Azərbaycan
xalqının pasportu
Akademik Teymur Bünyadov: «Xalqa məxsus
nə varsa hamısı etnoqrafiyanın predmetinə daxildir»
Azərbaycanda
etnoqrafiya elmi digər elmlərə nisbətən bir qədər
gec təşəkkül tapsa da diqqətəlayiq inkişaf
yolu keçib. 50-ci illərdən sonra isə etnoqrafiya sahəsindəki
tədqiqatlar daha mükəmməl şəkil alıb. Bu sahəyə
həsr olunan çoxlu fundamental əsərlər işıq
üzü görüb.
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə
müdiri, akademik Teymur Bünyadovla söhbətimiz də
inkişafda olan elmin bu sahəsinin xalqa bəxş etdiyi
töhfələr və gələcək perspektivləri
haqqındadır.
Xalqın dilini tapmaq
-
Etnoqrafiya xalqı öyrənən elmdir. Bir xalqın dilini, mədəniyyətini,
məişətini, adət-ənənəsini və s. sona qədər
tədqiq etmək mümkündürmü?
-
Etnoqrafiya elminin əsas tədqiqat obyekti xalqın özü,
yaratdığı maddi-mənəvi dəyərlər, abidələrdir.
Xalqa məxsus nə varsa hamısı etnoqrafiyanın predmetinə
daxildir. Əgər bir sikkənin bir üzü
arxeologiyadırsa, o biri etnoqrafiyadır. Bunlar bir-birini
tamamlayır. Arxeoloji qazıntılar zamanı tapılan elə
nümunələr var ki, onları etnoqrafiya tamamlayır, bərpa
edir. Əgər arxeologiya icraçıdırsa, etnoqrafiya bərpaçıdır.
Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər
etnoqrafiya, arxeologiya olmasa tarix elmi yazıla bilməz. Azərbaycanda
ilk insanların məskunlaşmasının yaşı 2
milyon ili ötüb keçir. Bütün bunlar maddi-mədəniyyət
abidələri əsasında müəyyənləşib.
Bu işdə də etnoqrafiya öz rolunu oynayır. Hər bir
tapıntıya həyat vermək üçün o müzakirə
olunur, sonra öyrənilir. Etnoqrafiya elmi həm də kənd
təsərrüfatı ilə sıx əlaqədardır. Əhalinin
əkinçilik, bağçılıq,
bostançılıq, maldarlıq kimi məşğuliyyətləri
var. Bu sahələrin tarixini öyrənmək
üçün yalnız etnoqraflara müraciət olunur. Əgər
Azərbaycan etnoqrafiyasını güclü bir çinara bənzətsək,
xalq yaradıcılığı onun əsas qoludur.
Oxşamalar, bayatılar, laylalar, aşıq
yaradıcılığı, xalq oyunları, xalq rəqsləri
-hamısı etnoqrafiyanın payına düşür. Biz
öz tədqiqatlarımızda həm incəsənət
elmindən istifadə edirik, həm də ona öz töhfələrimizi
veririk. Etnoqraf olmaq üçün əsas şərt
xalqın qəlbinə yol tapmaq, onu duymaqdır. Rayonlara gedəndə
gərək orada insanları elə bir səpkidə dindirəsən
ki, onlar ürəyini açıb sənə göstərə
bilsinlər. Etnoqraf olmaq üçün təkcə hərtərəfli
biliyə malik olmaq lazım deyil. Əsas xalqla dil tapmaq, onun
könlünə girib könlündəkiləri
almağı bacarmaqdır. Etnoqrafiya dilçilik elmi ilə də
çox bağlıdır. Etnoqrafiya elmi bir sıra elmlərlə
təmasdadır. «Xalq» qəzetində çıxan məqalədə
“Azərbaycan etnoqrafiyası Azərbaycan xalqının
pasportudur” deyə yazılmışdı.
- Rəhbərliyiniz
altında işıq üzü görən «Azərbaycan
etnoqrafiyası» kitabının üçcildliyində
etnoqrafiya elminin bütün sahələri əhatəli tədqiq
olunubmu?
- Bu
kitab prezident İlham Əliyevin Sərəncamı ilə
çapdan çıxıb və 25 min tirajla
buraxılıb. Cildlərdə verilən mətnlər
illüstrativ materialları təsdiq edir. Nəşrdə Azərbaycan
xalqının tarixi ayrıca fəsil kimi verilib. Birinci kitabda
kənd təsərrüfatı və sənətkarlıq
sahələri haqqında danışılır. Ölkənin
təbii coğrafi şəraitinə uyğun olaraq Azərbaycanda
50-dən çox sənət növü olub. Bəziləri
sıradan çıxsa da, bəziləri qalıb. Sənətkarlıq
baxımından bizim xalqın pasportu
xalçaçılıqdır. 19-cu əsrin sonunda Moskvada
keçirilən xalça-sərgidə nümayiş etdirilən
xalçalar «Qafqaz» adı ilə təqdim olunsa da, əksəriyyəti
Azərbaycan xalçaları olub. Hal-hazırda da
xalçalarımızın şöhrəti dünyanı
dolaşır.
