Saray inşaatının ən dəyərli nümunəsi 

 

Şirvanşahlar sarayı muzey-qoruq elan edilənədək çox hadisələrin şahidi olub. Belə ki, ayrı-ayrı vaxtlardakı talanlar üzündən bu gün muzeydə o dövrə aid heç bir eksponat yoxdur

 

Şirvanşahlar sarayından reportaj hazırlamaq istəyimizi bildirəndə muzeyin direktoru Rəna xanım “Şirvanşahlar sarayı Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil. Biz artıq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə tabeyik. İdarədən icazə alandan sonra gələ bilərsiniz”- deyə bildirdi. Qoruq İdarənin mətbuat katibi Rahib Azəri isə muzeydən reportaj hazırlamaq üçün rəsmi məktub ünvanlamağın lazım olduğunu diqqətimizə çatdırdı. Sözün düzü, hər gün onlarla ziyarətçinin üz tutduğu, istər əcnəbilər, istərsə də yerli sakinlər üçün qapısı həmişə  açıq olan muzeydən reportaj hazırlamaqdan ötrü bu qədər rəsmiyyətin kimə və nəyə lazım olduğunu başa düşməkdə çətinlik çəkdik. Heç uzağa getməyək, məsələn, İstanbulun dünyaca məşhur top qapı sarayında olarkən muzeyi ziyarətə gələn yüzlərlə əcnəbilər rahatca çəkilişlər aparır, fotolar çəkir, yeri gələndə müsahibə alır, istədikləri məlumatı əldə edirdilər. Bunun üçün heç kəs də onlardan rəsmi məktub tələb etmirdi. Mən özüm şahidi olmuşam. Görünür, bu cür qadağalar ancaq bizim muzeylərin idarəçiliyinə xasdır.

Ona görə də adi qaydada – yəni bütün ziyarətçilər kimi bilet alıb muzeyə baş çəkməyi qərara aldıq. Bunun üçün hətta əlavə 6 manat ödəyib bələdçi xidmətindən də imtina etmədik ki, bəlkə o bizə indiyə qədər bilmədiyimiz məlumatları verəcək. Ancaq qeyd edim ki, yazını işləyərkən daha çox  internet saytlarından əldə etdiyimiz məlumatlar bizə gərək oldu, nəinki bələdçinin dolğun olmayan məlumatları.

Muzeyi görməyənlər üçün isə ən yaxşı bələdçiliyi də elə özümüz etmək fikrinə gəldik. Bunun üçünsə heç şübhəsiz, Şirvanşahlar sarayının tarixindən başlayaq.

Nadir memarlıq incisi

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irs siyahısına daxil edilən Şirvanşahlar saray kompleksinı  «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» də  adlandırırlar. Yaxın Şərqin nadir memarlıq incilərindən olan Şirvanşahlar sarayı Azərbaycan saray inşaatının ən dəyərli nümunəsidir. Dövlətçilik rəmzimiz  sayılan- Şirvanşahlar sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondu sayılır.

Qeyd edək ki, Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb.

"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.

Mənbələrin məlumatına görə, Şirvanşahlar sarayını  1411-ci ildə Şirvanşah I İbrahimin - Teymurləngin müttəfiqinin əmri ilə ucaltmağa başlayıblar, ölümündən sonra bu onun oğlu Şirvanşah I Xəlilullahın dövründə davam etdirilib.

Kompleksə  Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məsçidi, Seyid Yıhya Bakuvi türbəsi, Murad darvazası, Saray hamamı və Ovdan daxildir.

 

Tarixi yaşadan divarlar

 

Muzeyin bələdçisi Jalə xanım məlumat verdi ki, bir hektarlıq ərazidə yerləşən Şirvanşahlar Saray Kompleksi üç həyətdən ibarətdir.

