“Heç zaman teatra xəyanət etməmişəm”

 

Aleksandr Şarovski: «Prezident qeyd elədi ki,  Rus Dram Teatrının Azərbaycan teatrının və mədəniyyətinin bir hissəsi kimi həmişə öz yeri olub və olacaq»

 

Dekabrın 21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illiyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq yubiley tədbirində MDB ölkələrinin tanınmış teatr xadimlərinin iştirakı da gözlənilir.

Teatrın baş rejissoru Aleksandr Şarovski də yubileyin çox yüksək səviyyədə qeyd olunacağına əminliyini gizlətmir:

 

Yubileyə gedən yol

 

- Yubileyə necə hazırlaşırsınız?

- Mənim fikrimcə,  yubiley nəticələri yekunlaşdırmaq üçün cəhd deyil.  Əsas olan yubileyə qədər baş verən hadisələr və yubileyə gedən yoldur. Yubiley ilində biz ilin sonuna qədər iki premyera təqdim etməyi düşünürük. Əgər yubileyi də premyera hesab etsək bu o deməkdir ki, bu bizim üçün yeni bir tamaşa olacaq. Mənim üçün əsas olan budur. Əsas odur ki, teatr işlək vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyində teatrla əlaqəli şəxslər də bu sənəti sevən insanlardır. Onlar gecə və gündüz teatr üçün yaşayırlar. Bizim onlarla çox yaxşı əlaqələrimiz var. Cənab nazir özü də teatra yüksək qayğı göstərir. Eləcə də dövlət başçısının teatra böyük qayğısı var. Prezident İlham Əliyev həyat yoldaşı Mehriban xanımla teatrın təmirdən sonrakı açılışında iştirak etdi. Rus Dram Teatrı Dövlət Kukla Teatrından sonra ilk teatr idi ki, təmirdən sonra təhvil verilirdi. Prezident məni həmin tədbirdə “Şöhrət” Ordeni ilə təqdim elədi. Hesab edirəm ki, bu mükafat təkcə mənim yox, bütün kollektivin əməyinə verilən qiymətdir. Prezident qeyd elədi ki,  Rus Dram Teatrının Azərbaycan teatrının və mədəniyyətinin bir hissəsi kimi həmişə öz yeri olub və  olacaq.  İstənilən artıq dil bir dövlətdir. İstər Azərbaycan, istər rus, istərsə də ingilis dilini bilmək insanların mədəni səviyyəsinin yüksəlməsinə xidmət edir. Prezidentin bu fikirləri bizi ilhamlandırdı. Biz də işimizi bu istiqamətdə qururuq. Yubileyə gəlincə, ümid edirəm ki, yaxşı qonaqlarımız olacaq. Yəqin ki, xaricdən bizi təbrik etməyə dostlarımız gələcək. Yaxşı sözlər, gözəl komplimentlər eşidəcəyik. Bütün bunlar əlbəttə, bizi sevindirir.

- Təmirdən sonrakı teatrda işləmək işinizin keyfiyyətinə necə təsir edir?

- Təmirdən sonra bizdə səhnədə keyfiyyət dəyişiklikləri baş verib. Daha müasir tərtibat var. Biz teatra bu sənəti ürəkdən sevən, xüsusilə gənc nəsillə işləməyi bacaran rejissorları dəvət edirik. Mən bunu öz işimizə yeni baxış kimi qiymətləndirirəm. Biz təkcə rejissorları yox, həmçinin işıq üzrə rəssamlar da dəvət edirik. Bizim sexlərdə hər şey qaydasındadır. Vladimir Niverov çox böyük mütəxəssisdir. Onu da qeyd edim ki, bizdə işıq üzrə rəssam qıtlığıdır. Ancaq bizim sexə dəvət etdiyimiz rəssamlar çox yaxşı məktəb keçiblər. Bu müasir teatr üçün çox vacib amildir.

 

- Bu mövsüm repertuarda əsasən klassikaya, yoxsa müasir dramaturgiyaya üstünlük vermisiniz?

