Cümhuriyyətin
nazirləri
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarif Nazirliyinə rəhbərlik
etmiş şəxslər və həyata
keçirilmiş tədbirlər barədə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəz etmiş 5 hökumət kabinəsi təşkil edilmişdir.
²-²²² hökumət kabinələri Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri F.X.Xoyskinin sədrliyi ilə təşkil edilmiş və 28.05.1918-17.03.1919-müddətdə fəaliyyət göstərmişdir:
- ² müvəqqəti hökumət kabinəsində (28.05.1918.-17.06.1918.) Nəsib bəy Yusif oğlu Yusifbəyli maliyyə və maarif naziri vəzifəsini tutmuşdur.
- ²² müvəqqəti hökumət kabinəsində (17.06.1918.--06.10.1918.)- Maarif və dini etiqadlar naziri vəzifəsinə-N.Yusifbəyli; 1918-ci il oktyabrın 6-da ²² hökumət kabinəsində edilən kabinədaxili dəyişikliklərdən sonra (06.10.1918.-07.12.1918.) xalq maarifi və ərzaq naziri-N.Yusifbəyli; sosial-təminat və dini etiqadlar naziri vəzifəsinə isə M.Rəfiyev təyin olunmuşdur .
- ²²² hökumət kabinəsində (26.12.18-17.03.19)- N.Yusifbəyli maarif və dini etiqadlar naziri vəzifəsini tutmuşdur .
Beləliklə, F.X.Xoyskinin təşkil etdiyi ²-²²² hökumət kabinələrində maarif nazirliyinə N.Yusifbəyli rəhbərlik etmiş və o, Azərbaycan Xalq Cümhuriyyətinin ilk maarif naziri olmuşdur.
F.X.Xoyskinin başçılıq etdiyi I-III hökumət kabinələrində, 1918-ci il mayın 28-dən 1919-cu il aprelin 14-dək olan müddətdə Nəsib bəy Yusif oğlu Yusifbəyli ardıcıl olaraq Maliyyə və xalq maarifi naziri (28.05.18-17.06.18.); Maarif və dini etiqadlar naziri (17.06.1918.-06.10.1918.);. Xalq maarifi və ərzaq naziri (06.10.1918.-07.12.1918); Maarif və dini etiqadlar naziri (26.12. 1918.-17.03.1919.) vəzifəsini tutmuşdur.
Həmin dövrlərdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, təlim- tərbiyə işlərinin kökündən dəyişdirilərək milli manefələrə uyğun şəkildə yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə dair Hökumət və Parlament tərəfindən qanun və qərarlar qəbul edilmiş, Xalq Maarifi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Xalq məktəbləri tədris dairələrinin direktoru vəzifələri ləğv edilmiş və respublikada məktəb və maarif işinin idarə edilməsi Xalq Maarif nazirliyinin və xalq məktəbləri müfəttişlərinin ixtiyarına verilmişdir. Bundan əlavə, Tiflisdəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi üçün vəsaitin ayrılması (22.06.18.); Azərbaycan dilinin dövlət dili qəbul edilməsi (27.06.18.); Xalq Maarif Nazirliyinin dəftərxanasının ştatının tərtib edilməsi(30.06.18.); Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi(22.07.18.); Məktəblərin milliləşdirilməsi, tədris müəssisələrində dövlət dili olan Azərbaycan dilinin məcburi tədris olunması(28.08.18); Xalq məktəbləri müfəttişliyinin təsis edilməsi(24.08.18); Pedaqoji kursların təşkil edilməsinə vəsaitin ayrılması (24.08.18.); Dövlət və ictimai tipoqrafiyaların Xalq Maarif Nazirliyinin sərəncamına verilməsi (18.09.18.); Bakıda olan kağız ehtiyatlarının Xalq Maarifi Naziri tərəfindən