Qulu Xəlilov - 80
Yaşamaq uğrunda mübariz
O,
milli ədəbiyyatşünaslıq tariximizdə əbədiləşən
şəxsiyyətlərdəndir. Görkəmli müəllim-pedaqoq,
elmlər doktoru, professor, tənqidçi, Əməkdar mədəniyyət
işçisi, Əməkdar elm xadimi Qulu Xəlilovun həyat
yolu özündən sonra gələn nəsillər
üçün dəyərli örnəkdir, desək səhv
etmərik. Qələm yoldaşlarının, müəllim həmkarlarının,
tələbələrinin yaddaşında o, xeyirxah insan, fədakar
alim, həm də xalqını, torpağını məhəbbətlə
sevən vətəndaş kimi qalıb. Bu gün 80
yaşı özü həyatda olmadan qeyd edilən görkəmli
alimin adı hər yerdə ehtiramla anılır.
Q.Xəlilov
milli ədəbiyyatşünaslıq elmi sahəsində
apardığı
çoxşaxəli tədqiqatları ilə müasir
elm tarixində bir alim kimi sözünü deyib. Ədəbiyyatımızın
yorulmaz tədqiqatçısı kimi ədəbi-poetik
düşüncənin tədqiqində yeni
çığır açıb. Görkəmli alim
sanballı elmi-nəzəri monoqrafik, tənqidi əsərlərin,
yüzlərlə publisistik yazıların müəllifi kimi
tanınıb. Onun Azərbaycan romanının inkişaf
tarixinə dair fundamental əsəri ədəbiyyatşünaslığımız
üçün qiymətli tədqiqat nümunəsi
sayılır.
Qulu
Xəlilov təcrübəli müəllim, intellektual səviyyəsi
ilə fərqlənən pedaqoq kimi müəyyən bir nəslin
tərbiyəsində mühüm rol oynayıb. Onun
üçün müəllim adı təkcə dildə
deyil, fəaliyyətində də ideallıq nümunəsi
idi. Qulu Xəlilov üçün hər işdə nümunəvilik
həm məsuliyyət, həm də şərəf işi
idi.
Həmişə
deyirmiş ki, müəllimlər həm ağıl və zəkaları,
həm də mənəvi-əxlaqi keyfiyyətləri ilə
nümunə olmalıdırlar.
Qulu Xəlilov öz peşəsinin vurğunu idi.
Vətənpərvər
pedaqoq uzun illər Bakı Dövlət Universitetində
mühazirələr oxuyub. Dərs dediyi tələbələr
onunla ünsiyyətdən təkcə elmin sirlərinə
deyil, həm də həyat dərslərinə
yiyələnirdilər. Görkəmli alimin hər bir dərsi,
hər bir mühazirəsi onları həyata
hazırlayırdı.
Qulu
Xəlilovun yaradıcılığında insan amili,
xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun
"Yaşamaq istəyirəm", "Qocaların söhbəti",
"Qulun yaman kişnədi", "Müəllimə",
"Hörümçək", "Tənha palıd",
"Bir də gəlmə" və digər əsərləri
oxucuların stolüstü kitabına çevrilib. Sonradan bu
siyahıya istedadlı qələminin gücü ilə ərsəyə
gələn "Ömrün baharı", "Atam və mən"
kimi romanları, "Yaylaqda", "Qocaların söhbəti",
"Umusuq" və s. hekayələri də
qarışıb.
Qulu
Xəlilovun "Yaşamaq istəyirəm"
adlı aftobioqrafiq povesti böyük bir nəslin tərbiyəsində
mühüm rol oynayıb.
Müəllifin qeyri-adi həyat eşqi insanların həyata
olan inamlarını artırmağa, həyata
bağlanmalarına, ümidlə yaşamalarına kömək
edib. Yazıçının əsərlərini oxuculara
sevdirən onların xalqa yaxın olması, insanların kədər
və sevincinin, yaşamlarının təbii dillə nəql
olunması, həyat problemlərinin qabardılmasıdır.
Xalqın içindən çıxan yazıçı elə
xalqın həyatını qələmə alıb. Qulu Xəlilov
hələ tələbəlik illərindən mətbuatda
özünün məqalə, məktub, oçerkləri,
hekayələri, ədəbi-tənqidi yazıları ilə
çıxış edib.
Qulu
Xəlilovun bir insan olaraq özü kimi sadə, ancaq
maraqlı bir tərcümeyi-halı var. O, əzablı
uşaqlıq illəri yaşayıb. Güzəranları
ağır olan ailələrinə kömək
üçün gecə-gündüz çalışıb.
Yaşına uyğun olmayan ağır fiziki işlərlə
məşğul olub. Daha sonra Axşam fəhlə-gənclər
məktəbində təhsil alıb. Bakı Dövlət
Universitetinin jurnalistika şöbəsinə daxil olana qədər
hər anında onu müşayiət edən çətinliklərlə
dolu həyat universitetini bitirir. Yaşadığı çətinliklər,
qarşılaşdığı haqsızlıqlar onu mətinləşdirir,
düşüncələrini,
dünyagörüşünü formalaşdırır.
Sonradan həyatın özü də onun əsərlərinin
əsas qəhrəmanına
çevrilir.
Qulu
Xəlilov bütün fəaliyyətini xalqın maariflənməsinə,
ədəbi zövqünün formalaşmasına həsr edən
ziyalı idi. “Elə adamları ziyalı adlandırmaq olar ki,
vətən və torpaq uğrunda, xalqın səadəti
yolunda bütün şüurlu həyatını şam kimi
şölələndirərək ağlını, bilik və
təcrübəsini bu böyük amala həsr etsinlər.
Çətin məqamlarda belə, əsl insani ləyaqətlərini
itirməyərək mərdliklərini, təmizliklərini, əqidə
və məslək bütövlüyünü qoruyub
saxlasınlar” deyə o, bildirirdi. Ona görə,
ziyalının problemi xalqın problemi, xalqın problemi
ziyalının problemi idi. “Ziyalı xalqın
övladıdır. Onun yol göstəricisidir. Ziyalı
sözündə bir nur, işıq var. İnsanpərvərlik
və xeyirxahlıq var, cəmiyyətin, millətin
varlığına, gələcəyinə ayıq-sayıq
baxış var" deyən Qulu Xəlilovun ömrü bu nura, bu işığa bələnmişdi.
Qulu
Xəlilov böyük ürəyindən süzülüb gələn,
səmimi duyğularla qələmə aldığı əsərləri və yaddaşlara
həkk olan, qəlblərə köçən pedaqoji fəaliyyəti
ilə əbədiyyət zirvəsinə
yüksəlib. Nahaq yerə “əsl yazıçıların
mükafatı əbədiyyətdir” söyləmirlər. Əbədiyyətə
qovuşmaq üçünsə ilahi istedad, yorulmaz fədakarlıq,
bütün əzabları gileysiz qarşılayaraq yaşamaq
uğrunda mübarizəyə qoşulmaq və bu mübarizədə
qalib olmaq gərəkdir. Qulu Xəlilov kimi.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 27-29 noyabr.- S. 4.