Cümhuriyyətin izləri 

 

Müstəqilliyini bərpa etdikdən sonra hər il mayın 28-i ölkəmizdə tarixi gün kimi qeyd edilir

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 92 il keçir. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Müstəqilliyini bərpa etdikdən sonra hər il mayın 28-i ölkəmizdə tarixi gün kimi qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Qeyd edək ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Məhz buna görə, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Sovet hakimiyyətinin qurulması ilə Azərbaycanın dövlət müstəqilliyinə faktiki olaraq son qoyulmasına baxmayaraq, xalqımız formal şəkildə olsa da öz dövlətini qoruyub saxladı.

 

İstiqlalımızın muzeyi

 

Bu gün ölkəmizdə Cümhuriyyətin ənənələri, ideyaları yaşayır. Cümhuriyyətin izləri tarixi yadigar kimi qorunur. Tarixə nəzər saldıqda Cümhuriyyət dövrü ilə bağlı maraqlı faktlarla rastlaşmaq olur.

Belə ki, 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında parlamentin təntənəli açılışı olub. AXC-nin parlamentinin ilk iclası İstiqlaliyyət küçəsində yerləşən AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi binada keçirilib. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Bina vaxtilə qız məktəbi olub. Belə ki, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbini tikdirib. Bu, bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayıblar. Bina 1900-cu ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist), indiki İstiqlaliyyət  küçəsində  yerləşir.  Qız məktəbin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır.

Bu binada parlamentin 155 parlament iclası keçirilib ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olub. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası fəaliyyət göstərib. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi isə hazırkı Neft Şirkətinin inzibati binasının yerləşdiyi binada fəaliyyət göstərib. Bakı milyonçusu Ağamusa Nağıyevin tikililərindən olan binada fəaliyyət göstərdiyi illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) dövlətimizin müstəqil xarici siyasətini həyata keçirərək tariximizə qızıl hərflərlə yazılıb.  Keçən il  binanın üzərinə XİN-in Cümhuriyyət dövründə fəaliyyətini əks etdirən xatirə lövhəsi vurulub. Qeyd edək ki, Sovet hakimiyyəti illərində bu bina "Azneft"in sərəncamına verilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra – 1991-ci ildən isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilib.

AXC dövründə Azərbaycanda ilk muzeyİstiqlalmuzeyi təşkil olunub. Eyni zamanda, Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılıb. İstiqlal Muzeyi Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyi kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə təşkil olunub və elə parlamentin binasında yerləşib. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın sovetləşməsindən sonra muzey fəaliyyətini dayandırıb. İstiqlal Muzeyinin eksponatları yeni təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzey) verilib. Sonradan eksponatların bir hissəsi Moskva İnqilab Muzeyinə aparılıb. İstiqlal Muzeyinin fəaliyyəti bir də 71 il sonra, müstəqilliyimizlə birlikdə bərpa edilib. 1991-ci il yanvarın 9-da Azərbaycan İstiqlal Muzeyinin yaradılması barədə qərar verildi. Cəmi 7 min eksponatla fəaliyyətə başlayan muzeyin indiki zəngin ekspozisiya zallarında qədim zamanlardan müasir dövrədək xalqımızın tarixi-mədəni həyatındakı mühüm hadisələri, dövlətçilik tarixi, müstəqillik mübarizəsi əksini tapıb. 1918-ci il 24 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabırında qəbul edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan  Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə üçrəngli  milli  bayrağımız Azərbaycan  Respublikasının  Dövlət bayrağı kimi təsdiq edildibu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Belə ki, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdibununla milli təhsil ocağının əsası qoyuldu. AXC hökuməti və Xalq Maarif Nazirliyi ölkədə Bakı Dövlət Universiteti, Əkinçi İnstitutu və Dövlət Konservatoriyası təsis edilməsi barədə məsələ qaldırır. Bunlardan ancaq birini – Bakı Dövlət Universitetini açmaq mümkün olur.

 

Əbədi yaddaş

 

Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının xatirələri əbədiləşdirilərək hörmətlə yad edilir. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Bakıda Məmməd Əmin Rəsulzadənin adını daşıyan qəsəbə, AXC hökumətinin başçısı və daxili işlər naziri Fətəli xan Xoyski adına küçə, Nəsib bəy Yusifbəylinin, hərb nazirləri Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin, Əhməd bəy Topçubaşovunb. adını daşıyan küçələr var. Yaşadıqları binalara xatirə lövhələri vurulub.

AMEA Ədəbiyyat İnstitutunun Nizami adına ədəbiyyat Muzeyində prezident İlham Əliyevin təşəbbüsü ilə Əlimərdan bəy Topçubaşovun Parisdən Bakıya gətirilmiş qəbirdaşı da muzeydə nümayiş olunur. Əlimərdan bəy topçubaşovun məzarı üstündə isə abidə qoyulub.

Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

 

Örnək

 

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadisosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. 90-cı illərin ortalarından başlayaraq, respublikamızda siyasi, iqtisadisosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Müxtəlif ölkələrlə hüquq bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr yaradılır. Azərbaycan nüfuzlu beynəlxalq və regional təşkilatlara daxil olaraq dünya birliyinə daha sıx inteqrasiya olunur, bu birlikdə özünəlayiq yer tutur. Ən ağrılı problemimiz olan Ermənistan - Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal olunmuş torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 5 oktyabr.- S. 11.