Şalyapin – rus incəsənətində
yeni dövr
Hələ
uşaq yaşlarından yaşadığı Kazan
yaxınlığındakı kiçik kəndin sakinləri
onun gözəl səsinə heyran kəsilmişdilər. Fyodor
Şalyapin 9 yaşından kilsə xorunda oxuyur, skripkada
çalır, mütaliə ilə məşğul olurdu. 12
yaşı olanda teatra sonsuz həvəsi onu müxtəlif
truppaların tərkibində çıxış etməyə
həvəsləndirirdi. Fyodr Kazana qastrola gələn teatr
turppaları ilə birlikdə təcrübəçi kimi səhnəyə
çıxırdı. Bu truppalar əsasən Qafqazətrafı
şəhərlərdə tamaşalar göstərirdi.
Şalyapin
ilk solo partiyasını Ufada ifa elədi. Truppa Orta Asiya ölkələrini
gəzib 1892-ci ildə Bakıya gəldi. Şalyapin burada
fransız operalarından bir neçə partiya ifa elədi.
Bakı səfəri zamanı o, görkəmli xanəndə
Cabbar Qaryağdı ilə tanış oldu.
Bir
müddət fəaliyyət göstərdikdən sonra truppa
dağıldı. Pulsuz qalan Şalyapin özünü
güclə Tiflisə çatdıraraq burada təsadüfi
işlərlə pul qazanmağa başladı. Bəxti onda gətirdi
ki, tanınmış opera müğənnisi Dmitri Usatovun diqqətini
cəlb elədi. Gənc Şalyapində qeyri-adi istedadı
görən Usatov ona pulsuz dərs deməyə başladı.
Hətta bir az da xeyirxahlıq göstərib onun
üçün kiçik təqaüd təyin elədi. Bir
neçə aydan sonra artıq Şalyapin Tiflisdəki musiqi dərnəklərində
təşkil edilən konsertlərdə oxuyurdu. Çox
keçmədən Şalyapini Tiflis Opera Teatrına dəvət
etdilər.
Özünə
pul toplayan müğənni 1894-cü ildə xoşbəxtlik
dalınca Moskvaya yollandı. Özünün qabaqcadan
güman etdiyi kimi, Böyük Teatra düşmək heç
də asan olmadı. Onu Petetburqun “Arkadi” teatrına
götürdülər. 1895-ci ildə Marinski Teatrının
rəhbərliyi onunla maraqlandı. Fevral ayında gənc
vokalistlə illik müqavilə bağlandı - Şalyapin
imperator Teatrının səhnəsində göründü.
Yayda
isə o, Nijniy Novqorodda məşhur rus milyonçusu və
xeyriyyəçisi Savva Mamontovun şəxsi opera teatrında
işləmək təklifi aldı. Mamontov həmin vaxtlar əsl
rus opera teatrı yaratmaq istəyirdi. O, Şalyapinə
İmperator Teatrından ayrılıb yalnız onun səhnəsində
oynamağı təklif etdi. istedadını tam üzə
çıxarmağa imkan verən bu fürsəti Şalyapin əldən
buraxmadı. Gənc opera müğənnisinin taleyi yenidən
dəyişdi. Məhz bu səhnədə onun fenomenal opera və
dramatik istedadı bütün qüvvəsi ilə üzə
çıxdı. “Şalyapin rus incəsənətində
Puşkin kimi yeni dövrdür”-deyə Qorki yazırdı.
Şalyapin opera sənətinin iki vacib
başlanğıcını - musiqi ilə dramatizmi orqanik tərzdə
birləşdirmə və unikal ifa nümayiş etdirirdi.
Şalyapinin çoxdan arzuladığı Moskva debütü
1896-cı ildə baş tutdu. Onun Qlinkanın operasında
Susanin partiyası ilə debütünü mətbuat diqqətdən
qaçırmadı. İki aydan sonra onun adı bütün
Moskva teatrlarının ağzından düşmürdü.
İmperator Teatrı onu əldən buraxdığına
heyfslənir, Böyük Teatr isə müğənni ilə
bağladığı üç illik müqaviləyə
görə fəxr edirdi. Teatr birinci il
ona 9000, ikinci il 10000, üçüncü
il isə 11000 rubl verdi.
1900-cü ildə Milanın
La Skala Teatrı onu “Faust”da Mefistofel partiyasını ifa etmək üçün dəvət elədi. Teatrın rəhbərliyi səhnədə
10 dəfə çıxışı
üçün müğənniyə
15 min frank pul təklif
etmişdi. Onun Milan səhnəsindəki çıxışı heyrətamiz
dərəcədə yaddaqalan
oldu. Səhəri gün Şalyapin
yuxudan dünya şöhrətli sənətkar
kimi ayıldı.
Şalyapinin sənəti milli
sərhədləri aşaraq
dünya operasının
inkişafına təkan
verirdi. Bu uğurundan sonra müğənni ona kommersiya cəhətdən
böyük qazanc gətirən xarici səfərlərə üstünlük
verməyə başladı.
Mətbuat artistin qonorarlarını
hesablamaqla onun zənginliyi haqqında dolaşan mifə kömək edirdi. Hətta Bunin müğənni
haqqında yazdığı
essesində yazırdı:
“Şalyapin pulu sevirdi. Demək olar ki, heç vaxt xeyriyyə konsertlərində
çıxış etməmişdi.
O, “pulsuz yalnız quşlar oxuyur” sözlərini təkrar etməyi xoşlayırdı”.
Ancaq müğənninin Kiyevdə,
Xarkovda və Petroqradda böyük fəhlə auditoriyaları
qarşısında çıxışlarını
təsdiq edən afişalar bu mifi dağıdırdı.
Adı ətrafında gəzən
şayiələr müğənnini
bir neçə dəfə əlinə qələm götürüb
sensasiyaları faktla sübut etməyə məcbur etsə də, xeyri olmamışdı.
1918-ci ildə Şalyapinə
Xalq artisti adı verildi. Şalyapin Oktyabr inqilabından
sonra yeni rejimdə normal yaşayıb
işləyə bilmədiyindən
Parisdən qastrol səfərindən qayıtmadı.
1928-ci ildə Sovet hökuməti onu Xalq artisti
adından məhrum elədi və SSRİ-yə gəlişinə qadağa qoyuldu (1991-ci ilin 10 iyununda RSFSR Nazirlər Sovetinin qərarı ilə həmin qərar ləğv edilərək
müğənninin fəxri
adı yenidən bərpa edildi).
Şalyapinin Parisdə geniş mənzili vardı. Vaxtının çoxunu
dünya turnesinə həsr etdiyindən burada çox az yaşayırdı.
Onu dünyanın hər yerində tanıyırdılar.
Qiymətlərin baha olmasına
baxmayaraq, bütün
konsertlərində zal
dolu olurdu.
1936-cı ildə müğənninin
səhhəti korlandı. Gərgin məşqlər, qastrollar izsiz ötüşmədi. Onda qan xərçəngi əlamətləri
aşkarlandı və
aprel ayında bu xəstəlikdən dünyasını dəyişdi.
Müğənninin son arzusuna əməl
edərək onu vətənində dəfn
etdilər.
Təranə
Kaspi.- 2010.- 8 oktyabr.- S. 15.