- Bu mövsümdə repertuarımızda bir çox klassiklərin əsərləri yer tutub. Bu əsərlər zaman ötdükcə hava-su kimi lazımdır. Klassika isti havada sərin su kimidir. O, insana yeni nəfəs verir. Biz bu il Yaltada keçirilən Beynəlxalq festivalda çox uğurla iştirak etdik. Festivalda 9 ölkənin teatrları iştirak edirdi.

- Rus Dram Teatrında nə qədər aktyor çalışır? Sizcə yaşlı aktyorlar işin gedişinə kömək edir, yoxsa mane olurlar?

- Bilirsinizmi, əgər teatrda hər şey çox yaxşıdır deyilsə, demək pisdir. Mən həmişə demişəm ki, rəssamlara qibtə edirəm, onlar molbert və fırça götürüb istədiklərini çəkirlər. Onlar heç kimdən asılı deyillər. Mən isə hamıdan asılıyam. Teatrda 200-ə yaxın işçi var. Onlardan 60-ı aktyordur. Hər insanın öz yeri, öz fəlsəfəsi, öz davranışı, öz baxışları var. Mən fikirləşirəm ki, onlar dünyada ən yaxşıdırlar. Eləcə də həqiqətən nəsillər arasında baş verən mübarizə də yaxşıdır. Əsas odur ki, bu çərçivədən çıxmır. Biz çox ciddi tədbirlər götürürük. Teatr elə bir yerdir ki, orada yüksək əhval-ruhiyyə, səhərdən axşama qədər iş olur. Yalnız bu nizam-intizam uğurlar əldə etməyə imkan verir. Yəqin ki, fikir vermisiniz, bizim teatrın aktyorları müxtəlif teatrlarda da çalışırlar. Onlar reklamlara, filmlərə çəkilirlər. Bu o deməkdir ki, onlar yaxşı formadadırlar. Bəzən onları bir yerə yığmaq mənim üçün  çətin olur. Ancaq onların pul qazanmaq işinə mane ola bilmərəm. Özünüz bilirsiniz ki, teatrda əməkhaqqı yüksək deyil. Əlbəttə, bu teatrın işinə mane olur. Ancaq nə etmək olar, onlara kömək etmək lazımdır. Teatra sadiq olan adamlara mən həmişə kömək edirəm. Kim ki, teatra sadiqlik göstərir, teatr da onları sevir. Kim ki, teatra sadiqlik göstərmir, o kənarda klouna çevrilir. Teatr xəyanəti bağışlamır. Mən 40 ildən çoxdur ki, teatrda çalışıram. Həyatımın müxtəlif hadisələri və günahları olub. Ancaq heç zaman teatra xəyanət etməmişəm, onu aldatmamışam.  Bu, çox təhlükəlidir. İndi teatrda aparılacaq islahatlardan çox danışırlar. Eşitmişəm ki, bu islahatlar teatrların maliyyə vəziyyətini yüngülləşdirəcək. 

- Siz necə düşünürsünüz, aktyorlar və rejissorlar teatrda müqavilə ilə işləməlidirlər?

- İndi bizdə islahatlar başlayır. Təbii ki bu islahatlar ölkənin birinci teatrından başlanmalıdır. Milli Teatr ölkəmizdə özünün böyük ənənələri olan teatrdır. Mən o teatrın səhnəsində Ələsgər Ələkbərovu Vaqif rolunda görmüşəm. Yadımdadır, Ələsgər Ələkbərov Vaqifi oynayanda bütün zal onu  ayaq üstə alqışlayırdı. O teatrda belə aktyorlar nəsli vardı. Bu islahatlar təkcə yaradıcı deyil, həm də iqtisadi xarakter daşıyır. Çox istərdim ki, bu islahatlar, attestasiyalar elə keçsin ki, nəyi isə dağıtmasın. 

 

Azartlı oyun

 

- İndicə Ələsgər Ələkbərovun adını yada saldınız. Sizcə bu gün səhnəmizdə bu cür aktyorlar varmı?

