Heç zaman özümdən razı olmamışam” 

 

Natəvan Şeyxova: «Bütün yaxşı bəstəkarların çoxu dünyadan köçüb. İndi Emin Sabitoğlu yoxdur. Oqtay Kazımi, Elza İbrahimova da nədənsə yazmırlar»

 

Sifətinin həlim cizgiləri, mehriban siması heç dəyişməyib. Neçə illər bundan qabaq hər çıxışına sevə-sevə baxdığımız tanınmış estrada müğənnisi Natəvan Şeyxovanın indi yaşını müəyyənləşdirmək də çətindir. Nə səs dəyişib, nə gözəllik itib. Müğənni qəzetimizə müsahibəsində sənətə həvəsinin ilk yarandığı gündən danışıb:

 

Təkcə biz bacarmadıq

 

- Hələ orta məktəb şagirdi olarkən məndə oxumağa həvəs yaranıb. Atam bu istəyimə zidd getməyərək məni tanınmış bəstəkar Rauf Atakişiyevin yanına gətirdi. Rauf müəllim də bəyəndi səsimi. Elə ilk dəfədən özümü səhnədə çox sərbəst hiss etdim. Sınaq imtahanı verən tələbələrlə birgə salonda həyəcanla cavab gözləyərkən "Ata, yəqin ki, məni götürməyəcəklər!" nidası qopdu dilimdən. Ancaq səsim və istedadım müəllimlərin gözündən yayınmadı. Onlarla abituriyent içərisindən məni seçərək qəbul etdilər konservatoriyaya. Beləcə Ukraynadan olan müəllimə Anna Federenkodan dərs almağa başladım. Elə tələbə ikən Rauf Hacıyevin rəhbərlik etdiyi estrada simfonik orkestrində oxumaq arzum gerçəkləşdi. Rauf müəllim səsimə qulaq asıb bəyəndi.

Orkestrdə ilk qastrolum Pribaltika ölkələrinə oldu. O zaman bizim orkestrdə "Qaya" ansamblı, Elmira Rəhimova, Oktay Ağayev və başqa müğənnilər oxuyurdu. O cür tanınmış adamlarla birgə səhnəyə çıxmaq tələbə qız üçün əsl xoşbəxtlik idi. Konservatoriyanı bitirib orkestrdə solist kimi çalışdım. O zaman ittifaqda cəmi 3 belə orkestr vardı. Bu orkestrlər Gürcüstanda, Ermənistanda və Moskvada fəaliyyət göstərirdi. Bizim orkestr də çox məşhur idi. Demək olar ki, bütün ittifaqda tanınırdıq. İlin 8 ayını qastrollarda olurduq. Bizi Azərbaycandan çox xarici ölkələrdə tanıyırdılar. Afişalar divara vurulan kimi, pərəstişkarlarımız yolumuzu gözləyirdi. Salon da həmişə dolu olardı. Bizi hər yerdə anşlaqla qarşılayırdılar.

- Bildiyimcə həyat yoldaşınızla da orkestrdə çalışdığınız zaman tanış olmusunuz.

- Rafiq Seyidzadə orkestrə gələn kimi tanış olduq. O, saksofonçu idi. Rafiq Azərbaycan cazının veteranlarındandır. Məni görən kimi "sən yalnız mənimlə evlənməlisən" dedi. Biz ailə qurduq. Elə qastrollara da bir yerdə gedirdik. 1975-ci ildə Rauf Hacıyev mədəniyyət naziri təyin olunduqdan sonra orkestr başsız qaldı və dağıldı. Biz Bakıda qaldıq. “Azkonsert”də, Filarmoniyada və Mahnı Teatrında solist işlədim. Paralel olaraq televiziya və radionun orkestrində də çalışırdım. Orkestr dağılandan sonra o biri üzvləri də filarmoniyada, televiziyada və s. yerlərdə çalışdılar.

- Qonşu respublikalar öz orkestrlərini qoruyub saxladılar. Azərbaycanda orkestri yaşatmaq üçün Rauf Hacıyevi əvəz edəcək kimsə yox idimi?

