə fərq
vardır. Biz avropalıların
ədəbiyyatına, sənayelərinə,
ümum və maariflərinə, kəşfiyyat
və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə
degil! Biz istəriz
ki, islam ölkəsinə onların
beyinləri, dimaqları
girsin!" Qırmızı rəngin üzərində
ortada aypara və səkkizguşəli
ulduzun təsviri verilib.
Yaşıl rəng – islam sivilizasiyasına,
islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı
qaranlıqlar içində
yaşıl işıqlar"
əsərində yaşıl
rəngin geniş izahını verib. Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən
üçrəngli bayraq
dövlət bayrağı
kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə
də, aypara və səkkizguşəli
ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli
ulduzun mənaları barədə müxtəlif
fikirlər var. Hətta
alim və tədqiqatçıların da
bu məsələdə
fikirləri üst-üstə
düşmür. Aypara bir
vaxtlar Bizans imperiyasının paytaxtı
Konstontinopolun gerbi olub. Türklər
1453-cü ildə həmin
şəhəri aldıqdan
sonra həmin gerb Osmanlı imperiyası tərəfindən
islam dininin
bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.
Tarixçi alim Cəbi
Bəhramovın sözlərinə
görə, bayrağın
üzərindəki aypara
türk xalqlarının
simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün
əski əlifbada yazılışı ilə
bağlıdır. Belə ki,
əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Tarixçi alim
Cəmil Həsənli
bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına
görə, ulduzların
sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə,
həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”. Səkkizguşəli
ulduzun mənasını
AMEA-nın dissertantı
Akif Məmmədli belə açıqlayıb:
“Rəsulzadə dövlətin
prinsiplərini müəyyənləşdirərkən
8 prinsipə əsaslanıb:
bunlar türkçülük,
islamçılıq, çağdaşlıq,
dövlətçilik, demokratiklik,
bərabərlik, azərbaycançılıq
və mədəniyyətlilikdir”.
Müxtəlif guşəli ulduzların
təsvirlərinin izləri
dünya sivilizasiyasının
ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır.
Azərbaycan bayrağında ulduz
Azərbaycan memarlıq
üslubunda geniş istifadə olunmuş və səkkiz guşə, səkkiz türk xalqının simvoludur.
Dövlət Bayrağı Meydanı
Dünyanın ən uca bayrağı
Bakıda Dövlət
Bayrağı Meydanında
dalğalanan Azərbaycan
bayrağıdır. Dövlət
Bayrağı Meydanının
təməli 2007-ci il 30 dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi
Dəniz Qüvvələrinin
bazası yaxınlığında
qoyulub. Dövlət Bayrağı Meydanı
açılışı və Dövlət Bayrağının təntənəli
qaldırılması 2010-cu ilin sentyabrın 1-də prezident İlham Əliyev tərəfindən
həyata keçirilib.
Tədbirdə çıxış
edən ölkə prezidenti bəyan edib ki, noyabrın
9-u Azərbaycanda bundan
sonra hər il Azərbaycan
Dövlət Bayrağı
Günü kimi qeyd olunacaq. İlham Əliyev Dövlət Bayrağı Meydanının
əhəmiyyətindən danışaraq bildirib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın
bütün nöqtələrindən
görünür və
gələcəkdə meydanın
ətrafında geniş
abadlıq-quruculuq işləri
aparılacaq. Məhz sentyabrın
1-də Bakıda Dövlət
Bayrağı Meydanının
açılması, ölkə
başçısı İlham
Əliyev tərəfindən
bayrağımıza və
milli-mənəvi dəyərlərimizə
verilən qiymətin,
göstərilən diqqət
və qayğının
bariz nümunəsidir.
Bir neçə gün öncə açılan
Dövlət Bayrağı
Meydanı ölkə
müstəqilliyinin əbədiliyini,
xalqımızın xoşbəxt,
firəvan sabahının
simvolu kimi bir daha təsdiqlədi.
Dünyanın ən böyük
bayrağı adını
alaraq, “Ginnesin rekordlar” kitabına düşən üçrəngli
Azərbaycan bayrağı
162 metrlik dirəyə
sahibdir. Uzunluğu
70, eni 35 metr olmaqla, 2,5 kvadratmetr
ərazini əhatə
edən bayrağın
çəkisi 350 kiloqramdır.
Belə bir layihənin gerçəkləşməsi və nəhəng bayrağın Azərbaycana
məxsus olması ölkədə və hüdudlarımızdan kənarda
yaşayan hər bir azərbaycanlının
sevincinə səbəb
oldu, bayramına çevrildi. Artıq bütün
dünya bu bayraqdan və bu nəhəng, əzəmətli bayrağın
sahibi – odlar yurdu Azərbaycandan danışır. Dövlət Bayrağı Meydanının
açılışı ilə bağlı dünyanın ən nüfuzlu telekanalları göstərir, tanınmış
qəzet və jurnalları yazıb, dərc edir. Prezidentin açılış zamanı
nitqində, belə bayrağın yaxınlarda
Dağlıq Qarabağda
da sancılması kimi ifadənin yer alması işğalçı ölkəyə
bir növ xəbərdarlıqdır.
Azər Nuriyev
Material KİVDF-nin
dəstəklədiyi layihə
çərçivəsində hazırlanıb
Kaspi.- 2010.- 9 noyabr.- S. 8.