Qars müqaviləsi – tarixin zərurəti

 

Azərbaycan alimləri hesab edir ki, Qars müqaviləsinin ən uğurlu cəhətlərindən biri Rusiyanın iştirakı ilə çoxtərəfli olmasıdır.

 

Oktyabrın 13-də Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında imzalanan Qars müqaviləsinin 89 yaşı tamam olur. Cənubi Qafqazda fəaliyyətə başlayan müstəqil dövlətlərin süqutundan sonra yaranmış gərgin vəziyyətdə dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ortaya atılırdı.

Ən çox da bu Ermənistan tərəfindən edilirdi. Bəs o zaman müqavilənin imzalanması hansı zərurətdən yarandı? Bəlli olduğu kimi, bundan əvvəl Sevr müqaviləsi imzalanmışdı və həmin müqavilə ilə sovet Rusiyası Ermənistan SSRİ-ni müdafiə etməyi üzərinə götürmüşdü. Bu dövrdə Türkiyə Böyük Millət Məclisi ilə sovet Rusiyası arasında əlaqələrin mövcud olmasına baxmayaraq Moskva hər vəclə Ermənistanın bölgədə mövqeyinin möhkəmlənməsinə yönələn siyasət yeridirdi. Hətta sovet Rusiyası yaranmış durumdan istifadə edərək Azərbaycanın Zəngəzur bölgəsini mübahisəli ərazi sayaraq Ermənistana vermişdi. Maraqlısı odur ki, sovet Ermənistanı Gümrü Müqaviləsini daşnak hökuməti imzaladığından özlərini bu sənədin yükündən kənara çəkməyə çalışdılar. Beləliklə, Sevr Müqaviləsi tanınmadı. Amma sovet Rusiyası ilə Ermənistan SSRİ arasında müqavilə imzalanandan sonra 1921-ci ilin martında RSFSR-lə Türkiyə Böyük Millət Məclisi arasında Moskva sənədi imzalandı. Elə o zaman belə bir fikir gündəmə gəldi ki, Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında müqavilə meydana gəlsin. Bununla da 1921-ci ilin oktyabrın 13-də Qars Müqaviləsi imzalandı. Bəzi tarixçilər düşünür ki, gərək o zaman Türkiyə ilə respublikalar ayrı-ayrılıqda müqa-vilə imzalayardılar. Ancaq Azərbaycan alimləri hesab edir ki, Qars Müqaviləsinin ən uğurlu cəhətlərindən biri Rusiyanın iştirakı ilə çoxtərəfli olmasıdır. Belə ki, Ermənistan özünün Qars Müqaviləsindən çıxdığını elan etsə də, sənəd çoxtərəfli olduğundan götürülən öhdəliklərin yerinə yetirilməsi davam edir. İkincisi, Qars Müqaviləsinin imzalanması Sevr Müqaviləsinin Cənubi Qafqazla bağlı müddəalarının gündəmdən çıxması deməkdir.

Beləliklə, bir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə bağlanmış müqaviləni Ermənistan tərəfdən xalq xarici işlər komissarı Askanaz Mravyan və daxili işlər komissarı Poqos Makinzyan, Azərbaycan tərəfdən isə xalq dövlət nəzarəti komissarı Behbud Şahtaxtinski imzalayıb. Gürcüstan tərəfdən isə xalq hərbi-dəniz işləri komissarı Şalva Eliva və xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı Aleksandr Svanidze imzalayıb. Türkiyə tərəfdən isə sazişi Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa və başqaları imzalayıb. O vaxt Rusiya Sosialist Federativ Sovet Respublikası adını alan Rusiyanı Yakov Qanetski təmsil edib. İmzalanan sənədin ilk maddələrində indiyə kimi tərəflər arasında imzalanan sənədlərin öz qüvvəsini itirmiş hesab edilməsi əks olunub. Sənəddə Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərərgahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qarssuyun mənsəbinədək Arpaçay və Araz çaylarının talveqi ilə keçib gedən xətlə müəyyən edilir. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır. Müqavilə Ümumittifaq MİK tərəfindən 16 mart 1922-ci ildə ratifikasiya olunub.

 

QARS MÜQAVİLƏSİNƏ QARŞI ERMƏNİ NARAZILIQLARI

 

