Azərbaycan musiqisinin simvolu
Eldar Quliyev: “Mən ata kimi onun
haqqında danışmağa çətinlik çəkirəm»
Tofiq
Quliyev - bəstəkar, pianoçu, dirijor, böyük musiqi
xadimi. Yarım əsrdən çoxdur ki, onun mahnıları
səslənir. Bu mahnıları iri konsert salonlarından,
radio və televiziya verilişlərindən, böyük məclislərdən
eşitmək olur. Bu mahnılar insanlara mənəvi
rahatlıq gətirir, onlara sevinc bəxş edir. Kədərli
və fərəhli, lirik, oynaq nəğmələr
yalançı pafosdan uzaq bir dillə insan həyatından
danışır. Bu mahnılarda insan taleyinə aid, onun qəlbinə
toxunan çox şeylər var. Cəsarətlə demək
olar ki, ölkəmizdə bu mahnılara biganə olan bir adam
tapmaq çətindir. Onun hər mahnısı milli vokal sənətimizin
bir mirvarisidir. Böyük bəstəkar öz əsərləri
ilə incəsənətimizə çox qiymətli xəzinə
bəxş edib.
Görkəmli bəstəkarın doğum
günü ərəfəsində oğlu,
tanınmış kinorejissor Eldar Quliyevlə söhbətləşərkən:
“Mən ata kimi onun haqqında danışmağa çətinlik
çəkirəm. Əgər yaradıcılığı
haqqında da "onun musiqisi, mahnıları mənim xoşuma
gəlirdi" - desəm, bir az düz çıxmaz. Deyərlər
ki, atasını tərifləyir" - desə də xatirələrini
həvəslə danışdı.
Ən nəğməli şəhər
-
Tofiq Quliyevin musiqiyə bağlanmasının ailə kökləri
ilə bağlılığı vardımı?
- Əlbəttə,
musiqini ailələrində sevmişdi. Evlərində həmişə
skripka, fortepiano çalınır, vallar oxunurdu. Ailənin
başqa bir məşğuliyyəti ədəbiyyat, teatr idi.
Babamla nənəm uşaqlarını sənətə məhəbbət
ruhunda tərbiyə etməyə
çalışırdılar. Təhsilə və musiqiyə
maraq böyüyən uşaqlarda lap erkən
yaşlarından oyanmışdı. Təsadüfi deyildi ki,
Tofiq Quliyev musiqi təhsilini 12 yaşında Azərbaycan
Dövlət Konservatoriyası nəzdindəki hazırlıq
sinfində almağa başlamışdı. Bu illərdə
onun intəhasız istedadı üzə
çıxmışdı. O, siniflərində oxuyan
bütün uşaqlardan fitri istedadı ilə fərqlənirdi.
Royalda gözəl çalır, improvizələri,
yüngüllüklə musiqi bəstələmələri
hamını heyran qoyurdu. Konservatoriyada təhsilinin ilk illərində
məşhur bəstəkar Asəf Zeynallı onda
böyük təsir yaratmışdı. Sonralar da
Konservatoriyanın iki fakültəsində - Aysberqin fortepiano,
Ştrasserin dirijorluq siniflərində oxuyur, dahi Üzeyir
Hacıbəyovun sinfində məşqlərə
başlayır. Ondan xalq musiqisinin, muğamatın sirlərini
öyrənmək sənət yoluna qədəm qoyan gənc üçün musiqinin
sirli qapılarını açır. Tofiq Quliyev bu sirli
dünyanın gözəlliklərini dərk edir. Üzeyir bəy
onun həyatında böyük rol oynayır. Dünya
klassikasının və musiqi təhsilinin sirlərini öyrənmək
üçün dahi bəstəkar Çaykovski adına
Moskva Dövlət Konservatoriyasına göndərdiyi Qara
Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov kimi tələbələr
sırasına Tofiq Quliyevi də daxil edir. Moskva mühiti,
böyük pianoçu və pedaqoq Henri Neyqauzla
tanışlığı, maddi qazanc xətrinə
Moskvanın gur konsert və teatr həyatına
qarışması və "estrada" adı ilə caz
konsertləri ifa etməsi, məşhur pianoçu,
Ümumittifaq caz orkestrinin rəhbəri Çfasmanın
orkestrində çalışmaları Tofiqin
istedadının genişlənməsinə şərait
yaradır.
