Əsas problem-
uşaqların informasiya təhlükəsizliyi
Q.Abbasova: ”Şüurumuzda elə
bir ətalət, buxov var ki, biz onları düzgün qavraya
bilmirik”
“5
ildən sonra biz gənclərimizi və milli dəyərlərimizi
itirəcəyik. Xüsusən də sosial şəbəkələrin
istifadəsi zamanı uşaqlar müxtəlif yaş, cins,
din, dildən asılı olmayaraq virtual aləmdə müxtəlif
insanlarla ünsiyyətdə olurlar ki, bu da hər zaman
yaxşı sonluqla nəticələnmir. Bu gün
texnologiyaların həyatımıza girişi
qaçılmazdır. İstəsək də, istəməsək
də bu dəyişikliklər baş verir. Amma bu sürətlə
dəyişən texnologiyaların uşaqların
düşüncəsinə mənfi təsir göstərməməsi
üçün nə etməliyik? Virtual aləmdə
qazandıqları ünsiyyəti mənfi amillərdən kənarlaşdırıb
humanistliyə necə istiqamətləndirək? Bu gün
bütün dünya bu sualın üzərində
düşünməlidir”. Rusiyalı pedaqoqun İKT ilə
bağlı beynəlxalq konfransların birində səsləndirdiyi
bu fikir həqiqətən də ciddi narahatlıq doğurur.
Bunu vacib məsələlərdən biri kimi qəbul edən
YUNESKO-nun nümayəndəsi isə növbəti sualla
müraciət edir: “Uşaqları qorumaq üçün
onları yollardan kənarda saxlasaq yaxşıdır, yoxsa
onlara daha düzgün olan yolu göstərməyimiz? Biz
uşaqların texnoloji dəyişikliklər
mühitində daha düzgün formalaşması
üçün doğru yolu seçib istiqamətləndirməliyik”.
Dünyanın üçüncü
ən böyük ölkəsi ola biləcək sosial şəbəkə
26
Noyabr- bütün dünyada Ümumdünya informasiya
günü kimi qeyd edilir. BMT-nin iqtisadi və sosial
şurasında məşvərətçi statusa malik olan
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü
ilə qeyd olunan bu gün İKT sahəsində
çalışanların peşə bayramıdır.
İnformasiya insanlar arasında şifahi, yazılı və
ya hər hansı digər formada ötürülən məlumatdır.
Bəşər tarixində informasiya həmişə
mühüm əhəmiyyət kəsb edib. XX əsrin
ortalarından başlayaraq, sosial tərəqqi, elm və
texnikanın sürətli inkişafı nəticəsində
informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada
informasiyanın mahiyyəti və müasir sivilizasiyanın
inkişafında rolu, informasiya və informasiyalaşdırma
prosesinin xüsusiyyətləri, informasiya cəmiyyətinin
formalaşması mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Təxmin edilir ki, bu il
bütün dünyada 40 eksabayt unikal yeni məlumat əldə
ediləcək. Bu rəqəm əvvəlki 5 min ildəkindən
daha artıqdır. Tədqiqatlar göstərir ki, yeni texnoloji
məlumatların miqdarı hər iki ildə iki dəfə
artır. 2010-cu ildən bu rəqəmin hər 72 saatda iki dəfə
artması gözlənilir. BBC Xəbərlərin məlumatına
görə, hər saniyə yeni bloq yaranır. 1 milyon 400 min
ingilis tələbənin özünün veb səhifəsi
var. Böyük Britaniyadakı hər 10 gəncdən 9-zunun
ev kompyuteri, mobil telefonu və oyun cihazı var. Bu ölkədə
gənclərin 84 faizi ən azı iki həftədə bir dəfə
kompyuter oyunları oynayır. Bundan başqa, əsas informasiya məkanlarından olan
Facebook-un hazırda 500 milyondan artıq fəal üzvü var.