Divanxana adlanan birinci rəsmi həyət həmçinin I Xəlilullahın oğlu Fərrux Yassarın türbəsi kimi tanınır. Birinci həyətdə həmçinin yaşayış binası yerləşir. Bələdçinin məlumatına görə, Şirvanşahlar sarayı 52 otaqdan ibarət olub. İstilalar dövründə isə otaqlar zəbt olunub, nəticədə sarayda cəmi 16-17 otaq qalıb. Otaqlar dövrünü əks etdirən eksponatlardan məhrum olsalar da əski görkəmini qoruyub saxlayıb. Bina 2004-cü ildə İtaliya-Azərbaycan memarlarının birgə işi nəticəsində restavrasiya olunub. Muzeyin daşları ağardılıb yonulub. Ancaq əsaslı dəyişikliyə məruz qalmayıb.

Otaqların birində rəssam Hüseyn Ələkbərovun qədim müasir Azərbaycanı əks etdirən rəsm əsərləri, digər bir otaqda «Bakı sənədli açıqcalarda» rəsm əsərləri nümayiş etdirilir. Vaxtilə şahın ziyafət zalı olan otaqda isə İçəri şəhərdə yaşayan insanların real simaları ilə rastlaşmaq mümkündür. Sarayın otaqlarından birində - fotostudiya kimi fəaliyyət göstərən otaqda sərgilənən eksponatlarla ötən illərin mətbəxi, məişəti ilə yaxından tanış olmaq mümkündür.

Rəsmi həyət həmçinin 1918-ci ildə mart qırğınına şahidlik edib. Belə ki, həyətin divarlarındakı güllə izləri daha bir faciənin izlərini özündə qoruyub saxlayır.

Jalə xanımın məlumatına görə, ikinci həyətdəki binanın tikintisində yumurta, duz, süd, qoyun yunu əhəng daşından istifadə olunub. Həyətdə müdafiə xarakterli mazğallar var. Həmçinin burada Bayıl qalasının daşları da qorunub saxlanılır. Vaxtilə zəlzələ nəticəsində suyun altında qalan qalanın daşları illər ötəndən sonrasuyun səviyyəsi endikcə üzə çıxıb. Həmin 700 daşdan 300-ü hələ suyun altındadır. Muzeyin həyətindəki daşların üzərindəki yazılar sultanın şəcərəsi haqqında məlumat verir. Daşların üzərindəki heyvan şəkilləri  isə ilin hansı heyvan üzərində təhvil olması anlamını verir.

Həyətdə Seyid Yəhya Bakuvi türbəsi yerləşir. Qeyd edək ki, xalq arasında «Dərviş» kimi tanınan Seyid Yəhya Bakuvi Şirvanşah Xəlilullahın saray alimi olub.

Saray həyətində 16-cı əsrdə tikilən yeganə abidəMurad qapısıdır. Buna Şərq qapısı da deyirlər. Üçüncü Muradın şərəfinə tikilən qapı ziyarətçilərin böyük marağına səbəb olur.

Üçüncü həyət ibadət həyətidir. Burada yerləşən Xatirə türbəsi (1435) Şirvanşahlıların ailə türbəsidir. Memar Məhəmməd Əli tərəfindən Şirvanşahın anası Bikə xanım və 6 yaşlı oğlu Fərrux Yasarın dəfni üçün inşa edilib. Sonradan türbədə Şirvanşah Xəlilullahın özü, zövcəsi Xanikə Sultan, oğlanları Məhəmməd İbrahim, Əmir Bəhram, Şeyx Saleh dəfn olunublar. Onların məzarı üstünə heç bir yazısı olmayan simvolik baş daşları qoyulub. Bələdçinin məlumatına görə, Xəlilullahın qəbri açılanda sultanın sümükləri tapılmayıb. Versiyalara görə, sultanın sümüklərini düşmənlərin əlinə düşməsin deyə yerli əhali gizlədib. Digər bir versiya isə, Şah İsmayıl Xətainın Bakıya hücumu ilə bağlıdır. Belə ki, hücum zamanı o,  şahın  məzarını dağıdıb.

Həyətdə 1441-ci ildə tikilən Şah məscidi  və 1438-ci ilə məxsus saray hamamı da maraq doğurur. Hamam bir neçə əsrdən sonra – 1939-cu ildə arxeoloji qazıntılar zamanı aşkarlanıb. 26 otaqdan ibarət olan şah hamamı həm daxildən, həm də xaricdən kaşı ilə bəzədilib. 

