Cənubi Azərbaycanın
şərəf səhifəsi
Xalq şairi
Balaş Azəroğlu Cənubi Azərbaycanda 65 il bundan
öncə baş vermiş “21 Azər hərəkatı”nın
tarixi əhəmiyyəti haqqında danışır
65 il bundan əvvəl Cənubi Azərbaycanda baş verən “21 Azər hərəkatı” tarixə yazıldı. 1945-46-ci illərə təsadüf edən “21 Azər” hərəkatının əhəmiyyətlilik dərəcəsi baş verən inqilablar arasında bir çox cəhətlərinə görə daha böyükdür. Bəlkə ona görə ki, həmin hərəkatın kökündə Güney Azərbaycan türklərinin sosial problemlərinin həlli, ədalət və bərabərliyin yaranması, milli azadlıq və milli haqların əldə edilməsi istiqamətində çox ağır mübarizə dururdu.
Xalq şairi Balaş Azəroğlu “21 Azər hərəkatı”nın tarixi əhəmiyyəti haqqında danışır:
Hərəkata
gedən yol
- “21 Azər hərəkatı” hansısa xarici
qüvvələrin təsiri və təzyiqi ilə deyil, bəlkə
millətin uzun illər yığılıb qalmış və
həllini tapmamış problemlərinin
partlayışından irəli gəldi. Dünyanın
və bölgənin ogünkü şərtlərin nəzərə
alaraq yenicə yaranmış və mərkəzi Tehran hakimiyyəti,
habelə onun müttəfiqlərinin təzyiqləri
qarşısında dirənmək üçün Milli
Hökumətin qonşuluqda olan güc sahibi Sovetlər Birliyi
ilə yaxın münasibətlər qurması,
qarşılıqlı əməkdaşlıqda olması
olduqca təbii və məntiqi bir əməl idi. Sovetlər
Birliyinin tərkibində dili, tarixi, mədəniyyət və
adət-ənənəsi Güneydəkilərlə tam eyni
olan Azərbaycan Sovet Sosialist Respublikasının olması həmin
müttəfiqlik və yaxın dostluq əlaqələrinin
daha da möhkəmlənməsi üçün kifayət qədər
tutarlı səbəb sayıla bilərdi.
- Cənubda Azərbaycan Demokrat Firqəsi necə
yarandı?
- 1945-ci il may ayının axırında xəbər gəldi
ki, Təbrizin demokrat fikirli ziyalıları yeni bir firqə təşkil
etmək istəyir. Ağayi Pişəvərini
Tehrandan dəvət ediblər ki, Firqə təşkil olunsun.
Aradan o qədər keçmədi ki, Firqənin
Müraciətnaməsi, ardınca Nizamnaməsi yayıldı.
Müraciətdə deyilirdi ki, Firqəyə dilindən, dinindən,
sinfi mənsubiyyətindən, peşəsindən
asılı olmayaraq əhalinin bütün təbəqələri
daxil ola bilər. Firqə
qapılarını hamının üzünə
açmış, öz sıralarında kəndlinin, ərbabın,
tacirin, bazar əhlinin nümayəndələrini birləşdirib
ölkənin və xalqın mənafeyini günə bir
qardaşlıq dünyası yaratmaq istəyirdi. Elə buna görə də 1-2 ayda Firqənin
üzvləri minlərlə idi. 1945-ci il
sentyabrın 3-də Firqənin təşkili elan olundu. Müəssisələr məclisinin qərarı ilə
sentyabrın 13-də ilk konfrans keçirildi və birinci
qurultay oktyabrın 2-ə təyin edildi. Firqənin
birinci qurultayına nümayəndələr seçildi.
Firqədə sinfi məhdudiyyət
olmadığından tacirlərdən və bazar əhlindən
olan demokrat fikirli adamlar üzv olandan sonra onlar imtiyazında
olan «Cövlət» qəzetini Firqənin ixtiyarına verdilər.
Yadımdadır, Firqənin birinci qurultayına
nümayəndələr seçildi. «Cövdət»
qəzeti Firqənin orqanı olandan sonra məni qəzetə
redaktor təyin etdilər. Biz qəzeti ilk
gündən Azərbaycan dilində buraxmağa
başladıq. Firqənin Məramnəməsini
və Nizamnaməsinin maddələrinin izahı ilə əlaqədar
xalqın başa düşdüyü səviyyədə məqalələr
dərc edirdik. Qəzetin bir nömrəsində Firqəyə
çağırış kimi «Gəlin dostlar, gəlin!» adlı şeirimi çap etdirdim. Pişəvəri şeiri oxuyandan sonra xidmətçilərdən
bir nəfəri çağırıb şeiri mətbəəyə
aparmağı və ayrıca vərəqdə 1000 ədəd
çap etdirməsini tapşırdı ki, qurultay
başlayanda nümayəndələrə paylasınlar.