Bu
illərdə Tofiq Quliyevdə özünün milli caz
orkestrini yaratmaq arzusu yaranır. Bu arzu ilə 1939-cu ildə
Moskvadan Bakıya qayıdır. O vaxtlar Bakı keçmiş
ittifaqın ən nəğməli şəhərlərindən
biri sayılırdı.
-
Tofiq Quliyev bu orkestri yaratmağa necə müvəffəq
oldu?
- Məşhur
yazıçı-dramaturq Mirzə İbrahimovun köməyi
ilə orkestri yaradır. O, musiqiçiləri
yığır, alətləri Leninqrada sifariş verir,
repertuarla ciddi məşğul olur. Estrada, caz - bütün
bunlar sənət aləmində yeni idi. Xalqa daha çox milli
məzmunlu əsərlər lazım idi. Tofiq Quliyev xalq
mahnı və rəqslərini öz fantaziyası ilə
işləyir, eyni zamanda, orijinal əsərlər
yazırdı. Müharibə illərində Tofiq Quliyevin rəhbərlik
etdiyi orkestr döyüşən əsgərə çevrilərək
402-ci diviziyanın tərkibində özünün cəbhə
həyatına başlayır. Bu orkestri hədər yerə
Qızıl Ordu ansamblı adlandırmırdılar.
Qafqazın müdafiəsi zamanı müharibədə fəaliyyətinə
görə Tofiq Quliyev bir neçə medallarla təltif
olunur.
Sonrakı
illərdə isə atamın
yaradıcılığının daha zəngin dövrləri
başlayır. O, ömrünün sonuna qədər
çalışır və Azərbaycan musiqisinə gözəl
mahnılar, təkrarsız musiqilər bəxş edir. Qara
Qarayev ona yazırdı:
"Heç vaxt indiki qədər mənə aydın
olmamışdı ki, sən adamlara nə qədər
xeyirxahlıq etmisən. Onlara sənin musiqin nə qədər
lazımdır! Bir daha aydın oldu ki, daima və gündəlik
əməyinlə sən bütün həyatını
musiqiyə həsr etmisən. Mən sənə qiymətə
gəlməyən, Azərbaycan xalqının mənəvi sərvətinə
gətirdiyin xəzinəyə görə təşəkkür
edirəm!" Bu sözlər həqiqətdir. Elə bir məclis
yoxdur ki, orda Tofiq Quliyevin mahnıları ifa olunmasın. Elə
bir müğənni yoxdur ki, repertuarında Tofiq Quliyevin
mahnısı olmasın. Sənətkar üçün
çox böyük şərəfdir ki, yaratdığı
ondan sonra yaşayır. Necə deyim ki, pis
çıxmasın: mən bilən Tofiq Quliyevin adı Azərbaycan
musiqisinin, Azərbaycan mahnısının simvolu olub. Onun
mahnılarını heç nə ilə müqayisə etmək
olmaz. Çox maraqlıdır, Tofiq Quliyev dünyasını
dəyişəndən sonra çoxları mənə
"Tofiq müəllim!", sonra da üzr istəyərək
"Eldar müəllim!" - deyə müraciət edir. O,
sağ olanda mənə belə müraciət edən yox idi.
Mən hələ də bunun niyə belə olduğunu
başa düşmürəm.
-
Orta məktəbdə oxuyanda Tofiq Quliyevin oğlu
olmağınız sizin üçün hansısa
qapıları açırdımı?
-
Bilsələr də, bunun mənim qiymətlərimə
heç bir təsiri ola bilməzdi. Bir də axı o zaman
Tofiq Quliyev hələ klassik bəstəkar hesab olunmurdu. O
zaman Tofiq gənc bəstəkar idi. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, mən məktəbdə öz
gücümə əlaçı olmuşam. Ümumiyyətlə,
təbiətən öyrənməyi sevən insanam. Daha
çox fizika və riyaziyyat elmlərinə meylli idim və bu
sahələr üzrə keçirilən bir neçə
olimpiadanın qalibi olmuşdum. Məqsədim orta məktəbi
bitirəndən sonra, Moskva Dövlət Universitetinin
fizika-riyaziyyat fakültəsinə daxil olmaq idi. Amma bir dəfə
"Vətən" kinoteatrında təsadüfən
"Durnalar uçur" adlı bir rus filminə baxdım. Bu
film həyatımı dəyişdi və mən kinorejissor
olmaq qərarına gəldim. Anamın qınağına
baxmayaraq, həyat yolumu müəyyən etdim.