müsadirə edilməsi (18.09.18.); Gəncə sənət məktəbinin hərbi məktəbə çevrilməsi üçün vəsaitin ayrılması (01.10.18.); Zaqatala dairəsində 25 birsinfli məktəbin açılması üçün Xalq Maarif Nazirliyinin sərəncamına vəsaitin ayrılması(29.10.18.); Xalq məktəbləri və ali-ibtidai məktəb müfəttişlərinin və müəllim seminariyaları direktorlarının Bakı şəhərində qurultayının keçirilməsinə vəsaitin ayrılması (17.12.18.); Gəncə və Nuxadakı müqəddəs Nina qız tədris müəssisələrinin dövlət hesabına götürülməsi (18.12.18.); Yoxsul ailələrdən olan uşaqlara birdəfəlik müavinətlərin verilməsi (12.02.19.); Türk şriflərinin alınmasına vəsaitin ayrılması (03.02.19.); Ərəb əlifbasının islahatı üzrə komissiyanın yaradılması (21.03.19.); Bakı şəhərində 1919/1920 tədris ilində Universitetin açılmasının Xalq Maarif Nazirinə tapşırılması (08.04.19.); və maarif-təhsil işinin digər məsələləri üzrə Hökumət qərarlar qəbul etmiş və həmin qərarlar əsasında N.Yusifbəylinin başçılığı altında Xalq maarifi Nazirliyi müvafiq tədbirləri həyata keçirmişdir.
Sonrakı dövrlərdə, Azərbaycan Xalq Cümhuriyyətinin IV-V hökumət kabinələri Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəylinin başçılığı altında təşkil olunmuşdur.
- IV kökumət kabinəsində (14.04.19-22.12.19) - Xalq maarifi və dini etiqadlar nazirliyinə əvvəl Həmid bəy Şahtaxtinski (16.04.1919-16.05.1919-dək) rəhbərlik etmişdir. Qeyd edirik ki, N.Yusifbəylinin sədrliyi ilə yaradılmış IV hökumət kabinəsində (14.04.1919.-22.12.1919.) Xalq Maarif Nazirliyinə ilk vaxtdan R.Kaplanov deyil, məhz Həmid bəy Şahtaxtinski rəhbərlik etmişdir. O, bu barədə 1919-cu il aprelin 16-da Xalq Maarif Nazirliyi üzrə 162 ¹ li əmr də imzalayaraq elan etmişdir. H.Şahtaxtinskinin imzaladığı həmin əmr 25 aprel 1919-cu il tarixli “Azərbaycan” qəzetində dərc edilmişdir.
N.Yusifbəylinin sədrliyi altında yaradılmış IV hökumət kabinəsində Xalq Maarif Nazirliyinə əvvəl (16.04.18.-dən-16.05.18.-dək) H.Şahtaxtinskinin rəhbərlik etdiyini təsdiq edən dəlillərdən biri də Parlamentin 9 iyun 1919-cu il tarixli 46-cı iclasında Hökumət başçısı N.Yusifbəylinin çıxışıdır. Belə ki, o, öz çıxışında qeyd edirdi: “...Yeni hökumət təşkil olunandan sonra mən maarif nəzarəti başından çəkilməli oldum. Oraya Həmid bəyi maarif nəzarəti vəkili təyin etdik... maarif nəzarəti Həmid bəyin ixtiyarına keçəndən sonra məzbətə (protokol-qərarnamə-R.S.) və kağız işləri ilə bərabər ədyan (dini-etiqadlar-R.S.) nəzarəti də onun ixtiyarına keçmiş oldu... Bunun üzərində istefa verdi... hökumət bu istefanı qəbul etməmiş iş başından çəkildi”...
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 16 may 1919-cu il tarixli iclasında baş nazir N.Yusifbəylinin Maarif və dini etiqadlar nazirliyinin rəhbəri H.Şahtaxtinskinin istefası barədə məruzəsi dinlənilərək qərara alınmışdır ki, H.Şahtaxtinski tutduğu vəzifəsindən azad edilsin və həmin nazirliyin müvəqqəti olaraq idarə olunması Poçt və teleqraf nazirinə həvalə edilsin.