Bundan
əlavə, ölkəmizdə zərgərlik də
çox inkişaf edib. Bu sənətin inkişafı
üçün bizdə xammal var. Arxeologiya elminin əlifbası
və uzun illər bu tarixi bərpa edən dulusçuluq sənətidir.
Bizdə dulusçuluğun 10 min illik tarixi var və müxtəlif
inkişaf mərhələlərindən keçir. Eyni
zamanda, digər sənət növləri də cilddə
öz əksini tapıb. İkinci kitab maddi mədəniyyətə
həsr olunub. Xronoloji ardıcıllıqla Azərbaycanda
yaşayış məskənlərinin, evlərinin
formaları, mağaralar, alaçıqlar, imarətlər,
hündür binalar və s. cilddə əksini tapıb. Əsas
yeri tutan sahələrdən biri geyimlər və bəzəklərə
aiddir. Cilddə biz həmçinin
Azərbaycan yeməklərinin tarixi sənədlərə
əsaslandıraraq geniş təhlilini vermişik.
Xalqımızın 50-dən çox yemək növü var.
Nəşrdə həmçinin Azərbaycanda nəqliyyat
vasitələri haqqında materiallar yer alıb. Kitabda ailə
məişətinə də geniş yer verilib. Hesab edirəm
ki, Azərbaycanda ailə bir sıra xalqlara nümunə ola bilər.
Tarixdə Tomris, Tutibikə, Mömünə xatun kimi heç
də kişilərdən geri qalmayan qadınlarımız
olub. Uşaqların tərbiyəsinə xüsusi yanaşma
metodları da fəsildə öz əksini tapıb.
Bir
çox sahələri əhatə edən
üçüncü cild isə mənəvi mədəniyyətlə
bağlıdır. Məsələn, xalq bayramları – o
cümlədən, Novruz haqqında materiallar, Qurban bayramı,
orucluq və s. geniş işıqlandırılıb. Kitabda
həmçinin ağsaqqal, ağbirçək, mədrəsələrdən
başlayaraq inkişaf edən təhsilimiz, xalq təbabəti,
ədəbiyyat, musiqi, rəqslər, aşıq
yaradıcılığı və s. öz əksini
tapıb. Eyni zamanda, xalqın adət-ənənələrinə
həsr olunan ayrıca monoqrafiyalar çap olunub. Bununla bərabər
bu sahədə hər şey ürəyimiz istəyən kimi
deyil. Biz hələ xalqımız qarşısında
çox borcluyuq. Biz çöl etnoqrafik materialları zəif
toplayırıq. Bu imkanın azlığından irəli gəlir.
Bu gün vəziyyət elədir ki, kənddən şəhərə
axın artıb. Kənddə ancaq qocalar yaşayır. Kənd
öz kəndliyindən çıxır. Etnoqrafın vəzifəsi
budur ki, itirilmiş şeylərin qarşısını
vaxtında alsın. Əgər biz onları toplamasaq itib gedəcək.
Ona görə də hər il 3-4 ekspedisiyamız Azərbaycanın
müxtəlif guşələrinə gedir. Ancaq bu, hələ
bizi qane eləmir. Bu elə bil böyük bir işin
başlanğıcıdır. Biz bu işi nə qədər
sürətlə həyata keçirsək o qədər
udarıq. Amma elə ki, bunları itirdik, bir daha onlara
qayıda bilmərik. Maddi mədəniyyətlə
bağlı fundamental əsərlər var. Ancaq nə
üçün Azərbaycan yeməkləri haqqında
böyük bir monoqrafiya çap etdirməyək? Bu boşluq
bizdə var. Toy adətləri haqqında çoxlu kitablar
çıxıb. Müasir Azərbaycan ailəsini öyrənmək
də çox vacibdir. Biz kökə bağlanmalıyıq.
Kökə bağlananda budaqlarımız da yaxşı bitir.
Mən istərdim Qarabağ haqqında ayrıca bir etnoqrafik əsərimiz
olsun. Bununla bağlı təşəbbüs göstərmişik.
Planımızda da nəzərdə tutulub. Ancaq biz bu işdə
gecikirik. Moskvada 60 səhifəlik «Azərbaycanlılar»
kitabı çapdan çıxacaq. Bu kitabı yazmaq –
gürcülərə, ermənilərə, ruslara təsdiq
etmək üçün çox qeyrətli
oğullarımız lazımdır. Hesab edirəm ki, biz bunun
öhdəsindən gələcəyik. Bu gün ölkəmizdə
böyük inkişaf var. İstəyirik Qəbələ
haqqında kitab yazaq. Bu şəhərin 1500 illik tarixi var. Bu
şəhər 1000 il Azərbaycanın
paytaxtı olub. Orada müxtəlif milli azlıqlar
yaşayır. Biz bu işə diqqətlə
yanaşmalıyıq. Digər tərəfdən
hamımızın yaralı yeri olan Cənubi Azərbaycan
haqqında – Təbrizin tarixi etnoqrafik baxımından tədqiqatlarını
aparmalıyıq. Eyni zamanda, Dərbənd də bizi gözləyir.