Damarlaramızda axan qan
-
Sonrakı illərdə atanızın
yaradıcılığınıza heç təsiri olubmu?
- Desəm
ki, onun sənətinin yaradıcılığıma heç
təsiri olmayıb, bu, düz olmaz. Damarlaramızda axan eyni qandır.
Moskvada institutda oxuyanda daha çox xarici
yazıçıların əsərlərindən istifadə
edirdim. Açığı, Moskvada qalmaq fikrim vardı. Bəlkə
də çox istəsəydim qala bilərdim. Ancaq məni evdən
çağırdılar. Avropa və dünya ədəbiyyatı,
incəsənəti sahəsində böyüdüyüm
üçün bilirdim ki, mənə Bakıda çətin
olacaq. Azərbaycan həyatı, Azərbaycan xarakteri burda əsasdır.
Ancaq ilk diplom işim olan Salam Qədirzadənin bir əsəri
üzərində çəkdiyim film, daha sonra "Bir cənub
şəhərində" filmi mənimçün ən azərbaycanlı
filmlər oldu. Mən necə görürdümsə, elə
çəkirdim. Ona görə deyirəm ki, bu, azərbaycanlı
qanıdır. Bu mədəniyyət mənə qanla
keçib.
-
Sizin söhbətləriniz adətən sənətlə
bağlı olurdu?
- Biz
Tofiqlə həmişə görüşəndə ailə
söhbətləri aparmırdıq, daha çox sənət
söhbətləri edirdik. Aramızda ata-oğul pərdəsi
həmişə qalırdı. Bu, məncə, bütün
ailələrdə belə olmalıdır. O vaxtın sənətkarları
daxildən çox maraqlı adamlar idi. Onlarla tək musiqidən
yox, dünya tarixindən və mədəniyyətindən,
siyasətdən, incəsənətin bütün sahələrindən
söhbətlər eləmək olardı. Tofiq də o nəslin
parlaq nümayəndəsi idi. Mən bir dəfə telefonda
onunla danışarkən Salvador Dalinin "Dahinin gündəliyi"
kitabını almağımı deyəndə "hardan
almısan, mənimçün də al" - dedi. O, kitablarla
çox maraqlanır, mütaliəni hədsiz sevirdi. Onun
çox zəngin kitabxanası, çox gözəl rəsm
albomları vardı. Həmişə ad günümdə
"sənə nə bağışlayım" -
soruşanda, "nə istəyirsən" - cavabını
verirdim. Bilirdi ki, kitabxanasında 1-2 kitaba gözüm
düşüb. Bir dəfə ad günümdə
sürücüsü ilə kinostudiyaya hədiyyə göndərmişdi.
Gördüm ki, sürücü böyük bir qutu gətirdi.
Ürəyimdə "burda nə isə böyük bir hədiyyə
ola bilər" - düşündüm. Qutunu açanda
üstdə istədiyim kitabların, altda da Brejnevin,
bütün qurultayların kitablarının
yığıldığını gördüm. Zəng edib
"bunları mən neynirəm?" - deyəndə, "gərək
onları da biləsən" - deyə cavab verdi.
- O,
ümumiyyətlə sizin yaradıcılığınıza
qarışırdımı?
-
Tofiq mənim yaradıcılığıma heç
qarışmırdı. “Nə yaxşı, nə də
pisdir” deyirdi. Təkcə təbrik eləməklə kifayətlənirdi.
Ancaq mənə belə bir məsləhət verdi: "Öz
təcrübəmdən götürəndə hər
rejissorun öz ətrafında operator, ssenarist, bəstəkar,
aktyor, rəssamlardan ibarət bir qrup olur. Onlar bir-birlərini
yaxşı başa düşürlər". Mənə məsləhət
gördü ki, öz yaşıdlarımdan ibarət bir
kollektiv yığım. Mən iki filmimi Fərəc Qarayevlə,
ondan sonrakı filmlərimi isə Polad Bülbüloğlu ilə
işləməyə başladım. Poladla 7-8 film işlədim.
- Bəs
Tofiq Quliyevlə necə, film işləyə bildinizmi?
- Bir
dəfə onunla birgə işləməyə imkan
yarandı. "Babək" filminin üzərində əvvəlcə
Həsən Seyidbəyli işləyirdi. Onun öz qruppası
vardı və bəstəkarı da Tofiq Quliyev idi. Onlar həmçinin
dost idilər. Demək olar ki, Həsən Seyidbəylinin filmlərinin
musiqisini Tofiq Quliyev bəstələmişdi. "Babək"dən
əvvəl isə onlar "Nəsimi" filmini işləmişdilər.