O, sonra ədəbiyyatın, sözün təsir
gücündən danışdı və dedi ki, «İndi bizə
şeirlər, məqalələr çox lazımdır ki, məram
və məqsədimizi xalqa çatdıraq».
- Həmin
illərdə Cənubi Azərbaycanda ictimai-siyasi vəziyyət
necə idi?
-
1944-45-ci illərdə ölkənin vəziyyəti çox
ağır idi. Kəndlərdə cana
doymuş kəndlilər arasında toqquşmalar baş verir,
dövlət məmurları kəndliləri cəzalandırır
və ya kənddə ərbabın anbarında günlərlə
həbs edirdilər. Bu hallara qarşı bəzi
kənd əhli müqavimət göstərir, məmurların
silahlarını əllərindən alır, özlərini kənddən
qovurdular. Kəndlərdə kortəbii başlayan
çıxışlar üsyan halı almasın deyə Firqə fədai
dəstələri yaratmaq uğrunda çalışdı və
buna nail oldu. Vilayətlərdə
ayrı-ayrı fəaliyyət göstərən dəstələr
birləşərək böyük dəstələr əmələ
gətirdilər. Sərab, Miyana, Urmiyə, Ərdəbil,
Zəncan, Astara, Meşkin və başqa şəhərlərdə
dövlət idarələrini ələ keçirdilər və
nəhayət, Təbriz şəhərindəki qoşun və
əmniyyə başçıları təslim oldular. Geniş xalq kütləsinin tələbi ilə
noyabr ayında Təbrizdə Xalq Konqresi təşkil olundu.
Konqres Azərbaycana milli muxtariyyət verilməsini
qərara aldı. Bunun üçün
Milli Məclis təşkil edilməli və azad seçkilər
keçirilməli idi. Konqresin bu qərarından
sonra ölkənin bütün vilayətlərində
seçkilər başladı. Ərdəbildən Məmi
Dehqan, Həsən Cövdət, Qüdsi, Məhəmməd Cəlili,
Astaradan Sadıqxan Zamani, Muğanın Germi mahalından mən
məclisə nümayəndə seçildik. Bütün
vilayətlərdə seçkilər qurtarıb seçiləndən
sonra Milli Məclisin çağırılması dekabr
ayının 12-ə (21 Azərə) təyin olundu.
Məclisin səhər iclasında rəsmi orqanlar
seçildi. Tənəffüs zamanı Ağayi Pişəvərinin
məni çağırdığını söylədilər.
Məclisin Rəyasət Heyətinin oturduğu
otağa getdim. Pişəvəri məni yanında
oturtdu və otağa dəvət etdiyi Mədinə
Gülgünlə tanış etdi. Mədinə bildirdi ki, «Azərbaycan» qəzetində
xüsusi müxbir işləyir. «Hər dəfə
şeiriniz çıxanda mənim marağımı görən
Pişəvəri söz vermişdi ki, siz Təbrizə gələndə
məni görüşdürsün»- deyə bildirdi.
İclasın ikinci günü Pişəvəri baş
nazir seçildi. Daha sonra baş vəzirin müavinləri, vəzirlər,
Ali Məclisin rəhbərləri və bir sıra idarə
başçıları, bir sözlə, Azərbaycan Milli
Hökuməti seçildi və bununla da Milli Məclisin
birinci iclası qurtardı.
Süqut
- Pişəvəri
iclasda baş nazir seçiləndən sonra ölkədə
hansı dəyişikliklər baş verdi?
- Pişəvəri
iclasda baş nazir seçiləndən sonra idarə və
nazirliklərdə xeyli dəyişikliklər oldu. Torpaq
islahatından heç də az əhəmiyyəti
olmayan Azərbaycan dili rəsmi dövlət dili elan edildi. Mədrəsələrdə ana dilində dərslər
keçirilməsi üçün dərsliklər çap
olunmağa başlandı. Kadrları
seçib yerləşdirməyə Pişəvəri
özü nəzarət edirdi. O, mənə Təbrizdə
qalıb işləməyi təklif etdi. Mən «Cövdət»
qəzetini redaktə etdiyimi bəhanə gətirəndə
o: «Qəzeti redaktə edən tapılar, sən burada daha
çox lazımsan» - dedi. Ancaq Təbrizdə
yaşayış yerim olmadığı üçün Ərdəbilə
getdim.
