Ali məktəblərə qəbul qaydaları dəyişdi 

 

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2011-2012-ci tədris ilində ali məktəblərə qəbul əvvəlki illərdən fərqlənəcək

 

2011-2012-ci tədris ilində ölkənin ali məktəblərinə qəbul qaydaları əvvəlki illərdən fərqli olacaq. Qəbul qaydalarında edilən dəyişikliklərər gəlincə, dünən bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında  (TQDK) keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, qəbul qaydalarına 5 yenilik nəzərdə tutulub: “2011-2012-ci tədris ilinin yekununda ali məktəblərin bakalavr və magistr pillələrinə qəbul imtahanlarında bir sıra yeniliklər tətbiq olunacaq. III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları 2011-ci ildən II ixtisas qrupuna keçirilir. Beləliklə, adı çəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidirlər”. Digər yenilik magistraturaya qəbul imtahanlarının vaxtı ilə bağlıdır. 2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulunun və qəbul imtahanının I mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutulub. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dilinformatika fənni üzrə bilikləri yoxlanılır. Bundan əlavə, abituriyentlərə qəbul imtahanlarına səmərəli hazırlaşmaqda kömək məqsədilə 2011-ci ilin yanvar ayında Bakı şəhərində, eləcə də ölkənin müxtəlif bölgələrində 1 sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub: ”Digər yeniliyə gəlincə, qeyd edim ki, 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıq tipli olacaq. Tədricən digər fənlər üzrə test tapşırıqlarının bəzilərini də açıq tipli olacaq. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilən “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq”. TQDK sədri bildirib ki, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” “Təhsil haqqında” qanuna uyğun hazırlanıb və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərti ilə Azərbaycanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradacaq. Qaydalar ölkənin bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirib:Rezidenturada baza ali təhsili olan Azərbaycan vətəndaşları və əcnəbilər təhsil ala bilər. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir”. Rezidenturada təhsilin tədris planı təhsil proqramları əsasında hazırlanır və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. M.Abbaszadə bildirib ki, TQDK test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə oktyabrın 1-dən fənlər üzrə elmi-metodiki seminarlara başlayır: ”TQDK-nın elmimetodiki fənn seminarları Azərbaycanın aliorta ixtisas məktəblərinin müxtəlif pillələrinə tələbə qəbulunun test üsulu ilə həyata keçirilməsi üçün istifadə olunan hər növ elmi, metodikipraktiki materialların hazırlanmasını təşkil edən qurumdur. Seminarlar Komissiyası nəzdində fəaliyyət göstərir”. Sözügedən seminarların əsas vəzifələri təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün aliorta ixtisas məktəblərinin müxtəlif pillələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi üçün istifadə olunacaq hər növ elmi, metodikipraktiki materialların hazırlanmasının təşkil edilməsi, dövlətlərarası razılaşmalara əsasən Azərbaycan vətəndaşlarının xarici dövlətlərin ali məktəblərinə, əcnəbilərin və xaricdə yaşayan vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycanın ali məktəblərinə qəbulunun aparılması ucun istifadə olunacaq hər növ elmi, metodikipraktiki materialların hazırlanmasını təşkil etməkdir: «Seminarlar ölkənin pedaqoji ictimaiyyəti üçün açıqdır. İstənilən mütəxəssis TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan keçərək, müvafiq fənn üzrə seminarın işində iştirak edə bilər. Məlumata görə, bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba şəhərlərində fəaliyyət göstərən regional bölmələrində də bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçiriləcək. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil ediləcək». M.Abbaszadə qeyd edib ki, TQDK mütəmadi olaraq fənlər üzrə qəbul proqramlarının məzmun və tələbinə uyğun olan vəsaitlər hazırlayıb nəşr edir. Artıq «Kimya», «Riyaziyyat», «Fizika», «Tarix», «Coğrafiya», «Rus dili», «İngilis dili», «Alman dili», «Azərbaycan dili», «Ədəbiyyat», «Biologiya (Botanika)», vəsaitləri nəşr olunub. «Zoologiya», «İnsan biologiyası» vəsaitləri də yaxın vaxtlarda işıq üzü görəcək: «Bu vəsaitlər abituriyentlərin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir və qəbul proqramı üzrə biliklərin möhkəmləndirilməsi üçün təkrarlamada əhəmiyyətli rol oynayır».

 

Həqiqət İsabalayeva

 

Kaspi.- 2010.- 1 oktyabr.- S. 9.