Azıx mağarasının kəşfindən 50 il keçir

 

AMEA prezidenti: “Azıx mağarasında aparılan qazıntılar bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib”

 

Oktyabrın 4-də "İrşad" mehmanxanasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunmuş "Qarabağ daş dövründə" mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin alimləri də iştirak edirlər.

Konfrans oktyabrın 7-nə kimi davam edəcək.

Tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov Azıx paleolit dövrü düşərgəsinin 50 il əvvəl görkəmli arxeoloq, tarix elmləri doktoru Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən qədim Qarabağ bölgəsində aşkar edildiyini xatırladıb. Onun sözlərinə görə, uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib.

Rusiya Elmlər Akademiyasının (REA) tarixi-filoloji elmlər şöbəsinin akademik-katibi, akademik Anatoli Derevyanko iki ölkə alimlərinin arxeologiya sahəsində elmi əməkdaşlığını, Azərbaycanda aparılan son arxeoloji tədqiqatların nəticələrini yüksək qiymətləndirib.

Tədbirdə Məmmədəli Hüseynovun "Azərbaycanın qədim paleoliti" kitabının təqdimatıda olub.

Azıx mağarası - Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-125 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRI dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ çox az şey bilir.

Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyildilər. Onların nəzərində bura əjdahaların başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

 

 

Kaspi.- 2010.- 5 oktyabr.- S. 9.