 

 Talan edilən saray

 

Şirvanşahlar sarayı muzey-qoruq elan edilənədək çox hadisələrin şahidi olub. Belə ki, ayrı-ayrı vaxtlardakı talanlar üzündən bu gün muzeydə o dövrə aid heç bir eksponat yoxdur. Bələdçininbəlkə haradasa həmin eksponatlar var. Amma ayrı-ayrı dövrlərdə olan talanlar nəticəsində hər şey dağıdılıbdeyə verdiyi məlumat bundan ibarət oldu. Mənbələrdə isə muzeyin eksponatlarının ayrı-ayrı dünya muzeylərində saxlanması barədə ətraflı məlumatlar var. Məsələn, 1501-ci ildə Səfəvilər Bakını alarkən saray boşaldılıb. Şirvanşahların bütün sərvətləri - silahlar, əsləhələr, zinət əşyaları, xalılar, bahalı parçalar, Sara kitabxanasındakı nadir kitablar, gümüş əşyalar və qızılları Səfəvilər özləri ilə Təbrizə aparıblar. Amma 1514-cü ildə türk sultanı I Səlimin və Səfəvilərin qoşunları arasında Çaldıran döyüşündən sonra Şirvanşahlar Sarayının sərvətləri türklərə çatdı. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun ViktorAlbert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarında saxlanılır.

Türk səyyahı Övliya Çələbi «Yol qeydləri» kitabında bildirir ki, türk sərkərdəsi Mustafa Lələ paşa, 1585-ci ildə fəth etdiyi Bakını tərk edərkən, «bir gözəl tikilinin damını, günbəzini, pəncərə çərçivələrini özü ilə aparıb və onu sultana hədiyyə edib, sultan isə onlardan «Sultaniyyə Qəsri Humayun» bağında hamını öz gözəl görkəmi ilə heyrətə salan şahanə qəsr tikdirib». Ehtimal var ki, sözügedən kaşıyla örtülmüş günbəz Şirvanşahlar Sarayının damından götürülüb.

Bələdçinin dediyinə görə, I  Xəlilullahın məzarının içindən tapılan gümüş kəməri, yaqut daşla bəzədilən xəncəri AMEA-nın Tarix Muzeyində nümayiş olunur. 

Muzeydə nümayiş etdirilən eksponatlar - xalçalar, zinət əşyaları, qab-qacaqlar, musiqi alətləri və s. 19-cu əsrə aiddir. Ötən ilə qədər otaqlar ziyarətçilərə boş şəkildə nümayiş etdirilib. O vaxta qədər sərgilənən eksponatlar isə muzeyin fondunda saxlanılıb.

 

Zəruri qeyd

 

Muzeydə nümayiş etdirilən eksponatların hansı dövrə aid olması haqqında üzərlərində heş bir qeyd yoxdur. Qapıların girişində ya içəridəki divarlarda muzeydəki eksponatlar haqqında anotasiyalar olsa da bu ziyarətçiyə o qədər geniş məlumat vermir.  Çünki ziyarətçi məlumatı muzeyin içərisində almalıdır. Həm hər ziyarətçinin bələdçi ilə gəzmək imkanı yoxdur, Xüsusən bu, xarici ziyarətçilərə üçün önəmlidir ki, onlar təkcə muzeyin divarlarına baxmaqla kifayətlənməyib, həm xalqın tarixi haqqında zəngin məlumat əldə edə bilsinlər.

Digər bir məqam isə bələdçilərin işlədikləri sahə ilə bağlı bilgilərinin aşağı səviyyəli olması ilə əlaqədardır. Bizə bələdçilik edən xanım əksər suallarımıza  bu haqda məlumatım yoxdurdeməklə kifayətləndi. 

Məsələn, həyətdə yeni gətirilən iri  top haqqında da heç bir məlumat ala bilmədik. “Bu topun məqsədlə gətirildiyi haqqında bizə hələ məlumat verilməyib”.

Muzeyə isə hər gün onlarla ziyarətçilər gəlir. Onları düzgün istiqamətləndirmək, tariximizin zəngin bir dövrü haqda dolğun məlumatlandırmaq muzeydən reportaj hazırlamaq üçün tələb edilən rəsmi məktubdan daha vacibdir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2010.- 12 oktyabr.- S. 8.