Poçt və teleqraf naziri Camo Hacinski 1919-cu il mayın 16-dan iyunun 11-dək müvəqqəti olaraq Xalq maarifi və dini etiqadlar naziri vəzifəsini icra etmişdir. Xalq Maarif Nazirinin müavini N.Şahsuvarovun həmin nazirliyin rəhbəri vəzifəsinin icrasına başlaması ilə əlaqədar olaraq, C.Hacinski 1919-cu il iyunun 11-də əmr imzalayaraq Xalq maarifi və dini etiqadlar nazirliyinin idarə olunmasını həmin gündən etibarən N.Şahsuvarova təhvil verdiyini elan etmişdir. Həmin əmr 15 iyun 1919-cu il tarixli 122¹li “Azərbaycan” qəzetində dərc edilmişdir.
N.Şahsuvarov, N.Yusifbəylinin sədrliyi ilə yaradılmış IV hökumət kabinəsində 1919-cu il iyunun 11-dən-iyunun 22-dək, cəmi 11 gün Xalq Maarifi və dini etiqadlar naziri vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 iyun 1919-cu il tarixli qırx doqquzuncu iclasında Parlamentə sədrlik etmiş Həsən bəy Ağayev hökumətin təklifi ilə Dağıstan Cümhuriyyətində maarif və dini etiqadlar naziri vəzifəsini tutmuş Rəşid bəy Kaplanovun kabinəyə dəvət edilərək qəbul edildiyi barədə məlumat vermişdir. Rəşid bəy Kaplanov 22 iyun 1919-cu il tarixdən etibarən Maarif və dini etiqadlar naziri vəzifəsini icra etməyə başlamışdır. O, 1919-cu il iyunun 22-də 193 ¹ li əmr imzalayaraq bu barədə nazirliyə elan etmişdir .
R.Kaplanov, N.Yusifbəylinin başçılıq etdiyi IV hökumət kabinəsində 1919-cu il iyunun 22-dən dekabrın 22-dək Maarif və dini etiqadlar naziri vəzifəsini icra etmişdir. Beləliklə, IV hökumət kabinəsinin fəaliyyəti dövründə (14.04.19-22.12.19) Maarif və dini etiqadlar nazirliyinə qısa müddətlərlə də olsa, ardıcıl olaraq H.Şahtaxtinski (16.04.19-16.05.19); C.Hacinski ( 16.05.19-11.06.19); N.Şahsuvarov (11.06.19-22.06.19); daha sonra isə R.Kaplanov (22.06.19-22.12.19) rəhbərlik etmişdir. Xalq Maarif Nazirliyinə ən uzun müddət rəhbərlik etmiş şəxs N.Yusifbəyli olmuşdur (təxminən 11ay ); daha sonra R.Kaplanov (6 ay);H.Şahtaxtiski təxminən 3 ay yarım; N.Şahsuvarov 1 ay 6 gün; C.Hacinski təxminən 27 gün Xalq Maarif Naziri vəzifəsini tutmuşdur.
Ölkədə yaranmış mürəkkəb iqtisadi və siyasi vəziyyət 1919-cu ilin II yarısında bir qədər də gərginləşmişdi. Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin qırılması, neft ixracının dayandırılması, işsizliyin artması, neft sənayesində dərinləşən böhran, aqrar məsələnin həll edilməməsi hökumət böhranına gətirib çıxarmışdı. 1919-cu ilin payızında “Əhrar”, “İttihad” və sosialistləri təmsil edən fraksiyalar açıq-aşkar hökumətə etimad göstərmədiklərini bildirirdilər. Bu səbəbdən Parlamentdə hökumətə etimad məsələsi müzakirə edilmiş və səsvermənin nəticəsində hökumətə etimad göstərildiyi müəyyən edilmiş olsa da, həmin gündən bəlli olmuşdur ki, hökumət parlamentdə qeyri-şərtsiz və arxayınlıqla istinad edə biləcəyi mərkəzə malik deyildir və təsadüfü çoxluğa arxalanır.
Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Şurasının sədri N.Yusifbəyli 18 sentyabr 1919-cu il tarixdə Parlamentə məktub göndərərək onun başçılıq etdiyi kabinənin istefasının qəbul etməsini xahiş etmişdir.