Amerika mütəxəssislərinin hesablamaları göstərir
ki, Facebook ölkə olsaydı, Çin və Hindistandan sonra
üçüncü ən böyük ölkə
olardı. Bu qədər informasiya bolluğunda isə cəmiyyətə
daxil olan mənfi və müsbət təzahürlər
qaçılmazdır.
Qapalı resurslara açıq
giriş ehtiyacı
Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz də
İnformasiya və Kommunikasiya texnologiyalarının yetişməkdə
olan nəslə müsbət təsirlə yanaşı, mənfi
amillər də gətirə biləcəyini dəstəkləyir:
“Bizdə əsas problem uşaqların informasiya təhlükəsizliyindədir.
Buna nəzarət isə əksər hallarda
mümkünsüzdür. Bildiyimə görə,
yazılmamış qanunlara əsasən, Böyük
Britaniyada kompyuter uşağın yataq otağına qoyula bilməz”.
Bu gün internetə qoşulan məktəblərdə
filtirizasiya sistemi nəticəsində uşaqlar yalnız
onlara lazım olan məlumatları əldə edə bilirsə,
məktəbdən kənarda informasiya bolluğu şəraitində
istənilən məkanda zərərli resurslara
çıxış imkanı da qazanır. Uşaqların
belə resurslara çıxışı əksər hallarda
valideyn nəzarətsizliyi ilə əlaqələndirilsə
də, uşaqları maraqlandıra biləcək, məsələn,
təhsil, intellektual əyləncə və s. kimi milli
resursların azlığı da problemi qaçılmaz edir.
Digər ölkələrin təhsil portalları ilə
tanışlıq isə demək olar ki,
mümkünsüzdür. Çünki belə resurslardan
istifadə etmək istəyərkən onun yalnız həmin
ölkənin daxilində giriş və istifadəsinin
mümkünlüyü xəbərdarlığı gəlir:
“Bütün ölkələrin təhsil resurslarına
giriş qapalıdır. Bu da ciddi bir problemdir. Düzdür, hər
bir ölkə öz resurslarına girişin qapalı
olmasına onun öz vəsaitləri hesabına başa gəlməsi
ilə haqq qazandıra bilər. Bu zaman vəziyyətdən
çıxış yolu kimi hesab edirəm ki, BMT, YUNESKO və
s. kimi beynəlxalq təşkilatlar öz vəsaitləri
hesabına belə resurslar yaratsınlar və onlara giriş
bütün ölkələr üçün açıq
olsun” .
3-yaşdan televizor, 6 yaşdan
kompyuter, 9 yaşdan internet
Bakı
Dövlət Universitetinin Sosial və psixologiya fakültəsinin
dekan müavini, sosiologiya fakültəsinin dosenti
Qızılgül Abbasovanın sözlərinə görə,
İKT-dən istifadə dünyada qloballaşma, bütövləşmə
və qarşılıqlı asılılığın təzahürüdür:
”Müsbət tərəfi odur ki, gənclərin çox
böyük sürətlə dünyaya baxışı dəyişir,
dünyagörüşü formalaşır. Kitab oxuyanda ancaq
göz və beyin işləyir. Amma ekranda həmin məlumatlar
görüntülü olarsa, bu, insanın təsiretmə
imkanlarını, qavrama qabiliyyətini qat-qat artırır,
emosional aləm, sosial-psixoloji durum və s. də bura
qoşulur. Əgər gənc buna hazır deyilsə, təbii
ki, ona mənfi təsir göstərəcək”.
Q.Abbasovanın fikrincə, ilk növbədə kompyuterdən
istifadəni körpə uşaqlarda məhdudlaşdırmaq
lazımdır: ”Burada 3-6-9 kimi yaş hədləri var. Məsələn,
3 yaşdan uşaq ilk dəfə televizora baxa bilər, 6
yaşında kompyuterdə oyunlar oynaya bilər. 9
yaşında ata-ananın nəzarətilə internetdə
müəyyən mənbələrə baxa bilər.