- Doğrudur, Gürcüstan da, Ermənistan da öz orkestrlərini qoruyub saxlayıblar. Təkcə biz bunu bacarmadıq. Sonralar ansambla müxtəlif adamlar rəhbərlik etdilər. Qastrollara getmək lazım idi. Maliyyə çətinliyi və başa düşmədiyimiz başqa səbəblər vardı. Mədəniyyət Nazirliyi orkestri saxlamağın çox baha başa gəldiyini bildirmişdi. Çox təəssüf ki, ansamblın lent yazıları da az qalıb. Çünki biz konsertlərimizin çoxunu qastrollarda verirdik. "Əhməd haradadır?" filmində çalan həmin orkestrdir. Mahnıları da biz ifa edirik. İndisə yalnız radio və televiziyanın orkestri var. Amma onlar çox az işləyirlər. Biz televiziyanın orkestrində işləyən zaman nəinki konsertlər verirdik, həm də Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzirdik. Üstəlik Moskva televiziyası ilə də konsertlərimiz olurdu.

 

Nostalji hisslər

 

- Bu gün ürəyinizdən oxumaq keçirmi?

- Mahnısız, səhnəsiz mənim nə günüm... Amma bütün yaxşı bəstəkarların çoxu dünyadan köçüb. İndi Emin Sabitoğlu yoxdur. Oqtay Kazımi, Elza İbrahimova da nədənsə yazmırlar. Çoxları xaricə çıxıb gediblər. Gənc bəstəkarlar isə mənim üslubumda bəstələmir. Elə mahnılar olsa, məmnuniyyətlə oxuyaram. Mən hər şeyi tam qapamamışam.

- Natəvan xanım, yaş məsələsi istisna olmaqla gənclik gözəlliyinizi qoruyub saxlamısınız. Demək, bu gün də səhnəyə çıxmaq olar. Heç Rusiyanın özündə də "səhnə gənclik tələb edir" - deyə düşünmürlər.

- Əlbəttə, olar. Amma mən səhnəyə hər gün çıxmağın tərəfdarı deyiləm. Jurnalistlər məni axtarıb tapırlar. Demək, yaddaşlardayam. İstəyirəm dinləyicilərim mənim üçün qəribsəsin.

- Bəs özünüz illər keçəndən sonra köhnə lentlərinizdəki mahnılara qulaq asıb qəribsəyirsinizmi?

- Çox qəribsəyirəm. Qəlbimdə nostalji hisslər baş qaldırır. Ötən günləri geri qaytarmaq mümkün olmadığı üçün heyfslənirəm.

- Ən çox unuda bilmədiyiniz nədir?

- Bəlkə də səhnədə oxuduğum hər gün unudulmazdır. Moskvanın böyük Kreml sarayında, Leninqradın nüfuzlu "Oktyabr" salonunda, bütün kurort şəhərlərində çıxışlarımızı necə unutmaq olar? Bizim Maldovadan olan pərəstişkarlarımız hətta Bakıya gəlirdilər. Onlar Yaltada qastrolda olduğumuzu bilib ora da gəlmişdilər. Pərəstişkarlarımız bizi belə sevirdilər. Bütün bunlar maraqlı olduğu qədər də unudulmazdır. Ancaq heyfsləndiyim şeylər də var: bir mahnını dinlərkən "indi onu başqa cür oxuyardım!" - deyə düşünürəm.

 

Ulduz” xəstəliyi

 

- Səhnəni pedaqoji işə asanlıqla dəyişdiniz?

- Səhnə tamam başqa aləmdir. Deyərdim ki, səhnə unudulmazdır. O, insanı yaşadır, ilhamlandırır, ona həyat eşqi verir. Səhnəsiz özümü susuz balıq kimi hiss edirəm. İndi hərdən oxuyuram. Heç zaman düşünmürəm ki, pedaqoji fəaliyyət də xoşuma gəlmir. Bilirsiniz, tamaşaçı səhnədə öz sevimli müğənnisini qocalmış görməməli, "daha əvvəlki səsi və gözəlliyi qalmayıb" - deyə düşünməməlidir. Mən yaddaşlarda 60-70-ci illərin müğənnisi kimi qalmaq istəyirəm.

- Əgər səhnəyə yenidən qayıtsaydınız, çağdaş estradamızda özünüzü sərbəst hiss edərdinizmi?

- İnanmıram. O dövrün, yəni 60-70-ci illərin musiqisi çox beynəlmiləl ruhda idi. Estrada musiqisi elə bəstələnirdi ki, keçmiş ittifaqın hər yerində və xarici ölkələrdə anlaqlı olur, qəlbləri riqqətə gətirirdi. İndi musiqimiz lap yüngülləşib, bəzən isə çox eybəcər hala salınır. Mən öz üslubumu heç zaman dəyişmərəm.

- Bəs gündə bir dona girən "estrada ulduzları"na nə tövsiyə edərdiniz?