Qeyd edirik ki, müxtəlif siyasi partiyalar arasındakı ziddiyyətlər və mövqe ayrılıqları koalision hökumət yaratmaq imkanını məhdudlaşdırdığı üçün bu böhran dekabrın sonunadək davam etmiş və nəhayət 1919-cu il dekabrın 22-də Parlamentin yüz doqquzuncu iclasında N.Yusifbəylinin sədrliyi ilə yeni sayca V hökumətin tərkibi təsdiq edilmişdir.
N.Yusifəylinin sədrliyi altında yaradılmış V hökumət kabinəsində (22.12.1919-30.03.1920) Həmid bəy Şahtaxtinski Maarif naziri vəzifəsinə təyin edilmişdir.
R.Kaplanov isə Ədyan (dini etiqadlar-R.S.) və maliyyə naziri vəzifəsinə təyin edilmişdir.
Maarif naziri H.Şahtaxtinski 1920-cu il martın 5-də istefa vermiş və istefaya çıxmış H.Şahtaxtinskinin yerinə N.Şahsuvarov təyin edilmişdir. N.Şahsuvarov N.Yusifbəylinin sədrliyi ilə yaradılmış V hökumət kabinəsində 1920-ci il martın 5-dən 30-nadək (cəmi 25 gün) maarif naziri vəzifəsini icra etmişdir. O, martın 30-da bütün kabinə ilə birgə istefaya çıxmışdır.
Ölkədə yaşanan gərginliklərə baxmayaraq, 1919-cu ilin aprelindən 1920-ci ilin aprelinədək olan müddətlərdə də təhsil və maarifin inkişaf etdirilməsi məsələlər daim Parlament və Hökumətin diqqət mərkəzində olmuşdur. Kifayətdir qeyd edək ki, Respublikanın 1919-cu ilə olan büdcə xərclərində Xalq Maarif Nazirliyinə ayrılan xərclər 103.035.150 rubl təşkil etmişdir ki, bu da öz həcminə görə Hərbi Nazirlik (399.454.242. rubl) və Dövlət dəmir yollarının istismarına (394.914.590.rubl) ayrıran xərclərdən sonra üçüncü pilləni tuturdu.
Ölkədə təhsil sisteminin
böhranlı vəziyyətdən
çıxarılması, məktəb islahatlarının
aparılması, əmlakı
dağıdılmış
və viran edilmiş məktəblərin bərpa
edilməsi və yenilərinin tikilməsi üzrə işlər davam etdirilmiş və bu işdə müəyyən nəticələr əldə etmək mümkün olmuşdur. Məsələn, əgər 1918-ci
ildə Şamaxı və
Göyçay qəza
müfəttişliyində
uçotda
olan
108 məktəbdən yalnız
10-u fəaliyyət göstərirdisə,1919/1920 tədris
ilində belə məktəblərin sayı
70-ə
çatdırılmışdır. Bundan əlavə, görülmüş
işlərin nəticəsi idi ki, 1919-cu ildə Bakı orta
texniki və kommersiya
məktəbləri, iki kişi
və üç qadın gimnaziyası istisna olmaqla, ölkədə
fəaliyyət göstərən bütün
təhsil müəssisələri milliləşdirilmişdir.
1919/1920 tədris ilinin əvvəllərində Azərbaycanın 668 ibtidai və 23 orta və orta-ixtisas məktəbi
(6 kişi və 4 qadın gimnaziyası; 5
realnı məktəb, 3 “Müqəddəs Nina”
qız məktəbi, 3 müəllimlər
seminariyası, 1 politexnik və 1 kommersiya məktəbi fəaliyyət göstərirdi.
R.B.Səfərov,
Azərbaycan Respublikasının
Milli Arxiv İdarəsinin əməkdaşı
Material KİVDF-nin dəstəklədiyi
layihə çərçivəsində hazırlanıb.
Kaspi.- 2010.- 26 noyabr.- S. 13.