Biz imkanımız daxilində bu işləri görməyə
çalışırıq. Ancaq yenə o fikirdəyəm
ki, mindən çox əsərim olsa da, bu xalqa çox borcum
var.
-
Etnoqrafik, arxeoloji mənbələri saxtalaşdırmaq
mümkündürmü?
- Hər hansı bir predmetə başqa don geyindirmək olmaz. Ancaq birdən
hansısa bir xalq vəhşiliyi üzündən desin ki, “Xocalı- Gədəbəy mədəniyyəti
və ya Şəki-Zaqatala zonası
bizimdir” - tarixdə belə şeylər var.
Bu elmlə bərabər
həm də siyasətdir. Amma biz bunu elmi müstəviyə gətirməliyik.
Məsələn, 450 min il bundan əvvəl Azıxda tapılan qadın çənəsi dünya
insanının inkişaf
mərhələsində bir
nömrəli yadigardır.
Erməni arxeoloqlar deyirlər ki, o qadının geyimi erməni qadının geyimidir. Bu cür
faktlar istənilən
qədərdir. Ancaq həqiqət
nə vaxtsa öz yerini tapır.
Milli sərvətimiz
- Bir alim kimi
elm sahəsində aparılan
islahatlar sizi qane edirmi?
- Ümumən razıyam. Təhsil sahəsində aparılan
islahatlar üzərində
böyük mütəxəssislər
çalışır. Amma boşluqlar da çoxdur. Bu gün elmlər namizədi olan işçim 150 manat əməkhaqqı alır.
Bu sahədə vəziyyətimiz olduqca çətindir. Maddi cəhətdən
çətinliklərimiz var. Mənəvi çətinliklərimiz
odur ki, akademiya göz qabağında olmalıdır.
Heydər Əliyev “Akademiya
bizim milli sərvətimizdir” deyirdi.
Arada söhbətlər gəzdi
ki, AMEA ləğv olunsun, dünyanın bir sıra ölkələrində
akademiyalar yoxdur.
Ancaq bugünkü vəziyyətimizdə
akademiyanı ləğv
eləmək təhsili,
elmi məhv etmək deməkdir.
- Elmdə nəsillərin bir-birini əvəzləməsi
prosesi necə gedir?
- Öz sahəmizdən danışsam, hərdən
elə layiqli elmi işçi meydana çıxır ki, adam
həsəd aparır.
Bizim şöbədə cavan oğlan və qızlar çalışır.
Onlar işə çox həvəslə yanaşırlar.
Ekspedisiyalara gedir, monoqrafiyalar
yazırlar. Digər
bir üstün cəhətimiz odur ki, artıq hər il
arxeoloji qazıntı
işlərinə bir
milyon manat pul ayrılır. Bu baxımdan yanaşanda qabaqkı illərlə müqayisədə çox
böyük inkişaf
var. Mən Müdafiə
Şurasının sədriyəm.
İldə heç olmasa
arxeologiya və etnoqrafiya üzrə 20-yə
yaxın elmlər namizədi, 8-10 elmlər doktoru müdafiə edir. Bu, böyük
qələbədir. Gənclərin xəyalpərvərliyi, işlərinə
olan məhəbbəti
məni sevindirir.
Bu inkişafı dana bilmərik.
- Sizə elə gəlmirmi, tədqiqatlarınız
təkcə dərs vəsaiti kimi, elmi ədəbiyyat kimi istifadə olunmamalıdır. Həmçinin xalqa yaxın olmaq üçün ciddi təbliğata ehtiyacı var?
- Düzdür, indi kitab oxuyan azdır.
Bunu etiraf etmək lazımdır. Əlbəttə, kitabda yazılanları sadə dillə xalqa çatdırmaq lazımdır. Mən
özüm Azərbaycan
Televiziyasında iki il «Əsrlərdən
gələn səslər»
verilişinin aparıcısı
olmuşam. Bizim işçilərimiz də televiziyada tez-tez çıxışlar
edirlər. Qəzetlərdə məqalələr çap
etdirir, xarici ölkələrdə elmi
məclislərdə iştirak
edirik. Əgər biz yalnız yazmaqla
məşğul olsaq,
hesab edərəm ki, etnoqrafiya elmi yarımçıq vəziyyətdə qalar.
Əgər bir tərəfdən
«Bu, xalqın ürəyidir»
deyiriksə, digər tərəfdən xalq onu görməlidir. Hətta, deyərdim ki, biz işimizi yetərincə yerinə yetiririk.
- İstənilən elmin
son məqsədi nədir?
- İstənilən elmin
son məqsədi xalqa
xidmət etməkdir.
Təranə Məhərrəmova
Material KİVDF-nin dəstəklədiyi
layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2010.- 24 noyabr.- S. 13.