Ən maraqlısı odur ki, Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmadı. Əgər "Sovet Ermənistanı" qəzeti "Qars sülh konfransı" adlı yazısında (27.IX.1921) bu danışıqları Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirirdisə, əks mövqedə dayanan qüvvələr və onların mətbu orqanları məsələyə başqa səpkidən yanaşırdılar. Təbrizdə çıxan "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsi (13.XI.1921) bu baxımdan olduqca maraqlıdır. Orada yazılırdı ki, şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər. Məqalədə Qars müqaviləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ile Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diktə etdirmələri təsiri bağışladığı göstərilirdi. Bu yazı belə bir sonluqla bitirdi: erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənistan da onun qurbanıdır. Daşnakların orqanı "Çakatamart"ın "Ermənistanda vəziyyət" adlı yazısında (6.XII.1921) Qars konfransının qərarlarından yalnız azərbaycanlıların razı qaldıqları bildirilirdi. Bütün bunlar, sözsüz, daşnak təbliğatı idi və tarixin sübuta yetirdiyi kimi, Rusiya zamanın və şəraitin, habelə öz siyasi məqsədlərinin imkan verdiyi səviyyədə Ermənistan üçün çox şey eləmişdi və edirdi də. Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından (Naxçıvan bölgəsi, habele digər ərazilərin ələ keçirilə bilməməsi və s.) şikayətlənən Ermənistandakı müəyyən dairələr və diaspor sakitləşməyərək başqa arxalar, vasitə və üsullar axtarışına girişmişdilər. Onlar hələ Moskva və Qars müqavilələri arasındakı bir dövrdə Millətlər Liqası cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayının (VI.1921) belə bir qətnamə qəbul etməsinə nail oldular: erməni millətinin müdafiəsi və inkişafı beynəlxalq ədalətin borcudur və erməni məsələsini ədalətlə həll etmədən Şərqdə sülh yaratmaq mümkün deyildir. Türkiyənin "Vəqt" qəzetinin (30.X.1921) belə bir məlumatından aydın olur ki, "erməni məsələsi" Vaşinqton konfransının (12.XI.1921-6.il.1922) gündəliyinə daxil edilmədiyindən Amerika erməniləri, ümumiyyətlə, Yaxın Şərq və o cümlədən də, həmin problemin orada müzakirəsinə çalışırdılar. Erməni milli demokratlarının orqanı "Joqovurdi Dzaiyn" qəzetində (22.XII.1921) aşağıdakı maraqlı məlumatlar dərc olunmuşdu: 1921-ci il noyabrın 21-də erməni milli demokratlarının və gənc hnçakçıların nümayəndələri (B.Kurkçan, V.Malkolm - Roma və Londondakı keçmiş İran səfiri Mirzə Mülkümxan Mamikonyanın oğlu, Amerika Erməniləri İttifaqı Siyasi şöbəsinin üzvləri və katibi Q.Papazyan) "Ermənistan-Amerika komitəsi"nin katibi Montqomerinin vasitəçiliyi və həmin komitənin sədrinin müşayiətilə ABŞ prezidenti U.Hardinqin qəbuluna (21 .XI.1921) gedərək Türkiyə Ermənistanının azad olunmasını tələb etmişdilər. Elə həmin gün Dövlət katibi A.Brianın qəbulunda olan daşnakların nümayəndələri isə Rusiya Ermənistanının azad edilməsi tələbini qoymuşdular. Hər iki görüş zamanı gedən müzakirələrdən bəlli olur ki, ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını təkrarən müdafiə etmişdilər. Qars konfransından sonra qaldırılan "erməni məsələsi" ilə bağlı Atatürkün bir fikrini burada xatırlatmaq yerinə düşərdi. O, çıxışlarından birində (1.III.1922) demişdi ki, bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiq olunmazlığını sübut edən amillərdən biridir, "Erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır. Ermənilərin hədsiz və eyni zamanda imkanları ilə əsla uzlaşmayan iddiaları Qərbin müəyyən dairələrində də birmənalı qarşılanmırdı. Məsələn, vaxtilə Ermənistana ABŞ-ın Ali komissarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "peşəkar dilənçi" kimi səciyyələndirərək yazırdı ki, ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım göstərməyi bacarmayan və birbirlərinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; erməni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzdla baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s. İngiltərənin Xarici İşlər naziri Lord C.Kerzon erməni liderlərini "dəyərsiz kimsələr" adlandınrdı. Həmin nazirliyin müşaviri Hardinq isə ermənilərin xarakterini yaxşı bildiyindən onların hərəkətlərinə təəccüblənmədiyini söyləmişdi.

 

QARS MÜQAUİLƏSİNİN LƏĞVİNƏ UĞURSUZ CƏHDLƏR

 

II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı türk səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: O, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. Hətta Sovet iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinrn liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da mühahbədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Trumen isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.

Üstündən 89 il keçsə də, Qars Müqaviləsinin yeniləşmiş forması haqda çox danışılır. Bəs bu mümkündürmü? Tarixçi alimlər hesab edir ki, bu bir şərtlə mümkündür ki, Qars Müqaviləsinin müddəaları əsasında Ermənistanla Türkiyə arasında müqavilə imzalansın. Bununla da əvvəlki müqavilənin şərtləri təsdiqlənir. Yuxarıda qeyd etdiyimiz kimi, Qars Müqaviləsinin ən önəmli maddəsi Naxçıvanla bağlıdır. İkitərəfli müqaviləyə keçdikdə, Azərbaycan diplomatiyası fəallıq göstərməlidir ki, Naxçıvan məsələsi burada yenidən qoyulsun. Xüsusən Rusiya və Türkiyə tərəfindən bu məsələ qoyulmalıdır. Çünki beynəlxalq hüquqdan çıxış etsək, bizim üçün ən əsası Qars Müqaviləsidir. Əgər Ermənistan Qars Müqaviləsini tanımırsa, onda Azərbaycan da diplomatik fəallıq göstərərək Cənubi Qafqazda sərhədlərə yenidən baxılması məsələsini qaldırmalıdır. Konkret olaraq isə İrəvan və Zəngəzurla əlaqədar iddialar qaldıra bilinər.

 

 

Azər Nuriyev

 

Kaspi.- 2010.-  8 oktyabr.- S. 12.