Trend beynəlxalq İnformasiya Agentliyi 15 illik yubileyini qeyd edib

 

Əli Həsənov: “Trend peşəkar agentlik olmasaydı, onun informasiyaları dünya virtual informasiya məkanında belə geniş yayıla bilməzdi”

 

Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 15 illik yubileyi qeyd olunub. Bununla bağlı Bakı Əyləncə Mərkəzinin (BƏM) "Eliza" zalında dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, deputatlar, KİV rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Trend-in fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, yarandığı gündən Trend Agentliyi təkcə Azərbaycan daxilində, informasiya məkanında öz mövqelərini möhkəmləndirməmiş, eyni zamanda, virtual dünya informasiya məkanında, transmilli dünya informasiya məkanında özünəməxsus yer qazana bilib.

“Sözün həqiqi mənasında, jurnalistika, Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, qəhrəmanlıq, xüsusi istedad, səy tələb edən fəaliyyətdir. Heydər Əliyev həmişə söyləyərdi ki, jurnalistika təkcə bir sənət, fəaliyyət deyil, eyni zamanda, fədakar bir insan fəaliyyətidir. Yaxşı jurnalist olmağın birinci şərti jurnalistin sağlam məqsədlə xidmət etməsidir. Jurnalist üçün hədəf aydın olanda, fəaliyyəti stimullaşdırmaq, istiqamətləndirmək asan olur. Hər bir jurnalist gördüyü işin məqsədini, məramını, hədəflərini doğru anlamalıdır onu düzgün qiymətləndirməlidir. Bu anlamda düşünürəm ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə yarandığı gündən bəri Azərbaycanda öz hədəflərini dəqiq müəyyənləşdirən, öz hədəflərinə çatmaq üçün sağlam məqsəd ortaya qoyan sağlam fəaliyyət ğöstərən bir agentlik olaraq fərqlənib, - Həsənov qeyd edib. PA rəsmisi bildirib ki, sağlam hədəflərin, məqsədlərin müəyyən olunması hələ müvəffəqiyyətin rəhni deyil. “Müvəffəqiyyət qazanmaq üçün hər bir sənətdə, işdə, fəaliyyətdə öz peşə fəaliyyətini yaxşı bilməlisən, öz sənətinin peşəkarı olmalısan. Bu anlamda düşünürəm ki, Trend İnformasiya Agentliyində çalışan jurnalistlərin böyük əksəriyyəti, sözün həqiqi mənasında, jurnalist peşəkarlığına yiyələnmiş, hədəflərə çatmaq üçün lazımi jurnalist dəyərlərini mənimsəmiş peşəkar jurnalistlərdən ibarətdir”, - Həsənov əlavə edib.

Onun sözlərinə görə, dünyanın müxtəlif informasiya agentlikləri, müxtəlif televiziya, radio, mətbuat orqanları Trendlə bu sahədə əməkdaşlıq edir, onun təqdim etdiyi informasiyaları, fotoları öz səhifələrində əks etdirir.

“Trend peşəkar agentlik olmasaydı, onun informasiyaları dünya virtual informasiya məkanında belə geniş yayıla bilməzdi. 90-cı illərin əvvəllərini siz yaxşı xatırlayırsınız. Beynəlxalq aləmdə fəaliyyət göstərən əksər transmilli informasiya mərkəzləri Azərbaycanda fəaliyyət göstərən bu tipli agentliklərə, qəzetlərə, televiziyalara istinad etmək deyil, məhz Azərbaycanda öz ofislərini açmaqla fəaliyyət göstərirdi. Mən açıq deyim ki, onların bu tələblərinə cavab verən Azərbaycanda media qurumu, juralist peşəkarlığı olmadığına görə, bu informaiya agentlikləri, televiziyalar öz ofislərini açmağa üstünlük verirdi. Bu gün beynəlxalq informasiya mərkəzlərinin azərbaycanlı, milli strukturlardan ibarət tərəfdaşları yaranıb bu tərəfdaşlardan istifadə edirlər”, - PA rəsmisi deyib.

Həsənovun sözlərinə görə, Trend-in fəaliyyətində diqqəti cəlb edən üçüncü keyfiyyət öz fəaliyyətinin nəticəsindən zövq almaq bacarığı zövq almaq istəyidir.

Bilirsiniz, hər bir fəaliyyətin nəticəsi onun ictimai əhəmiyyəti, dəyəri ilə qiymətləndirilir. Əgər bu ya digər fəaliyyət bütövlükdə insanlara, cəmiyyətə hansısa insan təbəqəsinə xeyir vermirsə, insan həyatını rövnəqləndirmirsə, o fəaliyyətlə məşğul olmağın heç bir əhəmiyyəti yoxdur. Bu anlamda hesab edirəm, Trend-in əməkdaşları öz zəhmətlərinin nəticəsindən zövq almağı bacarırlar. Ona görə zövq alırlar ki, bu fəaliyyəytin nəticəsi sağlamdır, insanların informasiya ehtiyaclarını ödəyir. Bir dövlətin, millətin mövcud reallıqlarını dünyaya yayır dünyada baş verən hadisələrlə həmin milləti, dövləti, insanlar tanış edir”, -Həsənov nitqində söyləyib.

Onun bildirdiyinə görə, sözün həqiqi mənasında, hər üç meyardan çıxış edəndə, Trend İnformasiya Agentliyini bu gün formalaşmış özünəməxsus dəyərləri olan tək Azərbaycanda deyil, dünyada da Azərbaycanı, Azərbaycan informasiya ailəsini təmsil etmək bacarığı, qabiliyyəti olan bir agentlik kimi təbrik etmək olar.

Mən agentliyin bütün əməkdaşlarını, bütün jurnalistləri, yaradıcı texniki heyəti, eyni zamanda, bu axşama yığışmış Trend-in bütün dostlarını, trendsevərləri 15 illik yubileyləri münasibətilə təbrik edirəm”, - PA rəsmisi çıxışının sonunda bildirib.

Çıxışdan sonra Həsənov Trend-in bir qrup jurnalistini çoxillik uğurlu fəaliyyətinə görə diplomla təltif edib.

 

 

Kaspi.- 2010.- 6 oktyabr.- S. 8.