Ünsiyyətə gəlincə, dünyada bu imkanlar olduqca
genişdir. Bunu ancaq alqışlayıram. İkinci Yelezaveta
kimi bir şəxs özünə Facebook səhifəsi açıb. Bu o deməkdir
ki, yaradılan fürsətdən hər birimiz istifadə etməliyik”.
Kompyuter savadsızlığından
itirdiklərimiz
Belə
ki, yeni ünsiyyətlər yeni dostluqlara yol açır:
“Amma təbii ki, kimlərsə burada ancaq səhifələri
gəzməklə, macəra axtarmaqla məşğuldurlarsa,
onların ömrü-günü itirilmiş hesab
olunmalıdır. Çünki insan bir şəxsiyyət
kimi yetişib cəmiyyətdə öz yerini tutmalıdır
və fayda gətirməlidir. Təəssüf ki, bizim təhsil
sistemimizdə bir çox problemlər var ki, həmin problemlər
həll olunmadığından biz kommunikasiya imkanlarından
düzgün istifadə edə bilmirik”. Q.Abbasova ilk növbədə
kompyuter savadlılığımızın artırılmasını
vacib sayır: ”Bu mənada təəssüflər olsun ki, biz
uşaqların mənəvi-psixoloji durumunda, dünyaya
baxışlarımızda, dünyaya münasibətimizdə
nələri isə itiririk. Biz gərək ilk növbədə
öz mənəvi dəyərlərimizi itirməyək ki, həmin
mənəvi dəyərlər bir növ sağlamlıq
buxovu yaratmaqla, bizə kommunikasiya texnologiyalarına sağlam
şəkildə qoşulmağa imkan verir. Amma əgər mənfi
və müsbət tərəfləri tərəziyə
qoysaq, müsbət tərəflər daha üstünlük təşkil
edəcək. Çünki ən qədim dövrlərdən
insan həyatında, insan cəmiyyətində elə bir
sağlam sütun var ki, həmin sütun bizi qoruyub
saxlayır. İstənilən müharibədən, istənilən
böhrandan bizi çıxarır. O cümlədən
İKT bir axın, sel kimi üstümüzə gəldiyi bir
zamanda biz onun da öhdəsindən tam gələ bilərik.
Buna tam əminəm”. Onun fikrincə, İKT-nin zərərli
tərəfindən isə yalnız gənclər deyil,
bütün cəmiyyət əziyyət çəkir: ”Mən
deyərdim ki, bundan yaşlı və orta nəslin nümayəndələri
daha çox əziyyət çəkir, onun təsirlərinə
daha çox məruz qalırlar. Çünki bizim
şüurumuzda elə bir ətalət, buxov var ki, biz onları
düzgün qavraya bilmirik”. Bu mənada gənclər İKT
yeniliklərinə daha çox hazırlıqlıdır:
”Çünki onların yaddaşı, onların oxuduqları
fənlər buna daha çox imkan verir. Amma bununla belə biz mənəvi
cəhətdən sağlam olmalıyıq. Bizim həyat sahələrimiz
həmin o qloballaşmanın təzyiqləri altında elə
bir tərzdə inkişaf etməlidir ki, bizim infrastrukturlar,
asudə vaxtlarımızı keçirmə tərzlərimiz,
mənəvi həyatımız, təhsil sistemimiz elə
sağlam şəkildə inkişaf etməlidir ki, dünyaya
dəyərlərimizi itirmədən, xalqımızın
keçdiyi tarixi yol bazasından istifadə olunmaqla inteqrasiya
olunaq. Bununla yanaşı, digər ölkələrdən
geri qalmamaq şərtilə İKT-dən istifadə edə
bilək”.
Həqiqət İsabalayeva
Kaspi.- 2010.- 26 noyabr.- S. 6.