- Bu gün bizdə başqa aktyorlar var. O böyük məktəb həmin teatrın idi. Bu gün isə teatrın ayrı siması, ayrı intonasiyası var. Əlbəttə, mən o gözəl səsli, klassikalı aktyorlarla fəxr edirdim. Məsələn, Vera Şirye bizim teatrın belə aktyorlarından idi. Bu gün isə bizim səhnədə Kral Liri oynayan Nodar Şaşıqoğlunu kimi aktyor var. Digər səhnələrə gəlincə, öz işimizin çoxluğu ilə əlaqədar başqa teatrlara o qədər də gedə bilmirəm. Yəqin ki, bu gün də «Azdrama»nın yaşlı nəsl aktyorları arasında çox gözəl aktyorlar çalışır. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanda çox istedadlı aktyorlar var.

- Sizcə müasir teatr özünün çiçəklənmə mərhələsini yaşayır, yoxsa enmə?

- Çətin sualdır. Demək olar ki, teatr uçurumdan xilas olub. Təxminən 10-15 il bundan əvvəl uzun bir dövr vardı ki, televiziya, kütləvi mədəniyyət hər şeyi üstələmişdi. Ancaq teatr yenidən insanların marağını özünə cəlb edə bildi. İndi insanlar teatrı seçir, canlı ünsiyyətə üstünlük verir. Artıq insanlar kütləvi mədəniyyətdən beziblər və onlar özlərinə gəlməyə başlayıblar.

- Necə düşünürsünüz, bugünkü pyeslər hamısı bu günlə səsləşirmi?

- Bu, çox çətindir. Bəzən elə pyeslər olur ki, onu hazırlayırsan, ancaq  zal qəbul eləmir. Ona görə də baş rejissor kimi mənim üçün dəqiq repertuar portfelini qurmaq asan deyil. Çünki tamaşaçıların zövqünü də nəzərə almaq lazımdır. Ümumiyyətlə, həm klassik, həm də müasir pyeslərə quruluş verirəm. Ancaq mən o pyesləri sevirəm ki, bu gün onun üzərində işləyirəm. Düşünürəm ki, ən yaxşı material o olacaq. Çünki hər tamaşa üçün yeni forma, yeni vəziyyət, gözlənilməz rəsmlər və s. tapmaq lazımdır. Mən hər bir tamaşaya ilk tamaşam kimi yanaşıram. Əgər o pyesi özüm sevmirəmsə, onu hazırlamıram. Bu azartlı oyun kimidir. Əgər həvəs yoxdursa, yaxşısı budur tamaşanı qoyma. Mənim üçün demək çətindir ki, bu günün tələbi nədir. Tamaşa təkcə bu günün tələbi ilə yox, həmçinin qəlbin tələbi ilə səslənməlidir. Əgər mənim qəlbimin seçdiyi bir tamaşa tamaşaçıların istəyi ilə üst-üstə düşürsə, demək o alınıb. Teatr siyasət deyil. Həyatın tələbi tamam başqadır. Əsas ürəyin, qəlbin tələbatıdır, emosiyalardır.

- Yəqin ki, xəbərdarsınız, qonşu gürcü teatrı «Kral Lir»i Londonda oynayıb. Nə üçün bizim teatrların belə sorağı gəlmir?

- Bizi dəvət edirlər. Sadəcə, bu cür səfərlər çox baha başa gəlir. Teatrımız çox festivallarda iştirak edir. Ancaq elə festivallar var ki, ora böyük truppa ilə getmək lazımdır. Bunun üçün vəsait olmalıdır.

 

Hər şey yadımdadır

 

- Necə düşünürsünüz, sizin rejissor işiniz həmişə riskdir – qəbul edəcəklər və ya etməyəcəklər, sevəcəklər və ya sevməyəcəklər?