- Elə bilirəm "ulduz" xəstəliyi son zamanlar epidemiya kimi yayılıb. Hər yerindən duran adını müğənni qoyur, həftədə bir kaset yazdırır, klip çəkdir və s. Belələrini dinləyəndə düşünürsən ki, onların heç adi musiqi duyumu da yoxdur. Çox təəssüflənirəm ki, estrada musiqimizin salnaməsinə parlaq səhifələr yazmış olan "Qaya" kimi ansambl daha fəaliyyət göstərmir. Əsl sənət məktəbi olan "Qaya"dan cavanlarımız çox şey öyrənə bilərlər.

- Siz orkestrin uğurları barədə xeyli danışdınız. Amma o vaxtlar ümumittifaq və beynəlxalq musiqi festivallarının mükafatçısı olmanız barədə heç söhbət açmadınız.

- Çox festivallarda laureat adını mükafatlar qazanmışam. 1977-ci ildə Moskvada keçirilən "Estrada musiqisinin ən yaxşı ifaçıları" festivalında laureat adına layiq görülmüşəm. İndi mükafatlarımın hamısını sayıb özümü tərifləmək istəmirəm. Təəssüflənirəm ki, daha belə musiqi festivalları o qədər keçirilmir. Lap keçirilsə belə, bizi həmin məclislərdə təmsil edə biləcək müğənnilərimiz yoxdur.

- Ümumiyyətlə, sizin üçün hansı daha mühümdür: özünüzün özünüzə verdiyiniz qiymət, yoxsa dinləyicilərin qiyməti?

- Heç zaman özümdən razı olmamışam. Həmişə öyrənməyə çalışmışam. İndisə bildiklərimi öyrədirəm. Bundan heç darılmıram da. Mənim qiymətimi həmişə çox sevdiyim dinləyicilərim verib. İndiki oxuyanlarda isə bir mənəmlik var. Hər şeyi özümüz yaratmışıq deyə, özlərindən çox razıdırlar.

- ÖlkəmizEvrovizionmüsabiqəsinə ilk dəfə qatılanda siz milli seçim mərhələsində münsiflər heyətinin üzvü idiniz. Artıq ölkəmiz üç dəfə yarışmada iştirak edib. Rəyləriniz necədir?

- Rəylər müsbətdir. Orada çıxışımız göstərdi ki, Azərbaycanın yaxşı potensialı var. Bütün dünya bildi ki, Avropa səviyyəsində oxumağı bacarırıq. Avropa bizi tanıdı. Düzdür, əvvəllər tanıyırdı. Vaxtilə Rəşid Behbudov, Müslüm Maqomayev Azərbaycanı çox tanıdıblar. Sonradan müharibə şəraiti ilə əlaqədar müəyyən fasilə yarandı. Bu gün artıq biz belə yarışmalarda iştirak etməyə yenidən hazırıq. Mən həm Musiqi Akademiyasında, həm Asəf Zeynallı adına kollecdə dərs deyirəm. Tələbələrin hamısında bir maraq yaranıb. Bu maraq get-gedə daha da inkişaf edəcək.

 

Hər qəlbin öz nəğməsi

 

- Söhbətdən bir qədər kənara çıxaq: sizi çox zaman "Qaynana" kinofilmindəki Afət rolunun məşhur ifaçısı ilə dəyişik salırlar.

- , elə şeylər çox olur. İndinin özündə küçədən keçəndə çox vaxt "Afət gəlir" deyə məni bir-birlərinə göstərirlər. Bəzən jurnalistlər mənə zəng vuraraq "Afət" kimi görüşmək istədiklərini bildirirlər.

- Həyat yoldaşınız da musiqiçidir. İki eyni sənət adamının bir ailədə olması ab-havaya necə təsir edir?

- Çox yaxşı. O hər şeydən əvvəl mənim nəzarətçim məsləhətçim olub, hər işimdə mənə kömək edib. Biz yaradıcı fikirlərimizi bölüşərkən bir-birimizi yaxşı anlamışıq. Bu anlaşma ailənin ümumi ab-havasını da tənzimləyib. Bizim bir qızımız bir oğlumuz var. Mən həm nənəyəm. Deyim ki, ailə mənim üçün ən başlıcasıdır.

- Natəvan xanım, həmişə ürəyinizdə oxuduğunuz bir nəğmə varmı?

- Hər qəlbin öz nəğməsi, öz zümzüməsi var. Bəzən sevinəndə, bəzən kədərlənəndə öz-özümə nəğmələr oxuyuram. İndi səslənməyən, mənimsə qəlbimdən qulaqlarımdan heç zaman çəkilməyən ötən illərin nəğmələrini zümzümə edirəm.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2010.- 15 oktyabr.- S. 12.