Hələ kiril qrafikasından qurtula bilmirik! 

 

Artıq 20 ilə yaxındır ki, latın qrafikalı əlifbadan istifadə edirik. Buna baxmayaraq, hələ kiril qrafikasından qurtula bilməmişik

 

Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılıb. 1929-1939-cu illərdə latın qrafikalı əlifba üzrə, 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır. Artıq 20 ilə yaxındır ki, latın qrafikalı əlifbadan istifadə edirik. Buna baxmayaraq, hələ kiril qrafikasından qurtula bilməmişik.

Bunu əsaslandırmaq üçün Bakının mərkəzi küçələrində yerləşən bəzi yaşayış binalarının divarlarına diqqətlə baxmaq lazımdır. Orada, vaxtilə hansısa məşhurun həmin binada yaşamasını, yaxud binanın əvvəllər hansı bina kimi fəaliyyət göstərməsini bildirən daş lövhə baralayeflərə rast gələcəksiniz. Qeyd edək ki, mərkəzi küçələrdə rast gəldiyimiz bu tipli daş plakatlardan yalnız bir neçəsi latın qrafikasında yazılıb. Onların üzərində kiril qrafikası ilə yazılan yazıların əksəriyyəti hələ qalmaqdadır.

Əlifba dəyişikliyinin tarixlərinə nəzər salsaq görərik ki, bu problem əsasən, yaşlı qismən orta yaşlı təbəqələrə öz təsirini göstərir. Gənclərsə gözlərini açıb latın qrafikasını görüblər. Latın qrafikasından əziyyət çəkənlərlə bağlı bir haşiyə çıxaq: “Gənc əsgərləri hərbi xidmətə yola salmaq üçün valideynlər qohumlar N saylı hərbi hissənin qarşısına toplaşmıdılar. Mən əmim oğlunu yola salmaq üçün orada idim. Əsgərləri görüşə çağırmaqdan ötrü  siyahı tutulmuşdu. Lakin, siyahıya yazanların heç biri latın qrafikasını bilmirdi. Siyahını tutan dayı elə hey “azərbaycancayaza bilən axtarırdı. Orta yaşlı valideynlərin savabını qazanan da deyəsən, mən oldum. Bu hadisə keçən həftə baş vermişdir”.

Hesab edək ki, yaşlı orta yaşlı adamlara yenidən əlifba öyrətmək qeyri-mümkündür. Gənclər onları birtəhər vəziyyətdən çıxarır. Ancaq, divarlara həkk olunan yazıları pozub latın qrafikası ilə əvəzləmək, hər halda mümkün olan şeydir.

Filologiya elmləri namizədi, BDU-nun müəllimi Firuzə Ağayeva əlifba dəyişikliklərini tarixi şəraitlə əlaqələndirdi: “Türk xalqlarında yazı mövcud olandan bəri onların əlifbaları tarixi şəraitə əsasən müəyyən dəyişikliklərə uğrayıb. Bu şərait türk xalqlarıyla yanaşı Azərbaycan əlifbasında da özünü göstərib. Hazırkı yaşlı nəsil ancaq kiril əlifbasında təhsil alıb. Bu gün latın-kiril məsələsində gənclərlə yaşlılar arasında harmoniya pozulur. Fikrimcə, nəsil dəyişdikcə bu problemlər düzələcək”. Firuzə xanım qrafikasını hələ dəyişməyən daş lövhə baralyeflərə öz münasibətini bildirdi: Kiril qrafikasında divarlara yapışdırılan baralyefləri, yaxud həkk olunan yazıları silib latınla əvəzləmək məncə elə çətin məsələ deyil. Sadəcə, bir az diqqətlilik lazımdır. Gənc nəslimizin latın qrafikasına tam şəkildə uyğunlaşması üçün bunlar aradan qaldırılmalıdır”. 

 

 

Elgün Mənsimov 

 

Kaspi.- 2010.- 15 oktyabr.- S. 8.