- Əlbəttə, mən həmişə deyirəm ki, imtahan verməkdən yorulmuşam. Hər günü sabah nə edəcəyimi bilməyəcək kimi başlayıram. Bu, hər dəfə belədir. Premyeraya qədər necə olacağını bilmirəm. Qəbul edəcəklər, etməyəcəklər... Bu fikirlər adama rahatlıq vermir. Hər dəfə bu hissləri yaşamaq asan deyil.

- “Rejissor aqressiv olmalıdır” fikrinə münasibətiniz necədir?

- Məni teatrda çox adamlar qınayırlar ki, çox yumşaq adamam. Mən yumşaq adam deyiləm, sadəcə aktyorların təbiətini bilirəm. Özüm də artistəm. Onlarla ehtiyatlı olmaq lazımdır. Çünki onların qəlbində teatrdan başqa heç nə yoxdur. Əgər o istedadlıdırsa, onu başa düşmək asandır. Rejissorlar müxtəlif olmalıdır. Onların aqressiyası mənim üçün başa düşülən deyil. Rejissor qışqırmalıdırmı? Bu ola bilməz.

Aktyor isə yaxşı mənada aqressiv olmalıdır. Çünki səhnə cəsarət tələb edir. Aktyor öz-özünə deməlidir ki, mən ən yaxşıyam və oynamağa gedirəm. Aktyor səhnəyə zalla mübarizə ruhunda çıxmalıdır. O zala qalib gəlməli, hamının diqqətini özünə çəkməlidir. Əgər zalda oturanlar aktyora inanmasalar çıxıb gedəcəklər. Aktyorun istedadı bu istiqamətə yönəlməlidir. Mənə elə gəlir ki, rejissorda o zaman aqressivlik yaranır ki, onun üçün artıq heç nə qalmır. Rejissor tamaşanı bilməli,  səhnə nizamlarına bələd olmalı, temporitmi dəqiq tutmalı, yeni aktyorların xarakterini tapmaqda kömək etməli və ab-havanı yaratmağı bacarmalıdır. Ona görə də rejissorun aqressiv olmasının nə demək olduğunu o qədər də başa düşə bilmirəm.

- Eyni zamanda rejissor və aktyor olmaq çətindirmi?

- Çətin deyil, sadəcə bunlar ayrı-ayrı peşədir. Xüsusən nə zaman ki, sən baş rejissorsan səhnəyə az çıxırsan. Mən də buna çalışıram. Çünki başqa halda elə çıxar ki, mən kiminsə əlindən rolunu alıram. Vaxtilə aktyor kimi özüm çox rollar oynamışam. Ona görə artıq səhnəyə nadir hallarda çıxıram. Hələlik məni aktyorluq çəkmir və nə vaxtsa hansı rolla çıxacağımı da bilmirəm.

- Aktyor kimi səhnəyə çıxanda siz də Hamleti, Otellonu oynamaq arzusu ilə yaşayırdınız?

- Mən Gənc Tamaşaçılar Teatrında aktyorluğa başlamışam. Əvvəlcə bir neçə epizodik rollarda, sonra isə yalnız baş rollarda oynamışam.  Demək olar ki, yarım ildən sonra mənə baş rollar həvalə olundu. Mən orada Dartanyan, Don Juan və digər gözəl rolları oynadım Sonra mən o teatrdan Rus Dram Teatrına gəldim. Hələ də ilk addımlar - pərdənin açılması, qrim qoxusu, macəralar, alqış səsləri  – hər şey yadımdadır.

- Daha nəyi xatırlayırsınız?

- Sonra məşqlər yadımdadır. İş, iş, yenə də iş. Mənim üçün ən böyük həzz məşqlər idi. Məşq yeni inşadır. Rejissor onu yazır, sən isə bütün qəlbinlə xarakter yaradırsan. Bu, təkcə səhnədə o baş - bu başa getmək deyil. Mən nə istəyirəmsə onu oynamışam. Obrazlar qalaleyamda çox gözəl rollar var. Bu baxımdan reallaşmayan arzum qalmayıb.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2010.- 11 noyabr.- S. 8.