- Xalq Milli Dövləti müdafiə edirdimi?
- 1945-ci
ilin yazı Azərbaycanda çox gərgin keçdi. Yeni dövlət quruluşunun çətinlikləri,
Azərbaycan dilini yaxşı bilən savadlı kadrların
çatışmaması, ən əsas İran dövlətinin
Azərbaycana qarşı təxribatı və böhtanlı
çıxışları başladı. Milli Hökumət bütün bunlara qarşı tədbirlər
görməli və eyni zamanda Milli Hökuməti möhkəmlətməli
idi. Pişəvəri gecə-gündüz
bilmədən çalışırdı. «Azərbaycan» ruznaməsində Tehranın
böhtanlarını rədd edən baş məqalələr
yazır, Tehran radiosuna cavab verən çıxışlar
edirdi. Xalq da milli dövləti müdafiə
edir, idarələrdə yeni həvəslə
çalışan vəzirlər və rəhbər
işçilər Pişəvərinin ətrafında birləşirdi.
Hər gün axşam 5-dən Təbriz radiosu
işə başlayır, «Danışır Təbriz» sədası
bütün İrana yayılırdı. Təbriz
şəhərində filarmoniya açılmış,
universitet təşkil olunmuş, «Yazıçı və
şairlər məclisi»nə hazırlıq işləri
gedirdi. Azərbaycan mallarının
dünya bazarına çıxmasına yollar aranırdı.
Belə bir zamanda Tehranda çıxan demokratik
ruhlu qəzetlərin müxbirləri tez-tez Təbrizə gəlir,
«Pənuz tənur gərməst» (təndir hələ istidir)
başlığı altında xəbərlər və
reportajlar dərc etdirirdilər.
1946-cı
il iyunun axırında məni yenidən Təbrizə
çağırdılar. Pişəvəri məni
Dövlət Radio Verilişləri İdarəsində
Ağayi Mirqasım Çeşmazərin müavini təyin
etdi. Bu təklif ürəyimdən oldu.
İşlərimiz pis getmirdi. 1946-cı ilin oktyabr ayının sonlarında Tehran
radiosu Azərbaycana qarşı hər gün böhtan dolu
verilişlər verirdi. Biz də öz
növbəmizdə bu böhranları tutarlı faktlarla rədd
edən məqalə və çıxışlar verirdik.
Bu çıxışlar bir qayda olaraq ağayi
Pişəvəri tərəfindən edilirdi. Siyasi məqalələrin
yerində, «Azərbaycan» ruznaməsində yenə də,
Pişəvəri tərəfindən yazılan baş məqalələr
Azərbaycan, fars, ərəb və
fransız dillərində verilirdi. Təbriz
radiosunun verilişlərinə qulaq asanlar vəziyyətin necə
gərgin olduğunu başa düşürdülər.
Ağayi Pişəvəri o günlər tez-tez
məsləhət məclisləri keçirirdi. Təbrizdə olan deputatlardan başqa orada vəzirlər,
idarə başçıları, ruhanilərin nümayəndələri,
ağsaqqallar, fədai başçıları da iştirak
edirdi. Bu yığıncaqların birində Pişəvəri
xəbər verdi ki, Qəvamül-Səltənə
Azərbaycan dövlət nümayəndələri ilə
bağladığı qərardadı -Azərbaycanın Milli
muxtariyyətini tanıdığı qərardadı pozaraq Azərbaycana
hücum etməyə hazırlaşır. Əldə
olan məlumata görə, Amerika silahları və tankları
ilə silahlanmış şah qoşunları Qəzvin şəhərinə
toplanıb fərman gözləyir. Ağayi
Pişəvərinin bu məlumatından sonra məclis
iştirakçıları bu qərara gəldilər ki,
müqavimət göstərmək, şah ordusunun Azərbaycan
torpaqlarına soxulmasına yol verməmək lazımdır.
Bu qərar Qaflankuh cəbhəsində olan fədailərə
də çatdırıldı.
İran dövləti bütün ölkə üzrə
İranın Milli Məclisində keçiriləcək
növbəti seçkilərdə «Azərbaycanda seçkilərə
nəzarət etmək» pərdəsi altında Azərbaycana
qoşun yeritməyə başladı. Sonralar məlum
oldu ki, İran dövlətinin amerikalılarla
hazırladığı bu plana Şurəvilər də
razılıq vermişdi. Yuxarıda verilən əmrə
istər-istəməz razılıq verən Pişəvəri,
Qaflantı fədailərinə xəbər verdi
ki, şah qoşunlarına müqavimət göstərməsinlər.