Sonra Həsən müəllim xəstələndiyi
üçün filmdən imtina elədi. Filmi mənə
verdilər. Mən də dedim ki, Həsən müəllim,
siz xəstəsiniz, nə vaxt gəlib deyərsiniz, onda mən
qırağa çəkilərəm. Dedi ki, davam elə. O,
bütün qrupu yığmışdı. Dedi ki, onlarla
işlə. Mən elə bilirdim ki, həm də Tofiq Quliyevlə
işləyəcəyəm. Polad Bülbüloğlu eşidəndə
ki, filmdə Tofiq Quliyev işləyir, dedi ki, mənim
sözüm yoxdur və inciməyəcəyəm. Mən
sınaq üzərində işləyirdim. Bir aydan sonra Tofiq
zəng vuraraq ərizə yazıb filmdən çıxmaq
istədiyini bildirdi. Dedim ki, niyə, sonra başa düşməzlər,
elə bilərlər ki, mən səninlə işləmək
istəmirəm və ya sən mənimlə işləmək
istəmirsən. "Yox, bilirsən, mən Həsənlə
dostam. Həsən filmdən çıxdı, mənsə
qalıram. Sonra Həsən deyər ki, dostluğu itirdi,
oğlu ilə işləyir. Heç nə deməsə də,
daxildən inciyər. Bir də sən Poladla işləyirsən,
mən niyə sizin aranıza girim? O, cavan bəstəkardır,
niyə onun əlindən filmini alım? Mən olmasaydım, sən
yəqin ki, onu dəvət edəcəkdin. İndi isə sən
də dostluğunu itirməyəcəksən, mən də.
İnşallah, bəlkə gələcəkdə belə bir
imkan yarandı, onda birgə işləyirik" - deyib ərizə
yazaraq filmdən getdi. Camaat da bunu başa düşdü. Mən
filmi Poladla işlədim. Elə bilirəm, bu, Poladın ən
yaxşı kino musiqilərindən biridir. Ancaq Tofiqlə birgə
işləmək bizə qismət olmadı.
Yerinə yetirilən borc
- Necə
bilirsiniz, bir övlad kimi onun qarşısında yerinə
yetirmədiyiniz borcunuz
qalıbmı?
-
Onun qarşısında yerinə yetirmədiyim böyük
bir borcum vardı. 1992-ci ildə biz onun haqında film çəkməyə
başladıq. Təəssüf ki, filmi bitirə bilmədim.
Materiallar qalmışdı. Özümdən başqa
heç kəsi qınamırdım. Görüşəndə
işarə ilə "bu filmi nə vaxt
qurtaracağıq?" - deyə maraqlanırdı. O, filmi
çox gözləyirdi. Açığını deyim ki,
bu filmi çəkmək mənimçün çətin
idi. Bəlkə bu bizim birgə işlədiyimiz ilk film
olacaqdı. Mənim onun sənətini necə görməyim
Tofiq Quliyev üçün maraqlı idi. Hər il "gərək
bu il bitirim" - desəm də, nəsə bir çətinlik
hiss edirdim. Nəhayət, atamı haqqında 35 dəqiqəlik “Nəğməli
ömür” sənədli filmini çəkdim. Keçən
həftə Bəstəkarlar İttifaqında“Müasirlərlə
dialoq” layihəsi çərçivəsində Tofiq Quliyevin
xatirəsinə həsr olunan tədbirdə film nümayiş
olundu və maraqla qarşılandı. Gecədə
vurğulanan fikirlər isə həqiqət idi: Tofiq Quliyev
musiqi mədəniyyətimizdə dərin və dəyərli
izlər qoyub. Onun musiqiləri sevilir, dinlənilir, hər zaman
da belə olacaq.
Biz
Tofiq Quliyevin hər doğum gününü beləcə qeyd
edirik. Ancaq doğum günü barədə maraqlı bir məqamı
açıqlayım. Hamı elə bilir ki, atamın doğum
günü noyabrın 7-idir. Ancaq nənəm
danışırdı ki, atam noyabrın 5-də doğulub.
Sadəcə hansısa səbəblərə görə, bu
tarix sənəddə noyabrın 7-i kimi qeyd edilib.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 9 noyabr.- S. 11.