Milli kinomuzun korifeyi

 

Azərbaycan kinosunun tarixi onun çəkdyi filmlərlə çox zənginləşib. O, milli kinomuzu dünyada tanınmasına nail olub. 

Sonralar deyirmiş ki, kinoya olan məhəbbətinə görə uşaqlıq illərinə borcludur. Atası tanınmış tacir idi. Tale minlərlə azərbaycanlı kimi bu ailənin də başına min bir müsibət gətirib. Ermənilərin tənələrindən cana doymuş Seyidzadələr ailəsi İrəvandan Tbilisiyə, sonra isə Bakıya köçməli olublar. Rejissorun bacısı Zəhra Seyidova söhbətlərdə deyirdi ki, "Biz Bakıya köçəndə Hüseyn üçüncü sinifdə oxuyurdu. Dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa baxırdı. O, elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni də kino fabrikə apararaq "Əlsizlər" filminə çəkdirmişdi".

Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir. Görkəmli sənət korifeylərindən - Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanovdan sənətin sirlərini öyrənir. Sonra yenidən Bakı həyatı, yaradıcılıq ziqzaqları başlanır.

Hüseyn Seyidzadə müharibədən əvvəl rejissor Niyazi Bədəlovla "Ayna" adlı filmin çəkilişlərinə başlayır. Müsahibələrindən birində Hüseyn Seyidzadə həmin filmlə bağlı suala belə cavab vermişdi: "Yaman yaralı yerimə toxundunuz. Bu filmin başına elə oyun açmadılar ki, bu  film olsun. Allah mərdiməzara lənət eləsin. Yaxşı deyiblər ki; qonşu qonşu olsa, bağ çəpəri neyləyər. Bundan sonra Niyazi ilə belə qərara gəldik ki, "Ayna"nın materiallarından istifadə edib müharibə mövzusunda yeni bir film çəkək. Ssenarini İmran Qasımov yazdı. Baş rola Leyla Bədirbəylini dəvət etdik. "Ayna"da əsas rola onu çəkməli idik. Hətta çəkirdik də. Sonradan filmi "Sovqat" adlandırdıq və 1943-cü ildə çəkib qurtardıq". Bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik duyğularından söhbət açılır. Nə qədər çətin olsa da, rejissorlar bütün səylərini birləşdirib film yaratmışdılar və bu lent dəfələrlə cəbhə bölgələrində nümayiş etdirilmişdi. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindən sayılan "O olmasın, bu olsun" filmi çıxdı. Filmin nümayişi zamanı kinoteatrlarda adam əlindən tərpənmək olmurdu. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, rejissorun yaradıcılığına kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi. Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Sonradan hamı təsdiq etdi ki, Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur ansambl toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalareyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 30-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun söhrətini dünyaya yaydı.  Elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.

60-cı iliər studiyada çox qəribə bir qalmaqal yarandı. Mahiyyət bundan ibarət idi ki, şair Novruz Gəncəli Alla Axundova və Hüseyn Seyidzadənin birgə yazdığı "Yaşayın, qızlar" ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə "Azərbaycan" jurnalında dərc edilmiş "Bizim sahildə" adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi.

Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova ssenarinin müəllifi kimi təsdiq olundu, elə Hüseyn Seyidzadənin iştirakı ilə. Filmi isə rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıtdı. Buna baxmayaraq, o yenə də öz sənəti uğrunda mübarizəni davam etdirdi. Sonrakı mübarizə isə "Dəli Kür" filmi ilə bağlı oldu.

Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxdı. Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Rejissor nə qədər səy göstərsə də, filmi tam şəkildə xilas edə bilmədi. Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin Xalq yazıçısı isa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

Onu tanıyanlar danışırlar ki, ümumiyyətlə Hüseyn Seyidzadə mübariz sənətkar olub. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. "Qatır Məmməd" filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdırlar. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı.

"Yenilməz batalyon", "Koroğlu", "Qayınana" və s. filmlərində o, bu xətti qoruyub saxlayıb. "Natəvan" filmini çəkmək onun böyük arzusu idi. Ancaq ölümü buna imkan vermədi. 1979-cu il iyunun 2-də bu böyük sənətkar dünyasını dəyişdi. Görkəmli rejissor ağrılı bir tale yaşasa da, öz xalqına çox qiymətli əsərlər bəxş edə bildi.

 

 

Təranə

 

Kaspi.- 2010.- 15 oktyabr.- S. 15.