Belə ki, Qəzvindən hərəkət edən qoşun az bir vaxtda Zəncan şəhərinə daxil
oldu. Qoşun gələn kimi şəhərin
bütün idarələrini tutdu, idarə
başçıları, firqə nümayəndələri,
inzibati idarələrin işçiləri həbs edildi,
müqavimət göstərənlər yerindəcə
güllələndi. Şah
qoşunlarının bu vəhşiliyinə qarşı Təbrizdə
və başqa şəhərlərdə etiraz mitinqləri
keçirildi. Şəhər meydanında
qoyulan radio mikrofonları mitinqdə edilən
çıxışları bütün dünyaya yaydı.
Pişəvəri Milli Məclisin iclasını
çağırdı, bu xəyanətə qarşı Milli
Məclisin qərarını soruşdu, Milli hökumətin
necə hərəkət etməsini məclisin müzakirəsinə
verdi. Milli Məclis Qəvam dövlətinin
işğalçılıq siyasətini pislədi və təslim
olmamağa, son nəfərə qədər vuruşmağa səs
verdi.
Həmin gün Pişəvəri radioda
çıxış etdi, mərkəzi hökumətin
qoşunlarının Zəncan şəhərində etdiyi xəyanətdən,
dinc əhaliyə divan tutmasından danışdı. Qəvam
dövlətini ittiham etdi və axırda Milli Məclisin təslim
olmamaq, müqavimət göstərmək qərarını
bütün dünyaya çatdırdı. Milli Məclisin qərarından sonra Təbriz şəhərinin
ətrafında səngərlər qazıldı, şəhərə
mühüm idarələri qorumaq üçün qumla
doldurulmuş kisələr gətirildi. Belə
səngərlərdən biri də radio idarəsinin ətrafında
quruldu və fədailərdən keşikçilər qoyuldu.
Xaricdən ardıcıl təsir olunmasına
baxmayaraq, Pişəvəri təslim olmaq istəmir, şəhərin
müdafiəsini təşkil edirdi. Lakin deyirlər, sən
saydığını say, gör özgələr sənin
haqqında nə nəqşələr çəkir…
İran qoşunlarının Azərbaycana gəlməsinə
razılıq verməyə Pişəvərini məcbur edən
qüvvələrin məhz Sovet dövləti olduğu
sonralar məlum oldu.
- Pişəvəri
və siz Təbrizi nə vaxt tərk elədiniz?
-
1946-cı ilin dekabrında Şah qoşunları Təbrizi
tutanda Pişəvəri Təbrizi tərk etməli oldu. ADF-nin sədri vəzifəsi Məhəmməd
Biriyaya tapşırıldı. Bir qayda
olaraq, axşam saat 5-də MK-nın binası
qarşısına toplaşan camaat xalqa Pişəvərinin
deyil, Biriyanın müraciət etdiyini görəndə təəccüb
etdi. Biriya adamları sakitliyə dəvət
edib, ancaq seçkilərə nəzarət etmək
üçün gəldiyini deyəndə, kütlədən
etiraz səsləri ucaldı. Pişəvərini
görməyən kütlə, məsələnin nə yerdə
olduğunu, Pişəvərinin Təbrizi tərk etdiyini
başa düşüb dağılışdı. Mən də böyük çətinliklərdən
sonra Təbrizi tərk edib Bakıya gəldim.
Beləliklə,
Seyid Cəfər Pişəvərinin başçılıq
etdiyi hökumət Cənubi Azərbaycan tarixində çox əhəmiyyətli
olan siyasi, ictimai və iqtisadi islahatlar apardı. Ancaq şah rejimi və onun arxasında duran xarici
dövlətlərin müdaxiləsi ilə milli hökumət
devrildi. Azərbaycan Milli
Hökuməti bir illik hakimiyyəti dövründə o
günkü ağır və dözülməz şərtlərə
rəğmən apardığı hər tərəfli
islahatlarla xalqın çoxunun ürəyində özünə
sözün həqiqi mənasında yer açdı, uzun illər
boyu şah sülaləsinin görə bilmədikləri və
görmək istəmədikləri işləri həyata
keçirə bildi və Cənubi Azərbaycanın şərəf səhifəsi
kimi tarixə düşdü.
Təranə Məhərrəmova
Material KİVDF-nin dəstəklədiyi
layihə çərçivəsində hazırlanıb.
Kaspi.- 2010.- 12 noyabr.- S. 8.